Səhnədə adi bir mismarın da rolu var...

 

Zəminə Orucova: "Bədii quruluş hissə müdiri teatrdakı bütün peşələrin yığcam formasıdır"

 

Bədii quruluş hissə müdiri teatrın hər gün birinci mərtəbəsindən sonuncu mərtəbəsinədək 30-40 dəfə qalxıb-düşən birisidir...

O, lazım olanda dərzi, dülgər, rəssam, işıqçı, tərtibaçı olmağı bacarmalıdır...

Teatr dekorativ kütləvi sənət növüdür. Bir əsərin səhnəyə qoyulması üçün 200 nəfərlik heyət bir neçə ay usanmadan çalışır və hər kəs tamaşanın keyfiyyətli alınması üçün əlindən gələni əsirgəmir.

Adətən, bilet alıb teatra gələn tamaşaçının diqqəti səhnədə baş verənlərə yönəlir. Onlar üçün maraqlı olan bircə şeydir: tamaşa və aktyorların oyunu.

Ancaq hər bir teatrda elə adamlar çalışır ki, onların zəhməti olmadan heç bir tamaşa ərsəyə gəlməz. Söhbət nə rejissor, nə aktyor, nə də müəllifdən gedir. Bəhs etmək istədiklərim səhnə arxasında qalanlardır - tamaşanın zəhmətini onlar da çiyinlərində daşıyırlar, amma adları heç vaxt çəkilmir. Onlar rejissor köməkçiləri, qrim ustaları, səhnə tərtibatçıları, rekvizitorlar, səhnə maşinistləri, işıq ustaları və başqalarıdır.

Pərdə arxasında qalanların əməyinə qiymət verməmək ən azı insafsızlıqdır. "Pərdə arxası" rubrikasında məqsədimiz bu sənət fədailərini tanıtmaqdır. Rubrikamızın ilk qonağı Gənc Tamaşaçılar Teatrının bədii quruluş hissə müdiri Zəminə Orucovadır.

Orucova Zəminə Yaşa qızı 1975-ci ildə Goranboy rayonunda anadan olub. Orta təhsilini Goranboy rayonunda başa vurduqdan sonra 1992-95-ci illlərdə Əhməd Cavad adına Mədəni-Maarif Texnikumunda, 1995-2000-ci illərdə isə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsində təhsil alıb.

Universiteti bitirdiyi ildən Dövlət Gənc Tamaşaçılar Teatrına rejissor assisenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Zəminə xanımın işinə çox məsuliyyətlə yanaşması, ona tapşırılan işin öhdəsində gəlməsi teatr rəhbərliyinin ona etimadını artırıb və 2004-cü ildə teatrın bədii quruluş hissə müdiri təyin edilib.

- Bədii quruluş hissə müdiri teatrda hansı işlərə məsuldur?

- Nəinki hər hansı tamaşanın texniki məsələləri, eləcə də bütün teatrın texniki sahəsi, o cümlədən repertuardakı tamaşaların gedişatından tutmuş, yeni tamaşaların hazırlanması prosesinin nəzarətinə cavabdeh səlahiyyət sahibi bədii quruluş hissə müdiridir. Bədii quruluş hissə müdiri həm tamaşanın quruluşçu rejissoru, həm quruluşçu rəssamı, həm aktyorlar və həm də texniki istehsalat heyəti işçiləri ilə çalışır. Yəni, obrazlı şəkildə desək, bədii quruluş hissə müdiri teatrın hər gün birinci mərtəbəsindən sonuncu mərtəbəsinədək 30-40 dəfə qalxıb-düşən birisidir. Tamaşaya xidmət edən həm xidməti, həm də istehsalat sexləri birbaşa bədii quruluş hissə müdirinə tabedir. Xidməti sahələrə işıq, geyim, qrim, sex, rekvizit və quraşdırma sexləri, istehsalat sahəsinə isə dülgər, butafor, tikiş və bədii dekorativ sexləri aiddir. Bütün bu sexlərin fəaliyyətinə birbaşa cavabdeh şəxs bədii quruluş hissə müdiridir. Tamaşa və ya məşq zamanı adi bir rekvizitin yerində olmaması bəzən aktyoru çaşdıra bilər. Amma hamımıza məlumdur ki, səhnədəki bütün inventarlar aktyorun oynuna xidmət edir, onun bütün mizanları səhnədəki rekvizitlərə hesablanıb. Ona görə də, bədii quruluş hissə müdiri səhnənin tam hazır olduğuna əmin olandan sonra tamaşanın başlamasına icazə verir. Onun icazəsi olmadan tamaşa başlaya bilməz. Tamaşaçılar gəlib tamaşaya baxıb gedirlər, amma səhnənin necə qurulmasına o qədər də diqqət vermirlər. Amma inanın ki, səhnədə adi bir mismar boş yerə vurulmur. Səhnədəki rekvizitə görə işıq qurulur, o rekvizitə görə aktyorun hərəkətləri, həmçinin bu mizana görə də musiqi hesablanır. Yəni səhnədəki hər şey bir-biri ilə harmoniya yaratmalıdır.

