Görkəmli folklorşünas Vəli Xuluflu

 

Vəli Xuluflu "Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyəti"nin xətti ilə folklorumuzun toplanması, nəşri və tədqiqi ilə məşğul olan ziyalılarımızdan biri olmuşdur. Xuluflu Vəli Məmmədhüseyn oğlu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluflu kəndində doğulmuşdur. İbtidai təhsilini 1905-1907-ci illərdə mollaxanada alan V.Xuluflu sonralar təhsilini "Mədrəseyi-ruhaniyyə"də davam etdirmişbir müddət həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

O, 1917-ci ildə Gəncədəki müəllimlər kursunu bitirmiş və bu dövrdə inqilabi hərəkatda da fəal iştirak etmişdir. 1920-ci ildə Azərbaycan K(b)P-nın I Qurultayına nümayəndə göndərilmiş V.Xuluflu tezliklə bolşeviklərin həyata keçirdiyi partiya sıralarındakı təmizləmə işi ilə əlaqədar partiya üzvlüyündən çıxarılmış, lakin əməllərində heç bir cinayət tərkibi olmadığından 1927-ci ildən partiya sıralarına bərpa edilmişdir. O, 1922-1927-ci illərdə ADU Şərqşünaslıq fakültəsində oxumuş, bu illərdə Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin təlimatçısı, "Bakinski raboçi" nəşriyyatının və "Azərnəşr"in redaktoru olmuşdur. Folklorşünas alim 1928-ci ildə Bakıda keçirilən Azərbaycan Aşıqlarının I Qurultayında iştirak etmiş və burada bir çox aşıqlarla tanış olmuşdur.

1929-33-cü illərdə Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunun elmi katibi, "Dil, Ədəbiyyat və Incəsənət" bölməsinin direktoru, sonrakı illərdə SSRİ EA Azərbaycan filialı Tarix İnstitutunun direktor müavini və s. vəzifələrdə işləmişdir (Qasımov C. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi. Bakı: "Nurlan", 2011, s.447-448).

Azərbaycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqi sahəsində müstəsna xidmətləri olan bu görkəmli folklorşünas alim 1927-ci ildə "Koroğlu" dastanının Aşıq Hüseyn Bozalqanlının dilindən yazdığı iki qolunu, 1929-cu ildə isə 4 qolunu və 6 nağılvari hekayəti kitab halında nəşr etdirmişdir. O, həmçinin 1927-ci ildə "El aşıqları", 1928-ci ildə "Tapmacalar" kitablarını tərtib etmişdir.

"Azərbaycanın Tədqiq və Tətəbbö" cəmiyyəti tərəfindən Şəmkir, Tovuz, Qazax rayonlarına elmi ezamiyyətə göndərilmiş V.Xuluflu 1926-ci ildə "Azərbaycan xalq ədəbiyyatından materiallar" seriyası ilə "El aşıqları" kitabını çap etdirmişdir. Bu kitaba Qurbanı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi-halları ilə yanaşı, müxtəlif aşıqların repertuarından yazıya alınmış yüzdən çox qoşma, gəraylı, təcnislər və Şəmkirli Aşıq Hüseynə məxsus "Reyhan" dastanı daxil edilmişdir. Bu kitabın əhəmiyyəti yalnız aşıq yaradıcılığının toplanması və nəşri ilə ölçülmür, o eyni zamanda gələcəkdə nəşr ediləcək aşıq şeirlərinin toplama və tədqiq prinsiplərinin əsasını qoydu.

V.Xuluflunun 1927-ci ildə "El aşıqları" adı ilə çap etdirdiyi başqa bir kitabında da Şamxor və Tovuz bölgələrində yaşayan aşıqların yaradıcılığından nümunələr toplamışdır. V.Xuluflu bu kitaba yazdığı kiçik müqəddiməsində, əvvəlcə, keçmiş kəndi, oradakı geriliyi və avamlığı açıb göstərir. Müəllifə görə, xalq yolunu azan mollaya mənfi münasibət bəsləmiş və onun haqqında "Mollanın yeddisinin başı bir qazanda qaynamaz", "Mollanın dediyinə bax, əməlinin dalınca getmə" kimi sözlər yaratmışdır. Din xadimlərinin aşıqlara münasibəti məsələsinə toxunan müəllif bir tərəfdən "aşıqlar xalq ədəbiyyatı və xalq düşüncəsinin canlı bir kitabıdır" deyir və onları müdriklik zirvəsinə qaldırırsa, digər tərəfdən də "kənddəki hakim sinif və varlılar zövqünü oxşayır", "aşıqlar dini əfsanələri və mövhümatı uzun müddət ağızdan-ağıza gəzdirib yaşadar" fikirlərini söyləmişdir. Deməli, müəllif hakim siniflərin zövqünü oxşamağını, dini əfsanələri yaşatmağı və sairi aşıqların çatışmayan cəhətləri kimi xarakterizə etmişdir (Qasımov C. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi. Bakı: "Nurlan", 2011, s.450-451).

