Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

    (əvvəli ötən şənbə saylarımızda)

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   Rafiq Rəcəbovun elmi-ictimai fəaliyyətinin son mərhələsi 1991-2006-cı illərə təsadüf edir. Əfsuslar olsun ki, bu elm təşkilatçısının və siyasi xadimin dünyasını dəyişənədək (2006-cı il may ayının 16-da qəflətən vəfat edib) çalışdığı Azərbaycan Dövlət Neft Akademiyasında olan arxiv sənədləri qorunub-saxlanılaraq Dövlət Arxivinə təhvil verilməmişdir. Nə yaxşı ki, 2007-ci ildə ömür yoldaşının təşəbbüsü ilə rəhmətliyin haqqında xatirələr toplanılmış "Sənin adın sənin şöhrətindir" kitabı işıq üzü görmüşdür. Və nə yaxşı ki, İçərişəhərdəki Miniatür Kitab Muzeyində bu qiymətli kitabın təqdimatı keçirilmişdir. Mərasim iştirakçıları arasında Budaq Budaqov, Tofiq Bakıxanov, Əjdər Ağayev, Gülrux Əlibəyli, Firəngiz Ulutürk, Tarix Dostuyev, Qüdrət İsmayılzadə və başqaları vardı. Çıxış ekdənlərdən filologiya elmləri doktoru Aida Feyzullayeva "Respublika" qəzetinin 2008-ci il iyun tarixli sayında dərc edilmiş məqaləsində yazırdı: "Əlbəttə, alimin zəngin ictimai fəaliyyət təcrübəsi və təşkilatçılıq hünəri onu həmişə başında durmağa sövq edirdi. Hətta Rafiq müəllimin fəaliyyəti üçün məhdudiyyətlər yaratmağa başlayan xəstəliyi də onun iradəsini sındıra bilməmişdir. Bu vəziyyətdə böyük və məsuliyyətli işin, yəni 1991-ci ildə Azərbaycan üçün ağır, böhranlı bir şəraitdə əvvəlcə Azərbaycan tarixçilərinin birləşdirilməsi, bir qədər sonra isə Müstəqil Azərbaycanşünaslar Birliyini təşkil etməsi böyük hünər idi. O, öz ətrafında nəinki Azərbaycan tarixçilərini, bütün sahələr üzrə alim və mütəxəssisləri də toplayaraq azərbaycançılıq və onun müxtəlif problemlərinin öyrənilməsini bir vəzifə kimi qarşıya qoymuş, işin bütün ağırlığını - elmi forumların təşkilini və onların materiallarının çap işlərini öz öhdəsinə götürərək on il ərzində beş elmi simpozium, altı elmi konfrans keçirmiş, on bir nəfis şəkildə nəşr olunmuş məruzələr toplusunu araya-ərsəyə gətirmişdir. Bu, əsl vətəndaşlıq hünəri idi!"

   MÜƏLLİFDƏN. Bəs bu "vətəndaşlıq hünəri" sahibinin 2006-cı ilin may ayınadək elmi-siyasi fəaliyyətinə dair materiallarla tədqiqatçılar necə tanış ola bilərlər? Bəla bundadır ki, arxiv sənədlərinin əsli yoxa çıxarılmışdır. Məsələn, Rafiq Rəcəbov 2006-cı il aprel ayında (vəfatından bir ay əvvəl) Birləşmiş Millətlər Təşkilatı nəzdində Sülh şurasının qərarı ilə "Sülh səfiri" fəxri adına layiq görülmüşdür. Azərbaycanda kim onun yerini bilir? Nə yaxşı ki, arxiv sənədlərinin əks-sədası 2007-ci ilin xatirə xəzinəsində qalmışdır.

   FUAD QASIMZADƏ, akademik - Ravfiq Rəcəbov Pedaqoji Universitetdə elmi işlər üzrə prorektor, Bədən Tərbiyəsi İnstitutunda rektor, nəhayət, Azərbaycan Dövlət Neft Akademiyasında "Sov. İKP tarixi" kafedrasının müdiri vəzifələrində çalışdı. Müstəqillik illərində isə yeni, özüçox faydalı, xeyirli bir işlə tanındı. "Müstəqil Azərbaycanşünaslıq" Birliyini yaratdı. Birlik bir sıra mütəxəssislərlə, xüsusilə AMEA-nın Tarix muzeyi ilə birlikdə tarix, ümumiyyətlə, ictimai elmlər sahəsində mühüm tədbirlər gördü. Azərbaycanı təbliğ edən, gənclərimizə əsl vətənpərvərlik, milli ruh, milli mentalitet aşılayan tədbirləri dönmədən həyata keçirdi. Gözəl kitablar, məcmuələr buraxdı. Mənim yeni fakt və məlumatlarla zəngin olan, erməni qəsbkarlarının, millətçilərinin xalqımızın böyük oğlu A.Bakıxanova qarşı çirkin hərəkətlərini ifşa edən "Qüdsi haqqında düşüncələr" kitabıma maraqlı və çox məzmunlu müqəddimə yazaraq nəşr etdirdi. Bizimlə birlikdə Qubaya getdi, Əmsara A.Bakıxanovun ev-muzeyinin açılışında iştirak etdi.

