Qeyri-neft sahibkarlığı

 

     Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Azərbaycan iqtisadiyyatı üçün 2012-ci il yaddaşlarda qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında (ÜDM) yenidən üstün mövqeyə sahib olması ilə qalacaq. Xatırladaq ki, 2006-cı ilə qədər ÜDM istehsalında qeyri-neft sektorunun üstünlüyü olsa da, həmin ildən etibarən qüvvələr nisbəti neft-qaz sektorunun xeyrinə dəyişdi.

   2006-cı ildə neft-qaz sektorunda yaradılan ÜDM-nin həcmi qeyri-neft sektoruna nisbətən 31% çox oldu. Bu ildə neft-qaz sektorunda ÜDM istehsalı 10,09 milyard manat, qeyr-neft sektorunda 7,63 milyard manat təşkil etdi. Neft-qaz sektorundakı üstünlük 2012-ci ilə qədər davam etdi. Düzdür, 2009-cu ildə qeyri-neft sektorunda ÜDM istehsalı az fərqlə də olsa neft-qaz sektorundakı istehsalı qabaqladı. Lakin bu bühranın əlaməti olduğundan mövqe dəyişikliyi dayanıqlı olmadı və 2010, 2011-ci illərdə neft-qaz sektorunda yenidən daha çox ÜDM istehsal edildi.

   Lakin 2012-ci ildə qeyri-neft sektorunda ÜDM istehsalı neft-qaz sektorunu yenidən ötdü. İqtisadi proseslərin təhlilindən aydın olur ki, bu dəfəki yerdəyişmə dayanıqlı olacaqbir daha neft-qaz sektorunun qeyri-neft sektoru üzərində üstünlüyü müşahidə edilməyəcək. 2012-ci ilin 11 ayının nəticələrinə əsasən, yaradılan 48,2 milyard manatlıq ÜDM-nin 24,7 milyard manatı və ya 51,2%-i iqtisadiyyatın qeyri-neft sahələrində təmin edilib. İlin sonuna qədər ÜDM-də qeyri-neft sektorunun payının bir qədər də artacağı güman edilir. Pqornozlara əsasən, gələcək illərdə qeyri-neft sektorunda büyümə sürətinin ümumi iqtisadiyyatda büyümə sürətini qabaqlaması davam edəcək və nəticədə ÜDM-də qeyri-neft sektorunun payı daha da artacaq.

   2013-cü il üçün Azərbaycanda 5,3% iqtisadi artım proqnozlaşdırılır və ümumi daxili məhsul 56,1 milyard manat səviyyəsində gözlənilir. Hökumətdə hesab edirlər ki, 2013-cü ildə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 11,7% artaraq 61,3% (34,4 milyard manat) olacaq. Neft ÜDM-i isə 2,9% azalacaq.

   Hökumətin 2016-cı ilədək olan proqnozuna görə, bu il ÜDM-də real artım 2,2%, 2014-cı ildə 7%, 2015-ci ildə 4,5%, 2016-cı ildə 4,5% olacaq. Azərbaycanın ÜDM istehsalı cari ildə 51,37 milyard manat, 2013-cü ildə 56 milyard manat, 2014-cü ildə 57,6 milyard manat, 2015-ci ildə 62 milyard manat, 2016-cı ildə 66,5 milyard manat təşkil edəcək. Qeyri-neft ÜDM-si isə müvafiq olaraq 2014-cı ildə 38,2 milyard manat, 2015-ci ildə 42,5 milyard manat, 2016-cı ildə 47 milyard manat olacaq.

   Qeyri-neft sektorunun inkişafı əslində sahibkarlığın inkişafı anlamını verir. Çünki neft-qaz sektorundan fərqli olaraq burada yaradılan əlavə dəyəri daha çox sayda sahibkar və əmək qüvvəsi təmin edir. Qeyri-neft sektoru inkişaf etməklə əhalinin məşğulluq səviyyəsi yaxşılaşır.

   2012-ci il oktyabrın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4,639 milyon nəfər olub, onlardan 4,394 milyon nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Məşğul əhalinin tərkibində muzdla çalışan işçilərin sayı 1,377 milyon nəfər olub. Muzdla çalışanların 848,5 min nəfəri dövlət bölməsində, 528,4 min nəfəri qeyri-dövlət bölməsində işləyib ki, onların da 1,339 milyon nəfəri qeyri-neft sektorunda, 37,1 min nəfəri neft sektorunda özünə tapıb.

   Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,9%-i emal sənayesində, 2,2%-i elektrik enercisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 6,7%-i tikintidə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub.

   Xidmət sahəsində çalışanların 24,2%-i təhsil, 19,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 4,2%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,2%-i peşə, elmitexniki fəaliyyət, 1,9%-i informasiya və rabitə, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i turistlərin yerləşdirilməsiictimai iaşə, 1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyat sahələrində cəmləşib.

   Ümumilikdə götürdükdə neft-qaz sektorunda 80 mindən bir qədər artıq işləyən varbu sahədə fəaliyyət göstərən sahibkarların sayı 100-dən bir qədər artırdır. Amma qeyri-neft sektorunda 3 milyondan artıq insan çalışır və onlar 470 mindən çox sahibkarlıq subyektində özünə təmin edib. Deməli, qeyri-neft sektorunun inkişafı sahibkarlığın inkişafı və əmak ehtiyatlarının zənginləşməsi anlamına da gəlir. Yəni, əgər ölkədə əhalinin işlə təminatını yaxşılaşdırmaq istəyiriksə hökmən qeyri-neft sektorunda sahibkarlıq inkişaf etdirilməlidir.

