Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu

 

Müasir dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə harmoniksabit inkişafın təmini, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişafı, dəstəklənməsi cəmiyyətin əsas hədəf və vəzifələrindən biri kimi çıxış edir. Vətəndaş cəmiyyəti dedikdə hər hansı bir cəmiyyətin formalaşmasında, fəaliyyətində vətəndaşların fəal rol oynadığı, öz imkanlarını gerçəkləşdirə bildiyi bir cəmiyyət başa düşülür. Belə cəmiyyətdə sərbəst, azad insanlar könüllülük əsasında yaranmış birliklər, assosiasiyalar - müxtəlif tipli ictimai təşkilatlar dövlətin birbaşa müdaxiləsi olmadan, cəmiyyətin tələblərinə, qayğılarına uyğun olaraq fəaliyyət göstərirlər.

   Mürəkkəb daxili struktura malik olan vətəndaş cəmiyyətində dövlətə xas olan şaquli iyerarxik əlaqələrin əvəzində üfüqi əlaqələr mütləq çoxluq təşkil edir. Üfüqi əlaqələr də öz növbəsində cəmiyyətin mövcudluğunun təmininə xidmət edən münasibətlərə əsaslanır ki, bunlar da ilk olaraq, iqtisadi münasibətlərdir. Bundan başqa, sosial, mədəni, mənəvi və əlbəttə ki, ictimai-siyasi münasibətləri də qeyd etmək yerinə düşər. Bu gün ölkəmizdə qeyd edilən bütün bu münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərirlər. Bununla da vətəndaşlar bu kimi təşkilatlar yaradaraqya fəaliyyət göstərənlərə qoşularaq öz maraqları və azadlıqlarını təmin etməyə çalışırlar. Bu isə artıq Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdığını, onun inkişaf prosesinin getdiyinin göstəricisidir.

   Azərbaycan QHT-ləri artıq öz mövcudluğu ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verirlər. Ölkə QHT-lərinin bu günə gəlib çatması yolu heç də həmişə hamar olmayıb. III sektor inkişafı dövründə müxtəlif çətinliklərlə üzləşsə də, nəhayətdə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Artıq demək olar ki, bu gün vətəndaş cəmiyyəti institutları ölkədə tərəqqi proseslərinin, novatorluğun modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutlarının özləri cəmiyyəti irəli aparmaq potensialına malikdirlər.

   Bu gün Azərbaycanda ümumilikdə 3000-dən çox QHT dövlət qeydiyyatından keçib. Qeydiyyata alınmayan, amma bununla belə III sektorda öz fəaliyyəti ilə seçilən müxtəlif sahələr üzrə ixtisaslaşmış yüzlərlə QHT də mövcuddur. Ölkədəki mövcud QHT-lərin sayını nəzərə alsaq, orta hesabla hər 3000 vətəndaşa təxminən bir QHT düşdüyünü qeyd etmək olar. Kəmiyyət prizmasından yanaşsaq, bu, Azərbaycan kimi müstəqillik yoluna təzə qədəm qoymuş ölkələr üçün heçpis göstərici deyil.

 

   Bu gün cəmiyyətin özündə də QHT-lərə inam artıb. Belə ki, vətəndaş cəmiyyəti ideyaları, bu institutların fəaliyyəti, hədəfləri artıq cəmiyyət tərəfindən daha aydın şəkildə qavranılmağa başlayıb.

   Ölkədə III sektorun inkişaf perspektivlərindən biri onların sosial problemlərin həllində dövlətin və özəl sektorun əsas tərəfdaşına çevrilməsidir ki, bununla bağlı ilkin təşəbbüslər artıq edilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə "Sosial sifariş haqqında" qanun layihəsi hazırlanır. Ekspertlər hesab edirlər ki, bu qanun layihəsinin hazırlanması və qəbulu sosial problemlərin həllində QHT-lər üçün yeni imkanlar açacaq. Sosial problemlərin həllində dövlət siyasətində yeni praktika tətbiq ediləcək. Bu isə QHT-lərin cəmiyyətdəki rolunu daha da artıracaq.

   Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, bu gün vətəndaş cəmiyyəti institutları cəmiyyətin aparıcı qüvvələri tərəfindən inkişaf proseslərinə əhəmiyyətli töhfə verəcək, öz missiyası, idealları, dəyərləri olan təsisatlar kimi qəbul olunmağa başlayıblar. Bunu hazırda vətəndaş cəmiyyətinin ən böyük uğuru kimi dəyərləndirən Ə.Nuriyev, bununla belə vətəndaş cəmiyyəti institutlarına ictimai etimadın arzuolunan səviyyədə olmadığını da bildirir. Dediyinə görə, vətəndaşların böyük əksəriyyəti vətəndaş cəmiyyəti, III sektor, onların fəaliyyəti və cəmiyyətin inkişafına verə biləcəyi töhfələr barədə kifayət qədər məlumatlı deyillər. "Hətta, bir çox hallarda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti onlarda neqativ assosasiyalar doğurur. Yeni inkişaf mərhələsində ilk vəzifələrdən biribu problemin həlli üçün səylərin artırılmasıdır" deyən həmsöhbətimə görə, vətəndaş cəmiyyəti institutları bütün mümkün vasitələrlə ictimiyyətlə əlaqələrini genişləndirməli, daha açıq olmalı, öz fəaliyyətində şəffaflıq prinsiplərinə son dərəcə həssaslıqla yanaşmalıdırlar. III sektor nümayəndələri özləri, missiyaları, dəyərləri, fəaliyyətləri haqqında daha çox danışmalı, müzakirələr açmalı, məlumat verməlidirlər.

   Müsbət irəliləyişlərə baxmayaraq, bəzi QHT-lərin fəaliyyətində şəffaflıq, öz üzvləri və dövlət orqanları qarşısında hesabatlılıqla bağlı problemlər hələ də qalır ki, bu da cəmiyyətdə müəyyən suallar doğurur. Ə.Nuriyevin fikrincə, bu sualların cavablandırılması, şübhələrin ortadan götürülməsi və ən əsası illərlə şüurlarda kök salmış neqativ stereotiplərin dəyişilməsi üçün vətəndaş cəmiyyəti institutlarının özləri təşəbbüskar olmalı və ümumilikdə III sektorun inkişafı ilə bağlı məsuliyyətlərini dərk etməlidirlər.

   İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev QHT-lərin eyni zamanda problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrinin təşkilində, siyasi debatların aparılmasında əvəzsiz rol oynadığını deyərək, bu müzakirələrin demək olar ki, vətəndaş cəmiyyətinin bütün üzvlərinin iştirakı ilə keçirildiyini bildirir. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin digər funksiyası maarifləndirmə tədbirlərinin görülməsidir. "Maarifləndirmə işlərinin tərkib hissəsi kimi QHT-lər müxtəlif bukletlər, bülletenlər, nəşrlər buraxırlar. Bütün bunlar QHT-lərin vətəndaş cəmiyyətinin nüvəsini təşkil etməsinin göstəricisidir".

   S.Əliyevə görə, idarəetmənin bütün mərhələsində QHT-lərin məhsullarından istifadə olunur. Belə ki, siyasi partiyalar öz platformalarında, bəyanatlarında, müraciətlərində ictimai təşkilatların qaldırdığı problemləri qabardırlar. Mətbuat öz səhifələrində ictimai təşkilatların araşdırmalarına istinad edir, problemin kəskinliyini və onun aradan qaldırılma yollarını işıqlandırırlar. Dövlət qurumları öz fəaliyyətlərində çatışmazlıqları müəyyən edirlər. Beynəlxalq təşkilatlar isə ölkədə mövcud olan siyasiiqtisadi proseslər barədə alternativ informasiya mənbəyinə malik olurlar. Əhali və onların ayrı-ayrı təbəqələri QHT-lərin təşkil etdikləri maarifləndirmə və təbliğat tədbirlərindən yararlanaraq öz biliklərini artırırlar. "Göründüyü kimi, QHT-lər bir tərəfdən vətəndaş cəmiyyətinin beyin mərkəzi rolunda çıxış edir, digər tərəfdən dövlət qurumlarının qərarlarının cəmiyyətə təsirini müayinə edir".

