Sahibkarlar xidmət sektorunda cəmlənib

 

Xidmət sektorunun iqtisadiyyatda payı isə çox azdır

 

Son onilliklərdə xidmət sektorunun iqtisadiyyatda rolu artmaqdadır. Bunun iki başlıca səbəbi var. Birincisi, insanların gəlirinin artması fiziki mallarla bərabər xidmətlərə xərclənən pulların da artmasına imkan verir. Bu cəhət xidmət sektorunun inkişafını şərtləndirir. İkinci səbəb informasiya kommunikasiya texnologiyalarının inkişafının xidmət sektorunun imkanlarını genişləndirməsi və xidmət sektorunun iqtisadi dəyərini artırmasıdır.

Sadalanan səbəblərlə əlaqədar olaraq XX əsrin ikinci yarısından etibarən inkişaf etmiş ölkələrdə xidmət sektoru istehsal sektorunu geridə qoymağa başlayıb. 1980-ci illərdən etibarən isə inkişaf etməkdə olan ölkələrdə baş verən struktur dəyişikliyi xidmət sektorunun həm ümumi iqtisadiyyatda payının, həm də bazar həcminin sürətlə artmasına şərait yaradıb. Hazırda dünyanın əksər ölkəsində ümumi daxili məhsulun (ÜDM) formalaşmasında xidmət sektoru daha böyük paya sahibdir.

Xidmət sektorunun bazar payının artması əslində iqtisadiyyatın şaxələnməsini və sahələr üzrə ixtisaslaşmasını da təmin edir. Klassik iqtisadiyyatda sənayeləşmə, fiziki məhsul istehsalı iqtisadiyyatın can damarı, istehsal edilən mala sahib olmaq zənginlik əlaməti sayılırdısa, müasir iqtisadiyyatda eyni fikirlər xidmət sektoru haqqında deyilir. Dövrümüzdə xidmət sektoru perspektiv vəd edən sahə kimi tanınır və dünya iqtisadiyyatının gəlirli sahəsi kimi böyük cəlbediciliyə sahibdir.

Xidmətlərdə informasiya texnologiyalarının sürətlə tətbiqi yeni bir mərhələnin əsasını qoydu. Kompüter və informasiya texnologiyalarından geniş istifadə informasiya mübadiləsinin sürətini artırdı ki, bu da nəticədə rabitə xərclərinin aşağı düşməsinə və elektron ticarətin genişlənməsinə səbəb oldu. Müasir zamanda xidmət sektorunun dəyərinin istehsal sektorunu 7 dəfə qabaqlaması da iqtisadiyyatda onun rolunun və gücünün bariz göstəricisidir. ABŞ-ın xidmət bazarı inkişaf etməsəydi Çin artıq ÜDM istehsalına görə dünyanın ən böyük ölkəsi ünvanını qazanacaqdı. Çin məhz xidmət sektorundakı göstəricilərə görə ABŞ-a uduzduğundan dünyanın ən böyük iqtisadiyyatı ünvanına sahib ola bilmir. Çində də hesab edirlər ki, xidmət sektorunun istehsal sahələri kimi inkişafından sonra onlar dünyanın ən böyük iqtisadiyyatına sahib ölkə olacaq.

Müxtəlif sahələri əhatə edən xidmət sektoru ölkənin həm də əsas inkişaf və rifah göstəricilərindən sayılır. Dünya Bankının hələ bir neçə il əvvəl 132 ölkənin rifah səviyyəsinə görə reytinqini müəyyənləşdirən zaman sosial həyatla xidmət sektorunun səviyyəsi arasında əlaqənin olduğu bir daha təsdiqini tapıb. Məlum olub ki, xidmət sektorunda əmək qabiliyyətli əhalinin 60-75%-i çalışır. Xidmət sektorunda bir qayda olaraq istehsal sahələrinə nisbətən daha çox insan üçün iş yerləri yaradılır. Məsələn, dünyanın hazırda ən böyük şirkətlərindən sayılan Royal Dutch Shell-də 90 min adam, Toyota Motor-da 326 min, ABŞ-ın Wol-Mart Stores mağazalar şəbəkəsində isə 2,2 milyon nəfər işlə təmin olunub.

Say çoxluğu ilə bərabər xidmətlərdə insan amili digər sahələrə nisbətən çox güclü olur. Bir qayda olaraq xidmət sektorunda çalışan insanların mütəxəssis səviyyəsində olması tələb edilir.

