Ən yaxın tarix

 

İlk yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

   İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

   Milli Şuranın 1992-ci il yanvarın 13-də Elmira Qafarovanın sədrliyi ilə keçirilən iclasının gündəliyinə 18 məsələ salınmışdı.

   Bunların arasında Mili Müdafiə Şurası haqqında, Qarabağda vəziyyət barədə, gömrükxana nəzarətinə dair və digər məsələlər vardı. İclasın sonunda "Azərbaycan Respublikasında xarici investisiya haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi. İclasda eləcə də Ali Sovet yanında Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin yaradılmasına dair qərar verildi. Deputatların bu təklifi də nəzərə alındı ki, respublikada siyasi-ictimai vəziyyət Prezidentin iştirakı ilə müzakirəyə çıxarılsın.

   Milli Şuranın 1992-ci il yanvarın 14-də keçirilən iclasında "Arbitiraj məhkəməsi haqqında" məsələ müzakirə olundu. Sonra qərara alındı ki, həmkarlar ittifaqı və siyasi partiyalar haqqında qanun layihələri əvvəlcə müvafiq komissiyalarda müzakirə edilsin.

   Milli Şuranın 1992-ci il yanvarın 18-də Elmira Qafarovanın sədliyi ilə keçən iclasında Qanlı yanvar hadisələrinin istintaq komissiyasının sədri Midhət Abbasova söz verildikdə deputat Sürət Hüseynov ona imkan vermədi və mikrofona yanaşıb dedi: "Hamımız gözəl bilirik ki, Polyaniçko 20 yanvarın təşkilatçısıdır və həmin günlər Azərbaycanda bu işlərə rəhbərlik edirdi. Polyaniçko hansı sifətlə indi burada yaşayır. O, Çexoslovakiyada, Əfqanıstanda, Krasnovodskda öz işini gördü, indi də Bakıda öz işini görür. Deputatlardan xahiş edirəm, səsimizi qaldıraq, Polyaniçko haqqında ölçü götürmək lazımdır. Onu burada kimdir saxlayan?"

   Deputat Mürşid Məmmədov 20 yanvar iştirakçılarının və şahidlərinin hamısının iclasa dəvət olunmasını təklif etdi. Deputat İsa Qəmbərov Sürət Hüseynovun fikirlərini müdafiə etdi.

   Çıxışlardan sonra Midhət Abbasov sözünə belə başladı: "Komissiyanın rəyi qəzetlərdə dərc olunub, hamınız oxumuşsunuz. Biz hadisə barədə rəyimizi və qiymətimizi vermişik".

   Bu zaman yenə Sürət Hüseynov yerindən qalxaraq dedi: "Sizin bu rəyiniz konyunktur xarakter daşıyır!" Sürət Hüseynovla komissiyanın üzvləri T.Quliyev və O.Vəliyev arasında mübahisə düşdu.

   İclasın sonunda 20 yanvarı "Şəhid günü" adlandırmaq təklif olundu.

   Milli Şuranın 1992-ci il yanvarın 19-da Elmira Qafarovanın sədrliyi ilə keçən iclasında 20 yanvar hadisələri ilə əlaqədar çıxışlar davam etdi. Deputat Rəhim Qazıyev Polyaniçko ilə dəfələrlə görüşdüyündən, özünün 20 yanvar faciəsi üçün məsuliyyətdən kənar saymadığından danışdı. Deputat İsa Qəmbərov dedi: "Müxalifətin, o cümlədən mənim də səhvlərim olubdur. Mən Azərbaycan rəhbərliyinin heç birini düşmən hesab etmirəm. Polyaniçkodan başqa".

 

   Deputatlardan Sərvər AslanovFirudin Cəlilov komissiyanın işinə xitam verilməsi və sənədlərin prokurorluğa göndərilməsini təklif etdilər. Çıxışlardan sonra qərar layihəsi maddə-maddə səsə qoyulub qəbul edildi. İclasın sonunda "20 yanvarın qeyri-iş günü elan edilməsi barədə" qərar qəbul olundu.

   Milli Şuranın yanvarın 30-da Elmira Qafarovanın sədrliyi ilə keçən iclasında Qarabağda vəziyyətlə əlaqədar məsələlər müzakirə olundu. Deputat Tofiq Qasımov Qarabağda vəziyyəti yaxşılaşdırmaq barədə 10 maddədən ibarət təkliflərlə zaldakıları tanış etdi. Deputatlardan Kamran Rəhimov, İsmayıl Şıxlı və Tofiq Köçərli təklifləri müdafiə etmişlər.