   Milli Məclisin üzvü Zahid Oruc müasir cəmiyyətimizdə QHT-lərin mühüm rol oynadığını deyərək, onların həyatın müxtəlif sferalarında yer tutduqlarını bildirir. Dediyinə görə, III sektor hazırda dövlətlə müxtəlif sahələr arasında əməkdaşlıq formatında işləyə bilirlər. "Cəmiyyəti QHT-lərsiz təsəvvür etmək olmaz" deyən deputatın fikrincə, onlar bir növ dövlət üzərində arbitr rolunu oynayırlar və Azərbaycan hakimiyyəti də QHT-lərin cəmiyyət üçün vacibliyini nəzərə alaraq, onların inkişafı üçün hər bir şəraiti yaradır.

   Azərbaycanda III sektorun artıq formalaşdığını deyən həmsöhbətimizə görə, bununla belə, onların qarşıda görəcəkləri işlər hələ çoxdur. Eyni zamanda onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının potensialının artırılması üçün də müəyyən işlər görülməlidir. "Onları dövlət həyatına cəlb etmək üçün ödəmələrdən azad etmək, bununla da bu sferaya sahibkarların yardımını almaq olar. Bu da sonda istənilən məsələnin mərkəzləşmiş hakimiyyət qərarı ilə yox, vətəndaş cəmiyyətinin mövqeyi ilə həllini tapması deməkdir. Bu, həm də xalq hakimiyyətin ən optimal modelidirinsanlar özü özünün idarəçiliyində iştirak edərək, bu vasitəylə demokratiyanın güclənməsinə də tövhə verə bilərlər".

   "Tərəqqi və Demokratiya" İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu da vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin əvəzsiz rol oynadığı qənaətindədir. Onun sözlərinə görə, hər bir QHT ölkə vətəndaşını ictimai fəaliyyətə hazırlayan mühüm bir qurum, ciddi bir məktəbdir. "QHT-lər xüsusilə gənclərin, öz imkanlarını gerçəkləşdirməkdə çətinlik çəkən hər bir şəxsin fəallaşmasında, potensialının üzə çıxmasında da əvəzsiz rol oynaya bilər. Ona görə də, ölkəmizdə QHT-lərin formalaşması, təcrübə qazanması həmin bu məktəbin səviyyəsinin yüksəlməsinə yardım edir".

   Ümumiyyətlə, Qəşəmoğlu hesab edir ki, bizə yalnız vətəndaşların rolunun, fəallığının artdığı cəmiyyət yox, ölkəmizin tərəqqisinə kömək edə bilən vətəndaş cəmiyyəti lazımdır. Dediyinə görə, belə vətəndaş cəmiyyətini quran insanlar, ictimai təşkilatlar isə vətənpərvər, yüksək mənəviyyatlı olmalıdır. "Bu səbəbdən də indi bizim QHT-lərin qarşısında olduqca məsul və müqqəddəs bir dayanır; müasir dünyanın tələblərinə cavab verən, eyni zamanda ölkənin tərəqqisində mühüm rol oynayan vətəndaş cəmiyyətinin qurulması işində məqsədyönlü fəaliyyət göstərmək. Təbii ki, bu sahədə bütün məsuliyyəti QHT- lərin üzərinə qoymaq olmaz. Bu məsələdə həm ziyalıların, həm dövlətin, həm də müxtəlif adamlarının, biznes qurumlarının, donorların öhdəsinə çox düşür".

   Sonda ümumiləşdirərək, onu deyə bilərik ki, vətəndaş cəmiyyəti ideyasının daha geniş yayılması, onların potensialının artırılması, III sektorun inkişafına mane olan problemlərin həlli QHT-lərin yeni inkişaf mərhələsi ilə bağlı gözləntilərin daha aydın ifadə olunmasında yardımçı olacaq.

 

Qalib İBRAHİMOĞLU

   

Ekspress.- 2012.- 23 fevral.- S. 5.