Kreditlər sahibkarların əsas maliyyə qaynağıdır

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Sahibkarların istifadə etdiyi maliyyə mənbələri arasında banklar xüsusi yerə sahibdir. Banklar müxtəlif mənbələrdən cəlb etdiyi, həmçinin öz kapitalı hesabına formalaşdırılan vəsaitlər hesabına sahibkarların kredit tələbatını ödəməyə çalışır. Kreditləşmə bank xidmətlərinin əsas hissəsi olaraq qalır və ildən-ilə maliyyə xidmətlərindən istifadənin genişlənməsi prosesi davam edir.

Məlumdur ki, banklar 3 növ kredit təşkilatından (qeyri-bank kredit təşkilatı və kredit ittifaqları ilə birgə) biridir. Amma Azərbaycanda kredit təşkilatları arasında maliyyələşdirmənin əsas təminatçısı məhz banklardır. Son məlumatlara görə, banklar bütün kredit təşkilatları tərəfindən ayrılan kreditin 97,2 %-ni verib. Kredit təşkilatları ümumilikdə 11,15 milyard manat həcmində kredit verib ki, onun da 10,846 milyard manatını banklar ayırıb. Bu kiçik fakt bankların daxili kreditləşmədə nə qədər önəmli paya sahib olduğunu göstərir.

Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir ki, onlardan biri dövlət ("Azərbaycan Beynəlxalq Bankı"), qalanları özəl banklardır. Bankların 23-ü xarici kapitallıdır. Nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini xarici sərmayə təşkil edən bankların sayı isə 7-dir. Bankların yerli filialların sayı 672, şöbələrinin sayı 162-dir. Bankların aktivləri 15,5 milyard manat, kredit qoyuluşları 10,846 milyard manat, məcmu kapitalı 2,23 milyard manat təşkil edir.

Mərkəzi Bankın məlumatına əsasən, 2012-ci ilin ilk yarısında bank aktivlərinin dəyişimi əsasən kredit qoyuluşları ilə əlaqədar olub. Kredit qoyuluşları I yarımillikdə 8,8% artıb. Mərkəzi Bankın apardığı sorğular kreditə tələbin artdığını göstərir ki, bu da qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsindən irəli gəlir.

Qeyd edilməlidir ki, banklar tərəfindən iqtisadiyyata, onun sabit, az riskli inkişafına inam artıb. Bunun əsas göstəricilərindən biri verilən uzummüddətli kreditləri artım sürətinin yüksəlməsidir. Birinci yarımildə kredit qoyuluşları uzunmüddətli kreditlər hesabına artıb. Belə ki, bu dövr ərzində qısamüddətli kreditlər 1,5% azaldığı halda, uzunmüddətli kreditlər 13,2% artıb. İlin ilk yarısında uzunmüddətli kreditlərin bankların kredit portfelinin strukturunda payı 73,3% olub (1 yanvar 2012-ci il tarixinə 70,5%).

   Kreditlərin böyük hissəsini hüquqi şəxslərə verilən kreditlər təşkil edir. Hüquqi şəxslərə ilk 6 ayda ayrılan kreditlər 5,3% artıb və dövrün sonuna 6,313 milard manat (portfeldə payı 59,8%) olub.

   Bununla belə pərakəndə kreditlər daha yüksək və stabil artım tempinə malikdir.

   Hesabat dövründə ev təsərrüfatlarına verilən kreditlər (banklar üzrə) 15% artıb və dövrün sonuna 3,548 milyon manat təşkil edib. İstehlak kreditləri yarım ildə 16,3% artaraq ev təsərrüfatlarına verilmiş kreditlərin 75,8%-ni formalaşdırıb. Fiziki şəxslərə verilən kreditlərin 65%-i avtomobil və daşınmaz əmlakla bağlıdır.

   Fiziki şəxslərə daşınmaz əmlakın tikintisi və alınması üçün verilən kreditlər birinci yarımillik ərzində 12,8% artıb və 1 iyul 2012-ci il tarixinə 649,3 milyon manat təşkil edib. Bu kreditlərin ev təsərrüfatlarına verilən kreditlər portfelində payı dövrün sonuna 17,1% olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kreditlər isə 4% artaraq ev təsərrüfatlarına verilən kreditlərin 7,1%-ni yaradıb.

