Sahibkarlıq yüngül sənayedə axsayır

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Xarici ölkələrin sənayeləşmə təcrübəsi göstərir ki, məhsul istehsalının artırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, yeniçoxlu sahibkarlıq subyektlərinin yaradılmasının ən əlverişli yolu yeyintiyüngül sənaye sahələrinin inkişaf etdirilməsidir. Çünki adıçəkilən sənaye sahələrinin istehsal etdiyi məhsul gündəlik tələbatın ödənilməsi üçün nəzərdə tutulur, buna görə də həmin sənaye müəssisələrinin işə salınması çətin deyil.

Bununla bərabər bu sahələrdə istehsal böyük kapital və yüksək texnologiyaya bir o qədər də ehtiyac olmayan kiçik müəssisələr tərəfindən həyata keçirilməkdədir. Azərbaycanda da bazar iqtisadi sisteminə keçiddən sonra gözləmək olardı ki, qısa müddət sonra inkişafı hiss ediləcək sahələrdən biri məhz yüngül sənaye olacaq. Lakin bu, belə olmadı. Birinci özəlləşdirmə proqramı çərçivəsində yüngül sənaye sahələrinə aid olan 70-dən artıq istehsal müəssisəsinin xüsusi mülkiyyətə verilməsinə baxmayaraq, həmin müəssisələr sonradan fəaliyyət göstərə bilmədi.

Bunun günahı özəlləşdirmədə deyildi. Dövlət müstəqilliyinin əldə edilməsi ilə bərabər ittifaq respublikaları ilə təsərrüfat əlaqələrinin pozulması və eyni zamanda bu müəssisələrdə yeni texnologiyaların tətbiq edilə bilməməsi yüngül sənayedəki tənəzzülün əsas səbəblərindən sayılır.

Sovet dövründə fəaliyyət göstərən yüngül sənaye müəssisələrinin əksəriyyətində istehsal daxili bazardakı tələbatdan daha yüksək olub. Həmçinin bu müəssisələrin istehsal etdikləri məhsullar, sənayesi daha yüksək inkişaf etmiş ölkələrə nisbətən daha az rəqabətli məhsullar idi. Yəni, necə deyərlər, bazarda bu məhsulların alternativi olmadığından, istehsal müəssisələri özünü rahat hiss edirdi və keyfiyyətli məhsul buraxmaq haqqında düşünmürdülər. Ona görə də Azərbaycanda sovet adamlarının əksəriyyəti imkan daxilində qara bazarlardan digər sovet respublikalarının, eyni zamanda sosialist respublikalarının yüngül sənaye məhsullarını alıb istifadə etməyə üstünlük verirdilər. Bu arxayınçılıq onunla nəticələndi ki, Azərbaycanda yüngül sənaye sahələrində rəqabətədavamlı məhsul istehsalı ilə məşğul olunmadı, istehsal prosesi buna müvafiq təşkil edilmədi və bazar iqtisadiyyatına keçiddən sonra bütün müəssisələr iflic oldu.

Bununla belə statistik rəqəmlər göstərir ki, sovet dövründə Azərbaycan iqtisadiyyatının inkişaf etmiş sahələrindən biri yüngül sənaye sahələri idi. 1990-cı ildə ümumi sənaye məhsulunda yüngül sənayenin payı 21% təşkil edib. Yüngül sanayedə çalışanların 23%-i işləyib. Sovetlər zamanı bu sahə ümumi daxili məhsulun 8%-ni təmin edirdi. Hesablamalar göstərir ki, sovet dövründə Azərbaycanda 4 milyard dollar dəyərində yüngül sənaye məhsulları ixrac olunurdu. Bu gün isə yüngül sənaye məmulatlarına tələbatın 90%-dən çoxu idxal hesabına ödənilir.

Məlumat üçün deyək ki, yüngül sənaye özündə toxuculuq tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq sahələrini birləşdirirr. Yüngül sənaye ona bitki xammalı (pambıq, kətan), heyvandarlıq xammalı (yun, ipək, xəz-dəri) və süni və sintetik liftlər verən kimya sənayesi ilə sıx əlaqədardır.

Azərbaycan istehlak malları istehsalı üçün kifayət qədər xammal ehtiyatına, işçi qüvvəsinə və bazara malikdir. Lakin tarixən bu əlverişli imkanlardan lazımınca istifadə edilməyib. Bunun nəticəsində respublikaya parça, paltar, ayaqqabı və s. malların xeyli hissəsi indinin özündə kənardan gətirilir.

