Ən yaxın tarix

İlk və yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

1990-cı ilin qanlı yanvar gününə - yanvarın 20-nə az qalırdı. SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov "Bakıda fövqəladə vəziyyət elan olunması haqqında" fərmanı artıq imzalamışdı. Elmira Qafarova Moskvaya, Ali Sovet sədrinin müavini A.Lukyanova zəng vuraraq buna qəti etirazını bildirmişdi...

20 Yanvar şəhidləri haqqında yüzlərlə əsərlər yazılıb. Ancaq Elmira Qafarovanın millətinin səsini bütün dünyaya çatdırılmasından az yazılıb. Yanvar faciəsi Elmira xanımın bütün varlığını sarsıtmışdı, sanki zahiri vücudunu da dəyişmişdi. Mən onu bu görkəmdə yalnız bir dəfə - 1976-cı ildə anası Bəhriyyə xanımın dəfni zamanı görmüşdüm...

Günahsız qurbanlar üçün göz yaşlarını axıdaraq ürəyini boşaltdıqdan sonra fikrindən keçəni qardaşı Tofiqə dedi: "Məni Ali Sovetin binasınadək müşayiət elə, beynimdə bir bəyanatın mətni hazırdır, görüm nə edə bilərəm".

Bir neçə saatdan sonra Elmira Qafarovanın həyəcanlı səsi dünyanın radio dalğalarında səsləndi: "SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın paytaxtı Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Fövqəladə vəziyyəti yeritmək üçün ağır döyüş texnikası və avtomat silahlardan istifadə olunmuş, dinc əhaliyə qarşı amansız tədbirlər görülmüşdür. Bu isə çoxlu insan tələfatına gətirib çıxarmışdır. Həlak olanlar arasında gənclər, qadınlar, qocalar, uşaqlar vardır. Tam məsuliyyət hissi ilə bildirmək istərdim ki, Azərbaycan SSR ali hakimiyyəti və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətində belə bir qərarın qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür. Azərbaycan xalqı özünün oğul və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə bağışlamayacaqdır".

Bu səs - ermənipərəst Sovet rejiminə qarşı, mənsəbpərəstlərə, "mənəm, mənəm" deyənlərə qarşı üsyan idi! Nəhayət, Azərbaycan parlamenti kürsüsündən boylanan bir ananın harayı idi!

HAŞİYƏ. "525-ci qəzet"in 2001-ci il 20 dekabr tarixli sayında dərc olunmuş məqaləsində Ç.Fərəcov 1990-cı il qanlı yanvar günlərini xatırlayarkən belə yazır: "O vaxt Ali Sovetdə işlədiyim üçün Elmira xanımın bəyanatının hər bir sözünün üzərində necə zərgər dəqiqliyi ilə işlədiyinin şahidi olmuşam. Həmin gün Azərbaycan rəhbərliyini Moskvada qəbul edən M.Qorbaçov üzünü azərbaycanlılara tutub kinayə ilə demişdi: "Bu dəqiqə Elmira Qafarova Bakıda dünya ölkələrinin bütün parlamentlərinə bəyanat verir"?.

 

Elmira Qafarova Moskvaya M.Qorbaçovla görüşə getməmişdi. Yanvarın 22-də Bakıda Ali Sovetin növbədənkənar sessiyası çağırıldı. Elmira Qafarova sessiyada iştirak edironun iclaslarını aparırdı. Onun yanvarın 23-də Bakı şəhərinin komendantı ilə söhbətini indi də xatırlayıram. Komendant bir neçə müxalifətçinin həbs ediləcəyi barədə məlumat verəndə, Elmira xanım onun sözünü kəsərək üzünə belə demişdi:

- Bu qədər qırğın sizə kifayət eləmir, nə istəyirsiniz bu xalqdan?! Sabir bəy görkəmli şairdir, şairi həbs etmək olmaz!

Sonra isə məni kənara çəkib sakit tərzdə pıçıldadı:

- Sabir Rüstəmxanlını təcili tap, qoy tezliklə Bakıdan çıxıb, rayonların birinə detsinbir müddət Bakıda olmasın. Əks halda onu həbs edəcəklər.

Mən Elmira xanımın tapşırığını operativ qaydada yerinə yetirdim. Bununla da Sabir Rüstəmxanlının həbs olunması məsələsi ötüşdü".

20 yanvar hadisələrindən sonra çoxlarının başı Azərbaycanda hakimiyyəti ələ almaq savaşına qarışmışdı. Elmira Qafarova hakimiyyət davasından kənarda idi. Onun parlamentə rəhbərliyi dövründə Azərbaycanın dövlət müstəqilliyi haqqında akt elan edilmiş, istiqlal şairi Əhməd Cavadla müsavatçı Üzeyir bəy Hacıbəyovun yazdığı marş Azərbaycan Respublikasının Dövlət himni kimi qaldırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin qaldırdığı üçrəngli bayraq Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilmişdi.

