Şahnaz Haşımova: "Gəncəlilər sərt deyil, sadəcə gəncəlidirlər"

 

Aybəniz Haşımova: "Şahnaz bir dəfə az qalırdı məni öldürsün"

 

Azərbaycan ifaçılıq sənətində adlı-sanlı, istedadlı sənətkarlar arasında Şahnaz və Aybəniz Haşımova bacılarının da xüsusi yeri var. Onların adlarını qoşa çəkməkdə məqsədimiz var. Şahnaz xanımla çoxdan görüşmək istəyirdik. Amma elə gətirdi ki, onun Bakıda - bacısı Aybəniz Haşımovanın evində olduğunu eşidəndə, qərara aldıq ki, elə ikisi ilə də görüşüb söhbətləşək. Və belə də etdik...

- Şahnaz xanım, sizi Bakıda görməyimizə çox şadıq. SSRİ dövründə, ölkəmizdə yeganə telekanalın yayımlandığı vaxtlarda Şahnaz xanımı tez-tez efirdə görməyə adət etmişdik. İndi televiziyaların sayı artıb, amma nədənsə son illər sizi olsa-olsa hərdən yenə Az.TV-nin efirində görürük, o da gec saatlarda...

- Mən Bakıya tez-tez gəlirəm. Telekanallarda az görünməyim o demək deyil ki, işləmirəm. Bəlkə də gündə efirdə görünənlərdən çox səmərəli işləyirəm. Çünki Bakıda telekanallar, qəzetlər, ümumiyyətlə, kütləvi informasiya vasitələri Gəncədəkilərdən dəfələrlə çoxdur. Təbii ki, Bakıda otura-otura Gəncədə gördüyümüz işlərdən Bakıda xəbər tutmayacaqlar. Həmin müğənnilərin hansı biri cəbhə bölgəsində qulluq edən əsgərlərin görüşünə gedir? Gedib şəhərin ortasında bir klip çəkdirir və telekanallar da hər gün bu klipi nümayiş etdirir. Amma bizim kollektivlər həftə səkkiz-mən doqquz əsgərlərin yanındadırlar. Elə bayram yoxdur ki, mən öz evimdə qeyd edim. Belə günləri hərbi hissələrdə, qaçqın məskənlərində keçirirəm.

- Bu gün Heydər Əliyev Sarayında konsert vermək adi hal alıb. Kim istədi, 5-6 gün konsert verir. Vaxtilə çoxlarının səhnəsinə həsrətlə baxdığı bu sarayda Şahnaz Haşımova mütəmadi olaraq konsertlər verir, dövlət konsertlərində iştirak edirdi. Bakıda çoxlu pərəstişkarları olan Şahnaz xanım bu gün niyə onları saraya cəmləmək istəmir?

- Bilirsənmi, qadan alım, o dövrlərdə pul verib oxumaq dəb deyildi. Özləri dəvət edirdilər, hətta gəlməyəndə inciyirdilər də. O vaxt indi kimi deyildi, axı. İstedadlıları axtarıb tapırdılar, sənətçi kimi yetişdirirdilər. Elə bir bayram olmazdı ki, bizi dəvət etməsinlər. Gəncənin birinci katibinə minnətçi düşürdülər ki, "filan gün konsert var, xahiş edirik, Şahnaz xanımı, "Göy göl" ansamblını göndərin".

- Bəs o vaxtlar nə üçün Bakıda qalmadınız?

