Bir igid can verirdi...

 

   ... Hardan biləydi ki, bu gecə onun bahar ömrünün vaxtsız gələn payız gecəsi olacaq. Hardan biləydi ki, ailə dostları ilə birgə özünün və ilk övladı Günay üçün qeyd etdiyi doğum gününün bir daha təkrarı olmayacaq, bir daha dostları ilə süfrə arxasında oturmayacaq. Kaş ki, insan oğlu baş verən təhlükələri öncədən hiss etmə qabiliyyətinə malik ola biləydi...

   Azərbaycanın Milli Qəhrəmanı Aqil Məmmədov hər şeydən xəbərsiz sevimli qızının sevincini dostları ilə paylaşırdı...

 

   1992-ci il 5 avqust...

 

   O zaman Qubadlı, Zəngilan və Laçın rayonunun ərazisində erməni hərbi birləşmələrinə qarşı vuruşan batalyonların hamısını özündə birləşdirən və bu bölgədə yeganə polk olan N saylı hərbi hissənin komandiri, polkovnik Nüsrət Hüseynov məni və komandiri olduğum kəşfiyyat tağımının (bu tağımı bölgədə hamı "Qaranquş" kimi tanıyırdı) bir neçə üzvünü otağına çağıraraq, bizlərə növbəti tapşırıq verdi. Biz ertəsi gün Laçın rayonunun ermənilərin nəzarətində olan Suarası kəndi yaxınlığındakı "Susuz dağ" (həmin yüksəkliyə "Qızartı" da deyirlər) adlandırılan yüksəkliyə getməli və orada vəziyyətin necə olması haqda məlumat toplamalıydıq. Tapşırıq olduqca məsuliyyətli, həm də çətin idi. Çünki yüksəklik baxımından əlverişli olan bu mövqedə ermənilər lazımi qədər güc toplamışdılar. Buna baxmayaraq, hərbi tapşırıq yerinə yetirilməliydi. Yeri gəlmişkən, polk komandiri uzun müddət Rusiyada qulluq etdiyi üçün çox vaxt rusca danışırdı. Yaxşı yadımdadır, o məni tağım komandiri vəzifəsinə təyin edərkən, "Bax ha, belə bir söz var: razvetçik, eto smertnik. Ölməkdən qorxmursan ki?" demişdi. O bu sözü hər dəfə əməliyyata getməzdən öncə bir daha təkrarlayırdı. Bu dəfə də elə oldu. Komandirin adət etdiyim ənənəvi sözlərini eşitdikdən sonra onun otağını tərk edib sabahkı əməliyyata hazırlaşmağa getdik. Elə həmin gün bizim kəşfiyyatçılardan Aqilin 25, onun ilk övladı olan Günayın isə bir yaşı tamam olurdu. Çox yüksək səviyyədə olmasa da ata-balanın ad gününü qeyd etdik. Sabah isə kəşfiyyat tağımına məxsus olan maşınla polkun həyətindən 18 nəfərlik heyətlə əməliyyata yollandıq. Gedəcəyimiz yer minalanmış sahə olduğu üçün heyətə Elçin Abdullayevin rəhbərlik etdiyi 4 nəfərdən ibarət minaaxtaran qrupu və 2 nəfər bələdçi (o yerləri daha yaxşı tanıyan adam) qatılmışdı. Nəhayət ki, biz Azərbaycan ordusunun nəzarətində olan Səfyan kəndinə çatdıq. Son dəfə bu kənddə bizə verilən tapşırığı müzakirə etdik və tağımın iki üzvünü - Fuadsürücü Rövşəni orada saxlayaraq, qalan uşaqlarla əməliyyata start verdik. Çətinliklə də olsa qalın meşə ilə hədəfə doğru irəliləyirdik. Meşənin dərinliyində olduğumuz üçün ermənilər bizi görmürdülər. Ancaq biz onların üzbəüz dağın çılpaq sahəsində yerə minalar basdırdıqlarını müşahidə edirdik. Görünmədiyimizə baxmayaraq, hər dəqiqə üstümüzə güllə yağışının yağacağını da gözləyirdik. Dəstənin bütün üzvləri bir nəfər kimi tapşırığın nə qədər məsuliyyətli və nə qədər təhlükəli olduğunu anlayırdı. Lakin buna baxmayaraq, uşaqlar özlərini çox qürurlu göstərir və hərdən zarafatlarından da qalmırdılar. Dəstəmizdəki sapyorlar öz işlərini ustalıqla yerinə yetirirdilər. Məhz onların sayəsində minalanmış sahədən heç bir itki vermədən keçdik. Yüksəkliyə yaxınlaşdıqca həyəcanlar artırdı. Çünki bizi qarşıda daha yaxşı mövqedə olan və yetərincə silahlanmış düşmən gözləyirdi. Ona görə də 2-3 dəqiqədən sonra hansı hadisənin baş verəcəyini və nə ilə üzləşəcəyimizi heç kəs bilmirdi. Hələ də yüksəkliyə doğru irəliləyirdik. Nəhayət ki, heç bir maneəyə rast gəlmədən ermənilərin 100-150 metrliyindən keçməklə, təxminən 9-10 saat ərzində deyilən yüksəkliyə qalxdıq. Burada gördüklərimizə inanmadıq. Çünki düşmənlər həmin mövqedə xeyli silah-sursat və ərzaq qoyaraq getmişdilər. Vaxt itirmədən əməliyyatın uğurlaitkisiz başa çatması haqda polka xəbər verdim. Daha sonra isə bizim avtomatlarımızda olan 30 patronluq daraqları ermənilərin atıb getdikləri və 45 patron tutuma malik olan daraqlarla əvəzlədik. Təəssüflər olsun ki, ac-susuz olsaq da, orada özümüzlə götürdüyümüz ərzaqdan istifadə etməyə vaxt tapmadıq.

