Görüş zamanı sui-qəsd...

 

  Azərbaycanın Ukraynadakı diaspor təşkilatının sədri İqbal Mahmudov güllələndi

 

  Ukraynada Azərbaycan diaspor təşkilatlarından olan Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudov qətlə yetirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirovun APA-ya verdiyi xəbərə görə, İ.Mahmudova mayın 9-da, yerli vaxtla saat 12 radələrində Donetsk Vilayətinin Makeyevka şəhərində Böyük Vətən Müharibəsi iştirakçıları ilə keçirdiyi görüş zamanı sui-qəsd edilib.

İlkin məlumata görə, görüş keçirilən əraziyə yaxınlaşan iki motosiklçi birbaşa İ.Mahmudovu hədəf alaraq ard-arda bir neçə güllə atıblar. Güllələr onun sinə və qarın nayihəsindən dəyib.

İ.Mahmudov dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Görüşdə iştirak edən digər şəxslər arasında xəsarət alan olmayıb.

A.Tahirov İ.Mahmudovun vətənpərvər, Azərbaycanın maraqları naminə çalışan soydaşımız olduğunu qeyd edib: "Bu, Azərbaycan diasporu üçün böyük itkidir. Donetskdə İqbal Mahmudovla vida mərasimi olacaq. Mən də səhər saatlarında Donetskə gedəcəyəm. Azərbaycan diasporunun digər nümayəndələri, burda yaşayan soydaşlarımız da orda olacaq".

Konqresin saytında da bildirilir ki, mayın 9-da İ.Mahmudov Makiyevka şəhərində Böyük Vətən Müharibəsi veteranları ilə açıq havada görüş keçirərkən iki naməlum motosikletçi ona atəş açaraq hadisə yerindən uzaqlaşıb.

"Azərbaycan diasporunun liderlərindən olan İqbal Mahmudovun qətli sifarişlidir", -"Lent.az"ın məlumatına görə, bu barədə Ukraynanın "imp.ua" saytı xəbər yayıb. Xəbərdə deyilir ki, Mahmudov mayın 9-da Makeyevka şəhərinə müharibə veteranları ilə görüşə gedərkən yolda maşınındaca qətlə yetirilib. İqbal Mahmudovun idarə etdiyi maşının arxasınca motosikldə gələn şəxs maşını ötüb keçərkən ona tapançadan bir neçə atəş açıb. Nəticədə Mahmudov aldığı yaralardan ölüb.

Xatırladaq ki, ilkin məlumatlara görə, İ.Mahmudova dəyən 3 güllədən biri onun ciyərini parçalayıb.

İqbal Böyükkişi oğlu Mahmudov 1977-ci ildə Lənkəran rayonunun Port-İliç qəsəbəsində (indiki Liman şəhəri) anadan olub. 1995-ci ildə Ukraynaya gedib. Donetsk Milli Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Bundan sonra təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetinin beynəlxalq hüquq və biznes fakültəsində davam etdirib və oranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk Vilayəti təşkilatına sədrlik edib.

   İ.Mahmudov "Azud" MMC-nin təsisçisi və prezidenti olub.

Həmçinin, kikboksinq üzrə idman ustası olan soydaşımız Ukraynada keçirilən yarışlarda dəfələrlə qalib gəlib.

Mərhum ictimai fəal olmaqla yanaşı, xeyriyyəçi kimi də tanınıb, bir sıra idman yarışlarının sponsoru olub.

Müharibə və əmək veteranlarına, əlillərə və kimsəsizlərə daim yardım edirmiş. Elə Makeyevkaya da müharibə veteranlarının bayramını təbrik etməklə yanaşı, həmişəki kimi onlara yardım etmək üçün gedirmiş.

"İmp.ua"nın məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər İttifaqı İqbal Mahmudovun qətli ilə bağlı bəyanat yayıb. Baş verənlərdən üzüldüklərini bildirən gənclər cinayətkarların tezliklə tapılıb cəzalandırılmasını tələb edirlər.

Dünən isə Donetskdə mərhumla təntənəli vida mərasimi keçirilib. Mərasimdə şəhər ictimaiyyətinin, Azərbaycan diasporasının, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları iştirak edirlər.

Bu barədə "Lent.az"ın əməkdaşına Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk Vilayəti Şöbəsinin ofisindən bildiriblər.

   Ofisin əməkdaşının dediyinə görə, mərasimdən sonra yerli vaxtla saat 18 radələrində (Bakı vaxtı ilə 20 radələrində) mərhumun cənazəsinin çarter reysi ilə Donetskdən Bakıya göndərilməsi nəzərdə tutulub.

Ofisdən onu da bildiriblər ki, faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsinin 12-ci bəndi ilə (əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən qəsdən qətl törətmək) ilə cinayət işi qaldırılıb. Cinayətkarların müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır.

İqbal Mahmudovun qətli Ukrayna mediasının gündəliyini də zəbt edib. Müxtəlif internet portalları həmyerlimizin böyük xeyriyyəçi, Donetsk Vilayətində nüfuzlu şəxs olduğunu bildirirlər.

"Lent.az"ın əməkdaşı dünən mərhumun anadan olduğu Liman şəhərinin icra nümayəndəsi Bəxtiyar Səfərovla da əlaqə saxlayıb. İcra nümayəndəsi bildirib ki, İqbal Mahmudov 1977-ci ildə Liman şəhərində anadan olsa da, burda çox az yaşayıb: "Onu deyə bilərəm ki, mərhumun cənazəsi bu gün gecə saatlarında Bakıya, oradan isə Masallı rayonunun Təklə kəndinə gətiriləcək və burada dəfn ediləcək".

 

 

 Aygün AKİFQIZI

 

Ekspress.- 2012.- 11 may.- S.10.