"Döymə Kərəmi" şah əsərin

 

         (Aşıq Faxrət Sultanovun işıqlı xatirəsinə)

 

Aşıq Soltanın beş övladından sayca dördüncüsü olan Faxrət uşaqlıqdan aşıq sənətinə meyl göstərmiş, atasının oxuduğu şeir və dastanları elə göydəcə mənimsəmiş, hələ 11 yaşındaykən isə atasının dəstəsində nağara çalmağa başlamışdı.

   Şirvanda aşıq dəstəsinin üzvləri adətən 6 ifaçıdan ibarət olur - aşıq sazla, xanəndə-aşıq qavalla, balabançı (həm də zurnaçı), dəmçi (züyçü), nağaraqoşanağara ilə hərəkət edərdilər. Elə Aşıq Faxrətin də dəstəsi 6 ifaçıdan ibarət olmuşdur: - Aşıq Faxrət (həm də dəstə rəhbəri), Eyvaz Ağayev - xanəndə-aşıq, Ağasoltan Fətəliyev (ara-sıra Boyatlı Həsənqulu Həsənquliyev) - balabançı (həm də zurnaçı), Xankişi Səlimov - dəmçi (züyçü), Qasım Qasımov - nağaraçı, Ziyəddin İslamov, və ya Məhər Məhərrəmov - qoşanağaraçı.

   Olmazdı Aşıq Faxrətin "Döymə Kərəmi"sindən...

       Xudaverdi Murad oğlu: Ötən əsrin 90-cı illərində ustadla bir avtobusda Kürdəmirdən Bakıya gedirlərmiş. Onun yol boyu elədiyi müxtəlif mövzulu söhbətlərinə sərnişinlər elə aludəliklə qulaq asırlar ki, Bakıya çatarkən ustadın avtobus sürücüsünə yol haqqı olaraq uzatdığı pulu sürücü götürməyərək "Ay kişi, sən bizə bu qədər söz danışdın, indiyol pulu verirsən, səndən pul almaq düzmü olar?!" - deyə ehtiramını bildirir.

   Aşıq Faxrətin oğlu Soltan: Qəbələnin ləzgilər yaşayan Dərəli kəndindən olan Surxay kişi Aşıq Faxrəti evinə qaymağa dəvət edir. Surxay kişinin arvadı kişilər oturan otağa girib-çıxdıqca aşığın əri ilə arasında olan ləzgi dilindəki söhbətlərini də dinşiyir və nəhayət özünü saxlaya bilməyib ləzgi dilində "Qonaq danışığından Laza ləzgisinə oxşayır" deməsi, əri və ustad tərəfindən qəhqəhə ilə qarşılanır və Surxay kişinin arvadı onun ləzgi olmadığını biləndə heyrətini gizlədə bilmir...

   Rafael: - Aşıq Faxrət çox çevik adam idi. Bir anda məclisin bu başından o biri başına quş kimi sıçrayardı, özü də gözəl hərəkətlə.

   Kürdəmirdən Aşıq Əhməd, Aşıq Şakir, Eynulla Cəbrayılov, məşhur balabanzurna ustası Həsrət Hüseynov və digərləri Yuxarı Şilyana qonaq gəliblərmiş.

   Aşıq Həsrət "Zəminxara" çalandan sonra, Aşıq Faxrət balabançısı Aşıq Ağasoltana üzünü tutaraq "Ağa, sən də Həsrət kimi çala bilərsən"" deməyinə, "Mən ondan da yaxşı çalmasam, balaban çalmağı tərgidərəm", - deyir Ağabir "Zəminxara" da o çalır.

   Həmkarını diqqətlə dinləyən Aşıq Həsrət "Ağa, mən bir də səndən icazəsiz çalmaram" deyir.

   Söhbət əsnasında Aşıq Şakir üzünü Aşıq Faxrətə tutub "kaş ki, sənin ritmin, söz qabiliyyətin, çevikliyin məndə olaydı" deyir, həmkarını və dostunu bağrına basır...

   Qəbələ rayonunun Bum kəndindən Hüseyin adlı bir müəllim iki toy danışmaq məqsədilə Yuxarı Şilyanın poçt şöbəsinə zəng vuraraq Aşıq Faxrətlə danışmaq istədiyini bildirəndə, poçt işçisi - aşığın dayısı oğlu olan Kabı Cavadov bibisi oğlu ilə arası olmadığından Hüseyn müəllimə Aşıq Faxrətin iki həftə əvvəl oğurluq üstündə tutulduğunu deyir.

   Məlumatdan təsirlənən Hüseyin müəllim, bu dəfə Kabıdan nağaraçı Qasımı çağırmasını xahiş edəndə, Kabı Qasımın bu gün Aşıq Faxrətə çörək apardığını deyirbununla da 2 toyun xeyrini fota vermiş olur...

