Unudulmaqda olan qalayçılıq

 

Qalayçılar şikayətlənirlər: "Bu sənətə dövlət qayğısı yoxdur"

 

"Bizə kömək olsa, əl işlərimizdən ibarət dükan açıb, ora turistləri cəlb etsələr, bu həm dövlətə xeyirli olar, həm də bizə".

 

Qədim xalq sənətləri milli-mənəvi irsimizin təməl daşlarındandır. Misgərlik, papaqçılıq, qalayçılıq, keramika, sadəcə, bizi keçmişimizlə bağlamır, milli kimliyimiz, onun tanıtımı üçün də önəmləri var. Lakin müasir texnologiyalar fonunda bu sənətlər yalnız arxa plana sıxışdırılmır, faktiki olaraq əldən gedir. Bu dəfə sizlərə qalayçılıqdan və sayları tükənən qalayçılardan söhbət açacağıq.

Qalayçılıq - mis qabların pas atmaması üçün qalaylanması ilə əlaqədar peşə sahəsidir. Qalayçılar paxırlanmış mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu - ammonium-xloridlə sürtüb üstündən qalay çəkirdilər. Qalayçılıq xüsusilə əvvəllər Dağıstanda, həmçinin Azərbaycanın Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı və Lahıc kimi şəhər və rayonlarında dageniş yayılmışdı. İndinin özündə də Azərbaycanın bəzi şəhər və rayonlarının qalayçı emalatxanaları var.

20 ilə yaxındır ki, qalayçılıq sənəti ilə məşğul olan Mehman Eyvazov bildirir ki, 3 qardaş birlikdə çalışırlar. Dediyinə görə, bu sənəti onlar atalarından öyrəniblər: "Atam bu sahədə artıq 60 ilini tamamlayıb. Qardaşım da qalayçıdır. Təbii olaraq bizim uşaqlarımız da bu sahəyə maraq göstərir. Atamın atası da, ulu babalarımız da bu işlə məşğul olub. Hamımız sənətkarıq. Qalayçılıq nəsildən-nəsilə keçən bir sənətdir. Əslində çox tələbatlı bir işdir. Məişətdə təmirə ehtiyacı olan hər nə varsa - çaynik, samovar, qablarbu kimi misdən olan əşyalar - hamısı burda bərpa edilir".

Ustanın sözlərinə görə, qalayçılıq uzun illərin sənətidir. Daş dövründən sonra yaranan bu sahə bu günə kimi yaşayır. Son zamanlar qalayçılıq sənətinə o qədər önəm verilməsə də, müasir dövrdə olmağımıza baxmayaraq, indinin özündə də bu sənətə təlabat var: "Hamının evində qab-qacaq var. Dəmir, mis qab-qacaq istər-istəməz təmirə aparılır. Tələbatlı sənətdir, amma getdikcə sənətkarlar azalır. Vaxtı ilə Azərbaycanda 500-600 sənətkar var idisə, indi təəssüf ki, 10-15 nəfər qalmışıq".

M.Eyvazovun dediyinə görə, bu sənəti öyrənmək üçün onlara müraciət edənlər də az deyil. Bütün bilik və bacarıqlarını tələbələrinə öyrədən usta dövlətin bu sənəti yada salmamasından da şikayətlidir.

Mehman ustanın təmir etdiyi qabların ən qədimi XVIII əsrə təsadüf edir. Qalayçılıq nadir sənət olsa da, qalayçıların gəliri dolanışıqlarına ancaq çatır. Hər halda həmsöhbətimiz belə deyir: "İşin gəliri ancaq özümüzü dolandırmağa bəs edir. Artırıb, əlavə pul toplamağa, daha yaxşı yaşamağa bəs etmir. Qazandığımız pulla da material alırıq ki, qabları düzəldə bilək".

Usta deyir ki, bu işin ən çətin tərəfi isə səhhətə çox ziyanlı olmasıdır. M.Eyvazov hesab edir ki, elə bu səbəbdən də bu sənətə meylli olan insanların sayı azalır. Həmsöhbətimizə görə, ağciyərlərin, qan təzyiqinin, tənəffüs orqanlarının sağlamlığının pozulmasına səbəb olan qalayçılıq sənətinə sovet dövründə başqa hörmət varmış: "Sovet dövründə hər bir sənətkara gün ərzində dövlət tərəfindən 1 litr süd ayrılırdı. Ancaq indi belə bir şey yoxdur. Hər bir işin zərərli tərəfləri var. Adi taksi şoferinin də qəza etmə, həyatını itirmə qorxusu var. Bütün sahələrdə əsəb, stress var. Qalayçılıq sənəti artıq yox olmaq üzrədir".

