"Teatrlarda ən çox əziyyət çəkən aktyorlardır"

 

  İzaməddin Bağırov: "Sumqayıt Teatrı həmişə respublika teatrları üçün bir aktyor bazası olub"

 

Dosye: Əməkdar artist İzaməddin Zeynal oğlu Bağırov 1990-cı ildə Mirzağa Əliyev adına İncəsənət İnstitutunu bitirib. 1988-ci idə tələbə ikən ilk fəaliyyətini Gənclər Teatrından başlayıb. Rejissor-stajor, aktyor kimi Kukla Teatrında fəaliyyət göstərib. 1991-ci ilə qədər İrəvan Teatrı da olmaqla bir neçə teatrda işləyib. Tələbəlik illərində Eldar Quliyevin "Təxribat", Rövşən Almuradlının "Yük", Mərahim Fərzəlibəyovun "Mənim ağ şəhərim" filimlərində epizodik rollara çəkilib. Gənc yaşlarından aktyorluq qabiliyyətini, istedadını göstərib. Bu günə qədər də Azərbaycan səhnəsində oynadığı rollarla -"Ölülər"də Kefli İsgəndər, "Aydın"da Aydın, Dövlət bəy, "Müsyo Jordan və dərviş Məstəli Şah"da Şahbaz bəy, eləcə də Nizami, Füzuli, Cəfər Cabbarlı, Andranik, Şaumyan və s. obrazlarla öz sözünü deyib. Və daha möhtəşəm rollar oynamaq arzusu ilə yaşayır.

   Hazırda Sumqayıt Dram Teatrının aktyorudu.

     - İzaməddin müəllim, sizdə teatra maraq hardan yaranıb?

   - Bibimgilin kirvəsi Hüseyn müəlimin oğlu Qurban Əliyev aktyor idi. Çox cavan rəhmətə getdi. Naxçıvan Teatrında işləyirdi. Respublikanın əməkdar artisti idi. Yuxarı siniflərdə oxuyanda onun vasitəsilə teatra getmişdim.

   Uşaqlıq illərində Naxçıvan Teatrında yaddaşımda qalan ən möhtəşəm tamaşa "Ölülər" olub, Naxçıvan teatrının baş rejissoru, mərhum Vəli Babayevin quruluşunda baxmışam. Kefli İsgəndəri oynayan aktyorun adı da İsgəndər idi. Sonrakı illərdə "Dəli yığıncağı" indiki kimi gözümün qabağındadı. Sona Baxşıyeva Pırpız Sonanı oynayırdı. O illərdə Naxçıvan Teatrının çox gözəl aktyorları var idi. Bu nəsil bizim ata nəslimiz olan Hamlet Xanızadə ilə yaşıd idi. Zəroş Həmzəyeva hələ sağ idi. Mən Azərbaycanın xalq artisti Əyyub Haqverdiyevi səhnədə görmüşəm. Əkbər, Mamed Qardaşbəyovlar, Sofa xanım Hüseynova onda hələ səhnədə idilər...

   İncəsənət İnstitutuna gələndə də sırf aktyor olmaq üçün gəlməmişdim. Uşaqlıqda rayonlarda keçirilən musiqi müsabiqələrində yer tutmuşdum. Onda məndə həvəs var idi ki, gəlib Bakıya İncəsənət İnstitutuna girim. O vaxt kənd yerində informasiya yox idi ki, İncəsənət İnstitutunda hansı fakültələr var. Aktyorluq fakültəsində, Musiqili Komediya Teatrında məşqlər, müəllimlər, ömrü boyu həsədində olduğun insanları görürsən... Mənə onda çatdı ki, aktyor olmaq istəyirəm. Daha çox rejissorluğa meylli idim. Çünki rejissorluq bir qədər sehirli, sirli bir sənət idi. Tədris teatrında artıq tələbə tamaşaları başlandı. Yəni ayrı-ayrı tamaşalarda rollarda çıxış etdim. Sonra başladım kurs, diplom tamaşası işləməyə. Yenə də rejissorluq haqqında düşünürdüm. Axırıncı kursda kafedra müdirimiz, mərhum Əşrəf Quliyev dedi ki, bir il artıq oxumaqla rejissorluq fakültəsinə keçmək olar. Amma mənim həmin illərdə marağım teatrda işləməyə idi. İşlədiyim rejissorların hamısının demək olar ki, ikinci rejissoru olmuşam. Rejissor köməkçisi olmuşam. Ona görə rejissorluğa maraq var idi məndə.

