Aztəminatlı insanların sosial qayğıları

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da aztəminatlı ailələr xüsusi dövlət qayğısı ilə əhatə olunur. Dövlət bu sosial qrupa aid edilən insanların gəlirinin artırılması üçün müxtəlif yardımlar edir, onlara müavinət və pensiyalar verir.

   Qeyd edək ki, aztəminatlı dedikdə, özündən asılı olmayan səbəbdən aşağı gəlirə sahib olan insanlar nəzərdə tutulur. Bura əmək fəaliyyəti ilə məşğul olub yoxsulluq həddindən aşağı gəlirə sahib olanlar, həmçinin əlil olanlar, ailə başçısını itirən uşaqlar, əmək fəaliyyətini itirən şəxslər və digər təminat səviyyəsi aşağı olan insanlar aid edilir.

   Aztəminatlı ailələrin və insanların müdafisəni gücləndirmək üçün dövlət hazırda 2 alətdən istifadə edir - sosial müavinətlər sistemindən və ünvanlı sosial yardımdan.

   Sosial müavinətlər ayrı-ayrı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Bu müavinət əsasən əmək qabiliyyəti olmayan şəxslərə verilir. Əmək qabiliyyəti olmayan şəxslər dedikdə isə əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatan qadınlar, 67 yaşına çatan kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə edən, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə edən 57 yaşına çatan qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatan kişilər, vəfat edən şəxsin 18 yaşına çatmayan, (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunan 18 yaşından yuxarı əlil uşaqlar nəzərdə tutulur.

   Aztəminatlı insanlar üçün sosial müavinətlərin artırılması məqsədilə sonuncu dəfə 2013-cü ilin avqustunda prezident fərmanı imzalanıb. Həmin fərmana əsasən aylıq sosial müavinətlərin minimum məbləği 43 manata, maksimum məbləği 83 manata çatdırılıb.

   2014-cü ildə verilən digər fərmanla ümumi xəstəlik səbəbindən, habelə hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə əlavə olaraq prezident təqaüdü də təsis edilib. Bununla həmin insanlar 127 manat aylıq sosial müavinat və təqaüd alırlar.

   Ümumilikdə ölkəmizdə 120 mindən artıq insan sosial müavinət alır.

   Aztəminatlı insanların daha çox hissəsinə isə ünvanlı sosial yardım verilir. Ünvanlı yardım verilməsi zamanı əsas meyar ailənin gəliridir. Ailənin adambaşına aylıq gəliri Milli Məclis tərəfindən hər il müəyyən edilən ehtiyac meyarının həddindən az olarsa həmin ailə adambaşına ünvanlı yardım alır.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin yanvarına 100 manata çatdırılıb. Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artımla müşahidə olunub. Belə ki, ölkəmizdə ünvanlı sosial yardım proqramına başlanıldığı 2006-cı ildə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 44,28 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3 dəfədən də çox artaraq hazırda 133,06 manat təşkil edir.

   Nazirliyin 2014-cü ilin iyulun 1-nə olan məlumatına əsasən, ölkəmizdə 559 834 nəfər ailə üzvünü əhatə edən 128 025 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin ailələrdən 37 208-i tərkibində 3 və daha çox uşağı olan, 11 596-ı məcburi köçkün, 307-i isə şəhid ailələridir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 5805 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 276 134 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6050 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 32 789 nəfərdir.

   Nazirlik bildirir ki, son vaxtlarda ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Eyni zamanda, ünvanlı yardımların təyinatı prosesinin avtomatlaşdırılması, beləliklə, bu sistemin tam şəffaflaşdırılması istiqamətində nazirlik tərəfindən müvafiq islahat işləri aparılır.

   Azərbaycanda dövlət aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə ünvanlı sosial yardım verməklə bərabər aztəminatlı ailələrin gəlirini artırmaq üçün müxtəlif tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri 2011-ci ilin mart ayından icra edilən "Özünədəstək" proqramıdır.

