Kosmosa doğru ilk addım

 

  Kosmik sənayenin yaradılması Azərbaycana nə vəd edir?

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   Azərbaycan kiçik ölkə olsa da, böyük iddialarının olduğunu çoxdan sübut edib. Ölkəmiz bir sıra regional və qlobal miqyaslı layihələrin iştirakçısı və təşəbbüsçüsü olmaqla bir çox iddialarını artıq reallığa çevirib.

   Hazırda Azərbaycan kosmosda mövqe tutmağa, kosmik fəzada öz varlığını təmin etməyə çalışır. Ölkənin ilk telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycan hökumətinin iqtisadi diversifikasiya və yeni sənaye sahələrinin tətbiqi üzrə geniş plan çərçivəsində həyata keçirdiyi strateji layihələrdən biridir. Bütünlükdəsə, kosmik sənaye yalnız kosmosu fəth etməyi və orbitə hansısa süni peyki buraxmağı hədəfləmək deyil, bu, real olaraq qlobal və regional miqyaslı sosial-iqtisadi, elmi-texniki problemlərin həlli yolunda önəmli vasitədir. Yəni Azərbaycan sadəcə kosmik fəzada peyk uçurtmaqla yetərlənmək niyyətində deyil, daha uzaq məqsədləri və strategiyaları hədəfləyən kosmik sənaye yaratmağa girişib. Müasir dünyada kosmik texnologiyalar ölkələrin rəqabətədavamlılığında əsas alətlərdən biri sayılır...

   Azərbaycan kosmosla bağlı iddiasını 2008-ci ildə qəfildən və bir qədər də sensasion tərzdə ortaya qoydu. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması üçün konkret tədbirlər görülməsinin vacibliyini vurğuladı və bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün konkret göstərişlər verdi.

   2008-ci il noyabrın 4-də isə dövlət başçısı "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması" haqqında sərəncam imzaladı.

Sərəncamda deyilirdi ki, son illər ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb: "Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi İQTİSADİ və İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNİN (seçdirmə bizimdir - A.H.) əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılmasını zəruri edir".

   Sərəncamda həmçinin Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədilə Nazirlər Kabinetinə Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılmışdı. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə isə Azərbaycanın telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı müvafiq tədbirləri həyata keçirmək həvalə edilirdi.

   2009-cu ildə həmin sərəncamın icrası ilə Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq olundu.

   Beləcə, 5 il əvvəl Azərbaycan kosmosa öz süni peykini buraxmaq qərarına gəldi. Ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə peyk texnologiyalarının istehsalı və tətbiqi yolunda ilk addımlar atıldı.

   2010-cu il may ayının 3-də isə Prezident İlham Əliyevin 885 nömrəli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Dövlət başçısının sərəncamı ilə həmçinin əvvəllər RİTN-in maliyyə-əmək şöbəsinin rəisi vəzifəsində çalışan Rəşad Nəbi oğlu Nəbiyev "Azərkosmos" ASC-nin sədri təyin edildi.

   Qafqazda əsas peyk operatoru olan "Azərkosmos" ASC

   peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinın yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparır.

   Azərbaycan Prezidentinin sərəncamında həmçinin Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə eyni zamanda Kosmik Məsələlər üzrə Şuranın yaradılması barədə tapşırıq verildi və sərəncama uyğun olaraq müvafiq Şura yaradıldı.

   Kosmik Məsələlər üzrə Şuranın sədri Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Şuranın katibliyinin rəhbəri isə Mir Heydər İsmayılovdur. Qeyd edək ki, sonuncu RİTN-in Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdiridir.

   "Azərkosmos" ASC yaradıldıqdan az sonra Azərbaycanın telekommunikasiya və müşahidə peyklərinin idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) inşasına başlanılıb. Abşeron rayonunun inzibati ərazisində, Bakı-Şamaxı şosesinin 38-ci km-də yerləşən və təxminən 10 hektar sahəni əhatə edən Mərkəzdə əsas işlər artıq başa çatdırılıb.

   ƏYPİM-in tərkibinə peykin idarə edilməsi və istismarı üçün tam təchizatlı texniki bina ilə yanaşı, ?Azərkosmos? ASC-nin inzibati binası da daxildir.