Aşıqların mənşəyi barədə V.Xuluflunun qeydləri maraqlıdır: "Aşıqlar kəndin öz arasından çıxan çox vaxt çobanlıq və nökərçilik zamanı söz deyib saz çalmağı öyrənən, sonra el arasında gəzən sənətkarlardır. Bunlar caamatın hər bir xeyir işində, belecə də, toyda, sünnətdə və s. həmişə hazır olurlar" (Əfəndiyev P. Azərbaycan folklorşünaslığının tarixi. Bakı: ADPU, 2006, s.193). V.Xuluflu aşıq sənətinin tərbiyəvi əhəmiyyətindən, dinləyicilərə təsir məsələsindən danışarkən göstərir ki, "ilin hansı fəslində olur isə olsun bir kəndə aşıq gəldimi böyük, kiçik onun başına toplanmalıdır. Günün qulağı yatan kimi axşamdan yatmağı öyrənən kəndli uşaqları, ələlxüsus, nökərlər və sığırçılar axurlarda, xırmanlarda, divar dibində böyüklərlə bərabər səhərəcən aşığın nağılına qulaq asırlar. Aşığın kütləni tərbiyə etməsi məsələsi də buradan başlanır" (Əfəndiyev P. Azərbaycan folklorşünaslığının tarixi. Bakı: ADPU, 2006, s.193-194).

V.Xuluflunun Azərbaycan aşıq poeziyası haqqında söylədiyi əsas fikirlər aşıq poeziyasını sevən, bilən, toplayan, onun hər bir yaradıcısına diqqətlə yanaşan şəxsin həqiqi sözləridir: "Aşıqlar xalq ədəbiyyatının və xalq düşüncəsinin canlı bir kitabıdır. Bu baradə xalqın keçmişinə, bir qədər tarixinə, dilinə, ictimai əlaqəsinə və s. dair bir çox materiallar verə bilərlər..." (Əfəndiyev P. Azərbaycan folklorşünaslığının tarixi. Bakı: ADPU, 2006, s.195). V.Xuluflu aşıq sənətinin həyat hadisələri ilə, xalqın tarixi və məşğuliyyəti ilə bağlılığını da göstərir.

1928-ci ildə V.Xuluflu yenə "Azərbaycanı öyrənmə cəmiyyəti"nin xətti ilə "Tapmacalar" kitabını nəşr etdirir. Müəllif kitaba tapmacaların ideya və bədii xüsusiyyətlərindən bəhs edən yaxşı bir müqəddimə yazmışdır. Həmin müqəddimədə Azərbaycanda heç tədqiq olunmayan tapmacaların əhəmiyyəti, xalq ədəbiyyatı növləri içərisində mövqeyi və s. haqqında danışılır. Müəllif "Tapmacalar" kitabına yazdığı "Bir neçə söz"də tapmacaların Azərbaycan xalqının həyatı, məişəti, yaşayış tərzi və məşğuliyyəti ilə əlaqədar yarandığını söyləyirdi: "El ədəbiyatının başqa növlərinə nisbətən tapmacaların özünün ayrıca bir xüsusiyyəti vardır. Bunun materialı daha real və daha təbiidir. Təbiətdə və həyatda nə görülürsə, tapmaca da onun üzərində qurulur. Bu kitabçanı başdan ayağa qədər oxuyan materialın hamısı əfsanə və mövhumat üzərində deyil, təbiət üzərində qurulduğunu qörəcəqdir" (Xuluflu V. Tapmacalar. Azərbaycanı öyrənmə cəmiyyəti. Bakı, 1928, s.5). Tapmacaların tərbiyəvi, bədii əhəmiyyətinə toxunan müəllif tapmacalara xalq həyatının "matematikası" demək olduğunu vurğulayır (Əfəndiyev P. Azərbaycan folklorşünaslığının tarixi. Bakı: ADPU, 2006, s.197).