   Artıq günəş dağların arxasına keçmiş və qaranlıq çökmüşdü. Bizsə hər üç tərəfdən düşmənlə əhatə olunan mövqedəydik. Sanki ermənilər də elə bunu gözləyirmişlər. Çox çəkmədi ki, eyni vaxtda bizim mövqeyimizi üç tərəfdən müxtəlif silahlarla atəşə tutdular. Yüksəklik baxımından mövqeyimiz heçpis deyildi. Odur ki, uşaqlara iki-iki, üç-üç səpələnib postda özlərinə mövqe tutmalarını tapşırdım. Yağış kimi üstümüzə yağan güllələr başımız üzərində bir-birinə dəyərək tükürpədici səslər çıxarır, özümüzə səngər seçdiyimiz ağacların yarpaqlarını didib başımıza tökürdü. Saatyarım davam edən bu atışma zamanı baş qaldırmaq belə mümkün deyildi. Ancaq hər saniyəsi ölümlə nəticələnə biləcək bu vaxtda dəstəmizin ən ucaboylusu və bəlkə də ən qorxmazı olan Aqil Məmmədov avtomatla müqayisədə daha böyük güc tələb edən minaatanla elə ayaq üstəcə düşmən istiqamətinə - Mazutlu kəndinə atəş açırdı. Sanki açıq-aşkar ölümlə güləşirdi. Nəhayət ki, eyni vaxtda müxtəlif istiqamətlərdən bizi atəşə tutan düşmən atəşi dayandırdı. Bu zaman biz yenidən bir yerə cəmləşdik. Rabitəçimiz də daxil olmaqla 18 nəfərlik dəstənin 5 üzvünün yox olduğunu gördük. Bununla da biz həm polkla, həm də yaxınlıqda olan postlarla əlaqəni itirdik və 11 nəfərlə mühasirədə qaldıq. Bir neçə saat gözləməli olduq. Artıq üstümüzə yağan güllə yağışı dayanmışdı. Hər iki tərəf susurdu. Belə də gəldiyimiz yolla geri qayıtmaq qərarına gəldik. Qalın meşənin zülmət qaranlığı daha da vahiməli olmuşdu. Hətta bir addım qabağı belə görmək olmurdu. Bir-birimizdən aralı düşməmək üçün sıraya düzülərək ağacların, kol-kosların arası ilə aşağı düşürdük. Azacıq dayanıb dincəlmək istədik. Birdən kəşfiyyatçılardan Mayıs dedi: "Komandir, siz evlisiniz, ona görə də icazə verin, qabaqda mən gedim". Cavabımı gözləmədən ön cərgəyə keçdi, bizonun ardınca dağı enməyə başladıq. Sapyorların işləməsi üçün imkan olmadığı üçün artıq onlar da bizim sırada yer almışdılar. Düşmən tərəfindən minaların toxum kimi səpildiyi yerdən ölümü gözümüz önünə alaraq keçirdik. Ancaq hər an partlayışın baş verəcəyini də gözləyirdik. Və birdən sanki sakitlik hökm sürən qaranlıq gecədə yerdən dağları lərzəyə gətirən gurultulu səslə bütün dünyanı işıqlandıra biləcək günəş çıxdı. Hər şey bir neçə saniyə içərisində baş verdi. Hamı yerə sərilmişdi. 4-5 saniyə əvvəl hökm sürən qaranlıq və sakitlik yenə də öz yerini tutdu. Ancaq hadisədən sonra hamı özünü itirmiş, sanki başqa dünyaya düşmüşdük. Mənə elə gəlirdi ki, hamımız ölmüşükölüm elə belə olur. Çox çəkmədi ki, bizdən 15-20 metr aralıda Aqilin səsi gəldi: "Ay, ayağım...!" Sırada 3-cü olan Aqilin bu səsi həqiqətən də məni ayıltdı. Digər tərəfdən isə məndən öndə gedən Qalibin harayı eşidildi: "Gözlərim çıxdı, gözlərim!".

