Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

Bağırov və Şəkinski

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

 

(əvvəli ötən şənbə saylarımızda)

 

1967-ci il iyun ayının 6-da Azərbaycan KP MK Bürosu M.Ə.Şəkinski barədə daha bir qərar qəbul etmişdir:

 

"Azərbaycan KP MK Bürosunun 1967-ci il 6 iyun tarixli

 

(Protokol N46, paraqraf 29) qərarı

 

1917-ci ildən Sov. İKP üzvü M.Ə.Şəkinski yoldaşın ona ittifaq əhəmiyyətli təqaüd verilməsi barəsində ərizəsi haqqında

SSRİ Nazirlər Soveti yanında pensiya təyinatı komissiyasından xahiş edilsin ki, 1917-ci ildən Sov. İKP üzvü Məmmədəmin Əhməd oğlu Şəkinski yoldaş ittifaq əhəmiyyətli pensiya ilə təmin olunsun.

 

Azərbaycan KP MK katibi V.Axundov."

 

On gündən sonra, 1967-ci il iyun ayının 16-da isə Azərbaycanın baş arxivarusunun fəaliyyətinə hökumət səviyyəsində nöqtə qoyulmuşdur:

 

"Azərbaycan SSR Nazirlər Sovetinin qərarı

 

16 iyun 1967-ci il, N316

 

M.Z.Babayev M.Ə.Şəkinski yoldaşlar barədə

 

Azərbaycan SSR Nazirlər Soveti

 

Qərara alır:

 

Mütəllib Zeynal oğlu Babayev Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi təyin edilməklə, M.Ə.Şəkinski həmin vəzifədən azad olunsun.

 

Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ə.Əlixanov

 

Azərbaycan SSR Nazirlər Soveti işlər idarəsinin rəisi S.Cabbarov."

 

İki gün keçmiş, iyunun 19-da yeni rəisin ilk əmri elan edilmişdir:

 

"Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisinin əmri

 

Bakı şəhəri

 

19 iyun 1967-ci il

 

Paraqraf 1.

 

Azərbaycan SSR Nazirlər Sovetinin 16 iyun 1967-ci il 316 nömrəli qərarı ilə əlaqədar həmin gündən Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi vəzifəsində fəaliyyətə başlamışam. Həmin qərarla M.Ə.Şəkinski vəzifəsindən azad edilmişdir.

 

Paraqraf 2.

 

Təhvil-təslim aktının hazırlanması üçün aşağıdakı tərkibdə komissiya təşkil edilsin:

 

Naydel M.İ. - İdarənin rəis müavini - Komissiyanın sədri

 

Karakozov P.S. - İdarənin baş müsahibi

 

Alabyan R.A. - İdarənin təşkilat-metodika şöbəsinin rəisi

 

Rzayeva Ş.H. - Azərbaycan SSR Mərkəzi Dövlət Tarix Arxivinin direktoru

 

Stulova T.M. - İdarənin inspektoru.

 

Komissiya 1967-ci il iyunun 22-dək aktı təhvil verməlidir.

 

Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Z.Babayev."

 

Ömür boyu haqsızlıqla barışmayan köhnə hümmətçi kommunist təslim olmamışdır. Bir aydan sonra hökumət qərarında dəyişiklik edilmişdir. Buna müvafiq olaraq, Mütəllib Babayev yeni əmr vermişdir:

 

"Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisinin əmri

 

12 iyul 1967-ci il, N94

 

1967-ci il 19 iyun tarixli 81 nömrəli əmrə dəyişiklik edilməsi barədə

 

Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi Məmmədəmin Əhməd oğlu Şəkinski fərdi pensiyaya çıxması ilə əlaqədar 1967-ci il iyun ayının 19-dan vəzifəsindən azad edilir.

 

Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Z.Babayev."

 

Beləliklə, hər gün Bakının 11-ci Naqornaya küçəsindəki (indiki Məsud Əlizadə küçəsi - T.Q.) evindən başına piyada gələn sağlam gümrah insanı oturaq həyat tərzinə vadar etmək istədilər. Ancaq alınmadı. Bir ildən sonra, 1868-ci ilin sentyabrında Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun tövsiyəsi ilə M.Şəkinski respublikanın neft nazirliyində işə götürüldü. Keçmiş milis işçisi, polkovnik M.Şəkinski "Azərneft" Birliyinin hərbiləşdirilmiş mühafizə xidmətinin rəis müavini təyin edildi. 1975-ci ilin sentyabrınadək həmin vəzifədə çalışdı. SSRİ Neftayırma Sənayesinin əmri əsasında idarə ləğv olunduqdan sonra təcrübəli nümunəvi xadim, nadir şəxsiyyət yenə boş-bekar qala bilmədi. "Azərneft"in hərbiləşdirilmiş mühafizə dəstəsinə başçılıq etdi.

1979-cu il sentyabrın 28-də gündüz saat 3-ün yarısında nahar fasiləsindən pay-piyada başına qayıdarkən Hüsü Hacıyev küçəsində qəflətən avtomobil qəzası ömrünə son qoydu. İki gün sonra, sentyabrın 30-da "Kommunist" qəzetində mərhumun şəkli ilə nekroloq dərc olundu. Burada M.Şəkinskinin son fəaliyyət dövrü belə qiymətləndirildi: "1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinə başçılıq etmiş, sonralar isə respublikanın neft sənayesində məsul vəzifələrdə çalışmışdır". Nekroloqu H.Ə.Əliyev, Q.Ə.Xəlilov, Ə.İ.İbrahimov, Y.P.Puqoçov, H.Z.Seyidov, Ə.H.Kərimov, K.M.Bağırov, F.Ə.Əliyev, F.H.Əhmədov başqaları imzalamışlar.

