Dövlət qurumlarında elektron xidmətlərin səviyyəsi araşdırılacaq

 

    E-xidmət qaydaları qüvvəyə mindi

 

    İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

    Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) dövlət qurumlarında elektron xidmətlərin (e-xidmətlər) hansı səviyyədə təşkil olunduğunu araşdıracaq və bu barədə dövlət başçısına məlumat verəcək. Məqsəd elektron xidmətlərin təşkilinin sürətləndirilməsi və sadələşdirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsidir.

   Artıq ASAN "Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları"nı təsdiqləyib. Dövlət Agentliyinin sədri İnam Kərimovun imzaladığı H9/14-01 əmrdə bildirilir ki, bununla bağlı dövlət orqanlarının elektron xidmətlərinin təşkili və göstəricisi üzrə illik plan hazırlanacaq. Xərclər smetası da təsdiq edilib.

   18 yanvar 2013-cü ildən qüvvəyə minən Qaydalara əsasən, bütün təşkilatlarda xidmətlər qiymətləndiriləcək. Qiymətləndirmənin aparılmasının məqsədləri

   - elektron xidmətlərin təşkilinin sürətləndirilməsi;

   - dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi;

   - dövlət orqanlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq informasiya sistemlərinin yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət edilməsi;

   - dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış infrastruktura qoşulma prosesinə nəzarət edilməsi;

   - dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsi prosedurunun (tələb olunan sənədlər və müddətlərlə bağlı) sadələşdirilməsi;

   - bu sahədə modern və çevik idarəetmənin təmin edilməsi; dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasıdır.

   Qiymətləndirmə 3 mərhələdə olacaq: məlumatların toplanması, sorğuların göndərilməsi və yerində baxışın həyata keçirilməsi.

   Qiymət meyarları aşağıdakılardır:

   - sistemin avtomatlaşdırılması, elektron xidmətlərin göstərilməsi ilə bağlı digər dövlət orqanlarının elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi;

   - elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi;

   - elektron xidmətin inzibati reqlamentinin olması;

   - xidmətin "elektron hökumət" portalında mövcudluğu da nəzərə alınacaq. Həmçinin saytın "elektron xidmətlər" bölməsində sənəd nümunələrinin (ərizə, blank digər) elektron formasının yerləşdirilməsi şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi;

   - sənədləri elektron formada göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi;

   - elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçilərin məlumat almaq imkanlarının mövcudluğu;

   - elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada ödənilməsi imkanının mövcudluğu da vacib sayılır.

   Araşdırmaların yekununda elektron xidmətin hansı səviyyədə təşkil olunduğu müəyyən ediləcək və buna görə ballar hesablanacaq. "Elektron hökumət" orqanının e-xidmət fəaliyyətinin səviyyəsi yığılan balın səviyyəsi

   - maksimum balın 50%-dən aşağı olduqda - "qeyri-kafi";

   - 50-70% arası olduqda - "kafi";

   - 70-90% arasında olduqda - "yaxşı";

   - 90-100% arasında olduqda - "əla" sayılacaq.

   Tam uyğunluq 2, qismən uyğunluq 1, uyğun gəlməmə 0 balla qiymətləndirilir

   Qiymətləndirmənin nəticələri, o cümlədən dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin vəziyyəti, problemlər, nöqsanlar və həmin xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə dövlət başçısına hesabat veriləcək. Dövlət orqanları çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı iki ay müddətində Dövlət Agentliyinə təqdim etməlidir. Qiymətləndirmənin nəticələri Agentliyin rəsmi internet saytında açıqlanacaq.

   Pilot layihə kimi ASAN Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsinin elektron xidmətləri üzrə qiymətləndirmə aparacaq. Pilot layihə bitdikdən sonra Agentlik yeni qaydalar əsasında elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcək.

   Yeri gəlmişkən, Rabitə və İnformasiya Texnologiyaları Nazırliyinin (RİTN) Məlumat Hesablama Mərkəzinin hazırladığı "Elektron Hökumət" bülleteninin ilk sayı (N01/1 yanvar 2013) bu günlərdə işıq üzü görüb. Bülletendə Nazirlər Kabinetinin 24 oktyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq olunmuş e-xidmətlərin "Elektron hökumət" portalına qoşulma vəziyyəti barədə 25.12.2012-ci il tarixinə aid məlumat verilir (Bax cədvələ).

   Bülletəndə həmçinin "Elektron Hökumət" (www.e-gov.az) portalında yerəşdirilmiş xidmətlərin qısa təhlili var. Portalda 30 dövlət qurumu tərəfindən 179 elektron xidmət istifadəçilərə təqdim edilib. Qeyd edilir ki, vətəndaşların e-xidmətlərdən aktiv istifadəsi üçün onların interaktiv olması vacibdir. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təqdim etdiyi bütün e-xidmətlər interaktivdir və istifadəçi tərəfindən çox rahat qəbul olunur: "Xidmətlər elə təqdim edilir ki, istifadəçi ilə sistem arasında dialoq yaranır. Vətəndaş tərəfindən səhv məlumat daxil edildikdə belə, e-xidmət istifadəçisi üçün səhv sorğu şərtlərini düzəltmək imkanı yaradılır. Alınan nəticəni isə vətəndaş öz kompüterində yadda saxlaya və istənilən vaxt həmin məlumatı çap edə bilər".

   Digər dövlət qurumları - Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, "Azərenerji" ASC və s. tərəfindən istifadəçilərə təqdim olunan e-xidmətlər interaktiv rejimdə işləyirlər. Lakin bir sıra qurumlar bəzi e-xidmətləri interaktiv rejimdə təşkil etsələr də, xidmətlər üzrə son nəticəni əldə etmək mümkün olmur.

   Beləliklə, bir çox dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlərin ilkin tətbiqi mərhələsində olduğunu, bir sıra qurumların bu işdə geri qaldığını və yaxud hazırda bu xidmətləri elə də cəlbedici təqdim etmədiyini nəzərə alsaq, ASAN-ın təftişi və qiymətləndirmələri bəzi dövlət idarələri üçün xoş sürpriz olmayacaq.

 

 

    A.Həmid

 

    Ekspress.-2013.-23 yanvar.-S.-9.