Müslüm Maqomayevin yubileyi Heydər Əliyev sarayında qeyd olunub

 

  Oktyabrın 7-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş “Sən mənim nəğməmsən” (“Òû ìîÿ ìåëîäèÿ”) adı altında xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, yubiley mərasimi Leyla Əliyeva və Svyatoslav Belzanın aparıcılığı ilə həyata keçirilib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin təbrik məktubunu oxuyub. Daha sonra çıxış edən nazir qeyd edib ki, il ərzində Azərbaycanın bir sıra şəhərlərində Müslüm Maqomayevin yubiley tədbiri qeyd olunub və bu silsilə davam etməkdədir.

Yubiley tədbirində Azərbaycan və Rusiyanın tanınmış müğənnilərinin ifasında mərhum sənətkarın mahnıları ifa olunub. Tədbirin I hissəsində ifalar dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə səslənib. İkinci hissəni isə dirijor Rauf Abdullayev idarə edib.

Mərasimdə Fidan və Xuraman Qasımova bacıları, Emin Ağalarov, Samir Cəfərov, Sevda Ələkbərzadə, Əli Əsgərov, Səbinə Babayeva, Nəzrin Dadaşova, “Rast” və “Qaya” qrupları, İosif Kobzon, Lorisa Dolina, Tamara Qverdçeteli, Elçin Əzizov və başqaları çıxış ediblər. Müğənnilərin çıxışı sürəkli alqışlarla qarşılanıb. Yubiley mərasimində Müslüm Maqomayevin həyat və yaradıcılığını əks etdirən xüsusi video material nümayiş etdirilib. İfası zamanı Tamara Qverdçeteli Azərbaycan xalqına Müslüm Maqomayeva görə təşəkkür edib: “Çox sağ olun ki, Müslümü bizə bəxş etmisiniz...”

İki hissəli konsertdə tamaşaçılara “Oxuyur Müslüm Maqomayev” filmində canlandırdığı Şah İsmayıl obrazından ariya ifa olunub. İosif Kobzon Heydər Əliyevlə Müslüm Maqomayevin dostluğundan danışıb: “Mən heç zaman Müslümə sənətinə görə paxıllıq etməmişəm, amma onun Heydər Əliyevlə ayrılmaz dostluğuna paxıllıq etmişəm. Hər zaman düşünmüşəm ki, bu böyük insanla dost olmaq çox möhtəşəm bir şeydir”. Daha sonra İ.Kobzon M.Maqomayevlə bağlı xatirələrindən söz açıb, onun həyatdan tez getməsinə təəssüfləndiyini deyib. “Nadejda” mahnısını təqdim edən İosif Kobzon Müslüm Maqomayevin hər dəfə bu mahnını ifa edərkən onu tamaşaçılarla birgə həyata keçirdiyini xatırladıb və tamaşaçılardan bu kompozisiyanı onunla birlikdə oxumağı xahiş edib. Mərasim Elçin Əzizovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Sonda səhnəyə çıxan, SSRİ xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya Azərbaycan ilk dəfə 40 il bundan əvvəl məhz oktyabr ayında ayaq basdığını deyib: “Həmin gün mən həm Müslümü, həm də Azərbaycanı çox sevdim. Hər birinizə Müslümü unutmadığınıza və onu daima xatırladığınıza görə təşəkkür edirəm”.

 

 

 Ekspress.- 2012.- 9 oktyabr.- S.23.