- Bakıda mənim dövrümdə tanınmış müğənnilər çox idi. Onların arasında qalıb itməkdənsə, gündə qalmaqala düşməkdənsə, Gəncədə qalmaq daha məsləhətliydi. Bir tərəfdən də sənətçilər arasında çox eybəcər rəqabət vardı. Mənim fikrimcə, rəqabəti səhnədə kişi kimi aparmaq lazımdır. Yoxsa, səsyazma studiyasına mahnı yazdırmağa gəlirdik, çıxanda görürdük ki, maşınımızı çızıblar. Belə rəqabət olar? Sumqayıta konsertə getmişdik, çıxanda gördük ki, yoldaşımın maşınını pis günə qoyublar. Amma məni dəfələrlə Bakıya dəvət etdilər ki, qalıb birdəfəlik burada işləyim. Nəsə, qalmadım. Qadan alım, Bakıda qalsaydım, nolasıydı ki? "Xalq artisti" adını elə Gəncədə yaşaya-yaşaya almadımmı? Doğrudur, o vaxtlar belə şeylər barəsində düşünməmişdim. İndikilər, maşallah, tezbazar populyarlaşmağı düşünürlər. Həqiqətən, o dövrdə sənətə gələnlər bu barədə fikirləşmirdilər. Hətta o vaxtlar qızlar müğənni olmaqdan çəkinirdilər. Qızları yalvar-yaxarla sənətə gətirirdilər. Mənim, yatsaydım, yuxuma girməzdi ki, müğənni olacağam. Sadəcə olaraq səsim olduğuna görə Gəncənin Toxuculuq Sarayında öz yoldaşlarımla dərnəyə gedirdim. Bizim şəhərdə hər il mayın 19-da mahnı bayramı keçirilirdi. Və bütün mədəniyyət ocaqlarında konsertlər təşkil olunurdu, gənc istedadlar da həmin konsertlərdə üzə çıxırdılar. Toxuculuq sarayında musiqi müəllimlərindən təşkil olunan ansamblın iştirakı ilə bizkonsert verirdik. Mən də Nəriman Məmmədovun məşhur "Analar" mahnısını oxumuşdum. Ondan sonra Fikrət Verdiyev məni yeni yaratdıqları "Göy göl" ansamblına solist dəvət elədi. Fikrət Verdiyev bizim gəncəlimizdir, əvvəlcə "Göy göl" ansamblını, sonra Gəncə Filarmoniyasını yaratdı. Mən əvvəlcə Fikrət müəllimin təklifini qəbul etmirdim. Fikrət müəllim də saldı tərsliyinə, hara gedirdim qabağıma çıxırdı, deyirdi ki, "bizim ansambla gəl". Çünki müğənni olmaq istəmirdim. Yəni sözümün canı odur ki, o dövrdə istedadlı qadın müğənniləri axtarıb tapırdılar. Daha indiki kimi yox. Keçən dəfə 55 yaşlı bir xanım gəlib bizə, ərindən boşanıb müğənnilik etmək istəyir. Üzünə baxanda ürəyim sıxıldı. Deyirəm, "neçə yaşınız var?" Deyir ki, "55". Cəhənnəm, isbatlı səsi olsa, adamı o qədər də yandırmaz. 55 yaşında oxumağı öyrənən nə vaxt oxuyacaq? Xətrinə dəyməmək üçün zarafatla dedim ki, "xanım, bəs tez deyilmi? 55 yaşında camaat səhnədən getməyə hazırlaşır. Qadan alım, get, dərzidən-zaddan ol, sən allah, müğənnilik sənətini bu qədər ucuz tutmayın. Ay bacı, mənim kimi sənətkarlar körpəlikdən can qoyub əziyyət çəkmişik, sən də 55 yaşında gəlmisən ki, oxumaq istəyirəm".

- Gəncəlilər bir az mühafizəkar olurlar. yaxşı yoldaşınız sizə oxumağa imkan verdi?

- Mənim yoldaşım özü musiqiçidir. Amma hər halda gəncəlidir. Qadan alım, gəncəlilər sərt deyillər, sadəcə gəncəlidirlər. Yəni hər şeyin yerini bilirlər. Bu gün Azərbaycan mentalitetinin qayda-qanunları Gəncədə öz qüvvəsini saxlayıb. Şükür Allaha, gəncəli olduğumuzu unutmuruq.

- Bayaq dediniz ki, Bakıda sizi istəməyənlər çox olub. Bəs Gəncədə?

- Gəncədə də belələri vardı. Hərdən yoldaşım da hirslənirdi. Deyirdi ki, "bunlar kişi kimi üzə çıxıb sözlərini desələr, adamı yandırmaz". Amma bununla belə gəncəlilər bizi çox istəyirlər. Hərdən həvəsdən düşəndə yaxşı insanlar bizə təsəlli verirdilər. Söz ki açıldı, qoy deyim, bir zaman Gəncədə mənə yaman zülm etdilər. Elə oldu ki, konsertlərdə iştirak etməkdən imtina etdim. Hətta Gəncədən çıxıb getməyi düşünürdüm. Yaxşı insanlar sağ olsunlar, bizə dəstək oldular. Hətta öz sevdiyim ansamblımdan bir il ayrı qaldım. Özüm "Yeni Gəncə" adlı ansambl yaratdım. Bacım Aybəniz də mənə dəstək olmaq üçün Bakıdan gəlib bir müddət yanımda qaldı...

