Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   1963-cü ilin iyununda Azərbacan KP MK-nın məsul işçisi Vəli Məmmədovun Arxiv İdarəsinə göndərdiyi məktub hansı zərurətdən doğmuşdu?

   Həmin il yanvar ayının 26-da məşhur Azərbaycan alimi, pedaqoq və ictimai xadim, 1912-ci ildə ilk dəfə nəşr olunmuş məşhur "Balalara hədiyyə" kitabının müəllifi Firidun bəy Köçərlinin anadan olmasının 100 illiyi tamam olmuşdu. Hələ Bakı Universitetinin aspirantı ikən Azərbaycanda Nəriman Nərimanovun həyat və fəaliyyətinin ilk araşdırıcısı olmuş Vəli Məmmədov altmışıncı illərdə Firidun bəy Köçərli və onun ömür-gün yoldaşı Badisabah xanım Köçərli barədə də ilk mənbələrə əsaslanan materiallar toplamışdı. Bunların arasında 1903-cü ildə Tiflisdə nəşr olunmuş "Literatura azerbaydjanskix tatar", 1925-1926-cı illərdə Firidun bəy Köçərlinin Bakıda işıq üzü görmüş "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabları, Mir Cəlalın "Azərbaycanda ədəbi məktəblər" doktorluq və Sabir Gəncəlinin "XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanda maarif və mədəniyyətin inkişaf etdirilməsində Azərbaycan qadınlarının rolu" namizədlik dissertasiyaları vardı.

   Qeyd etmək lazımdır ki, Vəli Məmmədov Məmmədəmin Şəkinskinin gənclik illərində yaxından tanıdığı Nəriman Nərimanov və Firidun bəy Köçərli münasibətlərinin ilk tədqiqatçılarındandır. Altmışıncı illərdə Mərkəzi Komitənin bölmə müdirinə məlum olan həqiqətləri 2010-cu ildə mərhum təqiqatçı-jurnalist Xanlar Bayramov (bax: Xanlar Bayramov. Gəncə üsyanı - 1920. Sənədlər və materiallar. Bakı, "Ləman Nəşriyyat-Poliqrafiya" MMC, 2010, səh.79-80) göstərmişdi: "Gəncə üsyanı və Nəriman Nərimanov" fəslində (səh.79-80) oxuyuruq: "1920-ci il iyun ayının əvvəlində N.Nərimanov "Kommunist" qəzetində yazırdı: "Qızıl Ordu və ya Azərbaycan Sovet Hökuməti zarafat etməyi sevmir. İndi ürəkdən gələn təşəkkürümüzü Qızıl Orduya veririk". Lakin hadisələrin öz məcrasından çıxması və Gəncədə baş verən qırğınlardan xəbər tutması Nəriman Nərimanovu Gəncəyə gəlməyə vadar edir. Gəncə üsyanından sonrakı qanunsuz həbslər o qədər genişləndirilmişdi ki, şəhər həbsxanasında və cəza məntəqələrində yer tapılmırdı. XI Qırmızı Ordunun xüsusi şöbəsinin rəisi Libermanın göstərişinə əsasən II hissədəki erməni evlərinin zirzəmiləri də ağzınacan müsəlmanlarla doldurulmuşdu. Minlərlə günahsız insan isə heç bir şəraiti, suyu olmayan rus kilsəsinin yanında hasara alınmış ərazidə dözülməz vəziyyətdə saxlanılırdı... Gəncəyə gələn Nəriman Nərimanov tutulanların və öldürülənlərin siyahısını tələb edir. Siyahıda görkəmli şəxsiyyət Firidun bəy Köçərlinin adı ilə rastlaşanda qəzəblənir. Həmid Sultanovu tənbeh edir, Xanbudaqovla birlikdə həbsxananı və dustaqlar saxlanan yerləri gəzir, yüzlərlə şikayət eşidir. Bir çox günahsız tutulanları azad etdirir. Bəzi məlumatlara görə, xüsusi şöbə rəisi Libermanı və erməni mauzeristləri həbs etdirir".

   1963-cü ilin mayında Azərbaycan KP MK-nın İdeoloji Şöbəsinin Ədəbiyyat və İncəsənət bölməsinin müdiri Vəli Məmmədov Firidun bəy Köçərlinin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq onun xatirəsini əbədiləşdirmək məqsədilə dəyərli bir təşəbbüs göstərir: AZƏRBAYCANDA DÖVLƏT UŞAQ KİTABXANALARI YARADILSIN VƏ KİTABXANAYA FİRİDUN BƏY KÖÇƏRLİNİN ADI VERİLSİN.