   Milli Şuranın 1992-ci il fevralın 4-də Elmira Qafarovanın sədrliyi ilə keçən iclası başlanan kimi deputat Surət Hüseynov mikrofona yaxınlaşıb dedi ki, Gəncədəki ərzaq qıtlığı, soyuq mənzillər, enerji böhranı, camaatın işləməməsi yenə tətillərə, mitinqlərə, xoşagəlməz hallara gətirib çıxaracaq. Deputat Tofiq Qasımov Ağstafada qazın olmaması, çörək qıtlığı və vergilərin düzgün qoyulmamasından danışdı. Deputat Sabir Rüstəmxanlı bir çox məsələlərin iqtidar tərəfindən həll edilmədiyindən şikayətləndi. Deputat Ş.Hacıkərimov təklif etdi ki, Qarabağda yaralanmış əsgərlərə qan çatdırmaq çətinləşdiyi üçün Milli Şura üzvləri qan verməklə kömək etsinlər.

   Fasilədən sonra İxtiyar Şirinov fövqəladə vəziyyət haqqında qanunu müzakirəyə çıxardı. Müzakirədən sonra qanun qəbul edildi.

   Milli Şuranın 1992-ci il fevralın 7-də Elmira Qafarovanın sədrliyi ilə aparılan iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin başçısı H.Həsənovun hökumətin iqtisadi konsepsiyası barədə məlumatı dinlənildi.

   Baş nazir sözünə belə başladı: "Tarix bizim nəslə tamamilə yeni dövlət, yeni iqtisadi münasibətlər qurmaq vəzifəsi həvalə etmişdir. Yeni dövlət qurmaqla biz yalançı suverenlikdən həqiqi müstəqilliyə can atır, demokratik mahiyyətli münasibətlərə keçirik. Belə bir şəraitdə heç bir konsepsiya özünü doğrulda bilməz. Əminəm ki,deputatların hamısı Milli Şuraya təqdim etdiyim 160 səhifəlik məruzəmi oxumuşlar, fikrinizi bilmək istərdim".

   Müzakirə altı saat çəkdi və nəticədə qərar layihəsi səsə qoyularkən aydın oldu ki, yetərsay yoxdur.

   Milli Şuranın 1992-ci il fevralın 11-də Elmira Qafarovanın sədrliyi ilə keçirilən iclasında gündəlik təsdiq edilməmiş deputatlardan S.Hüseynov, R.İsmayılov, T.Qasımov, M.Mütəllimov, M.Fəttayev, V.Əhmədov, Ə.Rəhimli, T.Köçərli, K.Rəhimov və başqaları Teleşirkətin yarıtmaz işini tənqid etdilər. Sonra bundan əvvəlki iclasda yetərsay olmadığından baş nazir Həsən Həsənovun məruzəsindəki müddəalar səsə qoyularaq qəbul edildi.

   Milli Şuranın 1992-ci il fevralın 18-də Elmira Qafarovanın sədrliyi ilə keçirilən iclasında yetərsay yox idi. İclasda Milli Şuranın iqtidaryönümlü üzvləri iştirak etmirdilər. Deputat Tofiq Qasımov mikrofona yaxınlaşaraq dünən Qarabağda yaranmış ağır vəziyyətlə əlaqədar AXC-nin qərarını bəyan etdi: "Başda prezident olmaqla bütün ali icra hakimiyyəti istefaya getsin, hakimiyyət Milli Şuraya verilsin. Milli Şura yeni hökumət təşkil edər və Qarabağın müdafiəsi ilə məşğul olar. İstefa məsələsi elə bu gün həll edilməlidir - fövqəladə sessiyada. Qarabağda oğullarımız canından keçirlər, qoy prezidentimizstolundan keçsin!"

   Bu vaxt deputat Sürət Hüseynov Tofiq Qasımova sual verdi:

   "AXC respublikada qarşıdurmanın qarşısını ala biləcəkmi? Hökuməti təşkil etməyi öz boynuna götürən Milli Şuranın platforması varmı?".

   Tofiq Qasımov bu suallara konkret cavab vermədi. Deputat Etibar Məmmədov dedi: "Şuşa əldən getməyəcək, kifayət qədər texnikamız var. Şuşanın müdafiəsinə rəhbərlik edəcək adamımız da. Prezident qəsdən ordunu yaratmır, Konstitusiyanı pozur, millətə açıq xəyanət edir, Moskva tərəfindən idarə olunur".

 

   Deputat Sürət Hüseynov mikrofona yaxınlaşdı: "Yaxşı olar ki, prezident özü Milli Şuraya gəlsin. Gəlsin, sözünü desin lazımi sözləri eşitsin. Hal-hazırda prezident respublikanı idarə etmək iqtidarında deyildir. Bunu özü başa düşür. Ona görə gəlsin bura, görək deyir. Könüllü getməsə, könülsüz çıxarılacaq".