   Qeyri-neft sektorunda məşğulluq yüksək səviyyədə olsa da eyni sözləri əmək haqları haqqında söyləmək olmur. 2012-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6% artaraq 387,5 manat təşkil edib.

   2012-ci ilin yanvar-avqust aylarında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1413,4 manat, qeyri-neft sektorunda 358,7 manat təşkil edib. Qeyri-neft sektorunda əmək haqqının az olmasını mütəxəsislər bu sektorun mənfəət imkanlarının neft-qaz sektoruna nisbətən aşağı olması ilə izah edirlər.

   Bəs, qeyri-neft sektoru üzrə yaradılan dəyəri daha çox hansı sahələr üzrə fəaliyyət göstərən sahibkarlar təmin edir"

   2012-ci ilin doqquz ayının nəticələrinə diqqət yetirsək məlum olur ki, həmin dövrdə ölkənin qeyri-neft sektorunda 20 milyard manatlıq əlavə dəyər yaradılıb və ümumilikdə onun 59,2%-dən çoxu sosial və digər xidmətlər, qeyri-neft sənayesi və tikinti sahələrinin payına düşüb.

   Əlavə dəyərin ən zox hissəsi sosial və digər xidmət sahələrində (24,1%) olub. Qeyri-neft ÜDM-nin 19,5%-i tikinti, 15,6%-i qeyri-neft sənayesi, 13,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 12,1%-i kənd, meşə və balıqçılıq təsərrüfatı, 9,3 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılıb. İnformasiya və rabitənin payı 3,4%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidməti 2,6% olub.

   2012-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artıb. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% bəndi artaraq 50,3% təşkil edib.

   Qeyri-neft sektorunun sahələri üzrə götürdükdə tikintidə 27,3%, informasiya və rabitədə 16,7%, turizmdə 16,3%, ticarətdə 9 faiz, kənd təsərrüfatında 6,3 faiz, sosial və digər xidmətlərdə 3%, nəqliyyatda 2,1%, sənayedə 0,4% artım qeydə alınıb. Güründüyü kimi, qeyri-neft sektorunun bütün sahələrində artım var.

   Cari ilin yanvar-sentyabr aylarında qeyri-neft sənayesində 4,716 milyard manatlıq məhsul istehsal edilib və bu ölkə üzrə bütün sənaye məhsullarının 18,3%-ni təşkil edib. Qeyri-neft sənayesinin məhsul istehsalında emal sənayesinin xüsusi çəkisi 68,4%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının payı 26,1%, su təchizatı, tullantıların təmizlənməsinin payı 3%, mədənçıxarma sənayesinin payı isə 2,5% olub.

   Emal sənayesinin sahələrinə diqqət yetirdikdə görürük ki, qeyri-neft sənayesinin 41,3%-i qida məhsulları və içki istehsalında təmin edilib.

   2011-ci ilin müvafiq düvrü ilə müqayisədə hesablamalara görə cari ilin ilk 9 ayında qeyri-neft sənayesində emal sənayesinin xüsusi çəkisi 2% bəndi artıb.

   Yanvar-sentyabr ayları ərzində məhsul istehsalı emal sənayesinin 16 bölməsində, o cümlədən qida məhsulları istehsalında (3,1%), içki istehsalında (10,5%), toxuculuq sənayesində (2,3 dəfə), geyim istehsalında (1,6 dəfə), poliqrafiya məhsulları istehsalında (1,9 dəfə), rezin və plastmas məhsulları istehsalında (2,9 dəfə), tikinti materiallarının istehsalında (19,4%), metallurgiya sənayesində (16,6%), hazır metal məmulatlarının istehsalında (1,7 dəfə), kompüter və digər elektron avadanlıqların istehsalında (9,2 dəfə), elektrik avadanlıqlarının istehsalında (2,1 dəfə), mebel istehsalında isə (3,1 dəfə), maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində (26%) artıb.

 

   Son 8 ilə diqqət yetirdikdə isə görürük ki, Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1.3 dəfə, tikinti sektorunda həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sektorunda xidmətlər isə 6,4 dəfə artıb. 2011-ci ildə 40-dan artıq sənaye müəssisəsi istismara verilib, təxminən 100 müəssisənin tikintisi davam edir.

   Dövlət büdcəsinin daha etibarlı formalaşmasında da qeyri-neft sektorunun rolu əvəzsizdir. Düzdür, qeyri-neft sektoru 2012-ci ilin sonunda neft-qaz sektorunu məhsul istehsalında qabaqlasa da hələ dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında eyni mövqeyi təmin etməyib. Bununla belə büdcənin gəlirlər hissəsi üçün daha böyük əhəmiyyət daşıyan vergi daxilolmalarında qeyri-neft sektoru liderliyi ələ ala bilib. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 634 milyon 629,6 min manat təşkil edib ki, bunun da 3 milyard 21 milyon 641,7 min manatı və ya 53,7%-i qeyri-neft-qaz sektoru üzrə təmin olunub. Qeyri-neft sektoru üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 13,9% çoxdur.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.-27 dekabr.-S.-9.