Azad sahibkarlığın inkişafı

             Bunun üçün hansı işlər görülməlidir?

            

         Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Son illər Azərbaycanda kiçikorta sahibkarlığa dövlət dəstəyi nəzərəçarpan dərəcədə artmaqdadır. Gələn il dövlət büdcəsindən güzəştli şərtlərlə iqtisadiyyata kredit qoyuluşu daha da artırılacaq.

   Belə ki, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) gələn il 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. 2012-ci illə müqayisədə büdcədən ayrılan vəsaitdə 59,9 milyon manatyaxud 66,5 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 116 milyon manatya 4,4 dəfə artım gözlənilir.

   SKMF-nin xətti ilə 2013-cü ildə ayrılacaq ümumi kreditin həcmi isə 300 milyon manata çatdırılacaq. Bu vəsaitin 150 milyon manatı büdcədən ayrılan vəsait hesabına, digər 150 milyon manatlıq hissəsi isə əvvəlki illərdə verilən kreditlərin geri qaytarılan hissəsi hesabına maliyyələşdiriləcək.

   Qeyd edək ki, fəaliyyətə başladıqları dövrdən dövlət büdcəsindən və digər mənbələrdən ayrılan və daxil olan vəsaitlər də nəzərə alınmaqla 2013-cü ildə SKMF-yə üst-üstə 1,1023 milyard manat (dövlət büdcəsindən ayrılan (2013-cü il də nəzərə alınmaqla) vəsait (612,9 milyon manat, verilən kreditlərin qaytarılmasından daxil olan vəsait 489,4 milyon manat) ayrılıb.

   Bəs görəsən, iqtisadçılar kiçikorta sahibkarlığın vəziyyətini, onlara dövlət dəstəyini necə qiymətləndirirlər? Elə bu sualla bir neçə ekspertə müraciət etdik.

   Milli Məclisin İqtisadi siyasət komissiyasının keçmiş sədr müavini, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Əlirzayev hesab edir ki, ölkədə sahibkarlıq haqqında qanunlar, normativ hüquqi sənədlər olmasına baxmayaraq, sahibkarlığın inkişafının problemləri var. Onun sözlərinə görə, bu, təkcə dövlət tənzimlənməsinə aid deyil. "Sahibkarlığın problemləri əsasən ondan ibarətdir ki, onların dövlətlə münasibətləri, bir-birinə olan münasibətlər, istehsal istiqamətləri, bazar münasibətləri, yəni istehsal olunmuş məhsulun, xidmətin bazara çıxarılması, onun üçün alıcı tapılması, yerləşdirilməsi kimi problemləri var. Həmçinin bazar iqtisadiyyatının da problemləri də var. Əlbəttə, bu gün makroiqtisadi səviyyədə götürsək, bazar tipli iqtisadiyyat modelinə uyğun olaraq kiçik sahibkarlığa diqqət qaneedici deyil. Məsələn, sahibkarlıq məhsulu, sahibkarlıqla məşğulluq və ya sahibkarlığın dövlət büdcəsində hələ kifayət qədər deyil. Əgər başqa ölkələrdə ümum daxili məhsulun (ÜDM) 60-70%-ni kiçik sahibkarlıq təmin edirsə, Azərbaycanda bu çox aşağıdır. Yəni bu gün kiçik sahibkarlıq iqtisadiyyatın motoru rolunu, yəni aparıcı həlqə rolunu oynamır. Bax, bu kimi məsələlər var. Ona görə də hesab etmirəm ki, bu gün Azərbaycanda sahibkarlıq tamamilə başqa ölkələrdə olduğu kimidir".

   Ə.Əlirzayev bildirdi ki, sahibkarlığın tənzimlənməsi və idarə olunmasında dövlətin də müəyyən mənada çatışmayan cəhətləri var. Onun sözlərinə görə, yenə də sahibkarlara müəyyən müdaxilələr olur, yenə də sahibkarlara diqtələr olur, sahibkarlığın maliyyə əsasları bəzən düzgün istiqamətdə olmur, Maliyyə Nazirliyi, başqa maliyyə orqanları da sahibkarlığın inkişafına istənilən qədər şərait yaratmır, kredit münasibətləri düzgün qurulmur. "Yəni, bunlar dövlət tənzimlənməsi atributları olaraq hələ tamamilə mükəmməl inkişaf eləməyib və yaxud da müəyən əngəllər var. Bu əngəllər də inzibatçılıq əngəllərdi, özəlləşdirmədə olan əngəllərdi. Sahibkarların kredit resursları ilə təmin olunması, sahibkarlıq məhsullarının satılması, alınması, yerləşdirilməsi, qablaşdırılmasında problemlər qalmaqdadır. Çünki dövlət tənzimlənməsinin rıçaqları hələ də inkişaf etməyib. Ona görə də sahibkarlıq Azərbaycanda demək olar ki, aparıcı həlqə rolunu oynamır. Amma ideya, məqsəd kimi sahibkarlıq bazar iqtisadiyatının əsas istiqamətidir, biz buna gedirik və getməliyik".

