İxrac sahibkarlığı gücləndirir

 

   Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

   Davamlı iqtisadi inkişafa nail olmaq istəyən hər bir ölkə ixrac potensialını artırmalıdır. İxrac potensialını artıra bilməyən ölkənin ümumi daxili məhsul istehsalında real artımı davamlı təmin etməsi qeyri-mümkündür. Bu mənada hər bir ölkə üçün ixrac potensialının artırılmasnını əhəmiyyəti böyükdür.

   İxrac potensialını artırmaq üçün nə edilməlidir sualına cavab tapmaq çox sadədir: bu məqsədlə ölkədə ixracyönümlü istehsal sahələrinin və xidmət bölmələrinin formalaşdırılması vacibdir. Dövlət hər zaman daha güclü sahibkarlar sinfinin formalaşmasına çalışmalı, iş adamlarına müxtəlif formada dəstək verməlidir. Bütün bunlar edilməlidir ki, ölkənin ixrac potensailı hər zaman güclü şəkildə olsun.

   İqtisadi nəzəriyyəyə görə, ixrac potensialının tənzimlənməsində başlıca məqsəd milli iqtisadiyyatın davamlı inkişafının təmini və makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Digər tərəfdən, ixrac potensialının yüksəldilməsi, ondan milli iqtisadiyyatın inkişafı üçün səmərəli istifadə edilməsi makroiqtisadi sabitlik və davamlı inkişafda əsas şərtlər kimi çıxış edir. Bir sözlə, bu iki amil bir-biri ilə qarşılıqlı əlaqədədir. Buna görə də ixrac potensialının tənzimlənməsi məsələlərini aydınlaşdırarkən makroiqtisadi inkişaf göstəricilərinin öyrənilməsi və iqtisadi inkişaf xüsusiyyətlərinin, milli iqtisadiyyatda müşahidə edilən tendensiyaların tədqiqi zəruridir.

   Ümumiyyətlə, ixrac potensialı səmərəli istifadə edilmədikdə o gücünü tədricən itirir. Ölkələr bir qayda olaraq ixracda müəyyən sahələr üzrə ixtisaslaşır. Bütün sahələrdə əldə edilən məhsulun ixracını həyata keçirmək mümkün deyil. Bu xoşbəxtlik dünyanın yalnız bir neçə inkişaf etmiş ölkəsinə nəsib olub. Qalan ölkələr ixrac imkanlarına görə ixtisaslaşıblar. Buna görə də belə bir fikir var ki, hər bir ölkə ixrac potensilaından səmərəli istifadə etməlidir.

   İxrac potensialından səmərəli istifadə göstəricilərindən başlıcası ölkənin ixracının artım səviyyəsi, mövcud sahələrin ixrac potensiallarına uyğunluğu məsələsidir. Gərək ölkədə ümumi daxili məhsul istehsalı ilə ixrac həcmi uyğun olsun. Yəni, ÜDM artdığı kimi ixracın da artması lazımdır. Azərbaycanda son illərdə ÜDM-in artım tempi ixracın artımını üstələyir. 2008-ci ildə ixracın həddi 47,7 milyard dollara yüksəlib ki, bu hələ də maksimum göstərici sayılır. Üstəlik 2012-ci ildə ixracda yenidən azalma prosesi gedir. Amma 2008-ci ildə 48,8 milyard dollar olan ÜDM maksimum göstərici deyil. 2011-ci ildə Azərbaycanda 63,4 milyard dollarlıq ÜDM-yə nail olunub. Bu da ondan xəbər verir ki, ÜDM-in artımında başqa amillərin (manatın dollara qarşı möhkəmlənməsinin, daxili bazarda qiymət artımlarının və s.) rolu yüksəlib. Bir sözlə, bu ilkin, sadə bir təhlil olsa da onu göstərir ki, ixracın artımı ölkədəki iqtisadi artımla adekvat deyildir.

   Ölkədəki makroiqtisadi sabitlikdən, artan maliyyə resurslarından daha səmərəli istifadə etməklə ixrac potensiallarını effektli reallaşdırmaq olar.