Qeyd edək ki, bir ölkənin iqtisadiyyatında xidmət sektorunun payının artması üçün həmin ölkədə adambaşına düşən gəlirin yüksəlməsi şərtdir. Buna görə də inkişaf etməkdə olan ölkələrdə ÜDM-in 50%-ni xidmət sahəsi yaratdığı halda, inkişaf etmiş ölkələrdə 65-70%-ni formalaşdırır.

Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın inkişaf etməkdə olan ölkələrinin alt qrupundan tədricən yüksək göstəricilərə sahib qrupuna doğru yer dəyişməkdədir. Bu qrup ölkələr inkişaf etmiş ölkələr sayılmasa da, bir çox əlamətlərinə görə, onlardan demək olar ki, fərqlənmir. Azərbaycan hökuməti hesab edir ki, artıq bizim iqtisadiyyat da inkişaf etmiş ölkələrin iqtisadiyyatına oxşayır və tezliklə bu cərgəyə qoşulacaq.

Amma bu, asanlıqla baş vermir. Gərək iqtisadiyyatda strukturlaşma inkişaf etməkdə olan ölkələrin mütləq əksəriyyətində olduğu kimi formalaşsın. Yəni, yuxarıda bəhs etdiyimiz kimi ÜDM istehsalında xidmət sektoru önə keçməlidir. İnkişaf etmiş ölkələrdə ÜDM- xidmət sektorunun payı 50%-dən az deyil. Azərbaycanda isə vəziyyət hələ pisdir. İllər ötdükcə xidmət bölməsinin ÜDM- çəkisi nəinki artır, əksinə bir qədər azalır.

Azərbaycanda xidmət sektorunun payı 2011-ci ildə 26% olub. ÜDM-nin 68 faizini istehsal sahələri, qalanını isə xalis vergilər formalaşdırıb. 2012-ci ilin geridə qalan 10 ayı ərzində isə xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27%, o cümlədən nəqliyyatda 4,8%, ticarət və pullu xidmətdə 8,3%, rabitədə 1,8%, sosial və digər xidmətlərdə 12,1% təşkil edib.

1995-ci ildən bəri göstəricilərə diqqət yetirdikdə aydın olur ki, ÜDM-də xidmət sektorunun payı artmaq əvəzinə azalır. 1995-ci ildə payı 38% olan xidmət sektoru 1998-ci ildə payını 43,3%-ə çatdırdı. Lakin sonradan neft hasılatına başlanılması və ümumi sanaye istehsalının artması ilə əlaqədar dominantlar istehsal sahələrinə, xüsusilə də sənayeyə keçdi. Nəticədə 2005-ci ildən xidmət bölməsinin payı 30%-dən aşağı düşdü və hələ də aşağı səviyyələrdə qalır.

2012-ci ildə xidmət sektorunun ÜDM-də mövqeyinin yaxşılaşması müşahidə edilir. İqtisadçılara görə, xidmət sektorunun daha da böyüməsi üçün əhalinin gəlirinin səviyyəsində ciddi dəyişiklik baş verməlidir. Xidmət sektoru o vaxt ÜDM-də üstün mövqeyə malik olur ki, əhalinin ən azı 50%-i normal gəlirə sahib olur. Bu dəyişiklik isə Azərbaycanda yaxın illərdə qeyri-mümkündür.

Azərbaycanda hasilat sənayesinin payının güclü olması xidmət sektorunun iqtisadiyyatda payının daha sürətlə artmasını çətinləşdirir. Ölkə iqtisadiyyatı hələlik yalnız bir məhsul növü üzrə inkişaf edir, yeni çoxşaxəli və rəqabətədavamlı iqtisadiyyat yoxdur, belə bir şəraitdə xidmət sektoru dinamik inkişaf edə bilmir.

Azərbaycanda qeyri-neft sektoru son illərdə neft sektoruna nisbətən daha sütərlə inkişaf edir, neft sektorunun ÜDM-də payı azalır. Qeyri-neft sektoru son bir ildə 10,5% artıb, neft sektorunda isə 6% azalma qeydə alınıb. Qeyri-neft sektorundakı yüksəlişə baxmayaraq hələlik xidmət sektoru ÜDM-də mövqeyini nəzərəçarpacaq dərəcədə gücləndirə bilmir.

