18 Oktyabr - Azərbaycanın yenidən doğulduğu gün

 

   İstiqlalçı deputatlar Müstəqillik Gününü qeyd etdilər

 

   Bu gün Dövlət Müstəqilliyi Günüdür. Bununla bağlı dünən istiqlalçı deputatların "18 oktyabr yığıncağı" keçirilib. Tədbirdə 18 oktyabr gününün tarixindən, müstəqilliyin əldə olunmasından, Azərbaycanın hazırkı vəziyyəti və gələcək milli hədəflərdən danışılıb.

   İstiqlalçı deputat, VAMBP sədri Hacıbaba Əzimovun sözlərinə görə, danılmaz bir həqiqətdir ki, Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsi, bu böyük tarixi hadisə, böyük nailiyyət asan başa gəlməyib. "Dövlət müstəqilliyimiz Azərbaycan xalqının uzun illər ərzində apardığı ağır mübarizə nəticəsində əldə edilib".

   H.Əzimov 1991-ci ildə Ali Sovetin 43 deputatının öz həyatlarının təhlükəsizliyini düşünmədən, ailəsinin təhlükəyə salmasına baxmayaraq, SSRİ-nin saxlanmasının əleyhinə səs verdiklərini xatırladaraq, elə o zamanda da Azərbaycanda müstəqilliyin əldə edilməsi prosesinin sürətləndiyini vurğulayıb. "1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyənnamə" hazırlandı. Nəhayət, oktyabrın 17-18-də Ali Sovetdə "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının müzakirəsinə nail olduq. O zaman 350 deputat arasında çoxlarının Ali Sovetin iclaslarını tərk edib foyedə gəzməsinə baxmayaraq, biz onları qayıtmağa məcbur etdik ki, forumu pozmasınlar".

   H.Əzimo bildirib ki, çox çətinliklə də olsa, həmin iclasda müstəqillik aktına səs verildi və bu da əhalidə böyük əhval-ruhiyyə yaratdı: "Bundan sonra qardaş Türkiyə, İran, Rumıniya, Pakistan Azərbaycanın müstəqilliyini tanıdı. Tezliklə Azərbaycan BMT-nin üzvü oldu. Əlbəttə bu, böyük nailiyyətdir. Artıq 21 ildir ki, biz müstəqil dövlətdə yaşayırıq".

   Müstəqillik gününün Azərbaycanda böyük təntənə ilə qeyd olunmamasından təəssüfləndiyini deyən Əzimovun sözlərinə görə, bununla bağlı prezident İlham Əliyevə dəfələrlə müraciətləri olub. "Qondarma bayramlara milyonlarla vəsait xərclənir, amma nədənsə bu bayram tamamilə geridə qalır. Bu mübarizəni davam etdirməliyik".

   Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, Azərbaycanın müstəqilliyi, istiqlaliyyəti haqqında danışarkən M.Ə.Rəsulzadə başda olmaqla ötən əsrin əvvəllərində Azərbaycana istiqlaliyyət gətirmiş şəxslərdən danışılmalı, onlar yad edilməlidirlər: "Azərbaycanda istiqlaliyyətin bərpa olunmasında tam böyük rol Azərbaycan xalqına məxsusdur. Azərbaycan Xalq Hərəkatının iştirakçılarına, Əbülfəz Elçibəyə məxsusdur. Bəzən deyirlər ki, Azərbaycan SSRİ-nin dağılması nəticəsində avtomatik olaraq meydana gəlib. Bu, tamamilə yanlış fikirdir. Azərbaycanda gedən xalq hərəkatı nəinki Azərbaycanın, hətta istiqlaliyyət uğrunda mübarizə aparmayan bir çox dövlətlərin də azadlığa çıxmasında həlledici rol oynayıb".

   1991-ci ildə ilk qadın deputatlardan olan Məryəm Həsənovanın dediyinə görə, 18 oktyabr Azərbaycanın yenidən dünyaya gəldiyi gündür. "Azərbaycan xalqının milli ruhu, orijinallığı, heç bir xalqa məxsus olmayan üstünlükləri 18 oktyabrda doğuldu. Məhz həmin gün Azərbaycan yenidən dünyaya gəldi. 18 oktyabr Azərbaycan xalqının qeyrətinin üzə çıxdığı bir gündür. Biz açıqəlli xalqıq və bu açıq əllər bir gün yumruğa dönəcək".

   Müsavat Partiyasının başqanı İsa Qəmbərin sözlərinə görə, o dövrdə mövqeləri sona qədər müdafiə etmək hər kişinin və hər qadının işi olmayıb: "Bu insanlar bunu edə bildi. Bu gün biz müxtəlif mövqedə ola bilərik, mövqelərimiz üst-üstə düşməyə bilər, amma bu insanlar bir-birinin ətini yesə də, sümüyünü atmazlar. Çünki bu insanlar öz canları bahasına çox iş görüblər. Onlar bu gün də, sabah da əllərindən gələni etməyə hazırdılar. İstiqlal sadəcə, bu 43 adamın xidməti yox, bütün xalqın xidmətidir. Gənclər bilməlidirlər ki, SSRİ-nin çökməsində 6 xalqın səyi olubsa, bunlardan birincisi Azərbaycandır. Əvvəlcə özümüzə bir-birimizə və millətimizə güvənimiz sonsuz olmalıdır".

   "Biz hər birimiz müxtəlif mövqelərdə ola bilərik, amma istiqlalçı deputatların hər biri hörmətə, adı qızıl həriflərlə yazılmağa layiq insanlardır. Bu bütün xalqın ümummilli xalq qələbəsi günüdür. Tanrı Azərbaycanı qorusun!".

   AMİP-in lideri Etibar Məmmədovun sözlərinə görə, Azərbaycan xalqı müstəqilliyi əldə edib, bundan sonra isə görüləsi çox işlər var: "Təəssüf ki, müstəqillik əldə olunandan sonra hakimiyyətdə olan heç bir qüvvə bu milli ideyanın axtarışında olmadı və nəticədə bu gün hərəmiz başqa işlərlə məşğuluq. Milli hədəflər müəyyənləşməlidir. Milli hədəf böyük və bütöv Azərbaycan olmalıdır".

 

  

   Günay TAĞIYEVA

 

   Ekspress.  -2012.  -18 oktyabr.  –S. 13.