   Bəşirov Abış: Aşıq Faxrətin yumor hissi olsa da (Şilyanlı olasan, yumor hissinolmaya?!) o, çox ciddidüz, tərifdən xoşu gəlməyən adam idi. Aşığın yaxşı ovçuluğu da var idi. O, Küdrünün "Xalid binəsi", "Sovxoz arası" (Zərdab rayonunun "Camışçılıq sovxozu" nəzərdə tutulur) "Qoşa binə" deyilən ərazilərdə elə hərəkətdə olan 67-60 AZL dövlət nömrə nişanlı M-21 markalı limon rəngli VOLQA-sının sükanı arxasından açdığı sərrast atəş nəticəsində sürətlə qaçan dovşanı hədəfinə çevirə bilirdi...

 

   Aşıq Faxrət həyətyanı təsərrüfata bağlı adam, yaxşı bağban idi. Əkməyi, becərməyi, əldə elədiyi bağbostan məhsullarını qonum-qonşu arasında səxavətlə bölüşdürməkdən də xüsusi həzz alardı.

   Vaxtının çox hissəsi məclislərdə keçən aşıq, bəzən həyətyanı təsərrüfat işlərini artıq ərsəyə çatmış oğlanlarına həvalə edərmiş ki, onlar da aşığı həmişə yarıtmazlarmış deyə, o verdiyi tapşırığın icrasına nəzarət etməli olarmış.

   Bir dəfə də o oğlanları Natiqə və Nüsrətə evin dalındakı torpaq sahəsini işləməyi (belləməyi) tapşıraraq öz işlərinin dalınca gedir. Aşıq Faxrət axşam evə dönərkən uşaqların yeri işləmələri barədə həyat yoldaşı Maviyə xanımdan soruşanda, ana uşaqları vəziyyətdən çıxarmaq məqsədilə, gecə vaxtı aşığın yerin işlənib-işlənmədiyini yoxlamayacağını düşünərəkdən - "hə, ay Faxrət, anaları ölmüş uşaqlar o donmuş yeri işləyincən lap əldən düşdülər", - deyə sakit səslə cavab versə də, əl fanarını götürüb yeri "müayinə" edən zaman sahənin işlənmədiyini görən aşıq, uşaqların başları üzərində duraraq donmuş torpağı fanar işığına balta ilə çapdıraraq xoruz banına qədər bellə işlədir...

   Bir dəfə Qəbələ ləzgiləri toy danışmaq üçün kəndə, Aşıq Faxrətgilə gəlirlər. Onlar həyət-bacanı cani-dildən yır-yığış edən qadından aşığı soruşsalar da, o, soyqqanlılıqla aşığın harada olduğundan xəbəri olmadığını deyərək işinə davam edir. Belə olanda onlardan biri "A bacı, bəs aşığın həyat yodaşı haradadır?" - deyə ondan soruşanda, qadının özü Aşıq Faxrətin həyat yoldaşı olsa da, qonaqların onu qulluqçu kimi qəbul elədiklərini başa düşərək, şilyanlılara məxsus yumorundan geri qalmadan "Aşığın həyat yoldaşı məktəbdədir, elə mənə də söz deyirlər, çatdıraram, qorxmayın, deyin", - deyir.

   Onlar aşığın Göyçayın Qarayazı kəndində toyda olduğu məlumatını əldə edib, gedib onu orada taparaq, evində saxladığı qulluqçusunun onun yerini demədiyi barədə aşığa şikayət də edirlər...

   Əlli ildən çox (1942-1993) sevdiyi sənəti layiqincə təbliğ edən, çoxsaylı şeirlər müəllifi Aşıq Faxrət sənətdəki naliyyətlərinə görə dövlətimiz və hökumətimiz tərəfindən müxtəlif orden və medallarla təltif olunmuş və yaradıcılığı ayrı-ayı mətbuat səhifələrində mütamadi olaraq işıqlandırılmışdır.

   İrfan sahibi olan Aşıq Faxrət son illərini tam ibadətə sərf etmiş, kəndinin, eləcə də ətraf yaşayış məntəqələrinin dəfn mərasimlərini idarə etmiş, 1997-ci ildə isə Müqəddəs Kəbəni ziyarət edərək Hacı Faxrət kimi rəğbətlənmişdir.

   Mübariz Allahverdiyev (kənd mollası): Ustadla yas məclislərində dəfələrlə yoldaşlıq etmişik. O, gözəl məclis aparardı.

   Məclislərinin birində Məlikballı Qurbanın "Ruznamə"sini elə söylədi ki, Göyçay məscidinin uzun illər axindu olmuş Mir Cavad ağanın gözlərindən yaş gəldi.

   Hacı Faxrətin aşıqlıqlığı ilə mollallığı birləşmişdi. O, söhbətə başladıqdan sonra məclisi tərk etməyə tələsən olmazdı, məclisi tam ələ almaq qabiliyyəti var idi onda (elə toy məclislərində olduğu kimi). Avazla gah "Zəminxarə", gah "Zabulun Sarənci", gah da "Humayin" ladı üstündə oxuyardı Ya Sin surəsini.

   "Qocalıq çətin kimidir", "Dünya axirətin tarlasıdır" - deyərdi ustad sənətkar...