- Siz televiziya rejissorluğu üzrə təhsil almısınız. Özünüz tamaşa haırlamaq barədə düşünmüsünüzmü, yoxsa elə "gözünüzün qurdunu" bədii hissə müdiri kimi öldürürsünüz?

- Mənim işim sırf tamaşanın texniki tərəfi ilə bağlı olsa da, yaradıcılıqdan kənarda qalmıram. Bayaq da dedim ki, mən bir tamaşa üzərində quruluşçu rejissor, quruluşçu rəssam, aktyorlarla çiyin-çiyinə çalışıram. Böyük danışmaq kimi çıxmasın, istər teatrımızın öz rejissorları və ya rəssamları, istərsə də kənardan dəvət edilənlər elə bir tamaşa yoxdur ki, onun hazırlanması prosesində mənim fikrimdən bəhrələnməsinlər, mənim məsləhətimdən istifadə etməsinlər.

- Dediniz ki, tamaşalar üzərində quruluşçu rejissorlarla birgə işləyirsiniz. Teatrda ən çox şıltaqlıq edən rejissor kimdir? İstərdim səmimi deyəsiniz, o hansı rejissordur ki, ona tamaşa həvalə olunanda, "ayy daa, 3-4 ay başımız xarab olacaq yenə" deyirsiniz?..

- Mən onu rejissor şıltaqlığı yox, tələbkarlığı adlandırardım. Mən özüm çox tələbkar olduğuma görə, ən sərt tələbkar rejissorla işləməkdən zövq alıram. Çünki hər bir rejissor istəyər ki, tamaşası əla alınsın. Mənim üçün fərq etməz, rejissor tələbkar olmasa belə, özümə qarşı çox tələbkaram. 3-4 ay məsələsinə qaldıqda isə, ən ağır tamaşaları bir aya hazırlayıb təhvil vermişik. Mən bədii quruluş hissə müdiri təyin ediləndən bəri yadıma gəlmir ki, bir tamaşa o biri tamaşanın təhvil verilməsinə mane olsun. Bizdə hər bir tamaşanın təhvil verilmə planı var və özümüzə əziyyət olsa da, çalışırıq ki, vaxtında təhvi verilsin. Siz bayaq dediniz ki, səmimi olum. Mən deyərdim ki, indiyə qədər ən çox razı qaldığım Nicat Kazımovdur. Bu adam öz işinə çox məsuliyyətlidir. Adi bir geyimin krujevasının necə tikilməsinə də ciddi yanaşır. Söz ki rejissorlardan düşdü, qoy düzünü deyim də. Nicat Kazımov tamaşalarına ürəyini verən adamdır. O, gecə-gündüz tamaşanın üzərində çalışır. Tamaşanın quruluşu bir yana, hətta səhnə fəhləsi ilə birlikdə səhnədə işləyir. Dekorasiyanın hazırlanmasından tutmuş, paltarlardakı krujevanın formasınadək hamısında iştirak edir. Mən Nicatla işləməkdən zövq alıram. Cənnət Səlimova, Bəhram Osmanov təcrübəli rejissorlardır. Onlar tamaşa hazırlamağa başlayanda nə istədiklərini aydın başa sala bilirər. Amma elə vaxt olur ki, bir-birimizi başa düşmürük. Amma Nicatla necə deyərlər, bir işarədən bir-birimizi anlayırıq.

