İnvestisiya mühitiya Azərbaycanın sərmayədarlar üçün cəlbediciliyi

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Son illərdə Azərbaycan iqtisadiyyatının xarici sərmayədarlar üçün cəlbediciliyi artır. Hökumət hesab edir ki, ölkə iqtisadiyyatının, sosial həyatın xüsusiyyətləri və qanunvericiliyin təkmilləşdirilməsi cəlbediciliyi artıran əsas səbəblərdir.

Qeyd edək ki, xarici investisiyaların artması sahibkarlar arasında rəqabət şəraitinin güclənməsinə xidmət edən amillərdəndir. Buna görə də dövlət xarici sərmayələrin marağını artırmaq üçün daim müxtəlif tədbirlər həyata keçirir.

Bəs, hansı xüsusiyyətlərinə görə, xarici investorlar Azərbaycana sərmayə qoymalıdır? Hökumətin fikrincə, Azərbaycanın investisiya baxımından cəlbediciliyini yaradan əsas cəhətlər bir neçədir. Bunlar arasında ölkənin geniş tranzit imkanlarının mövcud olmasını, zəngin təbii ehtiyatlar, o cümlədən turizm və enerji ehtiyatlarının olması, Azərbaycanın tolerant ölkə kimi tanınmasını göstərmək olar. Sadalananlarla bərabər son illərdə aparılan islahatlar hesabına əldə edilən müsbət dəyişikliklər də investisiya qoyuluşu üçün əlverişliliyi artırır.

Qlobal maliyyə böhranına baxmayaraq, ölkədə makroiqtisadi sabitliyin mövcudluğu və iqtisadi artımın davam etməsi, biznes mühitin yaxşılaşdırılması sahəsində Azərbaycanın ən islahatçı ölkə olduğu "Doing Business" hesabatlarında öz əksini tapdı, sahibkarlıq subyektlərinin qeydiyyatının, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi baş verdi ("bir pəncərə" sistemi), azad ticarət rejimləri və Ümumiləşdirilmiş Preferensiyalar Sistemlərinə qoşulması hesabına istehsalın təşkili baxımından Azərbaycanın cəlbediciliyi artdı. Bunlarla bərabər Azərbaycanda yüksək ixtisaslı yerli kadrlar var, həmçinin, artıq yoxsulluq səviyyəsi 7 faiz həddinə qədər azaldılıb.

Hökumət iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə "açıq qapı" siyasəti həyata keçirir. Azərbaycanda iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər görülür.

İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması məqsədilə indiyədək "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında" Azərbaycan qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.

Sahibkarlıq fəaliyyətinin qeydiyyata alınması və xarici ticarət əməliyyatlarının aparılmasının sadələşdirilməsi üçün "Bir pəncərə" prinsipinin tətbiqi buna misaldır. "Bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Vergilər Nazirliyi müəyyən edilib və 2008-ci ildən bu sistemin tətbiqinə başlanıb. "Bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən bir neçə dəqiqəyə endirilib.

Dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə sərhəddən keçmə müddəti qısaldıldı, bürokratik əngəllər azaldıldı.

Azərbaycan qanunvericiliyi idxal olunan əmtəələrə bir neçə gömrük rejimi tətbiq edir. Bunlardan xarici investorlar üçün vacib olanları tranzit, gömrük saxlanılması, gömrük anbarı, müvəqqəti idxal, gömrük zonalarına giriş və çıxış rejimləridir. Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu - 0-15% - ədəd və ölçü rüsumuna uyğundur). Aksiz vergisi bəzi növ əmtəələrə tətbiq olunur (tütün və alkoqol məmulatları). Azərbaycan məqsədli ƏDV prinsipini qəbul edib (hazırda 18%) ki, bu da hər hansı əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan gömrük rejimindən asılı olaraq, idxal rüsumu və həmçinin aksiz vergisi). Bəzi kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi ilə tətbiq olunur.

İxrac (metal ixracından başqa) dövlət rüsumlarından azaddır. Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə (HPBS) və boru kəməri layihələri üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçılar, onların agentləri və subpodratçılar idxal rüsumunu ödəmədən və məhdudiyyətsiz neft-qaz sənayesi təyinatlı əmtəələri Azərbaycana idxal və yenidən-ixrac edə bilərlər. HPBS recimli idxala 0% ƏDV tətbiq olunur. Eyni zamanda "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Qanuna əsasən, neft-qaz sahəsində podratçıların və subpodratçıların ixrac məqsədli fəaliyyətinə 0% dərəcəsi ilə ƏDV tətbiq olunur.

Azərbaycanda valyuta tənzimlənməsinə dair mübadilə siyasəti də xarici iş adamları üçün çətinlik yaratmır. Əmtəələrin və xidmətlərin Azərbaycana idxalı ilə bağlı yerli vətəndaşlar və əcnəbilər tərəfindən xaricə göndərilən avanslara dair pul məhdudiyyətləri Mərkəzi Bank tərəfindən ləğv olunub. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, avans ödənişləri veriləndən sonra əmtəələr Azərbaycana 180 gün ərzində çatdırılmalıdır.

