Kaskadyorluq elmdir...

 

Əli Məmmədov: Bizim tryuklarla Hollivud kaskadyorlarınkı arasında heç bir fərq yoxdur

 

Dosye: Əli Məmmədov 1965-ci il aprelin 17-də Naxçıvanda dünyaya göz açıb. 7 yaşından boks və şərq əlbəyaxa döyüş idman növü ilə məşğul olub. Boks üzrə 1979-cu ildə Naxçıvan şəhər birliyində 1-ci yerə layıq görülüb. Həmçinin 1980-1981-ci ildə 2 qat Azərbaycan çempionu olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb (1985-1989). 1989-cu ildə usta rəssam ixtisası üzrə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. 1990-cı ildə tövsiyə əsasında Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərilib. Döyüşat üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb. Qırğızıstandan qayıtdıqdan sonra "Azərbaycanfilm"də tryukların quruluşçusukaskadyor kimi filmlərdə çalışmağa başlayıb. Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir.

   Əli Məmmədov Azərbaycan filmləri ilə yanaşı "Silah" (Rusiya, Tacikistan, serial, 2007), "Dənizçi" (Rusiya, 2007), Jurnalist (Rusiya, serial, 2006), "Tələbə" (Rusiya, 2005), "Qraf Krestofski" (Rusiya, 2002, serial), "Dronqo" (Rusiya, 2001, serial), "Məleykələr" (İran, 1990) adlı Amerika, Rusiya, İran, TacikistanFransa filmlərində, həmçinin də bir çox musiqi kliplərində, reklamlarda tryuklar quruluşçusu və ifaçısı olub).

       İlk dəfə kino çəkilişində 1908-ci ildə - "Qraf Monte Kristo" filmində kaskadyor işinə müraciət edilib. Həmin filmdə yüksək qayadan şəlaləyə atılan kaskadyor bu tryukdan sonra həlak olsa da, bu təhlükəli peşəyə maraq azalmayıb, ildən-ilə artıb. Məhz bu filmdən sonra tamaşaçılarda təhlükəli filmlərə maraq daha da çoxalıb.

   Azərbaycan kinosunda əvvəllər kaskadyorlar başqa yerlərdən çağırılardı, hazırda öz kaskadyor məktəbimiz var. Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri Əli Məmmədov "Ekspress"ə müsahibəsini təqdim edirik.

       - Əli müəllim, yayda hər kəs şəhərdən baş götürüb istirahətə qaçır, ancaq siz, maşallah, hər zamankı kimi başındasınız...

   - İstirahət sözü məndən çox uzaqdır, mənim üçün hər gün var, yay aylarının da öz işləri var. Bu yay Elxan Cəfərovla yeni birliyimiz başlayır, yenə də Qarabağa aid film olacaq. Əlbəttə ki, müharibə mövzusunda olan filmi partlayışsız təsəvvür etmək çox çətindir. Bildiyiniz kimi, "Dolu" filmində də Elxan Cəfərovla birgə işləmişdik. Film nə qədər maraqlı, canlı alınıb, onu ancaq tamaşaçılar deyə bilər. Bu yay bir uşaq filmində də kaskadyor işinə ehtiyac var, həmin filmdə yanma səhnəsini hazırlayacağam. Bütün bunlara hazırlıq lazımdır ki, belə olan halda da dincəlmək, ümumiyyətlə, arxa planda qalır. Kaskadyorun daim fiziki hazırlığı olmalıdır, bu işdə ruh sağlığı önəmlidir. Kaskadyor daim idmanla məşul olmalı, cəldliyi, çevikliyi ilə seçilməli və soyuqqanlı olmalıdır. Kaskadyorun fəndlərdə təhlükəli hərəkətləri yerinə yetirməsi zaman zədəsiz qurtulması da mümkünsüzdür. Tryukların asanı yoxdur, hamısı çətindir. Amma ən çətini yanmaq, maşın aşırmaq, at sürərkən atı yıxmaq, hündürlükdən tullanmaqdır. Nə olur-olsun, hər təhlükəli hərəkətdə zədə qaçınılmazdır.

   - Kaskadyor üçün filmin hansı janrda olmasının nəsə bir önəmi varmı və ümumiyyətlə götürdükdə isə çətin tryukların canlı alınması üçün konkret olaraq nələr tələb olunur?

 

   - Qeyd etdiyim kimi tryukların hamısı çətindir, ancaq daha çətinləri var ki, onları da yuxarıda qeyd etdimişin çətinliyinə görə də qiymətlər dəyişir. Ən çətin filmlər isə tarixi janrda çəkilən filmlərdə olur ki, bu zaman kaskadyor bütün gücünü, həyatını ortaya qoyur. Misal olaraq "Fəryad","Cavad xan", "Dolu" və s. filmləri göstərə bilərəm.

