Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

(əvvəli ötən şənbə saylarımızda)

 

İyirminci yüzilliyin ikinci yarısında baş verən təzradlı hadisələrin canlı şahidinə qulaq asın:

 

ƏNVƏR NƏZƏRLİ - Əlli ilə yaxın əmək fəaliyyətim müddətində çox insanlara rast gəlmişəm. Onlardan bəziləri ilə tanışlığım rəsmi işgüzar əlaqədən kənara çıxmamış, bəzilərinə aramızda xoş mehriban münasibət yaranmış, bəzilərindəsə bu münasibət sonralar dostluğa çevrilmişdir. Rafiq Rəcəbovla ilk tanışlığım 1961-ci ilin sonlarına təsadüf edir. O illərdə Azərbaycan KP Mərkəzi Komitəsi aparatına gənc kadrlar işə cəlb olunurdu. Məni də 1959-cu ildə çox sevdiyim müəllimlik peşəmdən ayırıb, MK aparatına məsul işə - yenicə yaranmış xarici əlaqələr bölməsinə təlimatçı vəzifəsinə irəli çəkdilər. 1961-ci ilin sentyabrında Rafiq Rəcəbov da elm və məktəb şöbəsinə müdir təyin olundu. O əvvəllər də bu şöbədə müdir müavini işləmiş, sonra SSRİ Xarici İşlər Nazirliyi nəzdində üçillik ali diplomatiya məktəbində oxumuş, təhsilini bitirən kimi Azərbaycan KP MK-da əvvəllər işlədiyi şöbəyə müdir təyin edilmişdi.

Xariclə əlaqədar bütün məsələlərlə bizim bölmə məşğul idi. Bəzi məsələləri, o cümlədən xarici ölkələrə işə, ezamiyyətə, turist səfərinə getmək məsələlərini müvafiq şöbələrlə qabaqcadan məsləhətləşirdik. Rafiq Rəcəbovla da yaxından tanışlığım o zamandan başladı. O, ilk baxışda zahirən çox ciddi və adamayovuşmaz kimi görünür, amiranəlik təsiri bağışlayırdı. Sosialist ölkələrindən birinə turist səfərinə gedəcək bir dəstənin siyahısında 5-6 nəfər müəllim də vardı. Məsləhətləşmək üçün birinci dəfə olaraq Rafiq Rəcəbovun yanına getdim. Məni çox səmimi qarşıladı. Biləndə ki, siyahıda orta məktəb müəllimləri də var, simasında bir məmnunluq yarandı, gözləri güldü, qeyd-şərtsiz siyahıya imza atıb dedi:

- Müəllimin xarici səfərlərə getməsi çox yaxşı işdir. Qoy gəzib-dolansınlar, səfər adama çox şey öyrədir. Lap elə respublika daxilinə səfərlərin özü də. Çalışmaq lazımdır ki, gələcəkdə daha çox müəllim xarici ölkəyə getsin. Dünya gör-götür dünyasıdır. Maarif Nazirliyi, Respublika Həmkarlar İttifaqları Şurası ilə danışacağam. Qoy bu məsələyə diqqəti artırsınlar. Hər ikimizin vaxtımızın az olmasına baxmayaraq, məni söhbətə tutdu, kimliyimlə, MK-ya hansı işdən gəldiyimlə maraqlandı. Müəllimlikdən gəldiyimi bildikdə çox məmnun oldu. On-on beş gündən sonra yenə Rafiq Rəcəbovun yanında oldum. Mənimlə köhnə dost kimi görüşdü, çaya qonaq etdi. Bu dəfə turist siyahısında müəllimlərin sayı əvvəlkindən ikiqat çox idi.

Azərbaycan Həmkarlar İttifaqları Şurasında turizm məsələləri ilə sədrin müavini Əbdül Rəcəbov adlı, respublikada hamının tanıdığı hörmətli bir şəxs məşğul olurdu. O, Azərbaycanın ilk komsomolçularından idi. Gənclik illərində Azərbaycan komsomolu Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləmişdi. Yaşına görə çox cavan görünürdü. İşlə əlaqədar olaraq tez-tez bizim bölməyə gələrdi. Olduqca şirindil adamdı. Az müddətdə onunla aramızda ata-oğul münasibəti yaranmışdı. Təklikdə mən ona "Əbdül dayı" deyə müraciət edərdim, Rafiq Rəcəbovun onun oğlu olduğunu bilmirdim. Bir neçə gün əvvəl özü açıb mənə demişdi. Demə, Rafiq ilk tanışlıqda aramızda olan söhbəti atasına danışmış, ondan mənim barəmdə xoş sözlər eşidibmiş.