   Əlirzayevin fikrincə, nöqsanların aradan qaldırılması üçün birinci növbədə aşkarlıq daha çox olmalıdır: "Maliyyə sanksiyaları az olmalıdır, vergidə aşkarlıq olmalıdır, maliyyə amnistiyaları olmalıdır, sahibkarların investisiya problemləri həll olunmalıdır. Dövlət sahibkarlığından daha çox kiçik sahibkarlıq inkişaf etdirilməlidir. Bu sahədə stimul yaradılmalıdır. Kiçik sahibkarlıq dövlət nəzarət mexanizmlərindən uzaq olmalıdır. Əgər burunun bir inəyi,bir qoyunu, ya bir hektar sahəsi varsa, yaxud da birbalaca sexi varsa, onlara aşkarlıq eləmək lazımdır onlar inkişaf eləsin və bazara çıxarılan məhsul və xidmətin miqdarı artsın. Bu baxımdan da əlbəttə ki, dövlətin tənzimləməsində yumşaqlıq olmalıdır. Özələşmədə bir sıra problemlər aradan qaldırılmalıdır. Doğrudur müəssələrin çoxu özəlləşdirilibdir, amma özəlləşmədən sonrakı mərhələlərdə hələ də onların inkişaf etmək problemləri var. Bundan başqa kiçik sahibkarlığın inkişafı üçün kiçik kreditlər verilsə yaxşı olar".

   Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli isə hesab edir ki, Azərbaycanda sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı istiqamətində xeyli iş görülüb. Ölkədə 200 mindən artıq kiçik sahibkarlıq subyekti, o cümlədən 14 mindən artıq kiçik müəssisə fəaliyyət göstərdiyini qeyd edən Ə.Məsimliyə görə, bununla belə, hələlik Azərbaycanda istehsal olunan məhsulda kiçik biznesin xüsusi çəkisi, eləcə də qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi və sair bu cür mühüm göstəricilər üzrə kiçikorta sahibkarlığın payı sosial-iqtisadi tərəqqiyə güclü təkan vermək səviyyəsinə çatmayıb: "Təkcə onu qeyd etmək kifayətdir ki, ölkədə kiçik müəssisələr vasitəsilə istehsal olunan məhsul ÜDM-in 5%-nin altındadır və orada çalışanların çoxunun maaşları 200 manatdan aşağıdır. Fərdi sahibkarların təsərrüfat fəaliyyətinin nəticələrini də bura əlavə etsək, yenə kiçik biznesin səmərəli fəaliyyətini xarakterizə edən həmin beynəlxalq göstəricilərdən çox uzağıq. Bunun bir sıra obyektivsubyektiv səbəbləri var. Aparılan sosioloji tədqiqatların nəticələri göstərir ki, məmur müdaxilələri, sağlam rəqabət mühitinin yetərli səviyyədə olmaması, kredit resurslarının bütün sahibkarlar üçün eyni dərəcədə əlçatan olmaması, vergi yükünün ağırlığı, hüquqi-normativ baza sahəsindəki çatışmazlıqlar sahibkarlığın inkişafına mane olan amillər arasında daha ciddi xarakter daşıyır".

   Ə.Məsimli onu da bildirdi ki, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsinin hüquqi normativ bazasının ayrı-ayrı elementləri daim təzələnsə də, hazırda fəaliyyət göstərən normativ hüquqi baza bütövlükdə götürüldükdə sahibkarlığın qarşısında duran problemlərin həllinin sürətləndirilməsi üçün bir sıra məqamlarına görə yetərli deyil.