   Bu proqram çərçivəsində də aztəminatlı ailələrə ünvanlı şəkildə sosial yardım edilir. Lakin "Özünədəstək" proqramı davamlı olaraq hər ay yardımın verilməsini yox, birdəfəlik yardımın verilməsini nəzərdə tutur. Proqrama cəlb olunan aztəminatlı ailələrə respublika üzrə ünvanlı dövlət sosial yardımının orta aylıq məbləğinin 12 misli məbləğində birdəfəlik pul yardımı verilir. Hazırda yardımın orta aylıq məbləği bir ailə üçün 133 manat olduğunu nəzərə alsaq deməli, bir aztəminatlı ailə birdəfəyə 1596 manat dəyərində ünvanlı yardım ala bilər.

   Dövlət bu proqramı həyata keçirməklə səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq, gəlirlərini artırmaq üçün potensial imkanlara malik aztəminatlı ailələrin şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmələri, gəlirlərini artıraraq yoxsulluq vəziyyətindən çıxmalarını istəyir.

   Birdəfəlik ünvanlı dövlət sosial yardım olan "Özünədəstək" proqramı aztəminatlı ailələrin sosial reabilitasiyasına şərait yaradılması üçün qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanıb. Hazırda birdəfəlik ünvanlı yardımlar kütləvi şəkildə verilmir. Hələlik proqramın sınaq mərhələsi başa çatdırılıb. Sınaq mərhələsində müxtəlif regionlardan bir neçə aztəminatlı ailə seçilərək onlara birdəfəlik yardım edilib və ailələrin gəlirinin artmasına belə yardımların nə dərəcədə əhəmiyyətli olduğu öyrənilib.

   Aztəminatlı ailələr, insanlar üçün ən böyük problem gəlirlərinin artırılması və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Sosial müavinətlər, ünvanlı yardımlar aztəminatlı insanların gəlirlərinin artımına xidmət etsə də onları aşağı gəlirli insanlar qrupundan çıxarmır. Buna görə də həmin insanlar hər ay sosial qayğıları ilə yaşamalı olur.

   Aylıq gəliri aşağı olan ailələrin ən böyük problemlərindən biri də mənzil-məişət şəraitinin ağırlığıdır. Gəliri aşağı olan insanların bu problemi öz gücünə həll etməsi qeyri-mümkündür.

   Sadalananları nəzərə alaraq sosial sahə üzrə tədqiqat aparan mütəxəsislər, millət vəkilləri təklif edir ki, dövlət aztəminatlı insanlara ucuz kreditlər verməli, eyni zamanda onları ya şəxsi mənzil verməli, ya da yaşayış şəraitini yaxşılaşdırmalıdır.

   Ucuz kreditlərin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində uzun müddət müzakirə edilib. Hətta bu məqsədlə Sosial Dəstək Fondunun yaradılması layihəsi də nəzərdən keçirilib. Belə bir fondun yaradılması ilə dövlər əhalinin aztəminatlı təbəqəsinə dəstək göstərilməsinə, fonddan müəyyən əhali qrupuna kiçik biznesin yaradılması üçün kreditlərin verilməsi nəzərdə tutulurdu. Amma fondun fəaliyyətə başlaması mümkün olmadı.

   Bildirək ki, dünyanın bir neçə ölkəsində aztəminatlı ailələr üçün ayrıca fondlar fəaliyyət göstərir. Bu fondlar aşağı faizlə aztəminatlı insanlara kreditlər ayırır.

