Sözümüzün əxlaqı - Mirzə Cəlil

 

   "Ömrümün hansı guşəsinə baxdımsa, tüstü, tüstü, tüstü... gördüm" Mirzə Cəlil

 

   Molla Nəsrəddin dayandığı yeri dünyanın mərkəzi elan etmiş, etiraz etmək istəyənlərə bulanıq məntiq hökmüylə cavab vermişdi: "İstəyirsən ölç, gör, əmin ol".

   Bu məntiqlə yalnız məkan nöqtələri deyil, hər bir insan da dünyanın mərkəzidir. Məsələn, mən bu yazını yazanda yaratdığım dünyanın mərkəzindəyəm və bu sürəcdə "Mən" mərkəzli dünyanın eninə, boyuna, qaranlığına, işığına baxıram. Bəzən baxdıqlarımı gördüyüm kimi baxdıqlarımı görmürəm də. Bu sürəcdə "Mən" mərkəzli dünyanın nisbiliyini qəbul etməyə məcburam. Allah mərkəzli dünyanın mütləq olduğunu qəbul edirəm və Allahın ətrafındakı (bizim dildə desək) nisbi dünyaları da duymağa çalışıram. Və bu bağlamda sözə başlayıram.

   Düşüncə və sənət-ədəbiyyat tariximizin modern başlanğıcı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundzadədir. Mirzə Fətəli yenilik, fikir tufanı və ziddiyyətin vəhdətidir. Mirzə Fətəlinin "qan qoxuyan yazıları"nın (Mirzə Cəlil) böyük bir məktəb yaratdığı şübhəsizdir. Mirzə Cəlil, Sabir, Üzeyir Hacıbəyli..., o biri tərəfdə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ömər Faiq... və onları birləşdirən Məhəmməd Əmin Rəsulzadə...

   Mərkəzində Rəsulzadə olan bu iki qütb bir bütünün ifadəsidir. Qarşı-qarşıya dayanma bütövlüyün inkarı yox, təsdiqindən başqa bir şey deyil. Bu bütün Azərbaycan ədəbi həyatının, əslində bir az geniş çevrədə (və əlbəttə ki, böyük əlavələrlə) türk düşüncə həyatının mənzərəsidir.

   Mirzə Fətəli böyük bir dahi olduğu kimi həm də nəhəng bir allahsız idi. Dinləri "puç və əfsanə" hesab edirdi, islam peyğəmbərinə dil uzadırdı, imandan uzaq islam, türklük düşmənlərinin dəyirmanına su tökürdü. Bəlkə bilə-bilə, bəlkə də bilməyə-bilməyə. Əlbəttə, bir dahinin bunu bilməməsi ağlabatan şey deyil. O zaman ortaya xidmət məsələsi çıxır. Avropaya, Rusiyaya xidmət böyük bir dahinin işğalçı dövlət məngənəsindəki acı faciəsi idi. O dahinin başqa böyük bir faciəsi onun yaratdığı düşüncə, ədəbiyyat, sənət məktəbində hər yolun açıq və işıqlı, allahsızlıq yolunun isə qısır olması idi. Mirzə Fətəli adını çəkdiyim və çəkmədiyim dahilərin simasında öz ateist mənliyini qeyb etmişdi. Cəhaləti, fanatizmi, geriçiliyi, avamlığı... tənqid əsla allahsızlıq deyil. Bunları bir-biriylə qarışdırmayaq. Tələbələri Mirzə Fətəlidən sağlam olanı almış, sağlam olmayan virusdan uzaq olmuş, onu ustadlarının qəbrinə qoyub dəfn etmişdilər. O qəbirdən pay götürənlər olmuşsa da, onların heç biri nə Mirzə Cəlil, nə Sabir, nə Əli bəy Hüseynzadə, nə də Rəsulzadə ola bilib.

   Bu kiçik açıqlamadan sonra gəlirik Mirzə Cəlilin simasında düşüncə, fikir, sənət həyatımızın qazanmış olduqlarından bəzi nöqtələrinə.

   Mirzə Cəlilin təməlini qoyduğu, bütün Asiyada, əslində Avrasiyada oxunan "Molla Nəsrəddin" Əli bəy Hüseynzadənin "Füyuzat"ı ilə qarşı-qarşıya idi. Bu qarşıdurma ideoloji və sənət fəlsəfəsi baxımından qəbul edilməlidir. Mirzə Cəlil cəhalətin, avamlığın, rusyanlılığın (ruspərəstliyin), zülmün, istibdadın, qadın ləyaqətinin tapdanmasının, fırıldaqçılığın, hay-küyçülüyün qarşısında idi. Əslində Əli bəy Hüseynzadə də fikir adamı olaraq bu idealın mücahididir. Molla Nəsrəddinin sadə məntiqi, anlaşıqlı dili, öldürücü gülüş mədəniyyəti Əli bəy Hüseynzadənin ağır, fəlsəfi məntiqindən, mürəkkəb məsələləri ifadə edən mürəkkəb dilindən və üslubundan fərqlənirdi. Cəlaləddin Əfqanidən gələn bu mürəkkəblik və dərin mətləb Mirzə Cəlilin sadəliyi və aydınlığı ilə daban-dabana zidd idi. 1926-cı ildə Bakıya birinci Türkoloji Qurultaya gələn Əli bəy Hüseynzadə küçədə top oynayan uşağın topu yerə vurduqca onun daha çox yuxarı qalxdığını misal göstərərək "Mirzə Cəlil kimi də yazmağı bacarmaq lazımdır" deməsi kifayət qədər anlamlı və barışdırıcı bir nömrə idi. Sovet ədəbiyyatşünaslığı bu ideal birliyi görməyib və görmək istəməyib.