Ekspertlərin fikrincə, Azərbaycanda yüngül sənayenin inkişaf etməməsi daxili amillərlə bağlıdır. Nəzəri baxımdan bir ölkədə yerli istehsal bir neçə səbəbdən inkişaf etməyə bilər. Əgər yerli məhsullar xaricdən idxal olunan mallarla həm keyfiyyət, həm qiymət baxımından rəqabət apara bilmirsə, bu sahə inkişaf etmir. İkinci səbəb kimi ölkədə yerli istehsala mane olan bürokratik maneələri, investisiya mühitinin və hüquqi bazanın əlverişli olmaması da inkişafı ləngidir. Ekspertlərə görə, yüngül sənaye sahələrində fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanları olmalıdır, onlar müxtəlif yollarla istehsalın genişləndirilməsinə təşviq edilməlidir.

Bildirək ki, ölkəmizdə Nazirlər Kabinetinin mütəxəssisləri tərəfindən yüngül sənaye müəssisələrinin dirçəldilməsi və inkişafı məqsədilə bir neçə il əvvəl proqram layihəsi hazırlanmışdı. Lakin bu proqram həyata keçirilməsi, vəsait çatışmamazlığından qeyri-müəyyən vaxta qədər təxirə salındı. Bu proqram yüngül sənaye müəssisələrinin 30%-nə qədərini dirçəltmək üçün lazım olan kompleks tədbirləri nəzərdə tuturdu. Lakin sonralar struktur islahatları çərçivəsində Nazirlər Kabinetində fəaliyyət göstərən və bu cür təkliflərlə çıxış edən yüngül sənaye şöbəsi ləğv edildi.

Qısası, yüngül sənaye sahələrinin yenidən dirçəlmə ehtimalı yalnız və yalnız bazarın öhdəsinə qalıb. Bazar isə hələ bunu bacarmır. Xarici ticarətə dair məlumatlar göstərir ki, Azərbaycanda az sayda olan yüngül sənaye məhsulları əsasən daxili bazar üçündür. Yüngül sənayenin ən böyük bədbəxtçiliyi xarici ixracatçılarla rəqabət apara bilməməsidir. Hazırda Azərbaycan bazarını ucuz olduğuna görə, Çin, Hindistan, Pakistan və İrandan gətirilən mallar, keyfiyyətli olduğuna görə isə Türkiyə və yenə də Çin malları doldurub. Ölkə vətəndaşları Azərbaycanda istehsal edildiyi bilinən yüngül sənaye məhsullarına yaxın durmaq, onun alıcısına çevrilmək istəmir. Yerli istehsalçılar belə vəziyyətdə çıxış yolunu keyfiyyətli məhsul buraxmaq yox, istehsal etdiyi malın üzərinə tanınmış ölkələrin, firmaların etiketlərini vurmaqla satışa çıxartmağı üstün tuturlar.

Rəsmi məlumatlara görə, 2011-ci ildə Azərbaycan xaricə 121 min dollarlıq xalça və digər döşəməüstü örtüklər satdığı halda 4,9 milyon dollarlıq eyni növ məhsullardan alıb. Eynilə 4,67 min dollarlıq trikotaj parça satan ölkəmiz xaricdən 564 min dollarlıq parça alıb.

Ümumilikdə Azərbaycan 6 milyon dollar dəyərində paltar satıb. Amma aldığı paltarın dəyəri 33 milyon dollar təşkil edib. Ölkəmiz keçən il 440 min dollar dəyərində ayaqqabı satdığı halda, xaricdən 7 milyon dollar dəyərində ayaqqabı alıb.

Bu faktlar sübut edir ki, Azərbaycanın yüngül sənayesi idxal məhsulları ilə rəqabət apara bilmir. Bunun nəticəsidir ki, daxili tələbatın böyük hissəsi idxal hesabına təmin olunur. Təsəvvür edin ki, 2011-ci ildə sənaye məhsulunun cəmi 0,4%-i və ya 111 milyon manatlıq hissəsi yüngül sənaye sahələrində istehsal edilib. Yüngül sənaye üzrə 177 müəssisə fəaliyyət göstərib. 2005-ci illə müqayisədə müəssisələrin sayında azalma var. Altı il əvvəl 210 müəssisə fəaliyyət göstərib.

Ən çox müəssisə toxuculuq sənayesi sahəsindədir. Burada 77 müəssisə fəaliyyət göstərir və onlar ümumilikdə 52,3 milyon dollarlıq məhsul istehsal edib. Müəssisələrin sayı azalsa da, məhsul istehsalında artım var. Artım son 6 ildə 50%-i ötüb.