   Deputat Mürşüd Məmmədov dedi: "Şuşa kəndlərindən gələn camaatın ağır vəziyyətini, yük maşınlarında gələn yanağı solmuş uşaqları görəndə adamın ürəyi ağrıyır. Qadınların, qocaların bir ağızdan Ayaz Mütəllibova söyüşlərini qarğışlarını eşidəndə adamı dəhşət bürüyür. "Hanı Ayaz Mütəllibov, əlimizə keçsə, onu parçalayardıq" deyən hirsli qadınlar kirimək bilmirlər. Maşın gedə-gedə nalə çəkirlər. Qadınlardan biri maşın dayanarkən bizə dedi ki, "ay qardaş, başına dönüm, əgər Ayaz Mütəllibov Qarabağı ermənilərə veribsə, bizi havayıdan niyə qırdırır". Cəbrayıl rayonu Daşbaşı kənd orta məktəbinin direktoru müəllimləri, Cavid adına kolxozun sədri, mühasibi idarə heyətinin üzvləri belə deyirdilər: "Oğullarımız getdi, neçə-neçə kəndlərimiz dağıldı, Şuşa da bir-iki günə alınacaq. Biz müəllimlər eşitdiklərimizdən, oxuduğumuz qəzetlərdən belə nəticəyə gəlirik ki, başçımız satılıb. Hanı əvvəlki Xalq Cəbhəsi, hanı Etibar, hanı Tamerlan, niyə səsləri çıxmır? Yoxsa, vəzifə şirindir deyə keçiblər Prezident tərəfə? Milli Şura üzvləri, əgər siz bu cür laqeydlik edirsinizsə, bəs biz kimə arxalanaq? Axı millətimiz, torpağımız, Vətənimiz əldən gedir. Onda ayılacaqsınız ki, iş-işdən keçib. Onda gec olacaq. Unutmayın ki, bunu sizə xalq, tarix bağışlayacaq. Qoy olmasın yeddi milyonluq xalqın bir milyonu, nəyi gözləyirsiniz? Xalqı ayağa qaldırmaq gərəkdir". Əsir düşən ermənilər deyirlər ki, "görürsünüz, bizdən çox olsanız da, gücünüz çatmır. Sizi Orta Asiyaya kimi qovacağıq".

   Sizi xalq seçib, sizdən xahiş tələb edirik ki, prezidentlə razılaşmadan, təcili olaraq bir an belə yubanmadan tədbir görün"

   Mürşüd Məmmədov sözünü belə bitirdi: "Bu gün qəti qərara gəlməliyik. Prezident gəlib burada çıxış etsin. Prezidentin komandası imkan vermir ki, burada deyilənlər ona, onun sözü deputatlara çatdırılsın. Bir sözlə, prezidentin öz komandası respublikada vəziyyəti gərginləşdirir".

   Mürşüd Məmmədova cavab olaraq çıxış edən "Komblok"çu deputat Arif Rəhimzadə dedi: "Bizim Prezident əjdaha olsa, bu şəraitdə heç edə bilməz. Çünki biz, Milli Şuranın üzvləri açıq-açığına prezidentimizə şərait yaratmırıq ki, fəaliyyətdə olsun. Bizim işimiz ancaq ancaq prezidentin işinə qarışmaqdan ibarətdir. Sözün əsl mənasında vəzifə uğrunda mübarizə gedir. Prezident xadimə, qulluqçu deyil, gərək onun şəxsiyyətinə hörmət edək".

   Arif Rəhimzadəyə cavab olaraq deputat M.Mütəllimov dedi:

   "Rəhimzadə deyir ki Prezidentin şəxsiyyətini qorumaq lazımdır. Ondan soruşuram: məgər dekabr ayında ermənilərin əlində əsir qalanların şəxsiyyəti yoxdur? Məgər yanvarın 25-dən bugünədək meyitləri Daşaltıda qalanların özlərinin, onların valideynlərinin şəxsiyyəti yoxdur? Malıbəylidə, digər kəndlərimizdə qırılanların şəxsiyyəti haqqında kim fikirləşəcək? Mərkəzi Komitənin keçmiş işçiləri gözləyirlər ki, haçansa onlara vəzifə verəcəklər. Onun dərdindən millətin taleyini fikirləşmədən Prezidentin kreslosunu fikirləşirlər".

   İclasın sonunda "Ağdam Şuşa rayonları ərazisində fövqəladə vəhziyyət tətbiq edilməsi haqqında" prezidentin 18 fevral 1992-ci il tarixli fərmanı təsdiq edildi.

 

   (ardı var)

 

Teyyub QURBAN

Ekspress.-2014.- 5-7 aprel.-S.15.