Mir Cəfər Bağırov və Teymur Quliyev

 

Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

1956-cı ildə Teymur Quliyevin kürəkəni İmran Qasımovun da əyninə saxta don geyindirib vəzifəsindən uzaqlaşdırmışdılar.

Azərbaycan Respublikası Prezidenti İşlər İdlarəsi Siyasi Sənədlər Arxivində saxlanılan və indiyədək ədəbi mühitə məlum olmayan bir sənədi oxuculara çatdırıram:

"Azərbaycan KP MK Bürosu iclasının 1956-cı il 20 aprel tarixli 16 nömrəli protokolundan çıxarış

ÇIXARIŞ

İ.H.Qasımov yoldaş redaksiyanın işinə rəhbərliyi təmin etmədiyinə görə "Literaturnı Azərbaycan" jurnalının redaktoru vəzifəsindən azad edilsin.

Azərbaycan KP MK katibi

İ.D.MUSTAFAYEV

27.04.1956-cı il"

Redaksiyanın işinə rəhbərliyi təmin edə bilməyən əslində kim olmuşdur?

Arxiv materialları həqiqəti olduğu kimi göstərir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində İmran Qasımovun 1949-cu il may ayının 24-də öz dəst-xəttilə yazdığı tərcümeyi-halı saxlanılır.

Tanış olun:

"Mən, Qasımov İmran Haşım oğlu 1917-ci ildə Bakı şəhərində mühəndis ailəsində anadan olmuşam. İnqilabdan qabaq atam Peterburqda Mülki Mühəndislər İnstitunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra fasiləsiz olaraq Azərbaycanda ixtisası üzrə çalışmışdır. Hazırda Mingəçevir Yüksək Gərginlikli Trestinin inşaat idarəsinin rəis müavini vəzifəsində işləyir.

Mən 1927-ci ildən 1935-ci ilədək orta məktəbdə oxumuşam. Onuncu sinfi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin ədəbiyyat şöbəsinə qəbul edilmişəm. Sonra Bakı kinostudiyasında işlədiyimə görə qiyabi təhsil almış, 1937-ci ildə Moskvaya kino kurslarına göndərilmişəm. Kursları bitirdikdən sonra Bakıya qayıtmış, yazıçı-ssenarist fəaliyyətimi davam etdirmişəm. 1938-ci ilin əvvəllərində ilk ssenarim olan "Qaratəpə" əsərimi yazmışam. Bundan sonra mən "Azərfilm"in ssenari şöbəsində məsləhətçi işləmişəm. Bir müddətdən sonra öz xahişimlə işdən azad edilərək, müstəqil yaradıcılıqla məşğul olmuş, "Yeni üfüqlər", "Köhnə şəhərdə", "İradə" digər ssenariləri yazmışam. "Arzu" pyesim Əzizbəyov adına Azərbaycan Dram Teatrında tamaşaya qoyulmuşdur. Oçerk məqalələr çap etdirmiş, bədii ədəbiyyat nümunələrini Azərbaycan dilindən rus dilinə çevirmişəm.

 

1938-ci ildə komsomola qəbul olunmuşam, iki dəfə ilk komsomol təşkilatının katibi seçilmişəm. 1939-cu ildə SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmişəm. 1942-ci ilin noyabrında Bakı Kinostudiyası Ssenari Şöbəsinin rəisi təyin edilmişəm. 1944-cü ildə ilk dəfə olaraq respublikada rəhbər işə irəli çəkilmiş, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşam. 1946-cı ildə kinematoqrafiya idarəsi nazirliyə çevriləndən sonra 1947-ci ilin avqustunadək nazir müavini işləmişəm. Öz xahişimlə bu vəzifəmdən azad olunaraq, nazirliyin kollegiya üzvü olmaqla, baş redaktor vəzifəsində çalışıram. Bu günlərdə "Bakının işıqları" bədii filminin ssenarisini bitirmişəm. Sovet Azərbaycanının 30 illiyinə həsr etdiyim "Sovet Azərbaycanı" rəngli filmini, "Böyük yol", "Xəzər nefti" kino-oçerklərini hazırlamışam.

Ailəliyəm. Arvadım diş həkimidir, partiya üzvüdür. Beş yaşında qızım vardır. Anam evdar qadındır. Qohumlarımdan dayım 25 il bundan əvvəl İrana qaçmışdır. Mən onu heç vaxt görməmişəm, heç bir əlaqəm olmamışdır, bəlkə vəfat etmişdir.

İmza: İ.Qasımov

24 may 1949-cu il".