   - Sumqayıt Dram Teatrına gəlişiniz necə oldu?

   - 1991-ci ildən Sumqayıt Teatrındayam. Sumqayıt Teatrı məni teatra bağlayıb. O illər möhtəşəm illər idi. Böyük aktyorlar- mərhum Kamil Məhərrəmov, mərhum Gülsolmaz xanım, Səmayə xanım var idi...

 

   Azərbaycanda hazırda teatrda durğunluq dövrü yaşanır. Amma mənə elə gəlir ki, ən çox hardasa yaradıcı potensial, yaradıcı ehtiras canında daşıyan aktyorlar Sumqayıt Teatrında kifayət qədərdir. Bu bir başqa şeydir ki, əvvəlki illərdəki teatrda qaynarlıq, klassik əsərlərin tamaşaya qoyulması bu gün azalıb. Aktyorun ən böyük arsusu böyük dramaturgiyada oynamaqdır. Qismətimə əvvəldən yaxşı dramaturgiya düşüb. Sumqayıt Teatrına gəlişimlə Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadənin ayrı-ayrı əsərləri, "Ölülər"də Kefli İsgəndəri, Cəfər Cabbarlının "Aydın" əsərində Aydını oynamışam. Eyni zamanda, "Aydın"da Dövlət bəyi oynamışam. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah"ında Şahbaz bəyi oynamışam. Bu klassik əsərlər bizdə daha çox həvəs yaradırdı. O illərdə Sumqayıt Dram Teatrında çox böyük aktyor heyəti var idi. Sumqayıt Teatrı respublika teatrlarının hamısı üçün həmişə bir aktyor bazası olub. Afaq Bəşirqızı, Kübra xanım, Hacı İsmayılov, Ramiz Novruzovdan və s. aktyorlar buradan Bakı teatrlarına gediblər. Elə bizim nəslə qədər. Mənim aktyor kimi tərəf müqabillərimin bir çoxu -Vaqif Əliyev, Tofiq Bayramov, Səmayə Sadıqova və s. də 1994-1995-ci illərdə Musiqili Komediya, Bələdiyyə teatrlarına gediblər. Sumqayıt Teatrında aktyor məktəbi, yetişdirmə ənənəsi olduğuna görə heç vaxt boşluq olmayıb.

   Bizdə, əslində, yeni teatrın yaranması yeni rejissuranın gəlişi prosesidir. Hazırda teatrlarda ən çox əziyyət çəkən aktyorlardır. Repertuar, rejissor, maddi baza zəifdirsə, aktyor əziyyət çəkir. Aktyorun bircə amalı var: yaxşı dramaturgiyada oynasın, ona baxan tamaşaçını öz sehrinə sala bilsin.

   - Deməli, aktyorların normal işləməsi üçün çətinliklər var...

   - Keçmişdə mədəniyyət evləri səviyyəsində qoyulacaq repertuarların teatra gəlişi, müasir dramaturgiya adı ilə teatrlara ayaq açan bir çox natamam əsərlər aktyorların işini bir az da çətinləşdirir. Əgər teatrda Cəfər Cabbarlı, Hüseyn Cavid, Şiller, Şekspir, Hüqo, Kamyu yoxdursa, teatrın inkişafından söhbət gedə bilməz. Teatr yüz faiz dayanıb yerində sayır. Biri var dayanıb yerində sayasan, biri də var dayandığın yerdən də geri gedəsən. Çünki bizdən yaşlı olan ata nəsli biz itirməkdəyik. Onlardan sonrakı yaranan nəsil biz dayanıb gözləmə mövqeyindəyik. Bizdən sonra gələn nəsil bilmir hara baxsın, hansı yolu getsin...

   - Bəs rejissorluq məsələsi teatrda necədir?

   - Bir məsələyə də toxunmaq istəyirəm. Həqiqətə qalsa, tez-tez işlənən ifadələr var: əşi, o vaxtkı rejissorlar, aktyorlar yoxdur. Bu gün Azərbaycan teatrında Ağakişi Kazımovdan tutmuş, Azərpaşa Nemətov, Mərahim Fərzəlibəyov, Oruc Qurbanov, Rövşən Almuradov, Bəhram Osmanov, Firudin Məhərrəmov, Namiq Ağayevə qədər kifayət qədər sanballı rejissorlarımız var. Amma bu gün Azərbaycan teatrında rejissorun səlahiyyəti yoxdur. Bilmirəm bu niyə belədir...