   Məsimlinin sözlərinə görə, hazırda Azərbaycanda sahibkarlığın inkişafı üzrə orta qanunvericilik bazası formalaşıb və onun təkmilləşdirilməsi istiqamətində sistemli olmasa da, müəyyən iş gedir. Deputat hesab edir ki, Azərbaycanda bu sahədə əsas problem hüquqi normativ aktın olmaması yox, mövcud qanunların tam gücü ilə səmərəli işləməməsidir: "Bu ciddi problemi həll etməkdən ötrü ölkədə iqtisadihüquqi islahatlar dərinləşdirilməlidir, hökumət strukturlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığı artırılmalıdır, koordinasiyası gücləndirilməlidir. Bundan başqa hüququn aliliyinin təmin edilməsinə yönəldilən səylər artırılmalı, müstəqil məhkəmə sisteminin formalaşması istiqamətində işlər intensivləşdirilməlidir. Hesab edirəm ki, sahibkarlığın inkişafı və dəstəklənməsinə dair yeni qanunların qəbul edilməsi, köhnə qanunların təkmilləşdirilməsi, qanunlardakı boşluqların, eləcə də hüquqi normativ aktlar arasında ziddiyyətlərin aradan qaldırılması istiqamətində sistemli aparılmalı, normativ hüquqi aktların sui istifadəsi, maraqların konflikti məsələlərinə diqqət artırılmalı, qanunlar qəbul edilməzdən əvvəl ictimai müzakirədən keçirilməsi praktikası genişləndirilməlidir. Biz azad azad sahibkarlığın inkişafı üçün Rəqabət Məcəlləsini də qəbul etməliyik. Yəni azad sahibkarlığın qarşısında duran məneələrin aradan qaldırılması, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sahibkarlar üçün kredtlərin şərtlərinin yumşaldılmsı, faiz dərəcələrinin ədalətliliyinin təmin edilməsi istiqamətlərdə təsirli tədbirlər görülməlidir".

   Milli Məclisin İqtisadi siyasət komitəsinin digər üzvü, deputat Vahid Əhmədov da hesab edir ki, Azərbaycanda sahibkarlıqla əlaqədar müsbət proseslər həddən artıq çoxdur. "Yəni qanunları qəbul etmişik, qanunlar var, normal sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu yaradılıb, işləyir. Fermerlərə kredit verilməsində elə də ciddi problemlər yoxdur. Yəni Azərbaycanda sahibkarlıq üçün vəsait var. Düzdür, sahibkarlara müəyyən orqanlar tərəfindən müəyyən problemlər yaradılır, amma ümumi götürəndə işləmək mümkündür" deyən iqtisadçı deputat sahibkarların maliyyə qaynaqlarına çıxış imkanları ilə bağlı müəyyən problemlərin olduğunu da bildirdi: "Bu problemləri biz bilirik, bu problemlərlə biz mütəmadi olaraq rastlaşırıq. Bizə müraciət eləyənlər də çoxdur. Burda problem əsasən sahibkarın aldığı kreditlərin qaytarılması ilə bağlıdır. Orda faiz dərəcəsi yüksəkdir. Müəyyən banklarla problemlər yaranır. Amma bunlar da işgüzar səviyyədə həll olunan məsələlərdi. Vaxt gələcək bunlar da öz həllini tapacaq".

   Dövlət büdcəsindən hər il SKMF-ya ayrılan vəsaitin artırıldığını qeyd edən V.Əhmədov bildirdi ki, o fondun verdiyi kreditlər qayıtdıqaca bu da həmin vəsaitin üstünə gəlir və əlavə kredit bazası yaradır: "Yəni, orda elə bir ciddi problem yoxdur. Sahibkarlığa Kömək Milli Fondu nə qədər kredit vermək imkanı varsa, ona malikdir. Ciddi problem yoxdur. Burda faiz dərəcəsi də aşağıdır və faiz dərəcəsi də aşağı olduğu üçün sahibkarlar da maraqlıdır ki, ordan kredit alsınlar".

   V.Əhmədov güzəştli kreditlərin daha çox kənd təsərrüfatına ayrılmasının tərəfdarıdır. "Mənə elə gəlir ki, bu saat əsas kənd təsərrüfatına diqqət yetirmək lazımdır. Kənd təsərrüfatı əsas sahədir. Dövlət başçısının ərzaq təhlükəsizliyi ilə əlaqədar proqramı var. Azərbaycanı ərzaqla təmin etmək üçün kənd təsərrüftaına diqqəti artırmaq lazımdır. Kənd təsərrüfatı həm qeyri-neft sektorudur, həm dəki Azərbaycan müharibə şəraitində olan dövlətdir, heç olmasa özünü 80-90% ərzaqla təmin etməlidir", - deyə V.Əhmədov bildirdi.

 

  

Aqil ASLAN

 

Ekspress.-2012.-28 dekabr.-S.-9.