   ASC-nin PR üzrə idarəçisi Nigar Mədətlinin sözlərinə görə,

   Mərkəz memar Nəriman İmaməliyevin müəllifi olduğu layihə əsasında inşa edilib və sözügedən layihə 2011-ci ildə Beynəlxalq Memarlıq Festivalında Memarlar İttifaqının Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan müsabiqədə 1-ci yer üzrə nominasiyanın qalibi elan edilib və xüsusi mükafatla təltif olunub.

   Qeyd edək ki, kosmik sənaye ölkədə iqtisadiyyatın diversifikasiyası istiqamətində açılan yeni sahələrdən biri olsa da, əslində, kosmos, daha doğrusu kosmik tədqiqatlar Azərbaycan üçün elə də yad sahə deyildi. Belə ki, keçmiş SSRİ-də kosmik tədqiqatlar Moskvanın nəzarətində olsa da, müəyyən proqramların icrasına bəzi müttəfiq respublikalar da qoşulmuşdu. 1975-ci ildə Azərbaycanda ilk kosmik tədqiqatlar mərkəzi (indiki Milli Aerokosmik Agentliyi) yaradılmışdı və orbital stansiyalarda Azərbaycanda düzəldilmiş cihazlar da fəaliyyət göstərirdi.

   Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktorunun 1-ci müavini Tofiq Süleymanovun mətbuata bildirdiyinə görə, "Solyut" orbital kompleksində, "Mir" orbital stansiyasında Azərbaycanda istehsal olunan cihazlar da işlədilirdi.

   Keçmiş SSRİ-də Kərim Kərimovun ölkənin kosmik infrastrukturunun inkişafında xüsusi xidmətləri olmuşdu. O, ömrünün son günlərinə qədər pilotlu kosmik uçuşlar üzrə SSRİ dövlət komissiyasının sədri vəzifəsində çalışmışdı. Dünya şöhrətli alim Tofiq İsmayılov keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və baş konstruktoru olmuşdu. Qeyd edək ki, 2006-ci ildə kosmik tədqiqatlar agentliyi Müdafiə Sənayesi Nazirliyinin tərkibinə verilib.

   Rəsmi Bakı informasiya-kommunikasiya texnologiyalarının (İKT) ölkə iqtisadiyyatının neftdən sonra ikinci əsas sahə elan edib. Azərbaycan hökuməti ölkədə məhz İKT ilə bağlı inkişaf üçün real perspektivləri görərək dünya kosmos iqtisadiyyatının yaratdığı fürsətlərdən bəhrələnməyi qərara alıb.

   Bəzilərinə görə, bu, neft pullarını "fəzaya səpələmək", iqtisadi baxımdan qeyri-effektiv addımdır. Lakin opponentlərin arqumentləri ən zəif tənqidə belə dözmür.

   İKT üzrə ekspert Ziya Bayramlı bildirir ki, kosmik sənayenin yaradılması özü-özlüyündə çox mütərəqqi addımdır. Ekspertə görə, ən başlıcası isə, rabitə peyklərimizin orbitə çıxarılması strateji məsələ, dövlət başçısının sərəncamında da vurğulandığı kimi, iqtisadi və informasiya təhlükəsizliyi məsələsidir: "Həmçinin peyk məlumatlarının alınması baxımından başqa ölkələrdən olan asılılığımızı aradan qaldırırıq - müstəqil şəkildə istənilən anda torpaqlarımızın istənilən yerindən məlumat əldə etmək imkanı qazanırıq".

   Məsələnin iqtisadi tərəfinə gələk. Kosmosda "imza sahibi" olmaq sadəcə imic məsələsi deyil, qazanc da gətirir. Dünya kosmos iqtisadiyyatı 2011-ci ildə 12% artıma nail olaraq öz ümumi dövriyyəsini təxminən 289,77 milyard dollara çatdırıb. 2011-ci ildə kosmik kommersiya məhsulları və xidmətləri üzrə ümumi gəlir təxminən 110,53 milyard dollar təşkil etmişdi ki, bu da 2010-cu ildəki (101,73 milyard dollar) göstəricidən 9% artıqdır. Bu, böyük rəqəmdir. Marsa aparat göndərmək, kosmosa pilot çıxarmaq bahalı layihələrdir və daha çox xərc aparır. Qlobal kosmos bazarının 2011-ci ildə əldə etdiyi 100 milyard dollardan artıq gəlirsə, məhz peyk yayımı, rabitə xidmətləri və Yer planetini müşahidə məhsullarından qazanılıb.