   - Bildiyim qədər Azərbaycanda kaskadyor bazası yoxdur. Bu baza olmadan 1989-cu ildən bu yana çəkilən filmlərdə kaskadyor işinin öhdəsindən necə gəlirsiniz?

   - Bu, yaralı yerimizdir. Dünya ölkələrinin, xüsusilə Amerika, Rusiya, İrankeçmiş Sovet ölkələrinin rejissorları ilə əməkdaşlıq etmişəm və edirəm, bir çox tanınmış aktyorla çalışmışam, hazırda tələbələrim var, ancaq maddi-texniki baza olmadığı üçün ölkəmizdə bu sahəni inkişaf etdirə bilmirik. Filmlərdə istifadə etdiyimiz avadanlıqları da elə öz hesabımıza alırıq. Bu sahənin inkişafı üçün ancaq maddi-texnki baza olmalıdır. Çünki bu elə işdir ki, gündəlik məşq tələb edir. Bizim tryuklarımızla Hollivud kaskadyorlarının etdikləri arasında heç bir fərq yoxdur. Sadəcə olaraq, onların bazası zəngindir. Kaskadyora gündəlik məşqlər lazımdır. Bizim belə imkanlarımız olmadığına görə çəkilişdən öncə uşaqlarla hazırlıq prosesi keçirik, sonra artıq çəkilişlərə qatılırıq.

   - Neçə tələbəniz var?

   - Hazırda 8 tələbəm var və onların hər biri çalışqandır. Kim nəyə qadirdir, kim daha çox tryukları qavrayır və s. təbii ki, hazırlıq prosesində hər bir məqamı izləyir və ona görə hər birinə tapşırıram. Əlbəttə ki, gələcək göstərəcək ki, bu uşaqların hansı daha çox kaskadyor işinə bağlanacaq. Kaskadyor işi əziyyətlidir, böyük əmək tələb edir. Bu baxımdan da kaskadyor kimi özünü təsdiq etmək üçün illər lazımdır.

   - Rejissorlar Sizin kaskadyor işinin əsl fədakarı olduğunuzu deyirlər...

   - Bu sənətdə ilk müəllimim rəhmətlik Kamil müəllim olub. Sonra Qırğızıstanda Hüseyn Kudarbekovdan at üzərindəki tryukları öyrənmişəm və bir müddət orada yaşamışam. Kudarbekov SSRİ dövründə "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi əksər filmlərdə kaskadyor kimi maraqlı tryuklar nümayiş etdirib. Kaskadyor peşəsi əslində bir elmdir. Burda fizika var, kimya vars. Hər birini öyrəndikcə onu daha dərindən mənimsəyirsən və eyni zamanda, tətbiq etmək lazımdır. Bu işdə yüz ölçmək, bir biçmək lazımdır. Bu baxımdan mən müəllimlərimdən öyrəndiklərimə sadiq qalaraq daim öz üzərimdə işləyirəm, bu işin uğurlu olması üçün var gücümlə çalışıram. Yəqin ki, gördüyüm işlər uğurlu alındığı üçün rejissorlar məndən razı qalır.

   - Filmə dəvət alanda ssenari ilə tanış olursunuz, yoxsa sizin üçün nəzərdə tutulan epizodlara baxmaqla kifayətlənirsiniz?

   - Öncə ssenari ilə tanış oluram, çünki filmdəki hadisələrin necə cərəyan etməsi kaskadyor üçün çox vacibdir. Əgər sadəcə bizim üçün ayrılan epizodla - tryukla maraqlansan, o zaman kaskadyorun işində bir yarımçıqlıq nəzərə çarpa bilər. Axı kaskadyor sadəcə ona tapşırılan məqamlarla kifayətlənmir, fikir də verməlidir. Bəlkə yeni bir fikir film üçün daha böyük uğura yol aça bilər.

   - "Cavad xan" filmində kaskadyor işi çox uğurlu alınıb. Ssenari müəllifi Sabir Rüstəmxanlı ilə quruluşçu rejissor Rövşən Almuradlının yaradıcılığına yaxından bələd olduğum üçün bilirəm ki, onları razı salmaq o qədər də asan məsələ deyil...

