İlqar Sail: "Atam sağ olsaydı, heç vaxt müğənnilik etməzdim"

 

İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Bizdə isə bunu sübut etməyə lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut var. Hamısı da göz qabağında. Yəni indi müxtəlif sənət sahələrində müvəffəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan oğula keçdiyini söyləmək olar. Amma gəlin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini necə xatırlayırlar? Axı indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyır?

Bu rubrikada məqsədimiz ömrünü millətinin inkişafına sərf edən dahiləri yad etmək, onları indiki nəslə tanıtdırmaq və sevdirmək, tanıyanlara isə yeni nə isə deməkdir.

Rubrikamızın qonağı bir zamanların məşhur sənətkarlarından olan Məmmədəli Əliyevin oğlu müğənni İlqar Saildir.

- İlqar müəllim, atanız Məmmədəli Əliyev Azərbaycanda tanınmış sənətçilərdən idi. Yəqin sənətə gəlişiniz atanızın yolunu davam etdirmək istəyi ilə bağlıdır...

- Mən musiqiçi ailəsində dünyaya göz açmışam. Fikrim müğənni olmaq deyildi, musiqiçi olmaq istəyirdim. Bu istəklə də instrumental ifaçı oldum. Əvvəlcə skripka ilə məşğul olmağa başladım. 1 il keçəndən sonra başa düşdüm ki, bu, mənlik deyil. Dedim ki, məni zərb alətləri sinfinə keçirsinlər. 1983-cü ildə atam rəhmətə gedəndən sonra sanki mənə ilahidən vergi verildi. Fikirləşdim ki, müğənni olmalıyam, atamın yolunu davam etdirməliyəm. 1990-cı ildə qəti qərara gəldim ki, bütün instrumental alətləri bir kənara qoyub, müğənni olum. 1991-92-ci illərdə artıq müğənni kimi fəaliyyətə başladım. Əgər atam sağ olsaydı, heç vaxt müğənnilik etməzdim.

- Bəs niyə 1983-cü ildə doğan arzunuzu 10 il sonra həyata keçirdiniz?

- Müğənni olmaq heç zaman gec deyil. Mən uşaq vaxtlarımdan oxumağa başlamışam. Yadıma gəlir, anam danışırdı ki, "iki yaşınız olardı, qardaşınla səni dənizkənarı parka gəzməyə çıxarmışdım. Siz özünüz üçün nəsə oxuyurdunuz. Mən sizə fikir vermirdim. Birdən arxaya çevriləndə gördüm ki, arxamızca 10-15 adam gəlir. Sən demə, onlar sizə qulaq asırmışlar". Hələ bizim iki yaşımız olanda, biz "əl Mustafa" adlı bir ərəb mahnısı var idi, onu əzbər bilirdik.

- Deyəsən uşaqlığınız haqda danışmağı xoşlayırsınız?

- Hər insan üçün uşaqlığı müqəddəsdir. Bilirsiniz, uşaqlıqda heç bir problem olmur. Problem olanda da ürəyinə salmırsan. Həyat sənə gözəl görünür. Bəlkə elə buna görə uşaqlığımdan danışmağı xoşlayıram. Uşaqlıqdan danışanda insanda gözəl təəssüratlar yaranır. Mənim uşaqlığım doğrudan da gözəl keçib. Səhərdən axşama kimi futbol oynayardıq... Heç məktəbdə yaxşı oxumamışam. Ailədə beş uşaq olmuşuq. Qardaşlarım hamısı musiqi ilə məşğul olublar. Amma professional səviyyəyə gəlib çıxmayıblar. Mənsə 1973-cü ildə 6 saylı musiqi məktəbinə daxil olmuşam. Oranı bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1985-ci ildə oranı bitirmişəm.

- Atanız yadınızda necə qalıb?

- Mənim xatirmidə atam xeyirxah insan kimi qalıb. Bilirsiniz atam necə insan idi? Heç vaxt heç kəsin qarşısında boyun əyməzdi, heç kəsin ayağına düşüb yüngül hərəkətlər etməzdi. Bəzi insanlar yaltaqlıqla, kiminsə qarşısında baş əyməklə nəyəsə nail olurlar. Amma mənim atam belə deyildi. Mənim üçün ideal kişi atam idi. Çox mülayim insandı. Yadıma gəlmir ki, vaxtsa mənim üstümə qışqırsın. Bir sənətkar kimi o, mənim üçün ideal idi. Səsinə bir oğul kimi yox, bir dinləyici kimi heyran idim.

Atam sənətinə çox ciddi yanaşırdı. Hər səhər yuxudan duran kimi 1-2 saat səsi ilə məşq edərdi. Yanına məsləhət üçün çox adamlar gəlirdi. Atam dəsgah da oxuyub, muğam da oxuyub, teatrda parçalar da oxuyub. Mən ona universal bir müğənni kimi baxırdım. Atam həm qəzəlxan idi. "Sail" onun qəzəlxan kimi təxəllüsüydü. Çox gözəl qəzəllər yazırdı.

Babam Mirzə Əliqulunun da çox gözəl səsi varmış. O, dərviş olub.

 

Amma faydası, atamı bütün Azərbayan tanısa da, fəxri ad verilmədi. Mən istəyərdim ki, atama ad versinlər. olsun ki, həyatda yoxdur. Axı bu insan Azərbaycan incəsənətində iz qoyub.

- Atanızdan sonra "Kor ərəbin mahnısı" bir çox müğənnilər oxudu. Hansı ifaçıdan razısınız? Özünüz niyə həmin mahnını ifa etmirsiniz?

