Qəbələ Festivalı açıldı

 

Festivalın ilk tədbiri Müslüm Maqomayevin 70 illik yubileyi oldu

 

Dünən Qəbələdə Azərbaycanın dünya şöhrətli musiqiçisi Müslüm Maqomayevin 70 illik yubileyi keçirilib. APA-nın Qəbələyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, yubiley tədbiri ilə həm də dünən Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalı start götürüb.

Yubiley mərasimi Müslüm Maqomayevin dünyaya səs salan "Azərbaycan" mahnısı ilə açılıb. Tədbirin təşkil olunduğu zalda quraşdırılmış ekranda Müslüm Maqomayevin böyük fotosu nümayiş etdirilib.

Yubiley tədbirində millət vəkili Fəttah Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dünya şöhrətli müğənninin həyat yoldaşı, SSRİ xalq artisti, xüsusi olaraq bu yubiley tədbiri üçün Azərbaycana gələn Tamara Sinyavskaya, xalq artisti Fərhad Bədəlbəyli, xalq artisti Murad Adıgözəlzadə, tanınmış violançel ifaçısı Dmitri Yablonski, nazir müavini Ədalət Vəliyev, "Eurovision" üçüncüsü Aysel Termurzadə və digər tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Yubiley tədbirində açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Müslüm Maqomayev yaradıcılığının yüksəkliyindən və özəlliyindən danışıb. Nazir gözəl təşəbbüsə və təşkilatçılığa görə Qəbələ rayonun rəhbərliyinə təşəkkürünü bildirib: "Bu gün hər birimiz Müslüm Maqomayev işığına toplaşmışıq. Sözsüz, bu günü və belə bir musiqi bayramını qaçırmaq mümkünsüz və qəbul edilməzdir. Müslüm Maqomayev musiqisi daima hər bir kəsi öz ətrafına toplayıb, istənilən insanı valeh edib və yüksəkliyi ilə hər bir kəsi sehrə salıb. Musiqi insanları daima yaxşılığa doğru çağırır, birləşdirir və dostluq tərənnüm edir. Bu cür festivallara hər zaman ehtiyac var və bu vacib faktordur".

Tədbirdə M.Maqomayevin xanımı, SSRİ xalq artisti, tanınmış musiqiçi Tamara Sinyavskaya da iştirak edib: "4 ildir ki, Müslüm Maqomayev dünyadan köçüb. Onun adına təşkil olunan bu cür tədbirlər məni yaşadır. Mən hər birinizə, ən əsası da Müslümün xatirəsini hər zaman uca tutan Mehriban xanım Əliyevaya təşəkkür edirəm".

T.Sinyavskaya ilk dəfə olaraq bu məkanda olduğunu qeyd edib: "İlk dəfədir ki, Qəbələdəyəm və bura olduqca xoşuma gəldi. Heç zaman düşünməzdim ki, Azərbaycanda Qəbələ kimi gözəl guşə var. Müslüm özü bu yubiley konsertini görsəydi, əminəm ki, bu tədbirdən razı qalardı. Konsert yüksəksəviyyəli təşkil edildi, olduqca mədəni və intellektli insanların cəmləşdiyi bir məkanda bütün ifaçılar əsərlərini ürəkdən və sevərək təqdim etdilər. Hər birinizə dərin hörmətlərimi və təşəkkürümü bildirirəm".

T.Sinyavskaya onu da bildirib ki, həyatında ilk dəfə 1972-ci ildə Azərbaycana ayaq basıb və bu ilin oktyabrında bu tarixdən 40 il keçəcək: "Çox, lap çox xoşbəxt yaşayın və bir-birinizi sevin. Mən sizləri sevirəm".

Festival barədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, IV Qəbələ Beynəlxalq Musiqi Festivalının rəhbərlərindən biri, xalq artisti Fərhad Bədəlbəyli də fikirlərini bölüşüb: "Artıq dördüncü ildir ki, Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələ musiqisevərləri ənənəvi beynəlxalq musiqi festivalına dəvət edir. Təbiətin bu qədim diyara bəxş etdiyi gözəllik və əzəmət burada səslənən musiqinin parlaq bədii təsiri, təqdim olunan ifaların mükəmməlliyi ilə qovuşaraq unikal, unudulmaz bir aura yaradır".

F.Bədəlbəyli qeyd edib ki, bu il festival iştirakçıları və qonaqları arasında Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya, İsveçrə müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar və məşhur kollektivlər var: "Festivalın proqramı rəngarəngdir. Simfonik və kamera konsertləri, muğam gecəsi musiqisevərlərə dünya musiqisinin zənginliyini bir daha musiqitək əsrarəngiz təbiətlə harmoniyada duymağa imkan verəcək".

Bu il festivalın proqramında yubiley tarixlərinə həsr olunmuş konsertlərin keçirilməsini xüsusi qeyd edən F.Bədəlbəyli bu sırada həm görkəmli müğənni Müslüm Maqomayevin dünən keçirilən 70 illiyinin, həm də görkəmli bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun 90 illiyinin və SSRİ xalq artisti Niyazinin 100 illiyinin keçirilməsinin festivalda yeni bir ənənənin təməlini qoyduğunu deyib: "Festival çərçivəsində daha bir maraqlı təqdimat da keçiriləcək. Gənc, istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi İsfar Sarabski artıq həm də "Beltmann" piano şirkətinin əsas siması kimi təqdim olunacaq. Bir daha bütün iştirakçıları, qonaqları bu sənət bayramında salamlayır və ümid edirik ki, festival konsertləri musiqisevərlərə unudulmaz anlar, təəssüratlar bəxş edəcək. Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda oyadan bu festivalın təkrarolunmaz siması və dəst-xətti var".

Artıq dördüncü dəfədir keçirilən bu festivalın çox böyük təsirinin olduğunu deyən festival rəhbəri, bunun nəticəsi olaraq builki musiqi bayramında Qəbələdən olan bir istedadlı pianoçunun konsert verəcəyini də söyləyib.

 

 

Ekspress.-2012.- 26 iyul.-S.23.