Böyük nəslin sonuncu mogikanı

 

   Sadə insan, gözəl pedaqoq, əvəzolunmaz ifaçı, yoxsa zadəgan nəslin nümayəndəsi... Bu keyfiyyətlərin hamısını özündə birləşdirən şəxsiyyət haqqında mübaliğəsiz demək olar: sadəcə Əhməd müəllim.

   Mən sənətə gəldiyim ilk günlərdə Əhməd Bakıxanova qibtə edir, onun əlçatmaz bir şəxsiyyət olduğunu hiss edirdim. Həsrətlə onun Azərbaycan radiosunun qızıl fondunda olan, çox zövqlə çaldığı "Xaric segah", "Bayatı-qacar", "Şur", "Humayun" və s. muğamlarına diqqətlə qulaq asır, vurduğu mizrabları bircə-bircə izləyərək ifaçılıq xüsusiyyətlərini qismən mənimsəyirdim...

   Böyük ustad, mərhum xanəndə Hacıbaba Hüseynov tar ifaçılığıma qulaq asandan sonra məni Əhməd Bakıxanovun yanına aparacağına söz vermişdi. O vaxt Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri ansamblının məşqləri tibb işçilərinin mədəniyyət evində keçirilirdi. Nəhayət, 1970-ci ildə Hacıbaba Hüseynov məni müəllimin yanına apardı. Evdən çıxanda tarı "Xaric segah" muğamına kökləmişdim. Binaya daxil olarkən Əhməd Bakıxanovu, ansamblın konsertmeysteri Həbib Bayramovu və digər ansambl üzvlərini görərək özümü itirdim. Hava soyuq olduğundan əllərimin donu açılmamış Əhməd Bakıxanov mənə dedi ki, tarı çal qulaq asım. Özümə qürrə olaraq başladım ifa etməyə. Əhməd Bakıxanovun barmaqlarını görmədən "Xaric segah"ı radiodan necə eşitmişdim, elə onun üslubu ilə də ifa etdim. İfamı bitirdikdən sonra müəllim mənə dedi ki, mənimlə əlaqə saxla ki, vaxtı deyim bizə gələsən. Hiss etdim ki, ifam müəllimə xoş gəldi. Mən Hacıbaba Hüseynovdan soruşdum ki, müəllim nə dedi. O isə cavabında: "Hacıbaba, bu lap qaraciyərdən çaldı ki..." Həmin gün mənim sevincimin həddi-hüdudu yox idi. Sonra mən müəllimin evinə vaxtaşırı gedib, onun məsləhətlərinə və çalğısına dönə-dönə qulaq asaraq ondan muğam sənətinin dərinliklərini mənimsəyirdim.

Əhməd Bakıxanovun tövsiyəsi ilə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Xalq Çalğı Alətləri Şöbəsinə qəbul olundum. Əhməd Bakıxanov məni özünə tələbə götürdü. Muğamlarımızın mahir bilicisi, böyük pedaqoq Əhməd Bakıxanovdan muğam dərsləri aldım. O, bütün tələbələrə ata kimi yanaşar və onların qayğısına qalardı. Ömür-gün yoldaşı Məsmə xanım tələbələri doğması kimi əzizləyər, onlara nəvaziş göstərərdi. Müəllim mənə deyərdi ki, təhsilini bitirdikdən sonra səni Asəf Zeynallıya muğam sinfinə müəllim götürəcəyəm.

   Müəllimin stolüstü iri bir qeyd dəftəri vardı. O, ibrətamiz sözləri, zərb məsəlləri, atalar sözlərini kimin dilindən eşitsəydi, dərhal dəftərə qeyd edərdi. Bir dəfə televiziya ekranlarında bir xanəndənin zəif ifasına qulaq asdım. Mən müəllimgilə gedəndə dedim ki, müəllim, o günkü eşitdiyim ifa xoşuma gəlmədi. O isə cavabında mənə: "Vamiq, bədrəng də bir rəngdir" dedi. O vaxtdan mən bu misalı dönə-dönə işlədərək müəllimi yad edir, onun bu ibrətamiz cavabına heyran oluram.

   El arasında həmyaşıdları ona "Əhmədxan" deyə müraciət edirdilər. Bu ad ona çox yaraşaraq onun soyadının qismən birləşməsi kimi məşhur nəslin nümayəndəsi kimi ehtiva edir və ən nəhayəti görkəmli şəxsiyyət olduğunu təsdiq edirdi.

   Tələbə olduğum dövrlərdə tarım birdən-birə çox pis hala - çalınmayacaq hala düşdü. Müəllimin evinə getdim. Tarı ona göstərən kimi diqqətlə baxandan sonra dedi: "Tarın üz pərdəsi dəyişməlidir. Eyni zamanda sevinərək dedi ki, yaxşı gəlmisən. Bu gün həm qonağım olacaqsan, həm də tara üz çəkəcəyik". Nəhayət, müəllimin göstərişi ilə tarın üz pərdəsini dəyişəndən sonra xeyli söhbət elədik. Şam yeməyinə yaxşı plov hazırlamışdılar. Çox ləzzətlə plov yedik. Müəllimin qalaylı mis camı var idi. O mənə dedi ki, çörək yedikdən sonra belə qabda su içmək çox faydalıdır. Xülasə, gecəni onlarda qaldım. Səhər yuxudan ayılanda mənə hökmən çörək yeyəcəksən - deyə bu kəlamı işlətdi: "Vamiq, səhər yeməyi bədənin sütunudur. Vəsiyyətim budur ki, heç vaxt səhər yeməyi yemədən evdən çıxma".

   1973-cü ildə müəllimin həyatının son günləri idi. Dostum müğənni Zaur Rzayevlə birlikdə müəllimi yoluxmağa getdik. Onu da qeyd edim ki, Zaurun sənətə gəlməyində Əhməd Bakıxanovun çox böyük rolu olmuşdur. Müəllim artıq yataqda ağır vəziyyətdə idi. Biz onunla görüşdükdən sonra bizə dedi ki, Zabul Segah çalıb oxuyaq. Mən Zaurla ifanı bitirdikdən sonra müəllimin huşda olduğunu nəzərə alaraq dərindən köks ötürdük və evi tərk etdik. Bu müəllimlə son görüşüm oldu.

   90-cı illərdə Azərbaycan Televiziyası və Radiosunun fondu üçün ifa elədiyim "Nəva" muğamı Əhməd müəllimdən sonra ilk dəfə idi ki, bu səpkidə səslənirdi. Mən o ifanı 20 Yanvar Şəhidlərimizin ruhuna ithaf etməklə bərabər Əhməd Bakıxanovun da əziz xatirəsi üçün işləyib hazırlamışdım. Hər dəfə o muğam səslənəndə ürəyimdən bir tikan çıxararaq məni sizinlə bölüşdüyüm xatirələr aləminə qərq edir. Tam səmimiyyətlə deyə bilərəm ki, əziz müəllimim Əhməd Bakıxanova bütün həyatım boyu özümü borclu hesab edir və sənətimdə olan bütün uğurlara görə ömrüm boyu ona minnətdar olaraq ruhu qarşısında baş əyirəm.

  

 

Vamiq Məmmədəliyev,

Azərbaycanın Əməkdar artisti,

dosent

 

Ekspress.- 2012.- 25-27 fevral.- S.12.