   Səhnənin sahibi teatrın baş rejissordur. Yəni, teatra o cavaddehdir. İdeya daşıyıcısı odur. Teatrın zövqünü o formalaşdırır. Bu gün baş rejissorlar azad deyilsə öz seçimində, deməli, yaradıcılıq axsayacaq...

   Bədii şura var. O bədii şuranın üzvləri yaradıcı insanlardan ibarət olur. Amma teatrın bəddi şurasının rəhbəri direktordur. Mən bunun əleyhinə deyiləm. Bu bir qanundur yaradıblar. Bədii tərəfdən də sonda iki səsin sahibi direktordur, baş rejissor deyil. Və yaxud da tamaşaya çəkilən maliyyə xərclərində, səhniyə lazım olan maddi baza baxımından əgər baş rejissorun heç bir səlahiyyəti yoxdursa, hansı yaradıcılıqdan danışmaq olar. Mən inanmıram elə bir azad rejissor olsun ki, bu məsələdə risk etsin...

   Düşünürəm, Mədəniyyət Nazirliyi niyə demir ki, "deyirsən yaxşı rejissoram, buyur, istədiyin əsəri tamaşaya qoya bilərsən. Əgər tamaşa özünü doğrultmasa, o tamaşaya nə qədər xərc çəkilibsə, səndən -rejissordan tutulacaq". Görüm onda bu gün rejissorluğa hamı qaçacaqmı?

 

   - Sizcə, xaricdən Azərbaycan teatrına rejissor gətirilməsinə ehtiyac varmı?

   - Əslinə qalsa, həmişə ehtiyac var. Teatr da bir canlı mexanizmdir. Burda da zövqlərin bir-biri ilə inteqrasiyası çox vacibdir. Son illərdə Sumqayıt Teatrına Ukraynadan Tatyana Şevçenko, Belarusdan Natalya Başova dəvət olunmuşdu. Gənc Tamaşaçılar Teatrına bir ingilis rejissoru dəvət olunmuşdu.

   Bunun xeyri nədir? Eyni rejissorlarla işləmək bir neçə tamaşadan sonra aktyoru yora bilər. Rejissorlarda da belədir. Eyni aktyorlarla işləmək rejissoru yora bilər. Rejissorun aktyorları necə dəyişmək imkanı varsa, gərək aktyorlarında qismətinə rejissorları dəyişmək düşsün. Tam əminəm ki, Tatyana və Natalyanın Sumqayıt Daram Teatrında qoyduğu tamaşalar sözün əsl mənasında nümunə ola bilər. Çünki müzikl formasında yeni bir iş gördük. Və yaxud da nağılın başqa cür həllini, başqa cür variasiyasını gördük.

   - Bu yaxınlarda bir seriala da çəkilmisiniz...

   - Serial bizim üçün yeni sənət olsa da, görürəm ki, Azərbaycanda az-çox maraq doğurur. İnsnalarımızın milli seriallara doğrudan marağı var. Mən çəkildiyim serialın adı "Həyat, sən nə qəribəsən"dir. Bu serial "Xəzər" TV-də yayımlanır. Rejissoru da Naci Çelik bəydir. Mən onunla lap əvvəldən "Həyat varsa"da filmlərdə çəkiləndə tanış olmuşdum. Məni aktyor seçiminə dəvət etdilər. Burda oynadığım Rasim obrazı serialda o qədər də vacib, həlledici bir obraz deyil.

   - Ürəyinizcədir?

   - Mənim ürəyimcədir bu obraz. Müəyyən məqam gələ bilər ki, ürəyimcə olmasın. Aktyor üçün ən əsas şey onun tapdığı, tanıdığı, xəyalında yaratdığı obrazdır. Həmin o sərxoş obrazı da bu mənada ürəyimcədir.

   - Bu müddət ərzində nəyə nali oldunuz?

   - Səmimi deyim ki, o cəhətdən çox xoşbəxt adamam ki, rejissorluqla məşğul olduğum illərdə -1996-cı ildən 2005-ci illərə qədər on-on iki dənə əsər tamaşaya qoymuşamsa, hamısı ürəyimcə olan əsərlərdir. Sağ olsunlar, o vaxt mənə azad seçim verdilər. Ancaq istədiyim əsərləri tamaşaya qoymuşam.