- Heç rejissorlarla mübahisələriniz düşürmü, düşürsə, mübahisələr ən çox nəyə görə olur?

- "Romeo və Cülletta" tamaşasının rəssamı Gürcüstandan dəvət edilmişdi. Onun verdiyi tərtibatın əksər hissəsini mən dəyişdim. Əvvəlcə razılaşmadı, bir az mübahisə etdik, amma sonunda razılaşdı. Əli Əmirlinin "Mən səni sevirəm" tamaşasında da dəyişiklik etmişəm. Quruluşçu rəssamı Tahir Tahirov idi. Bir sözlə elə bir tamaşa yoxdur ki, sözün yaxşı mənasında mən müdaxilə etməyim.

- Belə çıxır ki, siz rəssamın, dekorçu rəssamın, rekvizit ustasının, səhnə tartibatçısının da işini bacarırsınız?

- Bəli, bədii quruluş hissə müdiri siz sadaladıqlarınızın hamısını bacarmalıdır, yəni teatrdakı bütün peşələrin yığcam formasıdır. Bədii quruluş hissəsi müdiri lazım olanda dərzi, dülgər, rəssam, işıqçı, tərtibaçı olmağı bacarmalıdır.

- Onda özünüz tamaşa hazırlamaq istəsəniz, sizə daha rahat olar. Rejissor kimi tamaşa hazırlamaq istəmisinizmi?

- Fikrimdən keçib, amma müraciət etməmişəm...

- Hansı əsəri səhnələşdirmək istəmisiniz?

 

- Konkret bir əsər yox, ümumiyyətlə, tamaşa hazırlamaq istəmişəm. Lakin bir dəqiqə vaxt tapmıram ki, bu barədə ciddi fikirləşim. Quruluşçu rəssam kimi tərtibat vermişəm. Yeni il və Novruz bayramı ilə əlaqədər hazırlanan tamaşaların tərtibatını etmişəm. Bundan başqa, ötən mövsüm Cənnət xanımla "İtalyansayağı xoşbəxtlik" tamaşasını hazırladıq. Sözün düzü, rejissorlara direktorumuz Mübariz Həmidov mənim tərtibat verməyimi məsləhət görüb...

- Mübariz Həmidov necə direktordur?

- Müariz müəllim teatrın öz içində yetişmiş bir rəhbərdir. Gənc Tamaşaçılar Teatrını o yaxşı bildiyinə görə, bizim üçün onunla işləmək çox rahatdır. Yəni neçə illər bir teatrın tavanı altında çiyin-çiyinə çalışdığımız üçün bir-birimizi yaxşı tanıyırıq və tez anlaşırıq. Bilirsinizmi, teatra başqa yerdən rəhbər gələndə onu tanımaq, birlikdə çalışmaq çətin olur. Bu mənada mən özümü bəxti gətirmiş hesab edirəm.

- Sizin rəhbəriniz olduğu üçün Mübariz Həmidovu belə xarakterizə etməyiniz təbiidir...

- Xeyr, mən heç vaxt kimlərinsə xoşuna gəlmək üçün nəsə deməmişəm. Siz gəlin teatrda məni soruşun, görün nə deyəcəklər... Mən öz işimə tələbkar olandan sonra, məsuliyyətlə öz işimi görəndən sonra nə üçün direktorum olduğuna görə Mübariz müəllimdən çəkinməliyəm? Hansı direktor istəməz ki, işçisi öz vəzifəsinə məsuliyyətlə yanaşsın. Ona görə də, mənim Mübariz müəllimin barəsində dediklərim səmimidir.

 

İltifat HACIXANOĞLU

 

Ekspress .-2013.- 17 dekabr.- S.15.