21 ilin iqtisadiyyatı

 

   Müstəqil Azərbaycan iqtisadiyyatı: dünəndən bu günə necə gəlib çıxdıq?

 

   Azərbaycanın müstəqilliyinin bərpasından bu gün 21 il ötür. Ötən müddət ərzində suveren respublikamız bütün siyasi-sosial-iqtisadi-mədəni problemlərinin öhdəsindən müstəqil şəkildə gəlməyə çalışıb və bu fonda böyük uğurlara imza atıb.

   Müstəqillik Azərbaycana iqtisadiyyat sahəsində də mövcud problemlərin öhdəsindən sərbəst şəkildə gəlməyi tələb edib. Son 21 ildə əldə edilən nəticələrin təhlili göstərir ki, ölkəmiz iqtisadi problemlərin öhdəsindən layiqincə gəlməyi bacarıb. Bunu son 21 ilin iqtisadi inkişafının əsas mərhələlərinə diqqət yetirməklə də görmək olar.

   Öncə qeyd edək ki, Azərbaycan çox ağır iqtisadi proseslərin baş verdiyi bir dövrdə müstəqilliyini əldə edib. 1989-cu ildən etibarən Azərbaycan iqtisadiyyatında geriləmə prosesi başlayıb. Müstəqillik qazandıqdan sonra iqtisadiyyatdakı geriləmə digər mütəffiq respublikalarla əlaqələrin itməsi səbəbindən növbəti 3 ildə bir qədər də dərinləşib. 1989-1991-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalı hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı 3 il ərzində azalmanın sürəti 3,8 dəfə artdı. 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı məhsulu istehsal edildi.

   Amma 1994-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatında bazar sisteminin tələblərinə uyğun olaraq aparılan islahatlar öz müsbət nəticələrini verdi. 1996-cı ildə sənayedə istehsalın azalması prosesinin qarşısı alındı və 1997-ci ildən bu sahədə başlanan inkişaf bu günə qədər davam etməkdədir. Yalnız son iki ildə neft hasilatının azalması sənaye istehsalının həcminin azalmasına səbəb olub.

   Görülən tədbirlər sahəsində Azərbaycan 2005-2007-ci illərdə iqtisadiyyatın inkişaf sürətinə görə dünyada lider ölkəyə çevrildi. Üç il ərzində ÜDM-in həcmi 2,1 dəfə artdı. 1996-cı ildən ötən dövr ərzində ÜDM istehsalı real göstəricilərlə 5,7 dəfə, o cümlədən sənayedə 5,5 dəfə, kənd təsərrüfatında 1,9 dəfə, tikintidə 41 dəfə, nəqliyyat xidmətlərində 3,7 dəfə, rabitədə 18,7 dəfə, ticarətdə 5,7 dəfə artdı.

   Sənaye sahəsində əldə edilən uğurlar indi daha yüksəkdir. Xüsusilə son 10 ildə sənaye çox sürətlə inkişaf edib. Yalnız 2011-ci ildə istehsal edilən sənaye məhsulu 1950-60-cı illəri əhatə edən 10 il ərzində istehsal olunan məhsula bərabərdir. Ötən 21 ildə ölkəmizdə 318 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

   Sözsüz ki, sənayedə bu nəticənin əldə edilməsində neftqaz sektorunun payı daha böyükdür. 21 il ərzində Azərbaycanda 460 milyon ton neft, 200 milyard kubmetrdən çox təbii qaz hasil edilib.

   Ölkəmizdə sənayenin inkişafında xarici şirkətlərlə qurulan müştərək müəssisələrin də payı yetərincədir. Son 21 ilə Azərbaycanda qurulan müştərək müəssisələrin sayı dəfələrlə artıb. Hazırda 30-dan artıq dövləti təmsil edən 235 xarici investisiyalı müəssisə fəaliyyət göstərir.

   İndiyədək iqtisadiyyatımıza müxtəlif mənbələr hesabına 100 milyard manat investisiya yönəldilib. Bunun 54 milyard manatını xarici investisiyalar təşkil edib.