Toxuculuq sahəsinə 2005-ci ildən bəri 37 milyon manatdan artıq investisiya qoyulub. Toxuculuqda əsasən pambıq mahlıcı, yağsızlaşdırılmış xalis yun, hazır pambıq parçalar, ipək parçalar, pambıq yataq ağları və s. buraxılır.

Yüngül sənayenin ikinci ən böyük sahəsi geyim istehsalıdır. Burada 2011-ci ildə 80 müəssisə fəaliyyət göstərib. Bu müəssisələr tərəfindən 38,5 milyon manatlıq məhsul buraxılışı olub. Burada da müəssisələrin sayı azalsa da məhsul istehsalında artım var. 2005-ci ildən bəri geyim məhsullarının istehsalında 2,36 dəfə artım qeydə alınıb. Geyim sektoruna 2005-ci ildən bəri 35 milyon manat həcmində sərmayə qoyulub. Sektorun əsas məhsulları kişilər və ya oğlanlar üçün köynəklər, xalça və xalça məmulatları, trikotaj - corab məmulatları və s. təşkil edir.

Dəri və dəridən məmulatların və ayaqqabıların istehsalı yüngül sənayenin üçüncü bölməsidir. Bu bölmə üzrə cəmi 20 müəssisə fəaliyyət göstərir. Ötən il 20 milyon manatlıq məhsul istehsal edən bölməyə aid olan sahibkarlar 2005-ci ildən bəri istehsalın həcmini 5 dəfə artıra bilib. Dəri və dəridən məmulatların və ayaqqabıların istehsalına son 6 ildə 5,8 milyon manatlıq sərmayə qoyulub.

Beləliklə, yüngül sənaye sahələri 2005-2011-ci illərdə təxminən 78 milyon manatlıq sərmayə cəlb edilib. Bu fakt yüngül sənayenin niyə bu qədər zəif inkişaf etdiyini göstərir. Lakin sevindirici fakt ondan ibarətdir ki, son illərdə yüngül sənaye sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı azalsa da müəssisələrin özündə böyümə baş verir. Yəni, kiçik müəssisələrin yerini tədricən iri müəssisələr tutur ki, bu da gələcəkdə rəqabədavamlı məhsul istehsalı üçün əsas yaradır.

Lakin istənilən halda Azərbaycan yüngül sənayenin inkişafı baxımından çox gecikir. Xarici təcrübəyə diqqət yetirdikdə görürük ki, böyük inkişaf sürətini əldə edən bir çox inkişaf etməkdə olan ölkələrdə qabaqcıl sahələrin arasında yüngül sənaye xüsusi mövqeyə malikdir. Artıq inkişaf etməkdə olan ölkələr yüngül sənayenin istehsal və ixrac imkanlarına görə, inkişaf etmiş ölkələrə çatıb, hətta bəzi göstəricilərə görə üstələyib. Həmin ölkələrdə yüngül sənayenin inkişafı məhz yuxarıda da qeyd etdiyimiz kimi bu sektorun əlverişli imkanları ilə bağlı olub. İndi yüngül sənaye məhsulları bazarının 50%-i, bəzi bölmələri üzrə isə hətta 70%-i həmin ölkələr hesabına formalaşır.

Azərbaycan da bu yolu getməklə yüngül sənayeni inkişaf etdirə bilər. Unutmayaq ki, bu sahədə ölkəmizin böyük təcrübəsi, kadr potensialı olub. Ona görə də Azərbaycanın yüngül sənayenin inkişafında vaxt itirməyə haqqı çatmır.

Məlumat üçün qeyd edək ki, yeni istehsala qədəm qoyan müəssisələrin rəqabət qabiliyyətinin təmin edilməsi üçün müasir iqtisadi ədəbiyyatda 3 ilə 8 il arasında dəyişən müddətin lazım ola biləcəyi düşünülür. Lakin dünya ölkələrinin təcrübəsində hökumətin himayə müddəti ölkədən ölkəyə, sektordan sektora, dövrdən dövrə böyük fərqlər göstərib. Məsələn, Yaponiyada yüngül sənayenin inkişafı 20-30 il, Cənubi Koreyada 40 il, gəmiqayırma sənayesi isə 1-2 ildə inkişaf etdirilə bilmişdi.

 

  

Vasif CƏFƏROV

 

Ekspress. – 2012.  - 25-29 oktyabr. – S. 9.