Teatr - gündəlik ağır zəhmətdir...

 

Telman Əliyev: "Teatr üçün ancaq sədaqət lazımdır"

 

Özünəməxsus sənət dəst-xətti, zəngin yaradıcılıq ənənələri olan Gəncə Dövlət Dram Teatrını Akademik Milli Dram Teatrı ilə bağlayan qiymətli ənənələr mövcuddur. Bunlar arasında kadr bağlılığı daha önəmli yer tutur.

 

   Gəncə Teatrının sənətdə müəyyən mövqe tutmuş, teatr ictimaiyyəti arasında yetərincə tanınmış bəzi aktyorları sonradan Milli Dram Teatrının səhnəsinə keçiblər. Necə deyərlər, Gəncə Teatrı bu baxımdan Akademik Milli Dram Teatrı üçün aktyor hazırlığı bazası rolunu oynayıb.

 

   Gəncə Teatrının səhnəsində kifayət qədər tanınmış aktyorlardan Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Muxtar Avşarov və digərləri bu ənənəni davam etdirən sənətçilərdir. Bu sıraya əməkdar artist Telman Əliyev də qoşulub. Maraqlıdır, görəsən Gəncədə aktyor kimi kifayət qədər hörmət-izzət sahibi olan Telman müəllimi Gəncə Teatrını tərk etməyə hansı səbəb vadar edib?

 

   - Telman müəllim, sənətə gəlişiniz necə olub, buna hansı amillər təsir edib?

 

   - Altı yaşımda ikən atamı itirəndən sonra Şuşada dil-ədəbiyyat müəllimi işləyən Bəylər dayım mənə himayədarlıq edirdi. Anama dedi ki, "Telman Şuşada mənim yanımda qalmalı, orada oxumalıdır". Səkkizinci sinfə kimi Şuşada oxudum. O vaxtlar respublikanın bəzi teatrları Şuşaya qastrola gəlirdi. Şəhərdə də müxtəlif teatr studiyaları, teatr dərnəkləri fəaliyyət göstərirdi. Bəylər dayım da dil-ədəbiyyat müəllimi olmaqla yanaşı, həm də bizim ilk dərnək rəhbərimiz idi. O, məni teatra həvəsləndirdi.

 

   Səkkizinci sinfi bitirib Gəncəyə anamın yanına qayıtdım. Peşə məktəbinə daxil olub operator ixtisası qazandım və zavodda işə düzəldim. Anar Məmmədovun rəhbərliyi ilə orada bir dram dərnəyi fəaliyyət göstərirdi. Mən də o dərnəyə yazıldım. 5-6 aydan sonra orduya çağırıldım. Qayıdandan sonra bir baş teatra gəldim. Mərhum rejissor Tofiq Kazımov Altay Məmmədovun "Yadındamı" əsərini tamaşaya hazırlayırdı. Rəhmətlik Yusif Bağırov da teatra təzəcə baş rejissor təyin edilmişdi. Məqsədimi açıb ona dedim. Məni yoxladılar, bir müddət tamaşalarda kütləvi səhnələrə çıxdım. 1970-ci ilin fevralında teatrın direktoru məni təbrik etdi ki, "bəs, əmrini verib, səni teatra işə götürmüşük". Oynadığım ilk sözlü rol Novruz Gəncəlinin "Məhəbbət körpüsü" tamaşasındakı Rəşid rolu oldu. Sonralar mənə "Bəxtsiz cavan" pyesində Fərhad, "Solğun çiçəklər"də Bəhram, "Komsomol poeması"nda Cəlal, "Əliqulu evlənir"də Kamal, Əliqulu kimi rollar etibar olundu. Aktyor kimi roldan-rola geçdikcə illər ötdü. Nəhayət, rejissor kimi özüm də müəyyən tamaşalar hazırlamağa başladım.