Azərbaycan qanunvericiliyi daşınmaz əmlaka dair 3 hüququ - mülkiyyət, icarə və istifadə təmin edir. Sahibkarlıq konsepsiyası mülkiyyət hüququnu, istifadə və ya gəlir əldə etməni və torpağın üçüncü tərəfə ötürülməsini nəzərdə tutur. Torpaq mülkiyyətçisi qismində Azərbaycan dövləti, bələdiyyələr və Azərbaycanın fiziki və hüquqi şəxsləri ola bilərlər. Xaricilər (fiziki və hüquqi şəxslər) və vətəndaşlığı olmayan şəxslər torpaq mülkiyyətçisi ola bilməzlər. Torpağı verilən kreditə görə girov, hədiyyə və ya vərəsəlik kimi hüquqi üsullar nəticəsində alan xaricilər 1 il ərzində mülkiyyət hüquqlarını 3-cü tərəfə verməlidirlər. Əks halda torpaq dövlətin və ya müvafiq bələdiyyənin mülkiyyətinə keçəcək. Buna baxmayaraq, xaricilər torpağı uzunmüddətli icarəyə götürə bilərlər.

İqtisadi fəaliyyətin artırılması və sahibkarlığın dinamik inkişafı məqsədilə vergi sistemində də islahatlar aparılıb. Müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35%-dən 20%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin 28%-dən 18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 30%-ə endirilməsi sahibkarların investisiya qoyuluşunu stimullaşdırmağa xidmət edir.

Lisenziyalaşdırma sahəsində də sadələşdirilmə aparılıb. 2002-ci ilə qədər bir sıra kommersiya fəaliyyəti üçün müxtəlif dövlət orqanlarından xüsusi lisenziyalar almaq lazım idi. Azərbaycan Prezidentinin 2002-ci il 3 sentyabr tarixli fərmanına əsasən, kommersiya fəaliyyətinin əksər növləri üçün lisenziyalaşdırma ləğv olunub. Lisenziyanın alınması bank işi, sığorta, audit, daşınmalar, qiymətli kağızlar üzrə fəaliyyət və s. üçün tələb olunur. Lisenziyanın uzadılma müddəti 5 ildir.

Məlumat üçün deyək ki, son illərdə görülən tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələr, o cümlədən xarici sərmayələrin ümumi həcmi artır. Belə ki, 2012-ci ilin yanvar-sentyabr ayları üzrə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9,8506 milyard manat investisiya qoyulub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 27,4% artıb. Əsas kapitala yönəldilən vəsaitin 79,4%-ni və ya 7,8225 milyard manatını daxili investisiyalar, 20,6%-ni və ya 2,0281 milyard manatını isə xarici investisiyalar təşkil edib.

2012-ci ilin yanvar-sentyabr ayları üzrə əsas kapitala yönəldilən ümumi investisiyanın 2,5589 milyard manatı (26%-i) neft sektorunun, 7,2917 milyard manatı (74%-i) qeyri-neft sektorunun inkişafında istifadə edilib.

2012-ci ilin yanvar-sentyabr ayları üzrə xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi 2,0281 milyard manat təşkil edərək, əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,9% artıb. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2012-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş xarici investisiyanın 1,858 milyard manatı (91,6%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarına məxsusdur. Xarici investisiyaların 48,8%-ni (990,06 milyon manat) Böyük Britaniya, 16,6%-ni (336,468 milyon manat) ABŞ, 11,1%-ni (224,774 milyon manat) Yaponiya, 6%-ni (123 milyon manat) Norveç, 4,8%-ni (97,02 milyon manat) Türkiyə, 1,8%-i (35,895 milyon manat) Fransa qoyub.

Beynəlxalq təşkilatlardan Dünya Bankı cəmi xarici sərmayələrin 4,4%-ni (90 milyon manat), Asiya İnkişaf Bankı 2,9 faizini (59,86 milyon manat) qoyub.

Azərbaycanda investisiya mühitinin müsbətə doğru dəyişdiyini beynəlxalq təşkilatların hesabatlarından da görmək olar. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilib. "Doing Business 2010" hesabatında isə ölkəmiz öz mövqelərini qoruyub saxlamış və "Doing Business 2011" hesabatında Azərbaycan 183 ölkə arasında 54-cü yeri tutub. 2012-ci ilə dair hesabatda ölkəmiz vəziyyətini bir qədər də yaxşılaşdırıb. Hesabatda 2006-cı ildən etibarən 5 il ərzində Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar apardığı və biznes mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilib.

Bundan başqa "Qlobal Rəqabətlilik Hesabatın"da Azərbaycan MDB ölkələri arasında 1-ci yer, makroiqtisadi mühitin stabilliyi altindeksi üzrə 139 ölkə arasında 13-cü yeri tutub.

 

  

Vasif CƏFƏROV

 

Ekspress. – 2012. -21 noyabr. – S. 9.