   Azərbaycanda banklar bazar iqtisadiyyatı şəraitində yaşayan bütün ölkələrdə olduğu kimi maliyyə vasitəçiliyi funksiyasını yerinə yetirir. Buna görə də bank sisteminin strukturlaşması, bank xidmət məntələrinin sayının artması, genişlənməsi önəmli məsələlərdəndir. Digər tərəfdən banklar öz aktivlərini və kapitalını artırmalıdır ki, iqtisadiyyatın, sahibkarların kreditlərə olan tələbatını tam qarşılaya bilsin.

   Son illərdə ölkəmizdə bank sektoru nəzərəçarpacaq dərəcədə inkişaf edib, böyüyüb. Lakin indiki səviyyənin özü hələ qənaətbəxş deyil.

   1996-cı ilin əvvəlində Azərbaycanda cəmi kapitalı 4,2 milyon ABŞ dolları olan 200 bank mövcud olub. Lakin 2001-ci ilin yanvar ayında bankların sayı 59-dək azalıb və onların cəmi kapitalı 532 milyon ABŞ dolları olub. 2006-cı ilin sonunda isə bankların sayı 44-ə enib. Həmin dövrdə bu bankların kapitalı 693 milyon ABŞ dolları idi. İndi isə bankların sayı 43 olsa da onların məcmu kapitalının həcmi 2,8 milyard dollardır. Yəni, 4 il yarımda bankların cəmi kapitalı 4 dəfə artıb.

   Ancaq istər aktivlərin indiki səviyyəsi, istər kredit portfelinin həcmi, istərsə də bank xidmət mərkəzilərini sayı iki dəfədən çox artırılmalıdır.

   İqtisadiyyatda baş verən artımın miqyasını nəzərə alaraq bank filiallarının artımının (2005-ci ildə 374 filialdan 2012-ci ildəki 672) kifayət qədər olmadığı görünməkdədir. Azərbaycanda hər 10 000 sakinə düşən bank filiallarının sayı təqribən 0,72-dir ki, bu da Ukraynanın (hər 10,000 sakinə 2 filial), Özbəkistanın (3) və İspaniyanın (10) eyni adlı göstəricilərindən kəskin surətdə fərqlənir.

   Eyni müqayisəni kreditlər üçünaparmaq olar. Qazaxıstanda bank kreditlərinin ÜDM-yə nisbəti 38 %, Latviyada 57 %, Avropa Birliyi ölkələrində orta hesabla 104 % təşkil edir. Azərbaycanda isə 19,3 %dir.

   Bankların kredit portfelinin kiçik olmasına depozitlərin azlığı dəlalət edir. Çünki bankların öhdəliklərinin böyük hissəsi məhz depozitlər hesabına formalaşır.

   2012-ci ilin I yarısı ərzində bank sisteminin resurs bazası əsasən daxili bazardan cəlb edilən vəsaitlər hesabına artıb. Bankların cəlb etdiyi cəmi depozitlər 9 milyard manatdan çoxdur. Depozitlərin həcmi ildən-ilə artsa da fəxr olunası səviyyədə deyil. Azərbaycanda depozitlərin ÜDM-yə nisbəti 18 %dir. Qazaxıstanda bank depozitlərinin ÜDM-yə nisbəti 22 %, Litvada 35 və Avropa Birliyi ölkələrində orta hesabla 90 % təşkil edir.

   İqtisadiyyatın həcmi ilə müqayisədə bank sistemi əhəmiyyətli dərəcədə kiçikdir. Keçmiş bir neçə il ərzində Azərbaycan banklarında aktivlər, depozitlər və kreditlərin artımına baxmayaraq ümumilikdə aktivlər hələ də ÜDM-in təqribən 30 %-ni təşkil edir.