Təqribən bir il sonra Əbdül Rəcəbov öz xahişi ilə təqaüdə çıxdı. Turizm məsələləri AHİŞ-in katibinə həvalə edildi. İndi adını unutduğum bu şəxs erməni idi. O da müəllim və elmi işçilərin xarici səfərlərə daha çox getməsinə çalışırdı, ancaq ermənilərin hesabına. Bir dəfə növbəti səfər siyahısını Mərkəzi Komitəyə gətirmişdi. 30 nəfərlik turist qrupunun yarısı elmi işçi və müəllim idi, əksəriyyəti də erməni. (1963-cü ildə Rafiq Əbdül oğlu Rəcəbova qədər Bakı Şəhər Partiya Komitəsinin ideoloji katibi olmuş Armik Aleksandroviç Karamyan 1970-ci ildə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdi, Azərbaycan KP MK-nın 1967-ci il 11 iyul tarixli qərarı ilə cəzalandırılmış Melkumyan Qurgen Allahverdoviç 1973-cü ildən 1985-ci ilin dekabrınadək Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri işləmiş, ermənini Azərbaycan KP MK Bürosunun qərarı ilə yenə erməni - Qrin İsakoviç Stepanov əvəz etmişdir - T.Q.) Mən siyahını Rafiq Rəcəbova göstərəndən əvvəl işin nə yerdə olduğunu ona danışdım. Siyahıya baxdı. Qarabuğdayı sifəti daha da qaraldı. Siyahıda 2-3 nəfər erməni adı saxlayıb, qalanları haqqında "etiraz edirəm" yazaraq qol çəkdi. Sanki öz-özünə danışırmış kimi dilləndi: "Azərbaycanı xaricdə ermənilərin təmsil etməsi dəhşət doğurur. Ermənistan onsuz da xaricə bizdən çox adam göndərir. Bu azmış kimi biz də bu yandan onlara kömək edirik. Sonra üzünü mənə tutaraq, - nə yaxşı ki, məsələni sən özün də qabaqcadan başa düşüb məni xəbərdar etdin, - deyə razılığını bildirdi. Onun bu hərəkəti məndə bir iftixar hissi doğurdu. Necə də öz millətini sevən insandır...

Rafiq Rəcəbov "inşallah" sözünü tez-tez işlədirdi. Mən bunu sadəcə bir vərdiş sayırdım. Bir dəfə bu fikrimi ona dedim. Dərin fikrə daldı, sonra sözə başladı:

- Mən Allahın varlığına tam səmimiyyətlə inanıram. Hiss edirəm ki, sən inanansan, belə deyilmi?

Mən cavab vermədən, həmişə döş cibimdə gizli gəzdirdiyim bəzəkli kiçik qutu içərisindəki "Quran"ı çıxarıb ona göstərdim. Alıb öpdü, gözləri yaşardı... Bir neçə ay əvvəl məndən gözləmədiyim bir xahişini xatırladım...

- Kişi (atasını nəzərdə tuturdu) qocalıb. Bir neçə aydan sonra təqaüdə çıxmağa hazırlaşır. O vaxta qədər heç olmasa bir dəfə Təzəpir məscidində olmaq arzusundadır. Bunu necə edə bilərik?

- Edərik, inşallah. Bu yaxınlarda Suriyadan kiçik bir nümayəndə heyətini gözləyirik. Aralarında iki nəfər həmkarlar fəalı da var. Şəhərdə tanışlıq planını bu günlərdə hazırlayıb, büronun təsdiqinə verməliyik. Proqrama məscidi salar, Əbdül dayını onlara müşayiətçi məsləhət görərik. Qonaqları məscidə aparar, arzusuna çatar, inşallah, - dedim.

O dövrdə məscidə getmək yasaq idi. Yalnız qoca dindarlar gedə bilirdilər. İş o yerə çatmışdı ki, hətta ən kiçik vəzifədə işləyənlərin qoca valideynlərindən biri məscidə getmiş olsaydı, həmin işçi haqqında ciddi tədbir görülürdü. 35-40 il sonra Rafiq Rəcəbov bir görüşümüzdə həmin məsələni xatırlayıb dedi ki, kişi vəfatından bir qədər əvvəl yenə Təzəpirə getmək istədiyini bildirib. Bu dəfə Rafiq özü onu məscidə aparıb.

Sadəlik insanın yaraşığıdır deyiblər. Rafiq Rəcəbovda daxiləngəlmə bir sadəlik vardı. Eyni binada yaşadığımız illərdə bu xasiyyətinə daha yaxından bələd oldum. İşə gedəndə , işdən qayıdanda da həyətdə olanların hamısı ilə salamlaşar, hal-əhval tutardı. Həyətdə oynayan balaca uşaqlara baxıb, Allah bu balaları xoşbəxt eləsin, - deyə başını qaldırıb göyə baxardı. Onu da deyim ki, MK işçilərinə məxsus həmin binada elələri vardı ki, heç kimlə salamlaşmaz, maşından düşən kimi başını aşağı salıb həyətdə olanların yanından lovğa-lovğa ötüb keçərdi. İllər ötdü. Mən Şəki Şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsinə göndərildim. Yalnız Bakıya ezamiyyətə gəldiyim vaxtlar onunla görüşərdim. Doqquz il rayonda işlədikdən sonra Ali Orta İxtisas Təhsili Nazirliyinə nazir müavini vəzifəsinə irəli çəkildim. Rafiq Rəcəbov yaşadığımız binadan başqa yerə köçmüşdü. Daha tez-tez görüşə bilməsək , arabir rastlaşırdıq. Yenə həmin səmimilik, həmin mehribanlıq, həmin qarşılıqlı ehtiram... Rafiq Rəcəbov yüksək təşkilatçılıq istedadına malik idi. Məhz həmin istedadın nəticəsində keçən əsrin sonlarında bütün çətinlik maneələri dəf edərək gənc tarixçilər assosiasiyası yaratmağa nail oldu. Assosiasiyanın beynəlxalq konfransalarını böyük ruh yüksəkliyi ilə aparar, gənc alimlərin elmi-tədqiqat işlərini nəşr etdirərdi. Səhhətimlə bağlı ilin çoxunu bağda olduğumdan, qızım qeyd etdiyim konfranslara iştirak edərdi. O gözəl insan qızımı görən kimi məni soruşar, salam yetirməyi xahiş edərdi.

 

 

(ardı var)

 

 

Teyyub Qurban

 

Ekspress.- 2012.- 12-14 may.- S.15.