- Və bu çətinliklərdən sonra Aybəniz xanımın müğənni olmasına razılıq verdiniz...

Bu məqamda söhbətimizə Aybəniz xanım da qoşulur:

- Şahnaz xanımla mənim aramda müəyyən qədər yaş fərqi olub. Evimizdə Şahnaz xanıma xüsusi diqqət və qayğı vardı. O məşq edəndə, valideynlərimiz heç kimi onun otağına buraxmırdılar ki, mane olmayaq. Mən uşaq vaxtı çox dəcəl idim. Otaqdakı stolun altına girib gizlənirdim ki, ona qulaq asım. Onda ağlıma gəlməzdi ki, mən də onun kimi müğənni olacağam. Onu da deyim ki, heç vaxt müğənni olmağı arzulamamışam. Çünki sözün açığı, bu sənəti sevməmişəm. Bu sənəti mənə Şahnaz xanım sevdirib. Bir gün yenə stolun altına girib gizlicə Şahnaz xanıma qulaq asanda, özümün də xəbərim olmadan başlamışam ritm tutmağa. Bu anda Şahnaz qışqırdı. Mən də başladım tir-tir əsməyə.

- Şahnaz xanımdan qorxurdunuz?

- Böyük bacımdı, necə qorxmayaq ki?

- Döyübmü sizi?

- Niyə döyməyib, döyüb, yaxşı da eləyib. Uşaq şuluqluq eləyəndə, vurarlar da. Bir dəfə gəlinimizin nişan üzüyünü barmağıma taxmışdım, barmağım şişdi, üzüyü kəsməli oldular. Onda məni az qalırdı öldürsün. Ondan sonra bir daha nişan üzüyü taxmadım...

Ş.H: - Evin böyük qızı olduğuma görə, bacılarımın, qardaşlarımın qayğılarını anamla birgə çəkmişəm. Aybəniz anadan olanda,- o, evdə anadan olub, həkim onu birinci mənim qucağıma verib. Elə mənə öyrəşmişdi ki, qucağımdan yerə qoyanda, özünü yeyib-tökürdü. Özü elə zildən çığırırdı ki...

Məni zorla müğənni elədilər. Amma Aybəniz anadan müğənni doğulmuşdu. 3-4 yaşı vardı, mən evdə məşq edəndə stolun altına girib nağara çalırdı. Görürdüm ki, həqiqətən ritmi düz tutur. Ondan sonra oldu mənim nağaraçalanım. Mən məşq edəndə, o da məni ritmlə müşayiət edirdi. Bir müddət keçəndən sonra aparıb Aybənizi musiqi məktəbinin fortepiano sinfinə qoydum. Həmin musiqi məktəbində bilirdilər ki, mənim bacımdır, səsi olduğuna görə oxudurdular. Amma mənim bunlardan xəbərim yox idi. Bir gün Fikrət müəllim mənə dedi ki, "bəs, Gəncənin birinci katibi Həsən Həsənov haradasa balaca qəşəng bir qız uşağının oxumasını eşidib, onu təcili axtarır..."

A.H: - Rəhmətlik ümummilli liderimiz Heydər Əliyev Gəncəyə gələndə, konsertdə oxudum. Sonra bizi Bakıya konsertə çağırdılar. O dövrdə "Qarabağ bülbülləri"ndən başqa oxuyan uşaq yox idi. Yadıma gəlir, rəhmətlik Xeyransa Məmmədova orada "Sarı bülbül" mahnısı oxudu. Məhz Xeyransaya mənə görə o dövrdə Bülbül adına Musiqi Məktəbində Heydər Əliyevin göstərişi ilə muğam sinfi açıldı. 1980-ci ildə H.Əliyevin göstərişi ilə bizim ikimizi həmin şöbəyə qəbul etdilər. Lakin mən həmin il getmədim. Şahnaz qoymadı, dedi ki, əl boyda uşaq, gedib təkcə Bakıda necə qalacaq? Axırda güc-bəla, razılaşdı. Elə oldu ki, sonrakı il bu şöbəyə şagirdlərin qəbulu üçün ümumrespublika muğam müsabiqəsi keçirildi. 10 000 uşağın arasından cəmi 9 uşaq məktəbə götürüldü ki, onlardan biri mən idim. Amma o uşaqlardan indi sənətdə bir mənəm, bir Könül Xasıyeva...

 

İLTİFAT

 

Ekspress.-2013.- 26-28 oktyabr.- S.19.