"Biz də xaricdən pul istəyəcəyik"

 

  Sərdar Cəlaloğlu: "Cərimələrin artırılması büdcəni müxalifətçilərin hesabına doldurmağa yönəlib"

 

  "Ruhannaya verilən qonorar bir partiyaya bir ildə veriləcək puldan çoxdur"

 

  Ölkənin ictimai-siyasi gündəminin aktivləşdiyi bir vaxtda daha bir necə mövzu siyasi məsələlərə diqqəti artırıb. Bunlardan biri icazəsiz aksiyaya çıxanlara qarşı sərt cərimələrin tətbiq olunması, ikincisi isə siyasi partiyaların maliyyələşməsi ilə bağlı gələn ilin dövlət büdcəsindən vəsaitin nəzərdə tutulmasıdır. Deputat Rəfael Cəbrayılovun hazırladığı "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, Cinayət Məcəlləsinə İnzibati Xətalar Məcəlləsinə əlavə dəyişikliklər layihəsində hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslərin cəriməsinin 500 manatdan 1000 manatadək, təşkilatçıların isə 1500-6000 manat arası cərimələnməsi nəzərdə tutulub. Təşkilatçı hüquqi şəxsdirsə, bu rəqəm 30000 manatadək yüksəlir. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, bu təklif həm dövlət büdcəsini doldurmağa, həm insanları siyasi proseslərdən çəkindirməyə yönəlib.

   - Müxalifət partiyalarında bu layihə necə qarşılanıb?

   - Mən düşünürəm ki, bu təklifin meydana gəlməsində bir neçə məqsəd güdülür. Birincisi, bu yolla istəyirlər ki, dövlət büdcəsinə vəsait daxil olsun. Məlumdur ki, neft istehsalında yaranan vəziyyət dövlət büdcəsində öz təsirini göstərəcək. Tək siyasi sahədə deyil, cəmiyyətin bütün sahələrində cərimələr, vergilər, bir çox xidmətlərin haqqı artırılacaq. Maaşların verilməsində gecikmələr olacaq. Bu yolla büdcədə yaranan boşluğun qismən olsa doldurulmasına cəhd göstəriləcək. Məncə, bu mürtəce qanun layihəsinin ortaya çıxarılmasının məqsədi kasıb müxalifətçilərin hesabına dövlət büdcəsinin kəsirlərini doldurmağa yönəlib.

   İkincisi, bu təklif insan hüquq azadlıqlarına qarşıdır. Konstitusiyada insanların sərbəst toplaşmaq azadlığı təsbit olunub. orada yazılmayıb ki, kütləvi aksiyaya çıxan vətəndaş cərimələnməlidir. Ümumiyyətlə, dünya ölkələrində qanunlara edilən dəyişiklərin insan hüquqlarının genişləndirilməsinə hesablandığı bir dövrdə Azərbaycanda insan hüquqlarını məhdudlaşdıran qanunların qəbulu yolverilməzdir. Üçüncüsü isə ölkədə minimum əməkhaqqı, insanların aldığı maaşlar imkan verirmi ki, belə sərt, böyük məbləğdə cərimə sanksiyaları tətbiq olunsun. Xüsusən nəzərə alsaq ki, aksiyalara çıxan müxaliətçilərin böyük əksəriyyəti işsizdir. Hətta prezidentin aldığı maaş 30 min manata çatmır. Deputatın maaşı 1500 deyil. Müəllim, həkim 100-150 manatla hansı cəriməni verə bilər. Ona görə belə bir qanunun qəbulu yolverilməzdir.

   - Müxalifətin bununla bağlı hansısa formada etirazı olacaqmı?

   - Biz hələ bunu ümumilikdə müzakirə etməmişik. Çünki məsələ yeni gündəmə gəlib. Ancaq bu, ciddiləşərsə, birgə addımlar atmağa çalışacağıq. Bunula bağlı Konstitusiya Məhkəməsinə müraciət olunacaq ki, Konstitusiya şərhi verilsin. Bundan başqa, Avropa Məhkəməsinə, beynəlxalq təşkilatlara müraciət olunacaq.

   - Siz irəli sürülən ideyanı hakimiyyətin adı ilə bağlayırsınız, amma onun müəllifi heç iqtidarın təmsilçilərindən sayılmır...

   - O deputat parlamentdə bir dəfə ağzını açıb danışan deyil. Bir dəfə danışdı, onda da demokratiyanın, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması yönündə... Ona görə də mən hesab etmirəm ki, bu, onun öz təşəbbüsüdür.

   - Artıq siyasi partiyaların büdcədən maliyyələşdirilməsi ilə bağlı məsələ reallaşır. 2013-cü ilin dövlət büdcəsində parlamentdə təmsil olunan partiyalara 2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Siz nə etməyi düşünürsünüz?

   - Biz əvvəldən də demişik ki, bu qayda ilə siyasi partiyaların maliyyələşməsi həm qanuni, həm siyasi, həm də ədalət baxımından doğru deyil. Bildirilir ki, 3 faizdən yuxarı həddi keçmiş partiyalar maliyyələşəcək. Axı, parlamentdəki deputatların heç də hamısı partiya təmsiçisi kimi seçkidə iştirak etməyib. Məsələn, Fərəc Quliyev bitərəf kimi seçkiyə qatılıb. Və ya Sabir Hacıyev... Biz isə onlardan on dəfə çox səs toplamışıq. Bu cür maliyyələşmə ölkənin real siyasi spektrini ədalətli şəkildə ifadə etmir və qeyri-bərabər rəqabət mühiti yaradır. Hətta siyasi partiyalara ayrılan rəqəm belə çox azdır. Baxın, QHT-lərə və KİV-ə bundan daha çox pul ayrılır. Yaxud, bir olimpiya çempionuna verilən mükafat YAP da daxil olmaqla bütün partiyalara verilən vəsaitdən daha çoxdur. Yaxud, Ruhannaya verilən qonorar bir partiyaya bir ildə veriləcək puldan çoxdur. Bundan əlavə, müxalifət partiyaları üçün heç bir şans tanınmır. Biz nə etməliyik? İş adamları bizə yaxın gəlmir, dövlətdən də kömək yox. Onda biz də təklif edəcəyik ki, xaricdən siyasi partiyaların yardım almasına qoyulan qadağa ləğv edilsin. Bunu dövlətin təhlükəsizliyi ilə əlaqələndirirlər. Amma o qədər nazirliklər var ki, xaricdən qrant alır. Siyasi partiyanın qrant alması o qədər də təhlükəli deyil, nəinki dövlət qurumunun.

   - Bəs siz indiki halda təklif edirsiniz?

   - Hesab edirik ki, ya 2005-ci il parlament seçkisinin nəticələri əsas götürülməlidir, ya da bu qanunun tətbiqi 2015-ci il seçkisindən sonraya saxlanılmalıdır.

 

  

   A.CAMAL

 

   Ekspress.  -2012.  -18 oktyabr. – S. 12.