Arxiv materialları arasında İmran Qasımovu Azərbaycanda ilk dəfə rəhbər işə irəli çəkənin Mir Cəfər Bağırov olduğunu göstərən sənəd vardır. Tanış olun:

"Azərbaycan K(b)P MK Bürosu iclasının 1944-cü il 15 iyun tarixli (protokol N 374) iclasının qərarı

1938-ci ildən Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının üzvü, Moskva şəhərində kino işçiləri kurslarını bitirmiş İmran Haşım oğlu Qasımov Azərbaycan Xalq Komissarları Soveti yanında kinematoqrafiya işləri İdarəsinin rəis müavini təsdiq edilsin.

Azərbaycan K(b) P MK katibi

M.C.BAĞIROV

23 iyun 1944-cü il".

İki ildən sonra, 1946-cı ildə partiya sıralarına qəbul edilmiş İmran Qasımovun uğurları ümumittifaq səviyyəsində təsdiq edilir. Azərbaycan Respublikası Prezidenti İşllər İdarəsi Siyasi Sənədlər Arxivində 1948-ci il aprel ayında SSRİ Kinematoqrafiya Nazirliyi Bədii Şurasının sədri Leonid Fyodoroviç İliçyovun imzaladığı bir sənəd saxlanılır:

"Bakı kinostudiyasında hazırlanan "Bakının işıqları" filminin ədəbi ssenarisi (müəllifi İmran Qasımovdur) haqqında

Bədii şura "Bakının işıqları" filminin ədəbi ssenarisini müzakirə edərək çəkiliş üçün tövsiyə edir.

SSRİ Kinematoqrafiya Nazirliyi

Bədii şurasının sədri L.F.İliçyov".

İki il sonra, 1950-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı ongünlüyü iştirakçıları arasında Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, Sabit Rəhman, Mir Cəlal başqaları ilə yanaşı İmran Qasımov da olmuşdur. 1950-ci ildə Azərnəşr tərəfindən buraxılmış "Azərbaycan ədəbiyyatı dekadası" kitabçasında onun haqqında qısaca məlumat verilmişdir.

nəhayət, 1959 il iyul ayının 8-də Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Vəli Axundov 1956-cı ildə respublika rəhbərliyi tərəfindən ədalətsiz cəzalandırılmış İmran Qasımova yenidən qol-qanad vermişdir. 1956-cı ildə Temur Quliyevin lehinə təklif verməklə təklənən Mirzə İbrahimov Vəli Axundov dövründə Teymur Quliyevin kürəkənini göylərə qaldırmışdır. 1961-ci ildə İmran Qasımov Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir. 1967-ci ildə isə İmran Qasımova münasibəti arxivdə tanış olduğumuz iki sənəd əyani şəkildə göstərir.

Həmin il yanvarın 2-də Mirzə İbrahimov Mərkəzi Komitəyə aşağıdakı məktubu göndərmişdir:

"AZƏRBAYCAN YAZIÇILARI İTTİFAQININ KATİBİ

İMRAN QASIMOV HAQQINDA XASİYYƏTNAMƏ

 

Qasımov İmran Haşım oğlu 1918-ci ildə Bakıda mühəndis ailəsində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin filoloji fakultəsinə daxil olmuş 1938-ci ildə oranı bitirdikdən sonra Moskvaya kinossenaristlər kursuna getmişdir.

İmran Qasımov nasir, dramaturq kinossenarist kimi məşhurdur. O, 1937-ci ildə "Yeraltı uğultu" adlı ssenarisini yazmışdır. Bundan sonra "Arzu", "Xəzər üzərində şəfəq", "Dəniz cəsurları sevir", " üçün yaşayırsan", "İnsan məskən salır" kimi pyeslər yazmışdır. Həmin əsərlər Azərbaycan Moskva teatrlarında tamaşaya qoyulmuşdur.

İmran Qasımov Həsən Seyidbəyli ilə birlikdə məşhur "Uzaq sahillərdə" "İllər ötür" romanlarının müəllifidir.

İmran Qasımov istedadlı bir kinossenaristdir. Onun ssenariləri əsasında "Xəzər dənizçiləri haqqında povest", "Dənizi fəth edənlər", "Onun böyük ürəyi" s. filmlər çəkilmişdir.

İmran Qasımov həm partiya dövlət işində fəal çalışır.

Azərbaycan Yazıçıları İttifaqının birinci katibi Mirzə İbrahimov".

Bir aydan sonra - 1967-ci il fevralın 7-də Vəli Axundovun imzaladığı sənəd arxivdə saxlanılır:

"Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin 1967-ci il 7 fevral tarixli (protokol 16, paraqraf 22) qərarı

Respublika yazıçıları ittifaqının təklifi qəbul edilərək, İmran Haşım oğlu Qasımov yoldaş Azərbaycan Yazıçıları İttifaqının katibi təsdiq olunsun.

Azərbaycan KP MK katibi V.Axundov

10 fevral 1967-ci il".

 

(ardı var)

Teyyub Qurban

 

Ekspress.-2013.- 2-4 noyabr.- S.15.