- Atamdan sonra o mahnını Ağadadaş Ağayev, Faiq Ağayev, Mələkxanım Əyyubova, Əyyub Yaqubov ifa etdi. Amma nədənsə Əyyubun ifası mənim ürəyimə çox yatır. Mən özüm isə həmin mahnını evimizin simvolu olduğu üçün ifa etmirəm. Hər dəfə o mahnını eşidəndə qəhərlənirəm. Mənə psixoloji təsir edir. Amma prinsipiallığa qalanda, o mahnını ifa edərəm, özü də hamıdan yaxşı.

- Eşitdiyimizə görə, atanızın ifalarından ibarət disk çıxarmısınız.

- , disk , albom da çıxıb. Mən atamın ifalarını Qızıl fonddan tapmışam. Düzdür, texniki qüsurlar çox idi. Təsəvvürünüzə gətirin ki, hamısı 1957-59-cu illərin lent yazıları idi. Həmin mahnıları "Şahinlər" studiyasına verdim. Orada bütün qüsurları aradan qaldırdılar mahnılar yaxşı vəziyyətdə dinləyicilərə çatdırılıdı. Bilirsiniz qalmayıb atamın mahnılarından? Atam "Kor ərəbin mahnısı"na kiçik kino-klip çəkdirmişdi. O dövrdə həmin klipə baxan yaşlı sənətçilər bilirlər ki, elə bir klip var idi. Mən qədər həmin lenti axtardımsa, tapa bilmədim. Həmin klipi çəkən rejissorun oğlu da lentin harada olduğunu bilmir.

- Özünüz mahnılar yazırsınızmı?

- Yazmamışam. Amma mənə elə gəlir ki, yaza bilərəm. Çünki 15 il musiqi təhsili almışam. Potensialım var. Yazmaq istəsəm yazaram. Daha doğrusu, evdə bir neçə cızma-qaram var. Amma hələ onları oxumamışam.

- İndi sənətə "ulduz" axını başlayıb. Buna münasibətiniz necədir?

- Məncə, kimin istedadı var, onun gələcəyi var. Belə bir aksiom var. Talantsız adam zirvəyə talantlıdan tez çatır. Mən istedadlı insanları dəstəkləyirəm. Əgər pis olmasa, yaxşının qədri bilinməz. Çünki hər sənətdə yaxşılar da var, pislər də. Hərdən bəzi müğənnilər çıxıb efirdə deyirlər ki, cavanlar pis oxuyurlar. Düzgün eləmirlər. Çünki hər insan nəyi bacarır, onu da edir. Ola bilsin ki, kiminsə xoşuna gəlməsin onun ifası, amma həmin adamın da öz pərəstişkarları var. Mən belə hesab edirəm ki, bizim şou-biznesin gələcəyi var. Çünki çox gözəl cavan ifaçılar yetişir.

- Amma, nədənsə, bəzi tanınmış, sevilən sənətçilərimiz indi istedadsız gənclərə efir verilməsindən narazıdırlar.

- Sevilən sənətçilərin efirə çıxmağa ehtiyacları da yoxdur. Onsuz da xalq öz sənətçisini tanıyır və sevir. Ümumiyyətlə, mənə belə gəlir ki, telekanallarımızın hamısında "Sizin istəyinizlə" adlı verilişlər olmalıdır. Bu, çox düzgün olar. Kimin ürəyi nə istəyər, onu da sifariş verər. O ki qaldı şou-biznesə, onun da öz qanunları var. Biznes alver deməkdir. Düzdür, şou-biznesə alver demək olmaz. Çünki bu, incəsənətdir. Amma mənə görə, şou-biznesdə insan çalışmalıdır ki, irəli getsin, özünə yollar açsın. Əgər mənim imkanım varsa, nəyə görə efirdə görünməməliyəm? Adam var oturur evdə, deyir ki, "qoy məni çağırsınlar". Sən elə et ki, səni çağırsınlar da. O ki qaldı yaşlı sənətçilərin gileyinə, xalqımız onları sevir, bilmirəm niyə gileylənirlər. Yaşlı sənətçilər başa düşməlidilər ki, zaman keçdikcə, insanlar bir-birini əvəz etdikcə, mahnı janrları da bir-birini əvəz edir. Əgər dünən muğama üstünlük verilirdisə, bu gün repə üstünlük verilir. Dəblə ayaqlaşanlar indi cavanlara qulaq asırlar.

Bəzi müğənnilər var, efirə çıxmaq üçün o qədər pul tökürlər. Ammaolsun, sevilmirlər. Mənim mahnılarımsa efirdə nə həddən artıq çox göstərilir, nə də az. Çünki şərt o deyil ki, mən hər gün efirə çıxım, şərt odur ki, səni insanlar qəbul etsinlər. Bir daha təkrar edirəm ki, müğənni var ki, çox əziyyət çəkir, ancaq bəyənilmir, müğənni var ki, bir mahnı ilə sevilir. Mənim fikrimcə, mahnıda da səmimiyyət olmalıdır. Mən mahnını seçəndə, 99 faiz bilirəm ki, həmin mahnı seviləcək. Mən səmimi insanam. Məncə də hər şeydə səmimilik, sadəlik olmalıdır. Dediklərimi özündən razılıq kimi qəbul etməyin. Mənim ifalarım özümün xoşuma gəlir. Razıyam öz sənətimdən, yaradıcılığımdan. Öz ifam da, mahnılarım da xoşuma gəlir.

 

- İndi mahnılarda sintez bir növ dəb halını alıb...

- Sintezi mən inkişaf kimi qəbul edirəm. Hamısı sənətdə olan inkişafın əlamətləridir. Sintez mahnılardan xoşum gəlir, hərdən elə orijinal olur ki... Mənə çox təkliflər ediblər ki, mən də mahnılarımı sintez edim, amma nədənsə razılaşmamışam.

 

 

AYXAN

 

Ekspress.-2013.- 12-14 oktyabr.- S.19.