Mir Cəfər Bağırov və Teymur Quliyev

 

Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

   1953-cü il oktyabrın 29-da nazir Salam Aydınbəyov respublika hökumətinin başçısı Teymur Quliyevin yanına dəvət olunmuşdur. O, Nazirlər Sovetinin iclasında baxılacaq "Azərbaycan SSR ticarət nazirinin işinə dair" məsələnin qərar layihəsi ilə tanış edilmişdir .Haqqındakı səhifəyarım mətni oxuduqdan sonra S.Aydınbəyov dərhal qələm götürüb vərəqin arxasına rəyini yazmışdır:

   "Qərar layihəsi obyektiv yazılmayıb. Faktlar təhrif olunmuşdur. Faktiki vəziyyəti müəyyənləşdirmək üçün komissiya yaradılmasını vacib sayıram. Bütün məsələlərə dair yazılı məlumat verməyə hazıram.

   İmza: AYDINBƏYOV

   29.10.53".

   Bundan sonra məsələ geniş müzakirəyə çıxarılır. Stenoqramdan bəzi parçaları nəzərinizə çatdırıram.

   TEYMUR QULİYEV - Kimin sözü var?

   SALAM AYDINBƏYOV - Gündüz saat bir tamamda məni Nazirlər Sovetinə çağırdılar və yoxlama arayışı ilə tanış etdilər. Arayışda göstərilənlərin nəyin əsasında yazıldığı mənbələri aydınlaşdırmaq üçün Teymur Quliyev yoldaşdan xahiş etdim ki, Nazirlər Sovetinin iclasına gecikməyimə icazə versin. Qərar layihəsi ilə tanış oldum, qeydlərimi etdim, imza atdım. Belə hesab edirəm ki, ayrı-ayrı çatışmaz hallar maqqaşla tük çəkmək kimi qoparılır, fəaliyyətim qara lövhədə əks olunur. Nazirlikdən götürülən faktlar mənim xəbərim olmadan, işçilərdən tələm-tələsik telefonla alınmışdır və bütün bunlar qərar layihəsinə salınmışdır. Bildiyiniz kimi, mən aprelin sonu - mayın əvvəlində işə başlamışam. Nazirlər Sovetinin üzvlərinə səmimiyyətlə açıq deyirəm ki, haqqımda uydurulan söz-söhbətin nəticəsidir ki, "Kirpi"yə düşmüşəm. Fəallar yığıncağında Seyidov yoldaşın " Salam Aydınbəyov Dağıstandan gəlmişdir" sözlərindən sonra nazirlikdə mənə qarşı etinasızlıq yaranmışdır. Seyidov yoldaş məgər bilmir ki, mən kiməm? Mənim atam Sovet hakimiyyəti uğrunda qanından və canından keçmişdir. Məgər Seyidov bilmir ki, Mərkəzi Komitənin qərarı ilə Bakıya göndərilmişəm? Seyidovun özünü yoxlamaq lazımdır. Ticarət nazirliyi ağır sahədir. Sabiq nazir, hazırda birinci müavinim Əhmədov yoldaş beş aydır ki, xəstədir, İki aydır kollegiya tamamlanmır, təkbaşına qalmışam. Arayışda isə yazılır ki, nazirliyin qırx nəfər işçisindən 32 nəfərini dəyişdirmişəm. Bu boyda yalan olar? İşlədiyim müddətdə nazirlikdən cəmi 5 nəfər kənarlaşdırılıb, hamısı da obyektiv əsaslara görə.

   Mən Quliyev yoldaşdan, Nazirlər Sovetinin üzvlərindən xahiş edirəm nəzərə alsınlar ki, bu vəziyyətə düşməyimin səbəbləri fəaliyyətsizliyimdə deyildir. Qırx iki yaşındayam, gənclik çağından rəhbər vəzifələrdə çalışmışam, heç vaxt çirkablığa batmamışam. Odur ki, indi məni bacarıqsız bir adam kimi vəzifədən götürmək ağlasığmazdır.

 

   TEYMUR QULİYEV - Dəvət olunmuş yoldaşlardan kim çıxış etmək istəyir?

   ƏHMƏDOV - Nazirliyin işində çox böyük qüsurlar vardır. Buna görə həm keçmiş nazir kimi, həm də hazırda nazirin birinci müavini kimi mən də məsuliyyət daşıyıram. Partiya üzvü kimi demək istəyirəm ki, Quliyev yoldaş tamamilə haqlı olaraq nazirimizi inzibatçılıqda günahlandırmışdır. Məsələn, nazirin əmri ilə işdən çıxarılan Zeynalov barəsində əvvəllər də material daxil olmuşdu, göstərilirdi ki, onun atası 1936- cı ildə həbs edilmişdir. Biz onu o vaxt işdən azad etmədik. Axı 1936-cı ildə Zeynalov 13 yaşında idi, sonralar o, komsomola daxil olub, xalq təsərrüfatı institutunu bitirib. Onu nazirlikdən başqa yerə işləməyə göndərmək olardı, gənc kadrı düşmən kimi işdən qovmaq düzgün deyildir. İşdən qovulmuş Kərimov on ildir nazirlikdə çalışırdı, yaşlı adamdır. Onu başqa işə keçirmək olardı. Ancaq nazirin əmri ilə işin öhdəsindən gəlmədiyinə görə azad edildi..

   MEHBALI ƏMİRASLANOV - Niyə siz təcrübəli işçibirinci müavin kimi Aydınbəyov yoldaşın səhv addımlarının qarşısını almamısınız? Bu, sizin bilavasitə vəzifə borcunuz idi.

   ƏHMƏDOV - Tamamilə düz deyirsiniz.

   MEHBALI ƏMİRASLANOV - Əgər sizin iradınızdan Aydınbəyov yoldaş heç bir nəticə çıxarmamışsa, bəs niyə Mərkəzi Komitəyə gəlib məlumat verməmisiniz?

   ƏHMƏDOV - Tamamilə düz deyirsiniz.

   TEYMUR QULİYEV - Daha kimin sözü var? Yoxdur. Onda mən bir-iki kəlmə demək istəyirəm. Aprel ayında Aydınbəyov Mərkəzi Komitə aparatında idi. Onun ticarət naziri vəzifəsinə təsdiq edilməsi təklifini çoxlarınızın indi güman etdiyi kimi Bağırov deyil, şəxsən mən irəli sürmüşəm. Mir Cəfər Bağırovu inandırmışam ki, ticarət çox mühüm sahədir və burada əli təmiz və pak bir adam nazir olmalıdır. Təəssüflər olsun ki, Salam Aydınbəyov yoldaş nazir kimi fəaliyyətinə inzibatçılıqdan başladı, çoxlu işçini nazirlikdən uzaqlaşdırdı və belələri şikayət məktublarıyla rəhbər təşkilatları bombardman etməyə başladılar.

   Mərkəzi Komitənin sentyabr plenumunda Mikoyan yoldaş göstərmişdir ki, ticarəti bu sahədə biliyi olan kadrlarla möhkəmləndirmək lazımdır. Ancaq bu zaman onillər boyu ticarətdə çalışanlar küçəyə atılmamalı, onları təkmilləşdirmə kurslarına göndərməklə ixtisaslarını yüksəltmək lazımdır. Ticarət naziri Salam Aydınbəyovun hərəkətləri Mikoyan yoldaşın dediklərinin əksinədir...

 

   

  əvvəli, ardı var

 

Teyyub Qurban

 

Ekspress.-2013.- 24-26 avqust.- S.15.