   Tez ayağa qalxdım və "Uşaqlar, durun, Aqillə Qalib yaralanıb" - dedim və Aqilin səsi gələn istiqamətdə getdim. Ona yaxınlaşıb əlimi onun ayağına toxunduranda dəhşətə gəldim. Aqilin sol ayağı minaya düşmüşdü. Ayaq küt balta ilə əzilmiş ət parçasına bənzəyirdi. Əsgər çəkməsi onun ayağından çıxmış, ayaq özü isə təsəvvüredilməz haldaydı. Dəstənin digər üzvləri isə Qalibin harayına getdilər. Aqilin ayağını bintlə sarımaq mümkün olmadığından, yaranı mənim köynəyimlə bağladıq və qıçını üç yerdən jqutla sıxdıq. Buna baxmayaraq, qanaxmanın qarşısını ala bilmədik. Uşaqların hər ikisi çox qan itirdikəri üçün ölüm təhlükəsi vardı. Vaxt itirmədən yaralıları götürüb "Suarası" kəndi istiqamətində aşağı düşməyə başladıq. Xeyli yol getmişdik. Artıq ermənilərin nəzarətində olan yerlə bizimkilərin nəzarət etdiyi yer arasında cəmi 300 metr məsafə qalırdı. Tərslikdən həmin məsafə ağacsız idi. Ermənilərə məxsus zirehli hərbi maşınlarsa yolumuzun üstündəydi. Bu çılpaq yeri ancaq möcüzə nəticəsində keçə bilərdik. Gözlədiyimiz möcüzə baş verdi, ancaq onda çox gec idi. Nə isə... Səhərə qədər meşəyə çəkilib gözləməli olduq. Yayın ortası olmasına baxmayaraq, meşə olduqca soyuq idi. Heç yerlə əlaqə saxlaya bilmədimiz üçün hamı sakitcə bir-birinin üzünə baxırdı. Ancaq ağrıdan sızlayan Aqillə Qalibin səsi sükutu pozurdu. Bu zaman Aqil ağrıdan iki dəfə uca səslə qışqırdı. Mən ona, "Aqil, ermənilər iki addımlığımızdadır, atəş açıb qaranlıqda hamımızı qırarlar" - dedim. Bundan sonra Aqil son nəfəsinədək səsini çıxarmadı və bununla da o bizlərin sağ-salamat qalmağımıza kömək etmiş oldu. Aqilin yaralanmasından saatlar keçirdi, qanaxma isə dayanmırdı. O, üzünü mənə çevirib sakitcə "üşüyürəm" dedi. Mən Mayısla birlikdə yerə uzanıb onu sinəmiz üstünə uzatdıq. Onun yaralanmış sol ayağı mənim sağ ayğımın üstündə olduğu üçün axan qan çəkməmin içərisinə dolurdu. Aqilin üşüməsi getdikcə daha da şiddətlənir, anbaan halsızlaşır və danışmağı belə bacarmırdı. Bütün bunlara rəğmən o özündə güc tapıb son sözünü, bəlkə də vəsiyyətini söylədi: "Bilirəm, mən artıq öləcəm. Siz yazıqsınız, bir daha buralara gəlməyin. Qızım Günayısa sizə tapşırıram". O, bundan sonra bir daha danışmadı. Dan yeri söküləndə isə onun nəfəsi artıq xırıldayırdı. Hiss olunurdu ki, ölümdən qorxmayan, vətənini, torpağını, millətini dəlicəsinə sevən bu qəhrəman əsgər ölümə can vermək istəməsə də, ölüm özü artıq ona yaxınlaşırdı. Başı dizlərim üstündə olan kəşfiyyatçı birdəfəlik gözlərini yumdu və dünyasını dəyişdi. 11 nəfər olan dəstəmizin bir üzvünüitirdik.