   İxrac potensialından səmərəli istifadədə və onun iqtisadi inkişaf istiqamətində tənzimlənməsində iqtisadiyyata qoyulan investisiyalar da mühüm əhəmiyyətə malikdir. İnvestisiyaların bir hissəsi mövcud istehsal sahələrinin inkişafına, o cümlədən də bu sahələrdə ixracın artımına yönəldilirsə, onların əsas hissəsi yeni istehsal, xidmət və ifrastruktur sahələrinin yaradılmasına istiqamətləndirilir. Bu da öz növbəsində, ölkədə real iqtisadi artımı şərtləndirir. Neft sektorunda əldə edilən nailiyyətlər, neftin dünya bazarına çıxarılması nəticəsində irihəcmli valyuta ehtiyatlarının əldə edilməsi, dövlət büdcəsi gəlirlərinin sürətli artımı son illər ərzində dövlət investisiyalarının həcminin durmadan artmasını şərtləndirmişsə, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, ölkədə makroiqtisadi maliyyə sabitliyinin möhkəmləndirilməsi xarici investisiyaların artımına, sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması isə öz növbəsində daxili özəl investisiyaların artımına rəvac verib. Həm yerli, həm də xarici sərmayələrin həcminin artması ixrac imkanlarını artırır.

   Azərbaycan hökuməti sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması məqsədilə onlara müxtəlif dəstəklər verir. Vergi güzəştləri, ucuz kreditlər, AZPROMO-nun yaradılması bunlara misaldır. Eyni zamanda dövlət ixracı sadələşdirmək məqsədilə qanunvericiliyi sadələşdirir.

   Ölkəmizdə ilk dəfə olaraq 1992-ci ildə "Azərbaycan Respublikasının ixracat potensialından səmərəli istifadə edilməsi haqqında" prezident fərmanı olub. Bu sənəd müstəqillik əldə etdikdən sonra Azərbaycanın xarici-iqtisadi əlaqələrinin ilkin formalaşma mərhələsində əhəmiyyət kəsb edirdixarici ticarət əlaqələrinin qurulmasında və tənzimlənməsində müvafiq dövlət orqanları arasında vəzifə bölgüsünü müəyyən edirdi. Sonra Azərbaycanda 1995-ci ildə "İxracat vergisi haqqında" qanun qəbul olundu. Bu qanun ixrac potensialının tarif tənzimlənməsi istiqamətində mühüm bir sənəd sayılır.

   2004-cü ildə "İxrac nəzarəti haqqında" əlavə bir qanun qəbul edilib. Bu normativ aktda dövlət orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsasları və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan gömrük sərhədlərindən keçirilməsi qaydaları müəyyən edilib. Nəhayət, 2008-ci ildə prezidentin imzaladığı fərmanla ölkənin ixrac potensialının tənzimlənməsində "bir pəncərə" prinsipi tətbiq edildi. 2009-cu ildən tətbiq edilən bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə olundu. Təcrübə göstərdi ki, "bir pəncərə" prinsipinin tətbiqi sərhəddə ixracla bağlı əmaliyyatların sadələşməsinə kömək etdi.

   "Bir pəncərə"də sadələşdirilmiş bəyannamə sistemi var. Sahibkar nəyi ixrac edəcəksə əvvəlcədən onun haqqında məlumat verir, malını bəyan edir. Mal bəyan olunandan sonra onun keçidinin ləngidilməsi heç bir əsas qalmır. Əgər ixrac edilən məhsul kənd təsərrüfatı məhsuludursa yalnız mövsümü rüsumlar tətbiq edilir. Qalanları, yəni sənaye təyinatlı olanların ixracı daha çox stimullaşdırılır. Əvvəl isə məsələn, kənd təsərrüfatı malları ixrac ediləndə fitosanitar xidməti, baytarlıq xidməti, gömrük komitəsi ayrı-ayrılıqda baxırdı. Bunların hamısı indi bir əldədir. Gömrükdə yaradılan laboratoriya mal çıxarılmamışdan öncə nümunələr götürürbununla da proses başa çatdılır.

