İnformasiya məhsulları informasiya bazarını yaradır

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Hər bir sahədə olduğu kimi informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin də özünəməxsus bazarı olur. Əgər bir sahədə məhsul və xidmətlərin istehsalı baş verirsə həmin sahə ilə bağlı bazar da formalaşır. Həmin bazar sadəcə olaraq mövcud olmur, o eyni zamanda müəyyən iqtisadi keyfiyyətlərə sahib olaraq bazara məhsul çıxaran sahənin inkişafına birbaşa təsir edir.

   Deməli, İKT sahəsində məhsullarının mövcudluğu informasiya bazarının yaranmasına səbəb olur. İnformasiya bazarı dedikdə informasiya əmtəəsinin istehsalı, mübadiləsi, istehlakı və qorunması prosesində meydana çıxan iqtisadi, hüquqi, təşkilati münasibətlərin məcmusu başa düşülür. İnformasiya bazarında informasiya deyil, informasiya fəaliyyətinin məhsulları satılır və dövr edir.

   İnformasiya məhsulu isə elə bir məhsuldur ki, o təkcə ayrı-ayrı istehlakçılar üçün deyil, bütün bəşər cəmiyyəti üçünmühüm əhəmiyyətə malikdir. Bu mənada həmin bazarın mövcudluğu, inkişafı çox əhəmiyyətlidir.

   Nəzəri baxımdan informasiya bazarının mahiyyətini dəqiq anlaya bilmək üçün informasiya məhsulları haqqında təsəvvür olmalıdır.

   İnformasiya texnologiyalarının inkişafı yeni texniki vasitələrin, kompüterlərin, kompüter texnologiyası telekommunikasiya vasitələrinin, proqramların yaranması get-gedə daha geniş məkanda yayılmasına səbəb olub. Lakin bu vasitə və texnologiyalar dünyanın bütün ölkələrində hazırlanmır və istehsal edilmir. Eyni zamanda istehsalçı ölkələr daxilində də informasiya texnologiyalarının vasitə və proqramları müxtəlif şirkətlər tərəfindən istehsal edilir. Bunun nəticəsində də informasiya kommunikasiya texnologiya və vasitələrinin, proqram təminatı məhsullarının istər-istəməz alınıb satılması zərurəti yaranır. Beləliklə də informasiya məhsulları, onların növ müxtəlifliyi ortaya çıxır.

   İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub, yayılma və realizasiya üçün təyin olunmuş sənədlər, informasiya massivləri, verilənlər bazası və informasiya xidmətləridir.

   İnformasiya məhsulu istifadəçinin tələbinə uyğun hazırlanan və mal formasinda təqdim edilən, sənədləşdirilən informasiyadır. İnformasiya məhsullarına proqram məhsulları, verilənlər bazası və bankları və digər informasiyalar aiddir.

   Qeyd edək ki, informasiya bazarında olan məhsullara görə ödəmələrə və tarixi səbəblərə görə hal-hazırda informasiya bazarı iki böyük sərbəst fəaliyyət göstərən bazara bölünüb. Bunlar informasiya texnologiyaları bazarı və kütləvi informasiya vasitələri bazarıdır. Bu bazarların hər birində məhsulun satışı və əldə olunan məhsula görə ödəmələr də müxtəlif cür aparılır. Əgər informasiya texnologiyaları bazarında müştəri alınan məhsula görə şəxsən ödəmə aparırsa, kütləvi informasiya vasitələri bazarında məhsulu istifadəçi ya havayı əldə edir, ya da ödəməni qismən aparır və əsas gəliri üçüncü tərəf olan reklamçılar əldə edirlər. Bu mənada da informasiya məhsullarını fərqləndirmək tələb olunur.

   İnformasiya məhsullarının satışı və realizasiyasında lisenziyalardan istifadə edilir. Lisenziya elə müqavilədir ki, o hüquqi olaraq lisenziya alan istifadəçiyə lisenziya verilən məhsuldan istifadə imkanı verir. Lisenziya onu alan şəxsə istifadə ilə bərabər məhsulu lisenziyaya digər müqavilələrlə istifadəyə vermə hüququnu da verə bilər. Adətən informasiya məhsullarına verilən lisenziya həmin məhsulun istifadəsinə başlamaq üçün onu açanya istifadə etməyə başlayan andan mövcudluğa başlayır. Lisenziyalar proqram məhsullarına istifadə olunan surətlərin sayına, istifadəçilərin sayına, yayılma şərtlərinə, ödəmə üsuluna görə məhdudiyyətlər qoya bilər.