   Mənim çox sevdiyim işlərimdən biri Şıxəli Qurbanovun "Milyonçunun dilənçi oğlu"dur. İlk dəfə Azərbaycanda onu mən Şıxəli Qurbanovun yazdığı mətnin üzərində sosial qrotesk kimi səhnəyə gətirdim. Şıxəli Qurbanovun qızı Gülnarə xanım, alimlər, professorlar, filosoflar, Milli Məclisdən gəlib tamaşaya baxmışdılar. Düzdür, o vaxt məni qılınclayanlar, topa-tüfəngə tutanlar da oldu, "bu nə deməkdi, Süleyman Ələsgərov kimi bəstəkarın musiqisindən istifadə etməmisən" dyənlər də tapıldı. Amma mənim traktovkam tamam başqa idi. Mənim ideyam musiqili komediya üçün deyildi. "Milyonçunun dilənçi oğlu"na tapdığım açar bu qapıdan idi. Mən başqa qapı açıb ora girə bilməzdim.

   Albert Kamyunun "Ağlasığmaz qətl"i mənim Sumqayıt Dram Teatrında tamaşaya qoyduğum ilk əsər olub. Mən onu tələbəlik illərindən hissə-hissə tərcümə eləmişdim. Sonradan mənim tərcüməm Akademik Teatrda Əsgər Əsgərov tərəfindən, eləcə də Dərbənd Teatrında mamaşaya qoyuldu.

   Əyyub Qiyasın "Cəhhənəm ekspressi", Firuz Mustafanın "Əqrəb bürcü"... Mən bu əsərlərin hər birində müəlliflərlə axıra qədər işləyib inandıra bilmişəm ki, əsl daramaturgiya səhnədə yaranır, səhnənin qanunları başqadır.

   - Yenidən rejissorluğa başlasanız, hansı əsəri tamaşaya qoyardınız?

 

   - Mən "Ezop"u istənilən səhnədə işləməyə hazıram. Əsərdəki monoloqları, təmsilləri yox, o təmsillərin içindəki hadisəni göstərmklə. Tamaşaçıya eşitməkdənsə, dinləməkdənsə, görmək vacibdir. Ona görə daha çox Ezopun keçdiyi o yolları, Ezopun qul bazarında necə satılmağını, əldən-ələ verilməyini görməlidir.

   - Tamaşada erotik səhnələrə münasibətiniz necədir?

   - Hər bir şeydə əndazə mütləq lazımdır. Mən həmişə düşünmüşəm ki, sevgi hissini səhnədə öpüşməklə verməkdənsə, baxışmaqla vemək daha gözəl deyilmi? İnsanın içinin çırpıntısı bizə lazımdır. Biz onu çılpaq şəkildə veririksə, bu nə qədər maraqlı ola bilər ki? Bu gün bundan səhnədə istifadə edən rejissorlar çoxdur. Akademik Teatrın tamaşasında hansısa səhnəyə baxırsan, bəzən rejissorlar düz yozmurlar. Guya tamaşaçı həyalı macəraya baxmaq istəməz də... Tamaşaçı qazanmaq üçün bunu edirlər. Bu da Avropa teatrından götürülmə bir şeydi. Bizdə yamsılama xəstəliyi var axı. Erotik səhnələri Avropa teatrından götürüb özümüzünküləşdiririk. Amma sənin olmayanı sən heç vaxt özününkiləşdirə bilməyəcəksən...

   - Hansı rolları oynamaq arzusu ilə yaşayırsınız?

   - Arzum yaxşı dramaturgiyada aktyor kimi oynamaqdır. Mən Nizamini, Füzulini, Cəfər Cabbarlını, Andraniki, Şaumyanı, Samsonu, "Gəl qohum olaq"da Qara kişini, Albert İvaşenkonun "Uşağa bir 3 yazın"da Alberti oynamışam.

   Mən özümü Cəfər Cabbarlı dramaturgiyasında suda balıq kimi hiss edirəm. Nazim Hikimətin, Hüseyn Cavidin əsərlərini oynayardım. Arzulanan obrazlar çoxdur. Məsələn, mən İsa Peyğəmbəri, eyni zamda Əbülfəz Elçibəyi oynamaq istərdim. Ayrı-ayrı talelər var ki, məni maraqlandırır. Nə vaxtsa hansısa rejissorla işləmək qismət olsa, "Kral Lir"i də oynayardım....

 

   Namiq MƏMMƏDLİ

   Ekspress.-2014.- 26-28 aprel.-S.20.