Bu cinayət cəzasız qalmayacaq...

Xocalıda girov götürülənlərdən 150 nəfərinin taleyi indiyədək məlum deyil

 

"İnsanlara qarşı törədilən vəhşiliklərə, soyqırımına təqsirkarın və zərərçəkənin kimliyinə, onun müsəlman, xristianya başqa inanc sahibi olduğuna görə deyil, törədilmiş cinayətə görə qiymət verilməlidir". Bunu "Azərbaycan" qəzetinə müsahibəsində hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev söyləyib.

   Onun sözlərinə görə, orta əsrlər dövrünün kriteriyaları çoxdan keçib, indi XXI əsrdir. "Çox təəssüf ki, özünü demokratiyanın beşiyi hesab edən Fransa kimi ölkələrdə bu təkzibedilməz həqiqətlər bəzən qəsdən qulaqardına vurulur: "Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, "erməni soyqırımı"nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması sahəsində göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür. Öz haqlarımızı qətiyyətlə müdafiə etməli, haqlarımızı pozanları isə cəzalandırmalıyıq. Bunun mümkünlüyü haqqında yox, vacibliyi haqqında düşünməliyik və ardıcıl olaraq bu məqsədlərə doğru getməliyik! Yolun uzunçox çətin olacağı bizi ruhdan salmamalıdır. Amma gərəkdir ki, haqlı olmaqla yanaşı, inandırmağı da bacaraq. Hər kəs nə istədiyimizi və istədiyimizə nail olmaq üçün necə çalışacağımızı aydın anlamalıdır".

   Hərbi prokuror qeyd edib ki, sübutların toplanmasında və dəyərləndirilməsində xeyli çətinliklər ola bilər və var: "Amma problem bunda da deyil! Başqalarını inandırmağı bacarmaq lazımdır!" deyən X.Vəliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı prezident İlham Əliyevin xüsusi sərəncam imzaladığını xatırladıb. Dediyinə görə, sərəncamda faciənin növbəti ildönümünün qeyd olunması, Xocalı faciəsinin bütünlüklə dünya ictimaiyyətinə çatdırılması, dünya ictimaiyyətində bu faciəyə ədalətli münasibətin formalaşdırılması, dünya parlamentlərində bu qətliamın pislənməsi və yaxud mümkün olan yerlərdə faciənin soyqırımı kimi tanıdılması Azərbaycanın xaricidaxili siyasətinin prioritet istiqaməti olaraq vurğulanır.

   X.Vəliyevə görə, Xocalı soyqırımının tanıdılması istiqamətində görülən hər bir tədbirin mühüm əhəmiyyəti var və bu iş bir daha sistemli və ardıcıl aparılmalıdır: "Bu, hər kəsin vətəndaş borcu, insanlıq mövqeyidir! Mən qəti şəkildə əminəm ki, Xocalı soyqırımı kimi cinayət cəzasız qalmayacaq! Xocalı faciəsinin dünyada əsl hüquqisiyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olunacaq!".

   "Xocalı faciəsi zamanı 5379 nəfər deportasiyaya məruz qalıb. 613, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın qətlə yetirilib. 8 ailə bütünlüklə məhv edilib. 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi indiyədək məlum deyil". Bunu isə Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin şöbə rəisi Mehman Poladov dünən keçirdiyi brifinqdə deyib.

   Onun sözlərinə görə, bu iş üzrə 3000 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib. 800-dən artıq ekspertiza keçirilib. Nəticədə 39 nəfərin (onlardan 18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları, 8-i Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında iştirakı tam sübuta yetirilib. Onlar axtarışdadırlar.

   Ekspertizalarla müəyyən edilib ki, Xocalının məhv və talan edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.

   Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib. YAP-ın icra katibi Əli Əhmədovun sözlərinə görə, Xocalıda törədilən qanlı hərbi cinayət 20-ci yüzilliyin sonlarının ən dəhşətli soyqırım aktı oub. "Biz cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində hansı işləri görə biləcəyimizi düşünməliyik, bu hadisənin dünya ictimaiyyətinə çatdırılması yollarını axtarmalıyıq".