   Onu da qeyd edək ki, Mirzə Cəlil Azərbaycan Xalq Cümhuriyyəti ilə məsafəli davranıb. Osmanlı türkcəsinə məftunluq duymayıb, hətta "Anamın kitabı" dram əsərində anaya mənən yad üç övladdan birini Osmanlı türkcəsində (həm də düşüncəsində) danışdırıb.

   Mirzə Cəlil əlifba islahatlarında da fəal olub, 1922-ci ildə yaradılan dövlət əlifba komissiyasına üzv olub, fəqət sonralar bu böyük kampaniyada iştirak etməyib. Bunun bir neçə yorumu var ki, onlardan birincisi Mirzə Cəlilin oynanan oyunların arxa bağçasını görmüş olmasıdır. Xəyanətkar siyasətin oynadığı bu oyunda Mirzə Cəlil iştirak etməyib. Mirzə Cəlil sovetlərin ilk illərində bu sistemə ümidlə baxıb, daha doğrusu, ümidlə baxmağa çalışıb. Fəqət aylar, illər keçdikcə dahi yazıçı sovet rejiminin mahiyyətini anlayıb, rus işğalının maskalanmış şəklinin altındakı məkrli planları görüb, gördüklərini də yazıb. 1925-ci ildə yazılmış "Dəli yığıncağı" pyesi sovet sisteminə ən böyük sarkazmdır. Sonralar Stalinin, Beriyanın gerçəkləşdirəcəyi repressiya və "psixuşkalar" bu dahiyanə uzaqgörmənin labüd nəticəsidir. Bizcə, Mirzə Cəlil Cəfər Cabbarlı ilə bərabər bu repressiyanın ilk qurbanlarından biridir desək, səhv etmərik.

   Mirzə Cəlilin şəxsi həyatını xanımı Həmidə xanımsız təsəvvür etmək olmaz. Həmidə xanımın sonradan çap olunmuş xatirələri, olduğu kimi çap olunmasa belə, hər iki ziyalının həyatına işıq salan ciddi bir tarixi sənəddir. Əlbəttə, Mirzə Cəlillə Həmidə xanımın ailə münasibəti sıradan bir münasibət deyil. Çünki Həmidə xanım nəsilcə dövlət və siyasətdən gələn bir sülalənin təmsilçisidir. Həmidə xanımın dövlət və siyasət hopmuş əsilzadə xarakteri ilə Mirzə Cəlilin yaradıcılıqdan gələn müəkkəb xarakteri arasındakı ziddiyyətlər təbiidir. Bütün bunlarla bərabər bu ailənin varlığı Azərbaycan tarixinin önəmli bir hadisəsidir. Çox zaman zarafatla dediyimiz, əslində çox ciddi bir mətləbə diqqətinizi yönəltmək istəyirəm. Mirzə Cəlilin "Qurbanəli bəy" hekayəsinin qəhrəmanı bəy və mülkədar Qurbanəli bəy hər şeyi ilə tipik bir Qarabağ bəyidir. Bu obraz Mirzə Cəlilin incə bir yumorla Həmidə xanıma məhəbbət dolu sataşması kimi qəbul edilə bilər. Naxçıvan tipi "Xudayar bəy" obrazı isə Mirzə Cəlilin göz yaşları içində öz-özünə sataşmasıdır. Balaca Ziba surəti zilləti və möhnəti ilə Azərbaycanın ən doğma, ən səmimi şəkillərindən biridir. Zibaya gələndə sataşmaqdan-filan danışmaq günahdır. Çünki dünyada elə şeylər var ki, onunla zarafat edilməz.

   ... İlin ən uzun gecəsində bu yazını yazıram. 2012-ci il dekabrın 21-dən 22-nə keçən gecə, Mayya təqviminə görə, böyük Qiyamət gecəsidir. Mən "Quran"a inandığım için Mayya qiyamətinə inanmıram. Bu soyuq İstanbul gecəsində nədənsə Füzulinin "Leyli və Məcnun"unu oxumağa başladım. Duyğularım məni Leyli-Məcnundan Mirzə Cəlilin Zibasının yanına apardı, sonra Məhəmmədhəsən əminin oğlu balaca Əhmədin üzünü görməsəm də, səsini eşitdim. Bir xeyli dolaşdıqdan sonra anladım ki, Mirzə Cəlil haqqında dostum Azər Abdullanın hazırladığı dərgi üçün yazdığum yazı yarımçıqdır. Və aşağıdaki sözləri oraya əlavə etməyi özümə borc bildim.

