Rəssam Ağəli İbrahimov: "Təfəkkürümüzdə hələ də sosializm realizmi qalır"

 

Tanınmış rəssam, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov vaxtilə - atəşkəsdən əvvəl rəssamlarla yığışıb səngərdə dayanan əsgərlərimizlə görüşə gedib, onların hansı çətin şəraitdə düşmənlə mübarizə aparmalarının şahidi olub.

Rəssam "Ekspress"ə müsahibəsində müharibə şəraitində yaşayan ölkədə, eləcə də paytaxtda müharibə mövzusunun, vətənpərvərliklə bağlı plakatların olmaması məsələsinə toxunub.

- İkinci Dünya müharibəsi illərində elə plakatlar çəkilirdi ki, onlara tamaşa edəndən sonra adamlar birbaşa müharibəyə yollanırdılar. İndisə Qarabağı, itirdiyimiz şəhərləri, şəhidləri əks etdirən, vətənpərvərlik mövzusunda çəkilən plakatlara rast gəlmək olmur...

- Mən sizinlə tam razıyam. Rəssamlar İttifaqı beynəlxalq sərgilər də təşkil edir. Dəfələrlə beynəlxalq plakat sərgiləri təşkil etmişik. Plakat üzrə bizim yüksək səviyyəli rəssamlarımız çoxdur. Dəfələrlə "Bakı" İncəsənət Mərkəzində Qarabağ problemi, vətənpərvərlik mövzusunda plakat müsabiqəsi keçirmişik. Bunu keçirməkdə məqsədimiz o idi ki, orda ilk yerləri tutan rəssamların əsərləri Bakının görməli yerlərində yerləşdirilsin. Amma bilirsiniz ki, bu reklamların yerləşdirilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir və bu məsələdə müəyyən problemlər var...

Bir müddət əvvəl bizim heykəltəraşlarımız paytaxtımız üçün hazırladıqları yeni layihələrlə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun yanına gəlmişdilər. Onların bəziləri gördüyü işə görə heç bir qəpik də pul istəmir. İstədikləri yalnız bizim qəhrəmanlarımız, Qarabağ müharibəsində şəhid olanlar barədə, ümumiyyətlə, vətənpərvərlik mövzusunda sənət əsərləri yaratmaqdır. Hələlik biz bu mövzuda işlənilən əsərləri toplayırıq. İnşallah, hörmətli prezidentimiz İlham Əliyevin və Bakı meri Hacıbala Abutalıbovun da iştirak edəcəyi gözlənilən sərgi təşkil edib həmin əsərləri nümayiş etdirmək istəyirik. Bu barədə artıq Hacıbala müəllimə müraciət etmişik. Bir sözlə, siz dediyiniz mövzuda əsərlərimiz çoxdur.

- SSRİ dönəmində rəssamlara emalatxana üçün yer ayrılar, başqa qayğılar göstərilərdi. İndi vəziyyət nə yerdədir?

- İndi biz elə gün olur ki, 3 sərgi açırıq. Bu sərgilərə də müəyyən səfirliklər, şirkətlər sponsorluq edir. Gənc rəssamlar üçün bu gün böyük imkanlar yaranıb. Çünki bu şirkətlər gənclərə daha çox maraq göstərirlər, nəinki yaşlılara. Hətta gənclərin xaricdə də sərgilərini təşkil edirlər. Düzdür, sərgilərin sayı çoxdur, lakin burda problem əsərlərin satılmamasındadır. Çünki xalqın böyük əksəriyyətinin güzəranı rəsm almağa imkan vermir. Çoxları gündəlik çörəkpulunu güclə qazana bilir, o ki, qaldı portret çəkdirə. Amma yaşayış binaları tikən müəyyən şirkətlər var ki, bəzi rəssamlarla müqavilə bağlayıb onların əsərlərini alırlar. Amma bu gün əsl rəssamların əl işlərinə lazımi maraq göstərilmir. Burda da pis bir məqam ortalığa çıxır: əsl sənət kənara qoyulur və rəssam bazar üçün işləyir. Yəni, rəssamın imkanı yoxdur ki, ürəyindən keçən əsəri işləsin. Çünki o əsəri heç kim almayacaq. Bu da rəssamları əsl sənətdən "xalturaya" sürükləyir. Müəyyən qədər çalışırıq ki, bunun qarşısını alaq. Rəssamlar İttifaqının 30-dan çox üzvü prezident mükafatı və təqaüdü alır, bundan başqa, biz özümüz hərəsinə ayda 500 manat olmaqla 7 rəssama təqaüd veririk ki, "xalturaya" qoşulmasınlar. Bayaq SSRİ-dən söhbət açıldı. O dövrdə Azərbaycan xalqı böyük bir mədəniyyətə yiyələndi. Əgər bütün müsəlman dövlətlərinə diqqət yetirsək, misal üçün, qonşu Türkiyədə bizim çoxlu rəssamımız işləyir. Biz istedadlı gənc rəssamları daim diqqət mərkəzində saxlayır, həvəsdən düşməmələri üçün tez-tez onların sərgilərini təşkil edirik. Məsələn, Gənclər və İdman Nazirliyi ilə hər il gənclər üçün müsabiqə-sərgilər keçirib onlara pul mükafatları veririk. Həmçinin BP, "Amoco", "Samsung" və s. şirkətlər, "Bank of Baku" bizim gənc rəssamlara böyük köməkliklər göstərirlər.

- Ağəli müəllim, rəssamlıqda yeni cərəyanlarla bağlı nə deyə bilərsiniz?

- Biz rəssamlıq sahəsində baş verən yenilikləri izləyirik, yeni kataloqlar əldə edirik. Bu gün bütün dünyada realist mövzulara geniş yer verilir. Bizim təfəkkürümüzdə isə hələ də sosializm realizmi qalır. Amma indi abstrakt realizmə geniş yer verilir. Son zamanlar bizim gənclər çox azaddırlar, mücərrədliyə çox meyl edirlər. SSRİ dövründə rəssamlar ideoloji çərçivədən çıxa bilmirdilər. Çıxanlara da təzyiqlər olurdu. Ötən əsrin 60-70-ci illərində bizdə Abşeron məktəbi yaranmışdı. Səttar Bəhlulzadə, Tofiq Cavadov, Əlövsət Əliyev, Toğrul Nərimanbəyov, Qorxmaz Əfəndiyev və Tələt Şıxəliyevlə Buzovnada yığışıb Abşeron kəndlərinin, Xəzərin mənzərələrini kətan üzərinə köçürürdük. Bir neçə il qabaq bu əsərləri dünyada tanınmış sənətşünaslara - Patrik Vessenə, Miladoka göstərəndə, onlar məəttəl qalmışdılar.

İndi də istedadlı rəssamlarımız var və ümid edirəm ki, gün gələcək bütün dünyada məşhur olacaqlar.

  

 

İltifat HACIXANOĞLU

 

Ekspress.- 2012.- 27 yanvar.-S.11.