Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə  saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   1963-cü ildə bir müddət M.Şəkinskini əvəz etmiş M.İ.Naydel Petros Baqdasaroviç Mosesov uğrunda "mübarizə" aparmış, SSRİ-nin digər dövlət arxivlərinə də müraciət etmişdir. Onun Moskvaya yola saldığı məktubu nəzərinizə çatdırıram:

 

   "Oktyabr İnqilabı Arxivinin rəisi N.P.Prokopenko yoldaşa

 

   Professor P.B.Mosesovun üzərində işlədiyi monoqrafiyası üçün arxiv marteriallarının surətinin çıxarılmasında köməklik göstərməyinizi xahiş edirəm.

   Bildirirəm ki, professor Mosesov bütün xərcləri öz üzərinə götürür. Ünvanı: Bakı şəhəri, Verxne-Bulvarnaya küçəsi, kvartal 224, mənzil 6.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəis müavini M.İ.Naydel.

 

   28 iyul 1963-cü il."  

 

   Beləliklə, Azərbaycan arxivlərində yuva salmış ermənilərin və qeyri-azərbaycanlıların havadarlığı ilə Məmmədəmin Şəkinskinin düşməni daşnak Mosesov 1963-cü ildə "Azərbaycan zəhmətkeşlərinin leninçi beynəlmiləl ənənələri" monoqrafiyasını başa çatdırmış və 1964-cü ildə Bakıda kitab halında nəşr etdirmişdir.

   Araşdırmalarımız göstərir ki, M.Şəkinskinin müvəqqəti olaraq iş başında olmamasından istifadə edərək, onun müavini M.İ.Naydel ilə Ermənistan daşnakları ilə bilavasitə sıx əlaqə yaradılmışdır. 1963-cü il may ayının 11-də Ermənistandan göndərilmiş aşağıdakı məktub Azərbaycan Respulikası Dövlət Arxivində saxlanılır:

 

   "Hörmətli Naydel yoldaş!

 

   Ermənistan SSR Elmlər Akademiyası Tarix İnstitutunun arxitektura bölməsi Sovet Ermənistanının cənub-şərq rayonları yaşayış məntəqələrinin arxitekturasını tədqiq edir. Bu məqsədlə Azərbaycan arxivlərindəki materiallara ehtiyacımız vardır. Sizdən xahiş edirik ki, Azərbaycan SSR Arxiv İdarəsinin tarix fondlarında aşağıdakı mənbələr üzrə arxiv sənədlərinin olub-olmaması barədə bizə məlumat verəsiniz:

 

   1. Gorus şəhərinin (keçmiş Yelizavetpol quberniyası) köhnə baş planı.

   2. Gorus şəhərinin yaşayış evlərinin layihələri.

   3. Keçmiş Zəngəzur qəzasının salınmasına aid sənədlər.

   Əgər mümkünsə, bizə yazın ki, tikililərin çertyojlarının fotosurətlərini necə ala bilərik. Zərurət yaranarsa, biz institutumuzun bölmə əməkdaşını fotoqrafla birlikdə Bakıya ezamiyyətə göndərərik.

   Ermənistan SSR EA İncəsənət İnstitutunun direktoru R.V.Zaryan."

   Mark İsayeviç Naydel tabeliyindəki əməkdaşları işə qatmaqla Bakıdan Yerevana aşağıdakı cavab məktubunu göndərmişdir

 

   "Ermənistan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru R.V.Zaryan yoldaşa

 

   Azərbaycan SSR Mərkəzi Dövlət Tarix Arxivində Yelizavetpol qəzasının idarə olunması üzrə fondunda Gorus şəhərində evlərin və dükanların tikilməsi layihələri saxlanılır. Həmin layihələrin foto-surəti hazırlanaraq bu ilin iyun ayıda Sizə göndəriləcəkdir.

   Zəngəzur qəzasının salınmasına aid məlumatlara gəldikdə isə bildiririk ki, Azərbaycan SSR Mərkəzi Dövlət Tarix Arxivində belə sənədlər yoxdur. Göstərdiyiniz materialları Yelizavetpol qəzasının idarə olunmasının fondlarında axtarmaq lazım gəlir ki, bu da xeyli vaxt tələb edir. Bunu nəzərə alaraq, başçılıq etdiyiniz institutun əməkdaşlarının Bakıya ezam edilməsi məqsədəuyğun olardı.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi rəisinin müavini M.İ.Naydel.

 

   13 may 1963-cü il."

 

   Məmmədəmin Şəkinskinin Bakıda olmadığı müddətdə Ermənistan SSR Elmlər Akademiyasından Zaryanın nümayəndələri Azərbaycan arxivlərindən neçə-neçə tarixi arxiv sənədinin surətini çıxararaq Yerevana aparmışlar. Həmin vaxtlar eyni zamanda Moskvadan Azərbaycanın mərkəzi orqanlarına M.Şəkinski barədə anonim məktublar daxil olmuşdur. Bu imzasız şikayətlərdə M.Şəkinski "millətçi", "hümmətçi", "Bağırovun sağ əli", "müsavatçı" və i. a. təqdim edilir. Təəssüflə qeyd etməliyik ki, Azərbaycanın hökumət məmurları o zaman M.Şəkinskini mərdanə müdafiə etməmişlər. İş o həddə çatmışdır ki, baş arxivarusun Azərbaycan hüdudlarından kənara ezam olunmasına da icazə verilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan bir teleqramla tanış olun:

 

   "Moskvadan teleqram

 

   Bakı, Malıgin küçəsi, 6. Arxiv idarəsi, Şəkinskiyə

 

   Daşkənddə müşavirə dekabrın 7-də keçiriləcəkdir.

 

   Prokopenko."

 

   Ancaq M.Şəkinskinin Daşkənd səfərinin qarşısı alınmışdır. Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsindən ona bildirilmişdir ki, ilin sonunda ezamiyyət xərcləri tükənmişdir. Müdrik və ayıq insan məsələnin mahiyyətini teleqramın üzərində öz dəst-xətti ilə göstərmişdir: "Vəsait tapılmadığına görə müşavirədə iştirak etmək imkanım yoxdur.

 

   Şəkinski, 27 noyabr 1963-cü il."

 

   1963-cü ildə Məmmədəmin Şəkinskinin Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan, Estoniya, Latviya, Litva, Ukrayna, Belarusiya respublikaları ilə, eləcə də Moskva, Leninqrad şəhərləri ilə qiyabi əlaqəsinin qarşısını almaq mümkün olmamışdır. Məmmədəmin Şəkinskinin bilavasitə iştirakı və redaktəsi ilə hazırlanmış "Nazirliklərdə, idarə, müəssisə və təşkilatlarda arxiv işi" kitabçasına ümumxalq marağı səbəb olmuşdur.

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2012.- 28-30 yanvar.- S.15.