   Vəli Məmmədov F.Köçərli barədə bütün materialları Nazirlər Sovetinin Mədəniyyət şöbəsinə təqdim edir. Ondan xahiş edirlər ki, məsələyə hökumət səviyyəsində baxılması üçün F.Köçərli barədə arxiv sənədləri də qərar layihəsinə əlavə olunsun. 1963-cü il iyun ayının 13-də Vəli Məmmədov yoldaşa Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsindən aşağıdakı məktub göndərilmişdir:

 

   "Azərbaycan KP MK ideoloji şöbəsi ədəbiyyat və incəsənət bölməsinin müdiri V.H.Məmmədov yoldaşa

 

   Göstərişinizi yerinə yetirərkən F.Köçərlinski barədə arxiv arayışını Sizə göndəriirik.

 

   ƏLAVƏ. 1 vərəq.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi rəisinin müavini M.Naydel".

   Bəs bir vərəq arxiv arayışını kim hazırlamışdır? Oktyabr inqilabı və Sosializm Quruculuğu Mərkəzi Dövlət Arxivinin rəisi Şakaryan Amaliya Aramovna. Tanış olun:

 

   "ARXİV ARAYIŞI

 

   Arxivin "1918-1920-ci illərdə Azərbaycanda əksinqilabi müsavat parlamenti" fondunda və "1920-ci ildə Azərbaycan respublikasının ünvan-təqvim" məlumat kitabçasında Firidun bəy Köçərlinski belə səciyyələndirilir: müsavat partiyasından (1919-cu il yanvarın 8-dək olan siyahıya görə) parlament üzvü, Müsəlman milli şurasının üzvü olmuşdur. 1919-cu il fevralın 23-də tərtib edilmiş siyahıdan məlum olur ki, 1918-ci il noyabrın 16-dan dekabrın 2-dək müddətdə Qazax müəllimlər seminariyasının direktoru vəzifəsində işləyərkən ondan müsəlman milli şurasının üzvü kimi yemək pulu tutulmuşdur.

   Arxivdə 1919-cu il fevralın 3-də F.Köçərlinskinin parlamentə teleqramı da saxlanılır. Burada deyilir ki, seminariyadakı fəaliyyətilə əlaqədar onun parlamentdə fəaliyyəti bir araya sığmadığına görə parlamentin 1919-cu il 25 yanvar tarixli qərarına uyğun olaraq deputatlıqdan azad edilsin.

   Parlamentin 1919-cu il iclas protokolunda Köçərlinskinin deputatların tərkibindən çıxarılması göstərilir.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi oktyabr inqilabı və sosializm quruculuğu mərkəzi dövlət arxivinin rəisi A.Şakaryan".

   Beləliklə, Azərbaycan hökumətinin rəhbərliyi Vəli Məmmədovu məyus etmişdir. Mərkəzi Komitənin bölmə müdirini deyil, arxiv rəisi Amaliya Aramovna Şakaryanın mövqeyi üstün tutulmuşdur: Firidun bəy Köçərli əksinqilabi müsavat partiyasından parlament üzvü seçilmişdir. Uşaqlarımızı hansı ruhda tərbiyə edirik?

   Vəli Məmmədovun təklifinin birinci hissəsi, yəni Respublika Dövlət Uşaq Kitabxanası yaradılması isə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə deyil, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin əmri ilə həll olunmuşdur. Arxiv sənədləri ilə tanış olun:

 

   "Azərbaycan SSR Mədəniyyət Nazirliyi

 

   Bakı şəhəri Əmr N322 31 dekabr 1964-cü il

 

   Azərbaycan SSR Respublika Dövlət Uşaq Kitabxanasının yaradılması haqqında

 

   Əmr edirəm:

 

   1. Azərbaycan SSR Respublika Dövlət Uşaq Kitabxanasının ştat vahidləri aşağıdakı tərkibdə təsdiq edilsin:

 

   Əliyev N.A. - Direktor

 

   Trubskaya Q.S. - Baş mühasib

 

   Mehdiyeva M. - Xidmət şöbəsinin müdiri

 

   Mahmudova S.M. - Təsərrüfat müdiri

 

   Əhmədova S.M. - Xidmət şöbəsinin baş kitabxanaçısı

 

   Axundova Q.A. - Oxu zalının kitabxanaçısı

 

   Basser N.M. - Oxu zalının kitabxanaçısı

 

   Abdullayeva M. - Oxu zalının kitabxanaçısı

 

   Popova T.P. - Abonoment şöbəsinin kitabxanaçısı

 

   Rabin E. - Abonoment şöbəsinin kitabxanaçısı

 