Lakin xidmət sektorunun ÜDM-də payının artacağına ümidlə baxa bilərik. İstehsal sahələrində 2009-cu ildən sonra illik artım əvvəlcə 3,7% olub, daha sonra mənfi 3,5%-ə düşüb. Xidmət bölməsində isə artım 7 və 6,5% təşkil edib. 2025-ci ilə qədər ÜDM-də xidmət sahəsinin payının 40%-ə çatacağı proqnozlaşdırılır.

Xidmət sektorunun inkişafının önəmli tərəflərindən biri də sahibkarlığın inkişafıdır. Rəsmi məlumatlara əsasən, 2011-ci ilin sonunda Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs statuslu müəssisələrin sayı 75,632 min olub. Onların 40 mini (52,9%-i) xidmət sektoru üzrə fəaliyyət göstərir. Xidmət müəssisələrinin 20,37 mini ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,541 mini nəqliyyat və anbat təsərrüfatı, 963-ü turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,486 mini informasiya və rabitə, 1,259 mini maliyyə və sığorta fəaliyyəti, 1,281 mini əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,105 mini təhsil, 1,243 mini istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 9,185 mini digər sahələrdə xidmətin göstərilməsi ilə məşğuldur.

Ötən ilin sonunda hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların sayı isə 364,581 min təşkil edib. Fərdi sahibkarların 300 minə qədəri (82,2%-i) xidmət işi ilə məşğul olan sahibkarlardır. Bu sahibkarların 150,686 mini ticarət və nəqliyyat vasitələrinin təmiri, 66,422 mini nəqliyyat və anbar təsərrüfatı, 17,579 mini turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,775 mini informasiya və rabitə, 856-ı maliyyə və sığorta fəaliyyəti, 1,685 mini əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,177 mini təhsil, 4,948 mini istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 47,714 mini digər sahələrdə xidmətin göstərilməsi ilə məşğuldur.

Bu faktlar iqtisadiyyatda xidmət sektorunun əhəmiyyətli sahə olduğunun bariz sübutudur. İnsanların gəliri artdıqca xərclərdə əsas pay xidmətlərə yönəlir. Buna görə də 1998-ci ildən indiyədək dünya iqtisadiyyatında ən sürətlə böyüyən sahə xidmət sektoru olub. Azərbaycan kimi neft və qaz hesabına varlanan ölkələrin daha sonra maliyyə və turizm mərkəzləri kimi inkişaf etdiyi məlumdur. Təbii sərvətlərdən yararlanan bu ölkələr xidmət sektorunu formalaşdıra bilir. Bu ölkələrdə turizm, rabitə sektoru, informasiya-kommunikasiya texnologiyaları, maliyyə, bank sektoru inkişaf edir. Neft ölkələrinin əksəriyyətində ÜDM-də xidmət sektorunun payı 35-40% arası dəyişir. Azərbaycanda rabitə sektoru, informasiya-kommunikasiya texnologiyaları sahəsində ciddi irəliləyişə nail olunub. Turizm sahəsində də inkişaf müşahidə edilir.

Bəzi mütəxəssislərə görə, xidmət sektorunda inkişaf meyllərinin bir qədər gec müşahidə edilməsinin əsas səbəbi heç də əhalinin gəlirlərinin aşağı olması ilə bağlı deyil. Müstəqilliyin ilk 10-12 ili ərzində iqtisadiyyatın diversifikasiya edilməməsi qeyri-neft sektorunun digər sahələri kimi xidmət sahəsinin də inkişafını ləngidib. Amma 2005-ci ildən başlayaraq bu sahədə bir canlanma müşahidə edilir.

Xidmət sektorunda ilkin inkişaf mərhələsi davam edir və ekspertlərin fikrincə, bu tendensiya 1024-ü ilədək davam edəcək. Həmin ildə ÜDM-də xidmət sektorunun payı 40%-ə yüksələcək. Azərbaycanda xidmət sektorunun rabitə, informasiya kommunikasiya texnologiyalarının, turizmin, nəqliyyatın və ticarətin daha sürətlə inkişaf edəcəyi aydındır.

 

  

Vasif CƏFƏROV

 

Ekspress. – 2012. – 17-19 noyabr. – S. 10.