   Ə.Əhmədov qeyd edib ki, Pakistan və Meksika parlamentləri Xocalı faciəsinə soyqırım aktı kimi qiymət verib. "Dünyada bu soyqırıma etinasızlıq bizi ruhdan salmamalıdır. Əgər iki ölkə bunu tanıyıbsa, deməli, bu istiqamətdə səylərimizi gücləndirməliyik. Biz məhz Xocalı soyqırımının dünyada necə tanıtdırılması istiqamətində müzakirələrə üstünlük verməliyik" deyən Ə.Əhmədov fevralın 26-sı Türkiyədə faciənin 20-ci ildönümünə həsr olunan yürüşün keçirilməsinin Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində əhəmiyyətli addım olacağını bildirib.

   Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun sözlərinə görə, bu faciə erməni vəhşiliyinin kulminasiya nöqtəsi olub. "Dinc sakinlər qətlə yetirilib, onların müxtəlif əzaları kəsilib. Xocalı faciəsi erməni xislətinin güzgüsüdür".

   Xocalının sağ qalan sakinlərinin hazırkı durumundan da danışan Usubov bildirib ki, xocalılılar hazırda ölkənin bir çox ərazisində yaşayış yerləri ilə təmin olunub, onlar üçün bütün sosial infrastrukturu olan yaşayış massivləri salınıb.

   Milli Məclisin şöbə müdiri Nizami Səfərovun sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı yeni beynəlxalq məhkəmənin təsis olunması nəzəri cəhətdən mümkündür. "Bundan ötrü BMT Təhlükəsizlik Şurasının qərarı olmalıdır".

   Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, 1992-ci il 26 fevral tarixi dünya üçün qara bir gündür. "Dünyanın gözü qarşısında Xocalıda qətliamlar törədilib".

   Tədbirdə H.Kılıç Xocalı soyqırımı qurbanlarının doğmalarına başsağlığı verib. "Azərbaycanın acısı bizim acımızdır".

   Bu arada Xocalı sakinlərinin bir qrupu dünən İstanbulda faciənin 20-ci ildönümü ilə bağlı mətbuat konfransı keçiriblər. Xocalı sakinləri Türkiyənin hər zaman Xocalı soyqırımı ilə bağlı Azərbaycana dəstək verdiyini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında yardımçı olduğunu vurğulayaraq, "indi əsas istəyimiz budur ki, Türkiyə Böyük Millət Məclisi Xocalı faciəsini soyqırımı kimi tanısın", - deyə bildiriblər.

   Xocalılılar Qarabağ probleminin sülh yolu ilə həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini də tənqid ediblər. Onlar Minsk Qrupundan Ermənistana "işğalçı dövlət" deməyi, Xocalı hadisələrini soyqırımı kimi qəbul etməyi tələb etdiklərini vurğulayıblar.

   BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqları ilə əlaqədar 4 qətnaməsinin olduğunu, lakin bunların sadəcə, kağız parçası olaraq qaldığını qeyd edən iştirakçılar mətbuat konfransında BMT-yə ünvanlanan tələblər də səsləndiriblər.

   Azərbaycanın müsəlman, xristian və yəhudi dini icmalarının liderləri də faciənin növbəti ildönümü ilə əlaqədar birgə müraciətlə çıxış ediblər (APA). Müraciətdə bildirilir ki, dünyada ümumbəşəri mənəvi dəyərləri inkar edən, zorakılıq, qətl və təcavüz kimi anti-humanist fəaliyyətlərə və qanlı cinayətlərə bəraət qazandıran millət və din ola bilməz: "1992-ci il fevralın 26-da Xocalının 613 dinc, silahsız sakini qətlə yetirilib, 1275 adam əsir götürülüb. Lakin indiyə qədər Xocalı faciəsi hələ də beynəlxalq səviyyədə tam şəkildə pislənməyib və günahkarlar layiqli cəzalarını almayıblar".

   Müraciətə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyasının yepiskopu Aleksandr və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete imza atıblar.

 

Aynurə MƏMMƏDOVA

 

Ekspress.- 2012.- 23 fevral.-S.13.