   KEYKAVUS ƏCƏMOV, kimya elmləri doktoru, professor - Yadımdadır, Rafiq Rəcəbov kafedra müdiri olarkən, kafedranın təmirini gənc müəllimlərlə birlikdə özü edirdi. Kafedra üzvləri axşam saat 10-a qədər, hətta bazar günləri də çalışırdılar. Rafiq müəllimin kafedraya rəhbərlik etdiyi illərdə kafedrada böyük canlanma yaranmışdı. Tələbələrə Azərbaycan tarixini daha dərindən öyrətmək üçün metodik vəsait çap olunurdu. Kafedra müdiri kafedranın qarşısında mini-muzey yaratmışdı. Tələbələr o guşənin qarşısında ayaq saxlayıb, doğma Azərbaycanın qədim tarixi ilə maraqla tanış olurdular.

   NAİLƏ VƏLİXANLI, akademik - Rafiq Rəcəbovla daha yaxından tanışlığım ötən əsrin 90-cı illərinə təsadüf edir. Bu illərdə Azərbaycanda baş verən taleyüklü hadisələr, yanvar faciəsi, erməni təcavüzü, Qarabağ probleminin günü-gündən qəlizləşməsi xalqımızın qeyrətli oğullarını ayağa qaldırdı. Bütün həyatının mənasını xalqına, vətəninə xidmətdə görən Rafiq müəllim də öz qələm süngüsü ilə bu mübarizəyə qoşuldu. O, tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyin, milli köklərimizlə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirməyin zəruriliyini yaxşı başa düşürdü. O başa düşürdü ki, xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha da dərindən öyrənməli, bu irslə fəxr etməlidir. Rafiq müəllim başa düşürdü ki, müstəqilliyimizi qorumaq, xarici təzyiq və təxribatdan xilas olmaq üçün vətəndaş birliyi, vətəndaş həmrəyliyi vacib şərtlərdəndir. Məhz bu amalla o, Azərbaycan tarixini tədqiq edən həmkarlarını könüllü elmi-ictimai cəmiyyətdə birləşdirmək üçün fəaliyyətə başladı. 1991-ci ildə Rafiq müəllimin rəhbərliyi ilə Azərbaycan Tarixi Tədqiqatçılarının Müstəqil Assosiasiyası təşkil edildi. Azərbaycanın əldə etdiyi böyük tarixi nailiyyətin - dövlət müstəqilliyimizin ölüm-olum məsələsi həll olunan bu ağır illərdə belə bir qurumun yaranması nə qədər zəruri idisə, onun qayəsinə uyğun fəaliyyətini müəyyənləşdirmək və istiqamətləndirməkbir o qədər mürəkkəb idi. Bir-birinin ardınca gənc alimlərin respublika elmi konfranslarını, daha sonra isə Bakı Beynəlxalq Simpoziumlarını müvəffəqiyyətlə təşkil edən Rafiq müəllim itirilmiş dövlətçilik ənənələrimizin bərpa olunduğu və zənginləşdirildiyi bir dövrdə yalnız tarixçilərin birliyi səviyyəsində fəaliyyətin qaneedici olmadığını dərk edərək yeni, daha geniş əhatəli bir qurumun yaradılması təşəbbüsü ilə çıxış etdi. 1997-ci ildə tarixçilərə Azərbaycan dilini, təbiətini, iqtisadiyyatını, incəsənətini öyrənən tədqiqatçılar da qoşuldu, yeni birlik - Azərbaycanşünaslar Müstəqil Birliyi yarandı. Bu birliyin yaranması və fəaliyyəti bilavasitə Rafiq müəllimin adı ilə bağlıdır. Mən bu yeni qurumun təşkil etdiyi konfransların hazırlanması prosesində Rafiq müəllimin təşkilatçılın bacarığının, işgüzarlığının canlı şahidi oldum. Xüsusilə, Azərbaycanın XIX əsrdə ən qüdrətli dühalarından biribirincisi olan Abasqulu ağa Bakıxanovun anadan olmasının 205 və 210 illiklərinə həsr olunmuş, Azərbaycan Tarixi Muzeyi ilə birlikdə keçirilən elmi konfranslara hazırlıq zamanı Rafiq müəllimin canıyananlığı onun xalqın əsl vətənpərvər oğlu olduğunu bir daha təsdiq etdi.