   Bildirək ki, Azərbaycanın bank sisteminin aktivlərinin artım sürəti son illərdə zəifləyib. Rəsmi məlumatlara əsasən, 2006-cı ildə bankların aktivləri 3,7 milyard manat olduğu halda, 2007-ci ildə 6,72 milyard manata, 2008-ci ildə 10,2 milyard manata yüksəlib. İllərin müqayisəsindən görünür ki, 2007-ci ildə aktivlər 81,6 %, 2008-ci ildə 51,2 % artıb. Sonrakı illərdə artım sürəti zəifləməyə başlayıb. 2009-cu ildə 11,66 milyard manat olan aktivlər, 2010-cu ildə 13,3 milyard manat, 2011-ci ildə 13,94 milyard manat, 2012-ci ilin iyunun 1-də isə 14,6 milyard manat təşkil edib. Illik artım tempi 2009-cu ildə 13,6 %, 2010-cu ildə 13,9 %, 2011-ci ildə 7,3 %, 2012-ci ilin birinci rübündə 5,3 % olub.

   Aktivlərin artımının zəifləməsi onun ÜDM- nisbətinin yaxşılaşmasını çətinləşdirir. Son göstəricilər nəzərə alınarsa bank aktivlərinin ÜDM- nisbəti son 3 ildə pisləşərək 30 %dən aşağı düşüb. 2006-cı ildə aktivlərin ÜDM- nisbəti 20,5 %, 2007-ci ildə 25 %, 2008-ci ildə 25,4%, 2009-cu ildə 33,5 % olduğu halda, 2010-cu ildə 32 %-ə, 2011-ci ildə 27,8 %-ə enib.

   İqtisadçılar kommersiya banklarının aktivlərinin həcminin artım sürətinin zəifləməsini bank bazarında rəqabətin zəif olması ilə əlaqələndirirlər. Zəif rəqabət aktivlərin artırılmasına mühafizəkar yanaşmaya sövq edir. Yəni, banklar aktivlərin artırılmasındansa, onun qorunub saxlanılmasına daha çox önəm verir.

   Məlumat üçün deyək ki, beynəlxalq təcrübədə bank aktivlərinin ÜDM-nin 50 %-dən yüksək olması daha məqbul sayılır. Keçmiş sosialist respublikalarından olan Şərqi Avropa ölkələrində bu nisbət 70-80 %-i həcmindədir. Azərbaycan əhalisinin gəlirləri nəzərə alınarsa aktivləri nəzərəçarpacaq dərəcədə artırmaq mümkündür. Bunun üçün nağdsız ödənişlər sistemi inkişaf etdirilməli, əhalinin banklara inamı bir qədər gücləndirilməli kretid siyasəti yaxşılaşdırılmalıdır.

   Müqayisə üçün deyək ki, Gürcüstanın kommersiya banklarının cəmi aktivləri 7,7 milyard dollardır, onun ÜDM- nisbəti isə 53 %-dir.

   Ermənistanda bank aktivləri 5,3 milyard dollar, ÜDM- nisbəti 52,4 %, Russiyada 1,372 trilyon dollar, ÜDM- nisbəti 76 %, Ukraynada 130 milyard dollar, ÜDM- nisbəti 78 % təşkil edir.

   İnkişaf etmiş ölkələrdə isə bankların mövqeyi daha güclüdür. Belə ki, İngiltərədə bank aktivləri 11 trilyon dollardan (2010 dekabr) çoxdur onun ÜDM- nisbəti 430 %-dir. ABŞ-da bank aktivləri 15 trilyon (2010) ya ÜDM-nin 105 %-i, Almaniyada 8 trilyon (2010) ya ÜDM-nin 230 %-i həscmində, Çində 12,5 trilyon (2010) ya ÜDM-nin 220 %-i həcmindədir.

   Beləliklə, banklarin gücləndirilməsi, iqtisadi inkişafın tələblərinə cavab verilməsi üçün Mərkəzi Bank da hərəkətə keçib. Bunun ən bariz əlaməti bankların nizamnamə kapitalının 10 milyon manatdan 50 milyon manata qədər artırılmasına dair tələbdir. Mərkəzi Bankın mövqeyi belədir ki, bankların maliyyə vasitəçiliyinin genişləndirilməsi, qlobal maliyyə bazarlarına inteqrasiya bank xidmətlərinin yeni keyfiyyətini təmin etmək üçün kapitalizasiyanı davam etdirmək zəruridir. Əks təqdirdə bankların iqtisadi inkişafı dəstəkləmək əvəzinə tormozlayıcı rol oynaya bilər.

 

  

Vasif CƏFƏROV

 

Ekspress. – 2012. – 30 oktyabr. – S. 9.