   Mənim (F.Meydanlı) atam Seyfəddin müəllimlə dost idi Aşıq Faxrət. Mənə də həmişə "müəllimin oğlu" deyə müraciət edərdi. Onunla axırıncı dəfəki görüşümüz təxminən 2005-2006-cı illərə təsafüf eləmişdi. Mən Ramazan bayramı günü Yuxarı Şilyana yas yerinə getmişdim. Məclisi Hacı Faxrət aparırdı. Qocalsa da, qalın şüşəli eynək geysə də nitqi səlis, düşüncəsi taraz, fikri rəvan idi. İndi olmasın - görüşdük, hal-əhval tutduq. Şərəfimə xeyli söhbət də elədi, mənim xeyriyyə təmayüllü işlərimdən sevinə-sevinə danışdı, yaradıcılığımla, yeni kitabımın çıxıb-çıxmaması ilə maraqlandı. Ayrılanda da uzaq yola çıxmağımı nəzərə alaraq yaxşı yol arzulamağı, xeyir-dua verməyi də unutmadı...

   Oğlu - mahir balaban ustası Natiq 2007-ci ilin fevral ayının 2-də ov zamanı göldə bataraq həlak olduqdan 10 gün sonra beyni fəaliyyətdən dayanan Hacı aşıq-molla Faxrət düz 110 gün sonra - 20 aprel 2007-ci il tarixdə 76 yaşında dünyasını dəyişərək doğma Yuxarı Şilyanın kənd qəbiristanlığında əbədiyyətə qovuşmuşdur.

 

   Aşıq Faxrətin həyat yoldaşı Maviyə xanım da öğul dağına dözməyib, doğmalarının yanında yer almışdır...

   Allah onların hər üçünə və həm də Aşıq Eyvazla yanaşı Aşıq Faxrətin dəstəsinin dünyasını dəyişmiş digər üzvlərinə qəni-qəni rəhmət eləsin, Aşıq Ağasoltana isə sağlam ömür əta eləsin! Amin!

 

  Şilyan sənətkar oylağı,

   Küdrü yanı, yol qırağı.

   Ozan qardaş, ver sorağı -

   kitab kimi et qiraət,

   Ustad aşıq, Hacı Faxrət!

 

    Aşıq Soltan soyun, adın,

   sordunsa, cavab aldın.

   Həm atandı, həm ustadın -

   sağlığında alıb rəhmət,

   Ustad aşıq, Hacı Faxrət!

 

   Şəstlə girəndə məclisə,

   Hamı düşərdi həvəsə.

   Yer ver təcnis, müxəmməsə -

   boğazı bal, səsi şərbət,

   Ustad aşıq, Hacı Faxrət!

 

    "Bişrov" xəncərin, kəsərin,

   "Döymə Kərəmi" şah əsərin.

   Hər muğamdan var xəbərin -

   çox almısan nəmər, xələt,

   Ustad aşıq, Hacı Faxrət!

 

   Qara zurna, "Zəminxara",

   Agasoltan, çəkmə dara.

   Aşıq Faxrət dura-dura -

   kim yaradar ölməz sənət,

   Ustad aşıq, Hacı Faxrət!

   

   Əldə qaval Yetim Eyvaz -

   Faxrət ilə qoşa avaz.

   Həsənqulu, dur gəl, bir az-

   balabanı inlət, mələt,

   Ustad aşıq, Hacı Faxrət!

 

    Qasım, götür nağaranı,

   Məhər, qoşanağaranı.

   Ziyyəddin çal, aranı-

   "Dəm Xankişi" işə bələd,

   Ustad aşıq, Hacı Faxrət!

 

    Aşıq Əhməd, Aşıq Şakir,

           Sirdaş idi, dost, həmfikir.

 

   Əhliman xiffətin çəkir-

   dostdan gözəl varmı sərvət"

   Ustad aşıq, Hacı Faxrət!

 

   Sən ləzgicə danışanda,

   Dil, dillərə qarışanda,

   Bir gözələ söz qoşanda-

   qibtə etdi neçə afət,

   Ustad aşıq, Hacı Faxrət!

 

     Maviyə ömrün, həyatın,

   Natiq oxunmuş bayatın.

   Nüsrət, Sübhan - var baratın-

   Soltan, Ətraf,.. çoxdu züryət,

   Ustad aşıq, Hacı Faxrət!

 

    Nənəqız - anan, qızındı,

   Dilbazi, Sənubər nazındı.

   Zülfiyyə gülün, yazındı-

   Allah verib, min bərəkət,

   Ustad aşıq, Hacı Faxrət!

 

    Çəkdin sözü qram-qram,

   Sən bilmədin nədir haram.

   Meydanlıdan yüz ehtiram -

   rahat uyu, yerin cənnət,

   Ustad aşıq, Hacı Faxrət!

 

 

əvvəli var

 

Fəxrəddin MEYDANLI

 

Ekspress.-2013.-6 avqust.- S.15.