 

   1977-ci ildə mərhum rejissorumuz Nəsir Sadıqzadə təklif etdi ki, ali təhsil alım. Elə həmin il imtahan verib İncəsənət İnstitutuna daxil oldum. Bundan başqa, o vaxtlar Gəncə Teatrına çox istedadlı rejissorlar dəvət edirdilər. Onlardan da çox şey öyrəndim. Teatr sahəsində adam nə qədər iş görsə də, elə bil ki, həmişə sənət acıdır, doymur. Bu, böyük sənətdi, böyük işdi. Onu yalnız teatrın içində olanlar bilir. Bilirsən ki, o insanların içində dərd dolu yükləri var, amma bu, onların qürurunu sındırmır.

 

   Gəncə Teatrına qayğı göstərilmədi

 

   - Bir vaxt Gəncədə Poeziya Teatrı da fəaliyyət göstərirdi, necə oldu o teatrın aqibəti?

 

   - 1979-cu ildə Nizami irsinin öyrənilməsi və təbliği sahəsində Mərkəzi Komitənin qərarı oldu. Bu qərara əsasən də biz yazıçı Altay Məmmədov, rejissor Hilal Həsənov və bir də mən ictimai əsaslarla "Nizami" Poeziya Teatrı yaratdıq. Başlıca təşəbbüskar isə şəhərin o vaxtkı rəhbəri Həsən Həsənov idi. Onillik fəaliyyətdən sonra ona "dövlət teatrı" statusu verildi. Gəncə Teatrından ayrılmamaq şərti ilə məni də o teatra bədii rəhbər təyin etdilər. 1997-ci ilə kimi orada Nizaminin "Xəmsə"si əsasında gözəl poeziya tamaşaları hazırlandı. Sonralar teatrın imkanları böyüdükcə biz Sabir satirasına, Cavid dramaturgiyasına və digər mövzulara müraciət etdik. Düzdür, indi teatr fəaliyyət göstərmir. Bu iş bizim vaxtımızda Gəncə Teatrında işləyən bacarıqlı kadrlara tapşırılıb və müəyyən işlər gedir.

 

   - Siz həm Gəncə Teatrındakı, həm də Poeziya Teatrındakı xidmətinizə görə əməkdar artist adına və "Şərəf nişanı" ordeninə layiq görülmüşdünüz. Bəs niyə bu teatrları tərk etdiniz?

 

   - Mən yenə də teatrda işləyirəm, Ancaq başqa teatrda. O teatrdan getməyimin isə müxtəlif səbəbləri var. Son vaxtlar aktyorların çoxu üzləşdikləri çətin maddi duruma tab gətirməyib teatrı tərk etmişdilər. Cəmisi bir neçə aktyor qalmışdı. Bir də aktyorun varlığı heç də teatrın normal yaşaması demək deyil. Şəhər rəhbərliyi ona diqqət və qayğı göstərməlidir. Həm də bilirsiniz ki, Gəncədə bəzi xoşagəlməz hadisələr baş verdi. Təbii ki, bunun teatra mənfi təsiri oldu. Tamaşaçı teatrdan uzaqlaşdı və arzuedilməz vəziyyət yarandı. Mən də bir müddət mənəvi cəhətdən aclıq çəkməyə başladım. Fiziki aclığa bəlkə də insan tab gətirə bilər. Amma mənəvi aclığa uzun müddət tablamaq çox çətindir. Buna görə də 1997-ci ildə Hacıbaba Bağırovdan Musiqili Komediya Teatrında işləmək üçün aldığım dəvəti qəbul etdim. İşlədiyim bir il ərzində 3-4 rol oynadım. Sonra gördüm ki, özümü oranın ab-havasına uyğunlaşdıra bilmirəm. Bəlkə də bu, mənim uzun müddət dram teatrında işləməyimdən irəli gəlirdi. Elə həmin vaxtlar Amalya xanım məni Bələdiyyə Teatrına dəvət elədi. Dedi ki, "darıxırsansa, gəl, bizdə işlə". Gedib işlədim də, hətta ordan Türkiyəyə qastrola da getdik.