   Kreditlərlə bərabər azgəlirli insanlara biznes qurmaq məqsədilə qrantlar da verilir. Bu praktika dünyanın əksər inkişaf etmiş ölkələrində tətbiq olunur. Aztəminatlı və ya yoxsulluq həddində yaşayan insanlara kreditlərin verilməsi ona görə vacibdir ki, bu, həmin ailələr üçün uzunmüddətli maliyyə mənbələrinin yaranmasına imkan yaradır. Dövlət bu cür kreditlərlə yardım alan insanların sayını azaltmağı hədəfləyir. İnsanlar öz gəlir mənbələrinə malik olmaqla, yardımlardan kənar mənbələrə sahib olur, ailələrini və özlərini gəliri ilə tam təmin edə bilir. Ona görə də aztəminatlı ailələrə qrantların və aşağı faizli kreditlərin verilməsi olduqca vacibdir. Elə ailələr var ki, onların biznes və digər təşəbbüsləri olur. Amma onları reallaşdıra bilmirlər. Ona görə reallaşdıra bilmirlər ki, onların kredit götürmək üçün girov qoymaq imkanları yoxdur. Qrantlar təşəbbüslərin reallaşmasına və yoxsulluq təbəqəsindən orta səviyyəyə keçməsinə şərait yaradardı.

   Aztəminatlı insanların mənzil şəraitinin yaxşılaşdırılması üçünyeni ideyalar fikirləşməyə ehtiyac yoxdur. Bununla da bağlı gözəl xarici təcrübələr varonlardan yararlanmaq kifayətdir.

   Bir müddət öncə İqtisadi İnkişaf Nazirliyi (indiki İqtisadiyyat və Sənaye Nazirliyi) aztəminatlı ailələr üçün mənzillərin sosial icarəsi sisteminin tətbiqinə başlamaq istəyirdi. Amma bu məsələdə də irəliləyiş olmadı.

   Qeyd edək ki, Azərbaycanın Mənzil Məcəlləsində sosial icarə vasitəsilə mənzil almaq üçün əsas şərtlər öz əksini tapıb.

   Mənzil Məcəlləsinin "Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi qaydası və əsasları" bölməsində bu məsələyə belə aydınlıq gətirilir: "Sosial kirayə müqavilələri əsasında bu məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu məcəllədə müəyyənləşdirilmiş qaydada verilir".

   Millət vəkili Əli Məsimli də dəfələrlə həm parlamentdə, həm də başqa yerlərdə çıxışı zamanı aztəminatlı insanların mənzil məsələsini dəfələrlə qaldırıb. Onun sözlərinə görə, bununla bağlı dövlətdə ayrıca layihələr də müzakirə edilir. Əgər həmin layihə və ya layihələr reallaşsa, imkanı olmayan vətəndaşlar ayda orta hesabla 60-70 manat vəsait ödəməklə, ev sahibi olacaqlar.

   Hazırda ölkədə 2 milyona yaxın insanın mənzil problemindən əziyyət çəkdiyini söyləyən Ə.Məsimlinin fikrincə, problemi həll etmək üçün təkcə ipoteka vermək yox, həm də xüsusi "Xalq evləri" tikilməlidir: "Bu, çox ölkədə tətbiq olunan üsuldur və gəlirləri hesabına mənzil almaq imkanları məhdud olan insanlar üçün nəzərdə tutulub. Çünki insanların evi olmayanda onun fayadalı əmsalı da aşağı olur. Başqa ölkələrdə isə ya dövlət birbaşa ayrı-ayrı şirkətlərə sifarişlər verir, evlər tikilirdaha ucuz qiymətə vətəndaşlara satılır, ya da vətəndaş mənzildə yerləşdikdən sonra hər ay minimum məbləğdə pul ödəyir. Bu məbləğin ödənilməsi bitəndən sonra ev həmin ailəyə qalır. Hər iki modeldən də istifadə etmək olar. İmkanı olanlar birbaşa mənzilin pulunu ödəyə, olmayanlar da uzunmüddətə aylıq olaraq 50, 60 və ya 100 manat verə bilər. Bu üsulu Azərbaycanda uğurla həyata keçirmək mümkündür."

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 2 - 4 avqust.- S.10.