   Ötən 21 ildə 2239 kolxoz, sovxozsair kənd təsərrüfatı müəssisəsi ləğv edilərək onların yerində 1525 kənd təsərrüfatı müəssisəsi, o cümlədən 219 kənd təsərrüfatı müəssisəsi, 331 kollektiv müəssisə, 73 kənd təsərrüfatı istehsalı kooperativi və 902 kənd təsərrüfatı müəssisəsi (MMC, ASC) yaradılıb.

   Aqrar sahədə aparılan islahatlar ötən müddətdə kənd təsərrüfatı məhsullarının istehsalını 58,1 faiz artırmağa imkan verdi. Nəticədə taxıl istehsalı 1,7 dəfə, kartof istehsalı 6,3 dəfə, tərəvəz 2,4 dəfə, bostan məhsulları 9,2 dəfə, meyvə və giləmeyvə 2,1 dəfə artırılıb. Kəsilən ət istehsalı bu dövrdə 2,7 dəfə, süd 1,9 dəfə, yumurta 2 dəfə artıb.

   Nəqliyyat sektorunda inkişaf daha güclü olub. Bütün göstəricilər üzrə artım bir neçə dəfəyə çatıb. Azərbaycan müstəqil olanda ölkəmizdə 393 min ədəd avtonəqliyyat vasitəsi olduğu halda, hazırda bunun sayı 1 milyonu ötüb. Avtomobillərin 871 min ədədi şəxsi minik avtomobilidir. 1991-ci ildə hər 100 ailəyə 18 minik avtomobili düşdüyü halda hazırda bu göstərici 44-ü ötüb.

   Rabitə sahəsində ciddi irəliləyişlər olub. 1993-cü ildə 164 radio-televiziya stansiyası olduğu halda bu say indi 2 dəfə artıb. Azərbaycanda indi 600 mindən çox kompüter var. Hər 100 ailənin 36-sı internet istifadəçisidir. Ölkədə fəaliyyət göstərən hər 4 müəssisədən 1-i kompüterə sahibdir.

   İqtisadi inkişaf əhalinin gəlirinin artımına imkan yaradıb. 1993-cü illə müqayisədə ərzaq satışı 4 dəfə, qeyri-ərzaq mallarının satışı 8 dəfə artıb. İndi il ərzində ölkənin hər bir sakini orta hesabla 1800 manatlıq məhsul alır. Bu 1993-cü ilə nisbətən 3,5 dəfə yüksək göstəricidir.

   Ticarət sahəsində ciddi kəmiyyət keyfiyyət dəyişikliyinə nail olunub. 1993-cü ildə xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi 1,353 milyon ABŞ dollar olduğu halda, sonraki illərdə ticarət əlaqələri genişlənərək 2011-ci ildə 36,3 milyard ABŞ dollarına çatıb. Yəni, 1993-cü illə müqayisədə 27 dəfə artıb.

   Bu illər ərzində xarici ticarət əlaqələrinin strukturu xeyli dəyişib. İdxalın ümumi həcmində respublikaya gətirilən ərzaq məhsullarının xüsusi çəkisi 1993-cü ildə 21,2 faiz, 1995-ci ildə 41,6 faiz olduğu halda, 2010-cu ildə bu göstərici azalaraq 18,6 faiz təşkil edib.

   Ərzaq məhsullarının idxalının azalmasına səbəb ölkəmizdə ərzaq məhsullarının istehsalının ilbəil artması olub.

   Qısası, iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı çox maraqlı göstəricilər, nəticələr sadalamaq mümkündür. Bütün bunlar Azərbaycan iqtisadiyyatının son 21 ildə keçdiyi yolu göstərir. Bu illərin təcrübəsi göstərir ki, müstəqil Azərbaycan problemlərinin öhdəsindən gələ bilir, inkişaf, tərəqqi və çiçəklənmə üçün böyük resurslara və potensiala sahibdir.

 

 

   Vasif

 

    Ekspress. – 2012.- 18 oktyabr. – S. 7.