   Təhlillər göstərir ki, milli iqtisadiyyatda inkişaf proseslərinin sürətlənməsi iqtisadi sahələrin ixrac potensiallarından istifadə imkanlarını da yüksəldib. Lakin bununla yanaşı, bir sıra strateji sahələrin ixrac potensialının tənzimlənməsinə daha böyük zərurət yaranıb. Bu baxımdan ölkənin aqrar sektoruna xüsusi diqqət vacibdir. Bu sektor, həm də böyük ixrac potensialına malikdirbu potensialdan istifadənin yüksəldilməsi uzun illərdir ki, qarşıda duran aktual məsələlərdən biridir. ÜDM-in sahələr üzrə strukturuna diqqət yetirsək, görərik ki, kənd təsərrüfatının buradakı çəkisi 2000-ci ildəki 15,9 faizdən 2011-ci ildə 5-6 faizə enib. Düzdür, bu daha çox neft sektorunun ÜDM-dəki çəkisinin durmadan artması və 27,6 faizdən 52,8 faizə çatması ilə izah edilə bilər. Amma nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının qeyri-neft sektorundakı çəkisi də bu illər ərzində 2 dəfədən çox azalıb. Bu məhz son bir neçə ildə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kəndli fermer təsərrüfatlarına, müxtəlif sahibkarlıq subyektlərinə dövlət dəstəyinin yüksəldiyi bir dövrdə baş verib. Deməli dəstək bir qədər də, özükompleks şəkildə artırılmalıdır ki, aqrar bölmənin ixrac potensialından istifadənin yüksəldilməsində müstəsna rol oynaya bilsin.

   Nəzərə almalıyıq ki, qeyri-neft sektoru üzrə ixrac əsasən özəl bölmə hesabına formalaşır. Bu baxımdan müasir iqtisadi proseslər şəraitində dövlətin sahibkarlığa dəstəyi xüsusi əhəmiyyətə malikdir.

   Yeri gəlmişkən, qeyd edək ki, Nazirlər Kabinetinin 2011-ci il 8 fevral tarixli qərarı bu mənada böyük əhəmiyyət daşıyır. Sənəd "2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı"nı əhatə edir. Tədbirlər Planında müəssisələrdə istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili üçün sahibkarlıq subyektlərinin dəstəklənməsi ilə yanaşı, ixrac prosedurlarının sadələşdirilməsi, ixrac məqsədli məhsulların istehsalının kreditləşdirilməsi, ixrac üçün perspektivli sayılan ölkələrdə müvafiq sərgilərin, forumların təşkili, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması və digər tədbirlər əksini tapıb.

   Xatırladaq ki, dövlət buna qədər 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir. AZPROMO-nun əsas məqsədi qeyri-neft sektorunun ixrac gücünün artırılmasıdır.

   Onu da deyək ki, qeyri-neft ixracında vəziyyət qənaətbəxş olmasa da tendensiya qanedicidir. Belə ki, son 10 ildə Azərbaycanın ixracı 8,7 dəfə artdığı halda qeyri-neft ixracı 10 dəfə, xidmət ixracı 9 dəfə artıb. 2011-ci ilin yekununda qeyri-neft sektoruna aid olan ixrac 2 milyard dollardan bir qədər artıq olub.

   Azərbaycan bitki heyvan mənşəli məhsulların, hazır ərzaq məhsullarının, kimya sənayesi məhsullarının, metallurgiya, maşın avadanlıqlar, toxujuluq sənayesi məhsullarının, xidmətlər ixracında isə nəqliyyat, turizm, rabitə, tikinti xidmətlərinin ixracını artırıb. Hazırda Azərbaycanın qeyri-neft ixracının strukturunda xidmətlərin payı 60%, əmtəələrin payı isə 40% təşkil edir.

  

 

   Vasif CƏFƏROV

 

   Ekspress. – 2012. – 11 oktyabr. – S. 9.