V.Xuluflu hər bir tapmacanın özündə xalqın həyatı ilə əlaqədar müəyyən hadisə, əhvalat, mənzərə tapmağa çalışırdı. Onun fikrincə, tapmacalar öz məzmununa görə yarandığı mühitin siyasi, ictimai, iqtisadi, mədəni və s. faktorlarını özündə əks etdirir: "Xülasə bir tapmaca xalq həyatının bir çox şeylərini bizim yadımıza salır. Tapmaca, nağıl, hekayə, söhbət və sairənin kənd arasında olması, onların da ictimai bir həyatı, bir yaradılış qüvvəsi və ictimaiyyəti olduğunu göstərir. Həqiqətən, qış gecələrində lampa işığı olmasa belə, ora ocaq və ya buxarı işığına yığılan kəndlilər ələlxüsus uşaqlar, xeyli gap-qələcə eləyirlər. Çünki teatr, kino, sirk s. bu kibi başqa ictimai yer yoxdur. Ona görə bu qədər geniş şifahi ədəbiyyat əmələ gəlmişdir" (Xuluflu V. Tapmacalar. Azərbaycanı öyrənmə cəmiyyəti. Bakı, 1928, s.5). Tapmacaların mənşəyi ilə yanaşı onların özünəməxsus xüsusiyyətlərinə toxunan müəllif tapmacaların digər janrları ilə müqayisədə təbiət cəmiyyətlə sıx bağlı olduğunu göstərirdi. Tədqiqatçı reallığı bütövlükdə inikas etdirməyi tapmaca janrının spesifik xüsusiyyəti saymışdır . Kitabda verilmiş 726 tapmaca əlifba sırası ilə düzülmüşdür. Hər bir tapmacadan sonra onun toplandığı yer qeyd edilir. V.Xuluflu toplama nəşr işində çoxvariantlılığa xüsusi əhəmiyyət vermiş müxtəlif bölgələrdən toplamış olduğu tapmacaların variantlarını da kitaba salmışdır. Məsələn:

 

Ay gedər adamla,

Bir xonça badamla,

dili var, ağzı

Hey danışar adamla.

Naxçıvan

 

ya:

 

Ay gedir adamınan,

Bir xonça badamınan,

dili var ağzı

Danışır adamınan.

Bakı, Buzovna. s.

 

(Xuluflu V. Tapmacalar. B., 1928, s.16-17)

 

Kitabda bütün tapmacaların toplandığı yerlərə məxsus dil ləhcə xüsusiyyətləri gözlənilmiş, tapmacaların cavabları da sıra ilə kitabın lap arxasında verilmişdir.

V.Xuluflunun Azərbaycan folklorşünaslığı qarşısında fundamental xidmətlərindən biri "Koroğlu" dastanı ilə bağlıdır. V.Xuluflunun 1925-26-cı illərdə Tovuzda elmi ezamiyyət zamanı o dövrün məşhur el sənətkarı Aşıq Hüseyn Bozalqanlıdan topladığı "Koroğlu" qolları 1927 1929-cu illərdə iki müxtəlif nəşr halında işıq üzü görmüşdür. İlk kitab "Toqat səfəri" "Bağdad səfəri" adlı iki qoldan ibarətdir. Kitabın əvvəlində "Başlanğıc əvəzinə" adlanan hissədə Koroğlunun adı ilə bağlı olan qalalardan, onların yerləşdiyi ərazidən qəhrəmanın özü barədə xalq arasında dolaşan bir sıra əfsanə rəvayətlərdən danışılır (Koroğlu (Vəli Xuluflu nəşri - 1927). Bakı: "Elm", 2007, s.13-27). Kitabın sonunda isə Vəli Xuluflu aşıq Hüseyn Bozalqanlının tərcümeyi-halını vermişdir. "Koroğlu" dastanının qolları bilavasitə aşıq Hüseyn Bozalqanlının öz dilindən yazılmış aşığın söylədiyi şəkildə kitaba daxil edimişdir. "Koroğlu" dastanının bu nəşrində V.Xuluflu "Koroğlu nağılları" adlanan hissədə Koroğlu nağıllarının başlıca beş qolu olduğunu qeyd etmişdir: " Toqat səfəri", "Bağdad səfəri", "Ərzurum səfəri", "Ərəb Reyhan" "Bolu bək" (Koroğlu (Vəli Xuluflu nəşri - 1927). Bakı: "Elm", 2007, s.59).

Bu beşindən başqa müəllif Koroğlu adına isnad edilən qeyri-nağıl eşidənlərdən cəmiyyətə xəbər verməsi xahiş olunur. Aşıq Hüseyn haqqında olan yazılan onun öz dillindən yazıya alınmış "Alverçilər", "Qəsdi nədi", "Var imiş", "Geri dur" şeirləri ilə tamamlanır (Koroğlu (Vəli Xuluflu nəşri - 1927). Bakı: "Elm", 2007, s.129-138).