   Azərbaycan kosmik layihələrini yalnız dövlət büdcəsi hesabına deyil, xarici investisiyalarla da maliyyələşdirir. Bu ayın sonlarında orbitə çıxarılacaq və dəyəri 230 milyon dollar olan "Azərspace-1" kommersiya layihəsidir - bütün layihənin yalnız 15%-i dövlət tərəfindən maliyyələşdirilib. Bundan başqa, ilk süni peykin 80%-i icarəyə veriləcək.

   "Azərkosmos"un məlumatına görə, peykin gəlirlərinin istismar müddəti ərzində təqribən 650 milyon dolları təşkil edəcəyi gözlənilir. Onun tutumlarının 40%-nin peyk hələ orbitə buraxılmamış uzunmüddətli şərtlər əsasında satılmış olması, o cümlədən peyk texnologiyalarına əsaslanan xidmətlərə yüksək yerli və regional tələbat olması, peykin kommersiya dəyərini yüksəldir, Azərbaycanın gələcək telekommunikasiya və çoxməqsədli peyklərinin mənfəətliliyini artırır.

   Kosmos sənayesinin yaradılması eyni zamanda ölkənin intellektual potensialın inkişaf etdirilməsi, innovasiya yönümlü iqtisadiyyatın inkişafı üçün gözəl zəmindir. Bunlar həmçinin yeni iş yerləri, iqtisadiyyatın digər sektorları üçün yeni stimul deməkdir.

   Məsələnin imic tərəfini də unutmayaq. "Azərspace-1"də C və Ku tezlik zolaqlarında fəaliyyət göstərən 36 transponder mövcud olacaq və peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcək. İlk milli peyk orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımını təmin edəcək.

   Ekspertlərə görə, kosmik texnologiyalarla teleradio yayımı ilə yanaşı, telekommunikasiya peykləri ölkəmizə aşağıdakı qazancları vəd edir:

   - Ölkənin informasiya təhlükəsizliyinin mühafizəsi gücləndiriləcək;

   - Yüksəksürətli peyk internet xidmətinin təşkili (sürətli İP xidmətləri, VPN və digər data xidmətlərin göstərilməsi) təmin ediləcək. Ölkənin bütün ərazisində keyfiyyətli internet təmin etmək mümkün olacaq və simli rabitənin mümkün olmadığı yerlərdə peyk rabitəsi ilə internet təmin olunacaq;

   - Ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək;

   - Distant təhsil və "e-səhiyyə" kimi digər proqramlar üçün ideal platforma yaradılacaq;

   - Yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq;

   - Rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq. Məsələn, diplomatik nümayəndəliklərlə birbaşa və etibarlı rabitə yaradılacaq;

   - Kosmik sahə üzrə kadr hazırlığı intellektual potensialın artırılması deməkdir. Kosmik texnika yeni elmi-texniki tədqiqatlara rəvac verməklə innovasiyalara yol açacaq;

   - Hər hansı potensial təhlükəyə qarşı dərhal tədbirlər görülməsi mümkün olacaq. Ekspertlərə görə, hərbi və rabitə təyinatlı peyklər arasında fərq faktiki olaraq yoxdur. Kosmosdan alınan yüksəkdəqiqlikli informasiyaları müxtəlif təyinatlı məqsədlər üçün istifadə etmək olar.

   Bir sözlə, telekommunikasiya peykinin hazırlanması prosesi və orbitə çıxarılması siyasi, iqtisadi, texniki sahədə əldə ediləcək önəmli uğurlar vəd edir ki, bu da bir çox sahələrin inkişafında təkanverici rolu oynayacaq.

 

  

   A.HƏMİD

 

  Ekspress.-2013.-12-14 yanvar.-S.-11.