   Bizim sözümüzün qapısını açıb ona insan genişliyi, əxlaq adlı sirri gətirən kişi Mirzə Cəlildir. "Danabaş kəndinin əhvalatları" romanı dünya ədəbiyyatı böyüklərinin hüzuruna çıxara biləcəyimiz tək romandır. Bu fikri ilk dəfə söyləyən erməni əsilli Mariyetta Şaginyandır ("Poçt qutusu"nun timsalında). Erməni deyəndə yenə Mirzə Cəlili xatırladım. Mənə elə gəlir ki, yüz ildən sonra Mirzə Cəlilin "Kamança"sını oxuyanlar bizim bu günümüzə acı-acı güləcəklər. Məhəmmədhəsən əminin başının üstündəki göy üzü ayağının altındakı torpaqdan nə qədər böyükdürsə, Mirzə Cəlil sözüo qədər böyükdürgenişdir, sonsuzdur. Ömrü tüstüyə bürünmüş bu kişi cəhalətin içində Allahını axtarır, ancaq tapa bilmir ki, bilmir. Və ən kədərlisi də budur ki, Allah da Mirzə Cəlili tapa bilmir ki, tapmır.

   Bəlkə də dünyanın və ədəbiyyatın həqiqəti elə o axtarışda, aramadadır. Bu mənada "Quran"dan və "Tövrat"dan gələn yazıçı Füzulidən sonra Mirzə Cəlildir.

   Dünyanın işləri qəribədir. İspaniya üçün Servantes, Rusiya üçün Dostoyevski, Avropa üçün Tomas Vulf nədirsə, türk ədəbiyyatı üçünFüzuli və Mirzə Cəlil odur. Bir-birinin qan qohumu olan bu yazarların sözün geniş mənasında nə zamanı var, nə məkanı.

   Allahdan başqa heç nəyi olmayan bu yazarların qələmləri ilə qurduqları dünyalar bir-birinə yolu olan böyük dünyanın ayrı-ayrı hücrələridir. İnanan inansın, inanmayan da inananın xətrinə inansın. Heç mən də bu sözü inandırmaq üçün demirəm. Mən nə karəyəm ki... İnsan pozulunca cəmiyyət də pozulur. Amma cəmiyyət azdır. İnsan pozulduqca dünya, kainat da pozulur. Müqəddəs kitablardan qiyamətin havası gəldiyi kimi "Danabaş kəndinin əhvalarları"ndan da qiyamətin qoxusu gəlir. Mirzə Cəlilin cümlələri sakitdir, həlimdir. Daxili gərginliyi, istiliyi udan bu cümlələr bilinməyənləri bu mətnin divarlarına yazıb. Cümlələr və sətirlər arasındakı deyilənlər o dibsiz boşluqdadır. Əbədi olan da bu mühab boşluqdur. Məmləkətin murdar və amansız halı elə bir mistik hava yaradıb ki, söz şərtiləşib. Əslində söz sözlükdən çıxıb. Sözbir qab kimidir. Zaman-zaman o qaba qoyulmuş əmanətlər o sözə dəyər qazandırır. Musiqisi də, fəlsəfəsi də, dərinliyi də o qaba qoyulan əmanətlərin qiymətindən asılıdır. Heysiyyət üçün olan sözlə böyük bədii sözün fərqi də budur. Mirzə Cəlil Azərbaycan türk sözünə genişlik, dərinlik gətirməklə bərabər bu dilin sirrini, əsrarını da yaradıb. Sirri olmayan dil, əsrarı olmayan ədəbiyyat kimə lazımdır? Bu mənada Mirzə Cəlilin dili dünyanın özü kimidir. Sadədən sadə, dərindən dərin. Heç təsadüfi deyil ki, 1960-70-ci illərin yeni Azərbaycan nəsri, publisistikası və tənqidi Mirzə Cəlilin təməli üstündədir. Əxlaq arayışları və dil təmənnasızlıqları dünyaya Mirzə Cəlil mərkəzli yenə ədəbiyyat gətirib.

   "XX əsrdə Mirzə Cəlilin dili ilə ədəbiyyat yaratmaq olmaz" (Qaynaq üçün bax: "Azərbaycan Yazarlar Birliyinin 60-70-80-ci illərdəki qurultaylarının stenoqramları") görüşünə söykənən siyasi, ədəbi düşərgə çoxdan məğlub olub.

   Gələcək ədəbi nəsillər Mirzə Cəlil sənətinin yeni qatlarını tapacaq. Çünki dünyada tükənməyən şeylərdən biri də sənətdir, böyük sənətdir. Bu mənada Mirzə Cəlil sözü əbədidir.

 

 

    Kamil Vəli Nərimanoğlu

 

    Ekspress.-2013.-29 yanvar.-S.-15.