   Verilən lisenziyalara görə informasiya məhsulları kommersiya (lisenziyalara görə ödəniş tələb edən) və qeyri-kommersiya (lisenziyalara görə ödəniş tələb etməyən) məhsullarına bölünürlər.

   Kommersiya məhsulları sonrakı istifadənin məhdudlaşdırılmasına görə məxsusi və azad informasiya məhsullarına bölünürlər.

   Satış nöqteyi nəzərindən əsas informasiya məhsulları olan proqram məhsulları kommersiya, pulsuz, azad yayımlı (freeware) məhsullarına bölünürlər. Əslində bu bölgü baza bölgüsüdür. Real biznes şəraitində bu bölgünü başqa modifikasiyaları və kombinasiyaları da mövcud ola bilər.

   Kommersiya proqramları bu günkü dövrdə ən geniş yayılmış növdür. Alıcı kommersiya proqramına görə satıcıya ödəniş edirlisenziyada olan müqaviləyə əsasən məhsuldan istifadə edir. Satıcı isə müəyyən müddətə məhsula görə məsləhət və ya informasiya-texniki təminat etmə məsuliyyətini üzərinə götürür. Eyni zamanda müəyyən müddət ərzində satıcı alıcıya ya havayı ya da güzəştlərlə ödəmə ilə məhsulun yeni versiyalarının və yeni komponenetlərinin də çatdırılmasını öz üzərinə götürə bilər. Belə proqram məhsulların hazırda geniş istifadə edilən antivirus proqramlarını aid etmək olar.

   Bəzən pulsuz proqram məhsulları da istifadəçiyə təklif oluna bilər. Lakin bu zaman bu proqramdan istifadəyə və ya onun yayılmasına məhdudiyyət qoyulur. Pulsuz proqram məhsullarının istehsalında və istifadəyə verilməsində məqsəd ya reklam məqsədidir (adətən. istehsalçı şirkətlərin imkanlarının reklam edilməsi), ya proqram məhsulundan istifadə, onun konkret şərait və məsələnin həlli üçün uyğunlaşdırılmasına görə ödəmələrə istifadəçinin cəlb edilməsidir, ya da məhsulun içərisində reklam məhsullarının yerləşdirilməsidir.

   Bütün məhsullar və xidmətlər kimi informasiya məhsulları və xidmətləri də alqı satqı prosesində müəyyən qayda ilə qiymətləndirilməlidir.

   İnformasiya məhsulları çox vacib, lakin unikal olmayan xüsusiyyətə malikdir. Belə ki, informasiya məhsullarının illkin nüsxələrinin qiyməti sonrakı nüsxələrə görə çox yüksəkdir. Bu xüsusiyyət yalnız informasiya məhsullarına deyil yolların tikintisi, telekommunikasiya şəbəkələrinin qurulması, ümumiyyətlə texniki infrastrukturun qurulmasında və faydalı qazıntıların axtarılması prosesində də özünü göstərir.

   İqtisadi baxımdan məhsul nə qədər çox istehsal edilərsə, onun orta qiyməti də bir o qədər aşağı olacaq. İnformasiya məhsullarında isə istehsal qiymətlərinin strukturunun xüsusiyyətləri əhəmiyyətli rol oynayır.

   İnformasiya bazarında informasiya məhsullarının satışı adi qaydada təmin edilmir. Bu bazarda ticarətin baş verməsi üçün satış kanallarının olması vacibdir. Satış kanalları dedikdə adətən məhsulu istehlakçıya çatdıran bazar iştirakçılarının məcmusu başa düşülür.

   Qeyd edək ki, informasiya bazarında satış kanallarının əhəmiyyəti böyükdür

   Məsələ burasındadır ki, informasiya bazarı ənənəvi formada yaranmır. Bu bazarın formalaşması üçün informasiya əlaqəsinin olması vacibdir. Satış kanallarının əhəmiyyəti də burada üzə çıxır.