   Az sonra günəş dağların arxasından yenidən boylandı və hər tərəfi işığa qərq etdi. Bütün ümidləri yerdən-göydən üzülən dəstə üzvləri bir-birinə baxsa da, heç kəs sükutu pozmaq istəmirdi. Gah gözlərim önündə dünyasını dəyişən Aqilə, gah yaraları sızlayan Qalibə, gah da dəstənin digər üzvlərinə baxırdım. Saat bəlkə də 11 olardı. Gözlənilmədən göyün üzünü duman-çən aldı və hər tərəf yenidən zülmət gecəyə döndü. Deyəsən, gec də olsa gözlədiyimiz möcüzə baş vermişdi. Bizim orada qalmağımız şübhəsiz ki, az sonra Qalibin də ölümü ilə nəticələnəcəkdi. Üzümü uşaqlara tutub "Allah deyəsən, bizim üçün yol açıb. Getmək lazımdır, durun, vaxt itirmədən gedək. Ancaq hazır vəziyyətdə olun, hər an ermənilərlə üzləşə bilərik. Unutmayın ki, son qanımıza qədər onlarla döyüşəcəyik" dedim və Aqilin meyitini də götürüb yola düzəldik. Bütün çətinlikləri dəf edərək, Azərbaycan ordusunun nəzarətində olan sahəyə keçdik. Qalibi xəstəxanaya çatdırıb, onu xilas edə bildik.

   Beləliklə, bizim son tapşırığımız və bir gecənin faciəsi Milli Qəhrəman Aqil Məmmədovun ölümü, 1-ci Qarabağ Müharibəsi əlili olan Qalibin isə gözünü itirərək dünya işığından məhrum olması ilə başa çatdı.

   Şahid olduğum bu hadisə mənə o qədər təsir etmişdi ki, məhz bu düşüncələr altında keçirdiyim hissləri, qəhrəmanın son anda dilə gətirdiyi sözləri poetik formada qələmə aldım.

 

 

   İntiqam MƏMMƏDOV

 

   Ekspress.- 2012.-  9 fevral.- S. 8.