   - Filmin yaradıcıları mənə inandı və çalışmağım üçün bütün şəraiti yaratdılar. Etiraf edim ki, tarixi janrda çəkilən filmlərin necə böyük məsuliyyət olduğunu bildiyim üçün filmə hazırlıqlı getdim. "Cavad xan" filminin çəkilişləri zamanı üç ay 40-dan çox aktyoru döyüş səhnələri üçün hazırlamışam. Onlara qılıncla döyüşməyi öyrədirdim. Çəkiliş vaxtı isə hər gün 600 nəfərlə çalışırdım.

 

   - Dövlət hesabına çəkilən filmlərdə kaskadyor işiniz daha uğurlu alınıb. Amma hələlik dövlətin diqqətindən kənarda qalırsınız...

   - Mən də hər zaman bu barədə düşünürəm. Əgər bizə ehtiyac varsa, o zaman niyə şərait yaradılmır, niyə kaskadyor bazamız yoxdurs. kimi suallar hər zaman məni düşündürür. Yaxşı bilirsiniz ki, filmlərə tryuklara görə baxılır. Çox vaxt tamaşaçı arxa planda qalan işləri düşünmür, əslində filmi güclü edən arxa planda görülən işlərdir. Filmlərdə nə qədər çətin tryuklar hazırlasam da, yenə hər zaman özümə tənqidi yanaşıram, gördüyüm işdən tam olaraq razı qalmıram. Bu özümə və işimə olan məsuliyyətdən irəli gəlir.

   - Tələbələrinizlə birgə "Azərbaycanfilm"in bütün filmlərinin təhlükəli səhnələrinin quruluşunda iştirak edirsiniz. Doğrudurmu ki, kaskadyor işi aktyorların məşhurlaşmasında da böyük rol oynayır?

   - Kaskadyor işi sadəcə aktyorun deyil, ümumiyyətlə filmin daha canlı, maraqlı alınmasında böyük rol oynayır. Çoxlarına elə gəlir ki, aktyor istənilən hərəkəti xətasız edə bilər. Ancaq bu, heç də belə deyil. Dünya ölkələrində bütün çəkiliş heyəti texnika ilə birgə sığortalanır. Bizdə hələlik belə sığorta olmur. Onlar təhlükəli kadrların çəkilişi zamanı xüsusi geyimlərdən istifadə edirlər. Məsələn, yanma səhnələrində üzü qorumaq üçün aktyorun üzünə bənzəyən maskalardan, dizlərin zədələnməməsi üçün qoruyucu vasitələrdən istifadə edilir. Kaskadyor aktyorla boyya xarici görkəm baxımından oxşarlıq təşkil etməlidir. Bir sözlə, kaskadyorluq işi maraqlı və bu işlə məşğul olan insanlar üçün əsl adrenalin və macəra kimi qəbul edilsə də, həddən artıq təhlükəli işdir.

   - Bəzən bir film barədə ətraflı məlumatı olmayanlar onun haqqında kor-koranə fikir yürüdürlər...

   - Belə hallarla o qədər qarşılaşmışam ki. Bir haşiyə çıxım. Bildiyiniz kimi, mən Rusiya Kaskadyorlar Assosiasiyasının üzvüyəm, orda tryukların quruluşu ilə məşğul oluram. Kaskadyor Sergey Katorjenkonu tanımayan yoxdur, çünki o, göstərdiyi tryuklara görə artıq Ginnesin rekordlar kitabına düşüb. O mənimlə tanış olduğu zaman maraqlı bir fikir söylədi: "Mənə kimi təqdim edirlərsə, öncə onun gördüyü işlərə baxıram və bundan sonra qərar verirəm ki, bu insan peşəkardır və ya qeyri-peşəkar". Onun fikirlərinə haqq verirəm, çünki mən də peşəkarların mənim haqqımda söylədiklərinə diqqət edirəm, nəinki mənim gördüyüm işlərdən xəbərsiz, kor-koranə fikir yürüdənlərə. İnsan gördüyü işlə özünü təsdiq edir və insanın kimliyi ilə gördüyü bir-birini tamamlamalıdır.

   Yeri gəlmişkən, bir neçə filmdə aktyor kimi də çəkilmişəm. "Gecə qatarında qətl", "Girişmə öldürər", "Dronqo" filmlərində, hətta "Qisas" adlı serialda aktyor kaskadyor kimi çalışdım, bu, artıq ikiqat məsuliyyət idi.

   - Siz hansı janrda çəkilən filmlərə daha çox üstünlük verirsiniz?

   - Detektiv janrda çəkilən filmləri daha çox sevirəm. Bəlkə də ona görə ki, detektiv filmlərdə kaskadyor üçün daha geniş şərait yaradılır, nəticədə tryukların canlı alınması filmin uğurunu artırır.

 

  

Xədicə QİYAS

Ekspress.-2014.- 16-18 avqust.- S.19.