"Koroğlu" dastanının 1927-ci ildə ərəb əlifbasındakı nəşri V.Xuluflu tərəfindən demək olar ki, əl vurulmadan 1929-cu il nəşrinə daxil edilmişdir. Bu nəşrdə V.Xuluflu dastanının dörd qolunu - "Toqat səfəri", "Bağdad səfəri", "Dərbənd səfəri" "Dəli Koroğlu Bolu bəy" qollarını oxuculara çatdırır. Kitabdakı yeni qollar Aşıq Əsəddən yazıya alınmışdır (Koroğlu (Vəli Xuluflu nəşri). Bakı: "Elm", 1999).

"Koroğlu" dastanı 1929-cu ildə V.Xuluflu tərəfindən "Azərbaycanı öyrənən cəmiyyət"in xətti ilə latın qrafikasında Hənəfi Zeynallının redaktorluğu ilə yenidən nəşr edilmişdir. Ön sözdən sonra kitabın birinci hissəsində V.Xuluflu dastanın 1927-ci il nəşrindəki dastanlaşma mərhələsində olan ilk qollarını vermişdir: "Koroğlu kimdir"", "Nigar xanımın gətirilməsi", "Dəmirçioğlunun dəlilər cərgəsinə girməsi", "Koroğlunun taciri qaçanda", "Cünul aşıq", "Cünul aşıq Telli xanım".

Nəşrin ikinci hissəsində Gürcüstan türklərindən Koroğlu əhvalatları əks olunur. Əslində, bu dastanın axısxa türklərinin içərisində yayılmış əski bir variantının başlanğıcı, yaxud süjetin qədim söyləmələrindən birinin yadda qalan variantıdır. Bu hissədə "Koroğlu" dastanı ilə o qədər əlaqəsi olmayan nümunə məlumatlar "Əlavələr" altında verilir. Səkkizinci "Əlavə"də Aşıq Əsədin tərcümeyi-halı verilmişdir (Koroğlu (Vəli Xuluflu nəşri). Bakı: "Elm", 1999, s.161-179).

Folklorşünas alim "Koroğlu" dastanını yazıya alarkən folklor mətnlərinin toplanması ənənələrinə sadiq qalaraq mətnə dialektə müdaxilə etmir. Bu baxımdan toplayıcının 1929-cu il nəşrində verdiyi bir qeyd maraqlıdır: "Kitabın ərəb əlifbası çapında aşığın ifadəsini saxlamışdıqsa da, kəlmələrinin tələffüzünü olduğu kimi yazmamışdıq. Yeni əlifba (ikinci) çapında da bundan imtina etdik. Çünki aşıq Söyün (Hüseyn - müəllif) aşıq Əsədin ikisi qazaxlı olduğundan onların tələffüzündə bir çox xüsusiyyətlər vardır. Onların tələffüzləri olduğu kibi yazılsa idi, başqa qəzaların oxucuları üçün anlaşılması çətin olardı" (Koroğlu (Vəli Xuluflu nəşri). Bakı: "Elm", 1999, s.1).

Toplama işinin prinsiplərini yaxşı bilən Vəli Xuluflu yalnız o halda mətnə müdaxilə edirdi ki, o mətnin geniş oxucu kütlələri tərəfindən düzgün oxunmasına qavranmasına mane olmasın.

Professor Azad Nəbiyev tədqiqatlarında V.Xuluflu tərəfindən 1933-34-cü illərdə "Koroğlu"nun 14 məclisdən ibarət daha mükəmməl üçüncü nəşrinin hazırlandığı göstərilir (Koroğlu (Vəli Xuluflu nəşri - 1927). Bakı: "Elm", 2007, s.6).

Xalq ədəbiyyatının toplanması, nəşri və öyrənilməsi ilə ardıcıl məşğul olmuş V.Xuluflu folklora aid kitablarını müəyyən elmi prinsiplər əsasında çap etmiş, dastan, aşıq yaradıcılığı, tapmacalar haqqında indi də öz əhəmiyətini saxlayan nəzəri müddəalar söyləmişdir. Bununla da o, müasir Azərbaycan folklorşünaslığının yaradılmasında yaxından iştirak edən ilk folklorşünaslarımızdan biri olmuşdur.

Azərbaycanın görkəmli ziyalılarından biri olan V.Xuluflu 28 fevral 1937-ci ildə əksinqilabi millətçi təşkilatın üzvü kimi həbs olunmuş və 13 oktyabr 1937-ci ildə güllələnmişdir. V.Xulufluya yalnız 17 noyabr 1956-cı ildə bəraət verilmişdir.

 

 

Məhəmməd MƏMMƏDOV,

BDU-nun dosenti, filologiya üzrə

fəlsəfə doktoru

 

Ekspress.- 2012.- 10-12 mart.- S.12;18.