Söhbətə qoşulan digər qalayçı Yusif Əliyev deyir ki, hər 3 aydan bir onlara cərimə kağızı gəlir: "Bunu da hörmətli vergi ödəyicisi adı ilə bizə göndərirlər. Biz qeydiyyata düşmürdük, bizi məcbur saldılar. 90-cı illərdən sonra vergi söhbəti ləğv olunmuşdu, rahat nəfəs alırdıq. Yenidən bu söhbətlər baş qaldırıb. Bu sənəti sevməsən, nə qədər pul qazansan da dözüb işləmək mümkün deyil. Əsas sənəti sevməkdir. Həvəsin olmalıdır. İnsanlar müxtəlif səbəblərdən bu sənətdən imtina edir. Biri kislata var deyə, biri çox çirkli sənətdir deyə işləməkdən boyun qaçırır. Bunlar hamısı bəhanədir".

Yusif ustanın sözlərinə görə, bu sahə nəsillərlə davam etdirilir. Kənardan gələn biri heç vaxt bu sahəyə maraq göstərmir: "Mən bu sahədə yeganə adamam ki, nə əmim, nə dayım, nə də atam bu sənətdə işləyib. Mənim özümün xoşuma gəlib və işləməyə başlamışam".

Y.Əliyev deyir ki, ən uzun müddətli 1 ay olur. Təəssüf ki, 1 aylıq işin qazancı olmur. "Onu ancaq maraq üçün işləyirsən ki, görüm mən bu işi edə bilərəm, ya yox. Həm də bu işə vurğun olduğuna görə işləyirsən. 1 aylıq işdən qazanc gözləmirik", - deyir müsahibimiz.

Y.Əliyevin sözlərinə görə, onlara əsasən şəxsi muzeyləri olan insanlar müraciət edir. Dövlət muzeylərindən isə müraciətlər nadir hallarda olur. "Yuxarı vəzifədə işləyən çox adamlar da bizə müraciət edir. Şəxsi, yaxud idarə üçün olan əşyaları düzəldirik. Əksəriyyət şəxsi kolleksiyalarından qablar gətirir. Əvvəllər insanlar xarab olan qabları atırdılar. İndi isə bizə gətirirlər. Azərbaycanda nə qədər sağ-salamat qab-qacaq qalıbsa, hamısı bizim sayəmizdədir. Bütün Azərbaycandan bizə müraciət edən insanlar olub. Ən çox qalayçılıqla məşğul olan sənətkarlar isə Lahıcla Bakıdadır. Şamaxı, Bərdə, Gəncədə də qalayçı tapmaq mümkündür", - deyən usta bildirir ki, sənətkar ola bilmək üçün enerjili olmaq, passivliyi atmaq lazımdır.

Sənətkarlar qablardan daha çox zövq alırlar, nəinki insanlarla danışmaqdan, yaxud başqa işlə məşğul olmaqdan.

Qalayçılıq emalatxanasında yaşı 200-ə yaxın olan samovarlar da var. Usta bildirir ki, onlar emalatxanaya sınıq, yamaq vəziyyətdə gətirilir: "Biz onları təhvil verdikdə isə samovar tanınmaz dərəcədə dəyişir və ilk günkü qədər gözəl görünür. Bir samovarı normal hala salmaq üçün 3 günü bizə bəs edir. Bəzən elə qablar gətirilir ki, qabların bir hissəsi sınıq olur, yaxud tamamən bir tərəfi olmur. Qabı əvvəlki vəziyyətinə salmaq üçün vaxt lazım olur. Vaxt, səbir fantaziya olduqda, qab yenidən əvvəlki gözəlliyinə qayıdır. İstifadə olunan materiallara gəlincə, mis, qalay, çəkiclər, zindanlar, kəlbətinlər ən əsası ocaqdır. Gündəlik bunlardan istifadə olunur. Ustanı da usta edən onun alətləridir. İşlədikcə insanın əli öyrəşir. Hər biri ilə ayrı-ayrı məşğul olmaq lazımdır. Bu alətlərin hərəsinin bir funksiyası var. Elə çəkic var ki, o, adi düz metalı yumru formaya salır. Elə çəkic var ki, o, metala naxış vurur, yaxud zolaq verir. Çəkiclər metala elə vurulur metal elə forma alır ki, sanki metalı tutub dartırsan. Elə çəkiclər var ki, onlar nadir istifadə olunur. Təxmini 15-16 çəkicdən istifadə olunur".

