Bakıda Nuru Paşaya abidə qoyuldu

 

Dünən Türkiyənin Azərbaycandakı səfirliyində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın abidəsinin açılış mərasimi keçirilib.

Səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı hərbi attaşeliyinin zabiti kapitan Seçkin Ceylan Qafqaz İslam Ordusunun döyüş yolu barədə təqdimat keçirib. Qeyd edib ki, ordunun keçirdiyi döyüşlərdə 1130 Osmanlı əsgəri şəhid olub, 1936 nəfər isə yaralanıb.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov Nuru Paşanın büstünün açılışını tarixi hadisə adlandırıb. O, Nuru Paşanı Azərbaycan və Türkiyə arasında milli birliyin, bütövlüyün abidəsi adlandırıb.

Deputat Musa Qasımlının çıxışı isə tədbirdə qalmaqal yaradıb. O, Türkiyənin sevdiyi dörd tanınmış dövlət xadiminin adını çəkib. Ənvər Paşa, Nuru Paşa, Bülənt Ecevit və Məsud Yılmazın adını çəkən deputat Atatürkün adını sevdiyi dövlət adamları içərisində göstərməyib. Bu isə tədbir iştirakçılarının böyük səs-küyünə səbəb olub.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycana öz qardaşlıq köməyini etdiyinitarixi missiyasını yerinə yetirdiyini bildirib.

Səfir jurnalistlərə açıqlamasında Nuru Paşanın gələcəkdə Bakının başqa yerlərində də abidəsinin qoyulacağına inandığını söyləyib.

 

A.CAMAL

 

Ekspress.-2012.- 29 iyun.- S.12.