   İnformasiya bazarının özünəməxsusluğu həm də istehsalçının istehlakçı ilə bütün işi özü görməsidir. O, həm də məhsul satışından əldə olunan pulu yığır, yeni alıcılar cəlb edir.

   İnformasiya bazarında kənar istehsalçılarıdan da istifadə edilir. İnformasiya bazarında tez-tez informasiya məhsulları kənar istehsalçının hər hansı məhsulu ilə birgə təqdim olunur. Kənar istehsalçıların məhsulları qurğularya digər informasiya məhsulları ola bilər. Məsələn, kompüterlə bərabər əməliyyatlar sisteminin istehlakçıya çatdırılması bu qəbildən olan satışdır. Lakin yadda saxlamaq lazımdır ki, informasiya bazarında hər hansı şirkətin məhsulları digər şirkətin ticarət markası ilə də satıla bilər. Məsələn, MacBook kompüterləri ASUS şirkəti tərəfindən istehsal edilir.

   Müasir dövrdə bazarda satışın təşkili üçün effektiv françayzinq (franchiser- üstünlüyə, imtiyaza malik olan, ingilis dilində) modelindən də istifadə olunur. Bu modelin klassik sxemi belədir. Müəyyən bazarda artıq özünə möhkəm yer tutan, istehlakçılar arasında tanınan ticarət markasına malik iri müəssisə (françayzer) satış şəbəkəsini genişləndirmək məqsədilə, xırda şirkətlərlə ciddi qaydada razılaşdırılan, standartlara uyğun müəyyən məhsul və xidmətlərin istehsal və satışı üzrə müqavilə bağlayır. Adətən, müqaviləyə əsasən həmin iri müəssisə (françayzer) bu kiçik şirkətlərə özünün malik olduğu ticarət markasından, texnologiyalardan, texnoloci yeniliklərdən istifadə hüququ verir, habelə daimi olaraq peşəkar kömək göstərir, işçi heyətə təlimlər keçir, reklam işini təmin edir, onlarla əlaqədar marketinq tədqiqatları aparır. Beləliklə, aydın olur ki, əslində iri müəssisə xırda şirkətlərə onun yoxlanılmış və təcrübədən keçən işin təşkili modelindən istifadə etməyə imkan verir. Bununla da iri müəssisə əlavə investisiya qoyuluşları etmədən satış şəbəkələrini və satış bazarının miqyasını genişləndirir, öz növbəsində kiçik müəssisələr heç bir riskə getmədən sınanılmış biznes aparılmasını əldə edir, istehlakçı isə bazrın xüsusiyyətlərini nəzərə alınması ilə vaxtlı-vaxtında tələbatlarını ödəyirlər.

   Son məlumatlara görə dünyada informasiya texnologiyaları bazarının dəyəri artıq trilyon dolları ötüb və sürətlə genişlənir. Bazarın həcmində illik artım 3 faizdən az deyil. Bazarda müşahidə olunan artımda əsas amil proqram təminatı dəstəyinə olan tələbatın yüksəlməsi olub. Proqram təminatı seqmentində artım daha böyükdür.

   Bazarın böyüməsində ÇinHindistan xüsusi önəm daşıyır. Ümumiyyətlə inkişaf etməkdə olan ölkələrdə informasiya bazarının sürətlə böyüməsi onun iqtisadi əhəmiyyətini də artırır. Buna görə də inkişaf etməkdə olan ölkələrin İKT bazarı qlobal şirkətlər tərəfindən daha həssaslıqla öyrənilir.

   Azərbaycan da bu baxımdan istisna deyil. Azərbaycanın informasiya texnologiyaları bazarı dünya informasiya texnologiyaları vendorlarında xüsusi maraq doğurur. Azərbaycanda DATA informasiya mərkəzlərinin yaradılması məsələləri daha aktualdır. Ölkəmiz perspektivdə regionda informasiya mənbəyi informasiya xidmətləri tədarükçüsü roluna iddia edir. Bu istiqamətdə dünya şirkətləri ilə əlaqələr yaranıb mövcud məsələlər müzakirə edilir.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2013.-12 iyun.-S.9.