... 1990-cı ilin fevralında Moskvada xalq deputatları qurultayında Elmira Qafarovanın çıxışı SSRİ rəhbərliyini də, erməni deputatları da hövsələdən çıxarmışdı. Elmira xanım məşhur bəyanatındakı "Azərbaycan xalqı özünün oğul və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə bağışlamayacaqdır" sözlərini bu dəfə 20 yanvar facisiəni törədənlərin üzünə deyirdi.

O vaxtlar SSRİ Ali Sovetinin deputatı olmuş yazıçı Anar "Ədəbiyyat" qəzetinin 1991-ci il 18 yanvar tarixli sayında bu barədə belə yazırdı: "Fevralın 13-də "Moskva" mehmanxanasında Elmira Qafarovanın nömrəsində toplaşdıq. Səhərisi sessiya açılırdı. Qərara gəldik ki, hamımızın adından akademik Midhət Abbasov danışsın. O, 19-20 yanvar hadisələrini araşdıran komissiyanın - Azərbaycan SSR Ali Sovetinin yaratdığı komissiyanın sədri idi. Komissiya artıq müəyyən işlər görmüşdü - xeyli fakt, məlumat toplamışdı və onları nəyin bahasına olursa-olsun, ölkə deputatlarına çatdırmaq lazım idi...

Fevralın 14-də sessiyanın səhər iclası başlayanda Tofiq İsmayılov inadla və əzmlə (iclasın sədri ona mane olmağa çalışsa da) bu təklifi (Qanlı yanvarda həlak olanların xatirəsini yad etmək barədə - T.Q.) irəli sürdüdeputatlar, o sıradan, hərbi libasda olanlar da ayağa qalxıb Bakıda qırılanların xatirələrini sükutla yad etdilər..."

Elmira xanımı uzun illər yaxından tanıyan peşəkar jurnalist Aqşin Kazımzadə sessiyadan sonra Azərbaycan deputatlarının rəhbərinin Moskvada keçirdiyi günləri belə xatırlayır (bax: "Günay" qəzeti, 2002-ci il, 23 mart): "Ertəsi gün ən yaxın adamları ona xəbərdarlıq edərək demişdi: "Kremldə bunu sənə bağışlamayacaqlar. Burada, Moskvada son dərəcə ehtiyatlı ol!? O isə bu sözlərə məhəl qoymayaraq təkcə, mühafizəsiz, piyada Azərbaycanın Daimi Nümayəndəliyinə gəldi. Onun səhər tezdən və gözlənilməz gəlişindən özünü itirmiş məmur nümayəndəliyin qapısını taybatay açanda Elmira Qafarova yalnız bunu dedi: "Göstərin görüm, sərgi haradadır. Birxahiş edirəm, oraya heç kəsi buraxmayın, mən tək qalmaq istəyirəm..."

Bu sərgidə avtomatlar və tüfənglər, süngü-bıçaqlar, pulemyotlar, əl qumbaraları və tank əleyhinə qumbaralar qoyulmuşdu. İşğal edilmiş Azərbaycan ərazilərində erməni yaraqlılarından və onların yadelli himayədarlarından götürülmüş bütün bu ölümsaçan silahları (orada 2000-dən çox lülə vardı) Bakı milisinin zabitləri Moskvaya gətirmişdilər ki, bütün dünyada, ilk növbədə Moskvada bizim haqlı olmağımıza şübhə edənlər hər şeyi öz gözləri ilə görsünlər. Hərçənd, SSRİ Daxili İşlər Nazirliyində bu fikri, yumşaq desək, bəyənməmişdilər. DTK-da münasib maddə axtarırdılar. Müdafiə Nazirliyində isə açıq-aşkar bildirmişdilər ki, bu aksiyanın axırı yaxşı olmayacaq...

Təbii ki, Elmira Qafarova bütün bu məsələlərdən və danışıqlardan xəbərdar idi. Əslində, bu aksiya təşəbbüsü ona məxsus idi. Hələ komsomolun Mərkəzi Komitəsində işlədiyi vaxtlardan tanıdığı polkovnik bir dəqiqədən sonra zala gələndə Elmira Qafarova ona səmimiyyətlə müraciət edib demişdi:

- Məgər mən məhz bu gün buraya gəlməyə bilərdimmi? Yadındamı, sən Neft Daşlarında komsomol seminarlarına və konfranslarına gələndə mənə qızılgül bağışlayar və deyərdin ki, bu güllərin dünyada tayı-bərabəri yoxdur, çünki dənizdə, Xəzərin dalğalarının üzərində yetişdirilir. İndi isə həm sənin, həm də mənim taleyim dəyişib - mənə silah göstərirsən...

Sonra stendlərdən birinin yanında ayaq saxlayıb gözlənilmədən dedi: "Sən mənə bir avtomat verə bilərsənmi? Amma saz olsun ha... doğrudur, tüfəng atmağı bacarmıram, ancaq əlimdə avtomat olsa, bütün düşmənləri qıraram..."

 

əvvəli, ardı var

 

Teyyub QURBAN

 

Ekspress.-2013.- 14-16 dekabr.- S.15.