Qalayçı deyir ki, dəmir döymək üçün zindanlar da fərqlidir. Kasa döymək üçün tamam başqa bir zindandan istifadə olunur.

İnsanların marağı böyükdür. Elə insanlar var ki, onlar bizə müraciət edirlər: "Artıq ikinci üçüncü dəfə müraciət etdikdə müştəri özü bizim yanımızda oturur. Əli, üstü- başı toz olur. Artıq onlar da bu məkana doğma baxmağa başlayırlar. zamanla onlar elə maraqlanırlar ki, sanki bu işdən pul alırlar. Sənətkarların arasında olmaq bu sahəyə marağı artırır. Hər dəfə nəyisə anladıqca, öyrəndikcə daha da dərinə getmək istəyirsən".

Ustaların dediklərinə görə, emalatxanaları balacadır. Şərait o qədər yoxdur. Ustalara yaxşı işləmək üçün şərait yaradılmır: "Bizə kömək etsələr, bizim əl işlərimizdən ibarət dükan açıb, ora turistləri cəlb etsələr, bu, həm dövlətə xeyirli olar, həm bizə. Biz itmərik, maraq da artar. Gənclər bu işə daha çox meyl edər. Amma biz burda özümüz özümüzə yaratmağa çalışırıq. Heç bir yerdən kömək yoxdur. Çörək pulu qazan, yerpulu ver bu kimi problemlərə pul çatdırmağa çalışırıq. Bu kiçik yerə aylıq 160 manat ödəyirik. Bundan əlavə ailə dolandırmalısan. Burda çox ustaların evləri yoxdur, kirayə mənzillərdə qalırlar. Biz çörəyi burdan qazanırıq əlavə heç edə bilmirik. Sənət üçün nəsə etməyə vaxt qalmır. Mən bilsəm ki, mənim gəlirim evin problemlərini həll edər, o zaman təmir işləri ilə yox, yaradıcılıqla məşğul olaram. Bizim yaratmağa vaxtımız olmur. Qalayçılıq sənətini pinəçiliklə müqayisə etsək, əsas fərqi görərik. Hər hansı bir ayaqqabını dizayner düşünür, yaradır o dizayndan pul alır. Daha sonra ayaqqabı cırıldıqda pinəçi onu düzəldir yararlı hala salır. İndi biz pinəçiyə dönmüşük. Sadəcə, bizə kömək edən yoxdur ki, biz o dizaynları düşünək, yaradaq. Biz ancaq təmirlə məşğuluq ki, bu təmirlərdən pul qazanaq, borc-xərclərimizi qaytaraq birtəhər vəziyyətdən çıxaq. İndi sənətkarlığa çox cüzi vaxt ayırırıq. 3 il, yaxud 5 ilə bir qab düzəltmə imkanımız olur. Qış aylarında bir az zəif olur, boşluq yaranır. Onda nəsə düzəldirik".

Həmsöhbətlərimiz bildirirlər ki. əgər onlara emalatxana verilsə, icarə üçün işlədikləri vaxta yaradıcılıq işləri ilə məşğul olarlar: "Biz ancaq qədim qablarla məşğuluq, təzə qablar yarada bilmirik. Elə sənətkarlar var ki, onlar şəraitsizlikdən bu işi yarımçıq saxlayıb, başqa işlə məşğul olurlar. Biz demirik ki, dükanı bizə bağışlasınlar, sadəcə az da olsa təkan versinlər. Kömək etsinlər".

Köhnə tozlu-paslı emalatxanada yüzlərlə qablar, samovarlar təmir üçün yığılıb. Ustalar isə şəraitsilik üzündən tam gücləri ilə işləyə bilmədiklərini bildirirlər. Ümidlərinin ancaq Mədəniyyət Nazirliyinə olduğunu deyən Y.Əliyev bu sənətin dövlət qayğısına ehtiyacı olduğunu vurğulayır.

 

 

İradə Cəlil,

 

Günay Tağıyeva

 

Ekspress.-2013.-10 yanvar.-S.-14.