 

   Sonra mərhum sənətkarımız Həsənağa Turabov dedi ki, "sən təcrübəli aktyorsan, gəl, bizim teatrda işlə". Mən də böyük məmnuniyyətlə gəldim Akademik Milli Teatra. Elə o vaxtdan bu günə kimi həm İncəsənət Universitetində, həm də teatrda işləyirəm. Hər iki işim ürəyimcə olan və bir-birini tamamlayan yaradıcılq sahəsidir. Amma keçən il teatrda rollarla çox yükləndim. Bir az köhnə, bir az da yeni rollara çıxdığım üçün vaxtım xeyli məhdudlaşdı. Timurçun müəllim sağ olsun ki, aktyor kimi səmərəli fəaliyyət göstərə bilməyim üçün məni dekan müavini vəzifəsindən azad etdi. İndi sənət müəllimi kimi qiyabi şöbədə də, əyani şöbədə də öz qrupum var. Xoşbəxtəm ki, arzularımı yavaş-yavaş həyata keçirirəm.

 

   "Bizim sənət o dövrdə daha prestijli idi"

 

   - Uzun illərdir teatrlarda gənclərlə çiyin-çiyinə işləyirsiniz, neçə illərdir bu sahədə pedaqoji fəaliyyət də göstərirsiniz. Yeni nəsillə o dövrün gənc aktyorları arasında hansı fərqlər var?

 

   - Heç bir fərq yoxdur. Sadəcə olaraq o dövrdə bizim sənət daha çox prestijli idi. Digər tərəfdən, o dövrdə maddiyyat çox önəm kəsb etmirdi. Hamı təxminən eyni miqdarda və vaxtlı-vaxtında maaş alırdı. Səhnəyə çıxan gənc aktyor az bir zaman ərzində məşhurlaşa bilirdi. Amma indi aktyor sənətinə gələn gəncləri mən qəhrəman adlandırardım. Əsasən gənclərlə işlədiyimə görə bu qənaətə gəlmişəm. Bu gənclər həqiqətən sənəti çox sevirlər. Teatrı hamımız sevirik. Ancaq teatr yalnız alqış və təzimlərdən ibarət deyil. Teatr gündəlik ağır zəhmət deməkdir. Bunlar gündəlik ağır zəhmətdən sonra ayın axırında cüzi miqdarda maaş alırlar. Gənc aktyorlarda sənətə olan vurğunluq məni sevindirir. Onlar hətta bilə-bilə ki, kənarda da pul qazana bilərlər, teatrı atmırlar. Bax, onların bu keyfiyyəti mənim üçün böyük önəm kəsb edir. Çünki teatr üçün ancaq sədaqət lazımdır.

 

   Hoppanmaq obraz yaratmaq  deyil

 

   - Teatr sənətində irəli getmək problemi də var. Bəziləri istedadı olmaya-olmaya, belə deyək, müxtəlif yollarla tamaşalarda baş rolları oynayırlar, şan-şöhrət yiyəsi olurlar...

 

   - Mən inanmıram ki, kimsə istedadı olmaya-olmaya irəli gedə bilsin. Siz məni bağışlayın, hoppanıb-düşməklə, təlxəklik etməklə obraz yaratmaq başqa-başqa şeylərdir. Teatrda işləmək üçün istedad, qabiliyyət və əziyyət çəkmək lazımdır. Əgər səndə istedad, bacarıq yoxdursa, deməli, sənin istəyin yoxdur. İstedad insanın içərisindəki alovdur, onu üzə çıxarmaq üçün işləmək, zəhmət çəkmək lazımdır. Ancaq istedadsızın içində həmin alov olmur, buna görə də bir-iki ay işləyəndən sonra istedadsızlığını başa düşür və irəli getmək üçün başqa vasitələrdən istifadə edir. Həmin başqa vasitə isə tamamilə başqa peşədir. Onlar səhnənin imkanından başqa yolla getmək üçün istifadə edirlər. Belələri haqda, ümumiyyətlə, danışmaq istəmirəm.

 

İltifat HACIXANOĞLU

Ekspress. - 2013.- 30 noyabr - 2 dekabr.- S.21.