   İNQİLAB BABAYEV, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti - Rafiq müəllim Azərbaycan Dövlət Neft Akademiyasında siyasi tarix kafedrasının, mən də Azərbaycan dili kafedrasının müdiri idim. Onun tələbə vaxtı eşitdiyim təşkilatçılıq məharətinin bu zaman şahidi oldum. Tarix kafedrasının və ixtisas auditoriyasının qarşısındakı koridorun bir 20-25 metrlik hissəsini az vaxt içərisində Rafiq müəllim Azərbaycan tarixi muzeyinin kiçik modelinə çevirdi. Azərbaycanın Midiya dövründən başlamış müasir dövrə qədər keçdiyi tarixi yol bu kiçik sərgidə öz əksini tapmışdı. Mən şəxsən dəfələrlə bu kiçik muzeydə olmuş və tələbələrin keçirilən mövzunu mənimsəməkdə bu qeyri-adi muzeyin nə qədər böyük rol oynadığının şahidi olmuşam. Azərbaycanın görkəmli sərkərdələrinin, dövlət xadimlərinin, yazıçı və şairlərinin portretrləri, Azərbaycanın müxtəlif dövrlərdə tərtib edilmiş xəritələri, müxtəlif eksponatlar bu muzeyin əhəmiyyətini daha da artırırdı. On ilə yaxın bir dövrdə bu muzey fəaliyyət göstərdi. Çox təəssüf ki, Rafiq müəllim kafedra müdirliyindən gedəndən sonra bu muzey də dağıldı. Ali məktəbdə işləyən hər kəs gözəl bilir ki, belə bir muzeyi ali məktəbdə yaratmaq nə qədər çətindir.

   Mən Rafiq müəllimin təşkilatçılıq məharətini bir də Azərbaycanşünasların Müstəqil Birliyini təsis edərkən görmüşəm. Qeyri-hökumət təşkilatı olan bu birliyin proqram və nizamnaməsinin hazırlanması, qeydiyyatdan keirilməsi, redaksiya heyətinin təkşili, ayrı-ayrı mövzulara həsr olunmuş elmi konfransların və simpoziumların keçirilməsi, elmi məruzələrin toplanıb nəşr edilməsi çox böyük və gərgin əmək tələb edirdi. Lakin yorulmağın nə olduğunu bilməyən Rafiq müəllimin təşkilatçılıq məharəti bütün bu çətin işləri həyata keçirməyə imkan verirdi. Fəaliyyət göstərdiyi on il ərzində bu qeyri-hökumət təşkilatı Azərbaycanın tarixinin tədqiqi sahəsidə, demək olar ki, bir elmi-tədqiqat institutu qədər görmüşdür.

   ...Son dəfə Rafiq Rəcəbovla vəfat etdiyi gün görüşdüm. Həmişə olduğu kimi, bu dəfə də çox səmimiyyətlə. Neft Akademiyasının giriş qapısında həyat yoldaşı Gülarə xanımla dayanıb kimisə gözləyirdi. Səsindəki gümrahlıq, hərəkətlərindəki cəldlik, ürəkdən gələn səmimi sözlər... Həmişə olduğu kimi hal-əhval tutduq. Xəstəliyindən bir kəlmə də danışmadı. Kafedra iclasına gəldiyini dedi. Mən isə dərsə gedirdim. Zəngə az qalırdı. Xudahafizləşib ayrıldıq. Ertəsi öünü işə gələndə lövhədə qara elanın asıldığını gördüm. Bir anlığa sarsıldım. Yaxınlıqdakı qapıçı hər şeyi olduğu kimi danışdı. Rafiq müəllim kafedra iclasında iştirak edib, hətta çıxış da edib. İclas qurtarıb evə gedərkən koridorda dünyasını dəyişib.

   Rafiq Əbdül oğlu Rəcəbov şəhər qəbiristanlığında, anasının yanında əbədiyyət yuxusuna dalmışdır. 2010-cu ildə anadan olmasının 80 illiyi tamam oldu. Doğmaları, yaxınları məzarı başında heykələ döndülər. Mətbuat səhifələrində isə... yalnız tanınmış ziyalımız Ənvər Nəzərlinin "Rafiq Rəcəbov" sərlövhəli xatirə məqaləsi ilə "Kredo" qəzetində (23 yanvar 2010-cu il) rastlaşdıq. Ənvər Nəzərli Rafiq Rəcəbovun həmişəyaşar obrazını yaratmışdır.

 

 

   (ardı var)

 

   Teyyub Qurban

 

   Ekspress.- 2012.- 5-7 may.- S. 15.