   Ter-Stepanova A.A. - Kütləvi işlər üzrə baş kitabxanaçı

 

   Nəcəfova S. - Biblioqrafiya və metodika şöbəsinin müdiri

 

   Malkova M. - Biblioqrafiya və metodika şöbəsinin metodisti

 

   Hüsenynova Ə. - Biblioqrafiya və metodika şöbəsinin metodisti

 

   Rudneva T. - Biblioqrafiya və metodika şöbəsinin biblioqrafı

 

   Dorfman B. - Biblioqrafiya və metodika şöbəsinin kitabxanaçısı

 

   Əliyeva S. - Komplektləşdirmə şöbəsinin müdiri

 

   Abdullayeva T. - Komplektləşdirmə şöbəsinin böyük kitabxanaçısı

 

   Hüseynova Ş. - Komplektləşdirmə şöbəsinin kitabxanaçısı

 

   Yusifova T. - Kitab mühafizə şöbəsinin müdiri

 

   Şəmsiyeva R. - Kitab mühafizə şöbəsinin kitabxanaçısı

 

   Ağacanova N. - Kitab mühafizə şöbəsinin kitabxanaçısı

 

   Kərimova Z. - süpürgəçi

 

   Borisova Y. - süpürgəçi

 

   2. 1965-ci il yanvarın 1-dək aşağıda adları göstərilənlər Respublika Dövlət Uşaq Kitabxanasına keçirilsinlər:

   Əliyeva N. - Azərbaycan SSR Mədəniyyət Nazirliyi Baş Kitabxanaçılar müfəttişliyinin baş inspektoru

   Trubskaya Q. - M.F.Axundova adına Respublika Kitabxanası mühasibinin müavini

   Mahmudova S. - M.F.Axundov adına Respublika Kitabxanasının böyük kitabxanaçısı

   Əhmədova S. - M.F.Axundov adına Respublika Kitabxanasının kitab mühafizə şöbəsinin böyük kitabxanaçısı

   Nəcəfova S. - M.F.Axundov adına Respublika Kitabxanasının baş kitabxanaçısı

   Malkova M. - M.F.Axundov adına Respublika Kitabxanası kitab mühafizə şöbəsinin böyük kitabxanaçısı

   Hüseynova A. - M.F.Axundova adına Respublika Kitabxanası kitab mühafizə şöbəsinin kitabxanaçısı

   Rudneva T. - M.F.Axundova adına Respublika Kitabxanası komplektləşdirmə şöbəsinin böyük kitabxanaçısı

   Əliyeva S. - M.F.Axundova adına Respublika Kitabxanası gənclər oxu zalının müdiri

   Abdullayeva T. - M.F.Axundov adınea Respublika Kitabxanası komplektləşdirmə şöbəsinin kitabxanaçısı

   Yusifova T. - M.F.Axundov adına Respublika Kitabxanası sahə zalları üzrə müdir

   Şəmsiyeva R. - M.F.Axundov adına Respublika Kitabxanası kitab mühafizə şöbəsinin kitabxanaçısı

   Basser N. - N.Nərimanov rayonundakı Abdulla Şaiq adına kitabxananın oxu zalının müdiri

   Popova T. - C.Cabbarlı adına kitabxananın uşaq şöbəsinin müdiri

   Dorfman B. - M.F.Axundov adına Respublika Kitabxanasının kitabxanaçı köməkçisi

   3. 1965-ci il yanvarın 1-dən etibarən M.Qorki adına kitabxananın işçilərindən S.Hüseynova Oktyabr rayonundakı C.Cabbarlı adına kitabxanaya uşaq şöbəsinin müdiri, Avanesova N.Nərimanov rayonundakı A.Şaiq adına oxu zalının müdiri vəzifəsinə keçirilsin.

   4. M.Qorki adına kitabxananın kitabxanaçısı Ə.Əhmədov 1965-ci il yanvarın 1-dən vəzifəsindən azad edilsin. Bakı Şəhər İcraiyyə Komitəsi mədəniyyət şöbəsinin rəisi L.Əlixanov, Azərbaycan SSR Mədəniyyət Nazirliyi Baş kitabxanaçılıq müfəttişliyinin rəisi B.Abdullayev yoldaşlara tapşırılsın ki, Ə.Əhmədovu iki həftə ərzində Bakı şəhəri kitabxanalarının birində işlə təmin etsinlər.

 

   Azərbaycan SSR Mədəniyyət naziri M.Q.Qurbanov

 

   31 dekabr 1964-cü il."

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2012.- 25-27 fevral.-S.15.