Azərbaycan Respublikası Dövlət Arxivində M.Şəkinskinin öz dəst-xəttilə 1976-cı lin yanvar ayının 19-da yazdığı tərcümeyi-halı saxlanılır. Burada M.Şəkinski özündən anasından sonra qardaşı Məmmədsadıq barədə belə yazır: "Mənim qardaşım Məmmədsadıq Əfəndiyev 1919-cu ildən Sov. İKP üzvü idi, 1942-ci ildə Kerç uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur". M.Şəkinskinin vəfatından bir il sonra, 1980-ci ildə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasının dördüncü cildində (səh.245) verilmiş məqalə böyük qardaşı haqqındakı qısaca cümlənin geniş açmasıdır: "Əfəndiyev Məmmədsadıq Mirzəəhməd oğlu (5.6.1902, Aşqabad - may, 1942, Kerç). (MÜƏLLİFİN QEYDİ. Adil Əfəndiyevin Azərnəşr tərəfindən 2007-ci ildə nəşr olunmuş "Əfəndizadələr" kitabında tamamimlə düzgün göstərilir ki, M.Əfəndiyev iyun ayında deyil, iyul ayında anadan olmuşdur). Azərbaycan sovet teatr tənqidçisi, pedaqoq. 1919-cu ilin mayından Sov. İKP üzvü. 1920-25-ci illərdə Azərbaycan Fövqəladə Komissiyasında işləmişdir. Bakı Türk İşçi Teatrının direktoru (1925-29) olmuşdur. 30-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Dövlət Kinematoqrafiya İnstitutu Kommunist Universitetində, eləcə Bakı Teatr Texnikumu, APİ, Azərbaycan Dövlət Konservatoriyasında teatr tarixindən fəlsəfədən dərs demişdir. O, bir sıra pyesi Azərbaycan dilinə çevirmiş, Azərbaycan teatrına dair əsərlər yazmışdır. Mətbuatda Nuri Nuriyev imzası ilə çıxış etmişdir. Böyük Vətən müharibəsində həlak olmuşdur".

Təəssüflər olsun ki, bir sıra qələm sahibləri həqiqətə göz yumaraq, M.Şəkinskinin qardaşının ölümünü... Mir Cəfər Bağırovun alı ilə əlaqələndirirlər. Unudurlar ki, 1942-ci ildə Kerçdə qəhrəmancasına həlak olan Məmmədsadıqdan bir il sonra, 1943-cü ildə Kursk döyüşlərində Cahangir Mir Cəfər oğlu Bağırov misilsiz şücaət göstərmişdir. Hər ikisi milli qəhrəman idi. Məmmədsadıq haqqında uydurulmuş nağıl ilə Adil Əfəndiyevin yuxarıda adını çəkdiyimiz kitabında (səh.92) tanış oluruq: "İ.V.Stalin 1941-ci ilin axırlarında müharibə şəraitini nəzərə alaraq, bütün respublikalarda bolşevik Kommunist Partiyasının birinci şəxslərini əvəz edəcək şəxsləri müəyyənləşdirirmiş. Azərbaycan Respublikasında bu seçimdə Məmmədsadıq Əfəndiyev olur. L.P.Beriya bu sirri öz dostu Mir Cəfər Bağırova çatdırır. O isə öz növbəsində gizli planla Məmmədsadıq Əfəndiyevi nəyin bahasına olursa-olsun, tezliklə məhv etmək qərarına gəlir. o, bu iyrənc niyyəti Bağırovcasına sona çatdırır. Danışıldığına görə, əhvalat aşağıdakı kimi olur. 1941-ci il dekabr ayının son günləri idi. Krım cəbhəsində Kerç Feodosiya uğrunda şiddətli döyüşlər getdiyi vaxtda qoşunlarda milli birləşmələr yaratmaq qərara alınmışdı. 396-cı atıcı diviziyası Azərbaycan diviziyası oldu. Təxminən 1941-ci il yanvarın axırlarında Məmmədsadıq Əfəndiyev, diviziyaya siyasi rəhbər təyin olunan diviziyanın qərargahı siyasi şöbə yerləşən Mineral-Şaban kəndinə göndərildi. Bu fürsətdən istifadə edən M.C.Bağırov səhəri gün məxfi göstərişlə mərmi ilə diviziya komandirinin qazmasını dağıtdırır. bunu almanlar etdi deyə, səs salırlar. Deyilənə görə, orada 5-6 nəfər olur. ona edilən məruzəyə görə, ora yerlə yeksan edilir. Lakin partlayış vaxtı mərminin qəlpəsi M.Əfəndiyevin qulaqlı papağının günlüyünü qopartmış, M.Əfəndiyevin, necə deyərlər, bəxti gətirmişdi. O, köynəkdə dünyaya gəlmişdir... Deyilənə görə, bu hadisədən sonra M.C.Bağırova məlum olur ki, Məmmədsadıq Əfəndiyev sağ salamatdır. O bunu bilən kimi, gecəylə Zaqafqaziya Hərbi Şurasının üzvü kimi, xüsusi təyyarə ilə Qroznı şəhərinə gəlir həmin diviziyanın ştabında bütün Kerç haqq-hesabının "bir günahkarı" kimi, ən əvvəl Məmmədsadıq Əfəndiyevi, sonra şahid qalmasın deyə, orada olan 4-5 nəfərin hamısını öz əli ilə (mauzerlə) güllələyir".

 

 

(ardı var)

 

 

Teyyub Qurban

 

Ekspress.- 2012.- 23-25 iyun.- S.15.