Əlillik meyarlarında islahatlar olacaq

 

"Əlilliyin qiymətləndirilməsinin əsas meyarları tibbi diaqnostika, əmək fəaliyyəti və bacarıqların qiymətləndirilməsi əsasında təşkil edilməlidir"

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Dünən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı ilə Bakı şəhərində "Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar" mövzusunda beynəlxalq seminar işinə başlayıb. İki gün davam edəcək seminarda aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatından, İsveç, Niderland, Portuqaliya və Kiprdən gəlmiş ekspertlər iştirak edir.

 

   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısının bu təbəqədən olan insanlarla bağlı hüquqlar sisteminin təkmilləşdirilməsinə də şərait yaratdığını vurğulayıb. Onun sözlərinə görə, mütərəqqi təcrübələr əlilliyi olan şəxslərin fəaliyyət potensiallarının qiymətləndirilməsinin onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün vacib amillərdən biri olduğunu ifadə edir. Nazir hesab edir ki, belə yanaşma ilk növbədə şəxsin əlillik vəziyyətinin müəyyən olunması və əlilliyinin rəsmiləşdirilməsində özünü göstərməlidir. "Ona görə də belə şəxslərin fəaliyyət və bununla da sosial reabilitasiya imkanlarının müəyyən edilməsinə, nəticə etibarilə əmək və sosial reabilitasiya üzrə əlil hüquqlarının təmin olunmasına yönələn prinsiplərin əlilliyin qiymətləndirilməsi ilə bağlı milli qanunvericilikdə əksini tapmasına ehtiyac var".

 

   Bu gün Azərbaycanda əhalinin 535 min (5,6%) nəfərinin əlilliyi olan şəxslər olduğunu deyən Səlim Müslümov bildirib ki, onların 56% daim, 44% isə müvəqqəti əlilliyi olan şəxslərdir. Onun sözlərinə görə, qeyd edilən 535 min nəfərin 473 min nəfərdən çoxu 18 yaşdan yuxarı olan şəxslərdir, 62 min nəfər isə 18 yaşına qədər olan fiziki sağlamlığı məhdud olan uşaqlardır (APA). Bu sahədə toxunulmalı olan məsələlərdən bəhs edən nazir deyib ki, bu gün Azərbaycanda əlilliyin qiymətləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində kompleks sistemin qurulması, bu sahədə dünya təcrübəsinin öyrənilməsi, onun mənfi və müsbət cəhətlərinin müəyyən edilməsidir.

 

   S.Müslümov bildirib ki, əlilliyin qiymətləndirilməsinin əsas meyarları tibbi diaqnostika, əmək fəaliyyəti və bacarıqların qiymətləndirilməsi əsasında təşkil edilməlidir: "Hazırda ölkədə əlilliyi olan şəxslərin təhsil sahəsində və o cümlədən işədüzəlmə prosesində bir çox problemlər mövcuddur. Biz ilk növbədə əlilliyi olan şəxsləri əmək qabiliyyətinə görə qiymətləndirməliyik. Tibbi arayışlarında əmək qabiliyyətinin neçə faizinin itirilməsi qeyd edilməlidir. Bunun üçün ilk növbədə tibbi-sosial ekspertiza modeli dəyişdirilməlidir. Bu, bizim əsas hədəflərimizdən biridir".

 

   Müslümov bildirib ki, BMT-in "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasından irəli gələn öhdəliklərdən biri də ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemində bio-psixo-sosial modelin tətbiqidir. "Hazırda bizdə mövcud sistem əlillik vəziyyətinin yalnız tibbi yanaşma əsasında, şəxsin fizikiya əqli məhdudluğunun ağırlıq səviyyəsinə uyğun olaraq I, II və III dərəcələr üzrə müəyyənləşdirilməsini nəzərdə tutur. Bu da həmin şəxsin fəaliyyət imkanlarının, əmək potensialının diqqətdən kənarda qalması və onun cəmiyyətə yalnız fiziki və əqli məhdudiyyətli insan kimi təqdim edilməsinə, əmək bazarına çıxışına maneələr yaranmasına səbəb olur".

 

   Nazir qeyd olunan sistemin sosial yanaşma əsasında təkmilləşdirilməsinin, əlillik müayinəsində fiziki və əqli məhdudluğun fəaliyyət bacarığına, əmək qabiliyyətinə təsirinin ölçülməsinin daha məqsədyönlü olduğunu bildirib: "Bizim nəzərdə tutduğumuz yeni sosial model də əlilliyin qiymətləndirilməsində şəxsin yalnız tibbi diaqnozunu əsas götürmədən, onun fəaliyyət imkanlarını, o cümlədən əmək qabiliyyətini hansı səviyyədə itirməsinin ölçülməsi və əlilliyin də bu ölçü əsasında müəyyən edilərək rəsmiləşdirilməsi meyarına əsaslanır. Bu sosial model III dərəcəli əlillərin əmək qabiliyyətini 50-60 faiz, II dərəcəli əlillərin əmək qabiliyyətini 70-80 faiz, I dərəcəli əlillərin isə əmək qabiliyyətini 100 faiz, yəni tam itirmiş kimi müəyyən edilməsini nəzərdə tutur. Burada əsas məqsəd şəxsin mövcud əmək potensialının qorunub saxlanılması və reallaşmasına, onun yenidən aktiv həyata dönüşünə, son nəticədə reabilitasiyasına maksimum zəminin yaradılmasıdır".

 

   Səlim Müslümov diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Fəaliyyətin Beynəlxalq Təsnifatı, Əlillik və Səhiyyə sənədində də bununla bağlı önəmli sosial yanaşmalar əksini tapır. Bu təsnifat yalnız fiziki amilləri deyil, o cümlədən sosial və ətraf mühitlə bağlı amilləri də əlilliyin qiymətləndirilməsində vacib hesab edir: "Bizim Dünya Bankı ilə əməkdaşlığımızın davamı kimi keçirilən bu seminar da bizə imkan verəcək ki, beynəlxalq səviyyəli ekspertlər və yerli mütəxəssislərlə birgə müvafiq sahədə qabaqcıl dünya təcrübəsini, qəbul olunmuş beynəlxalq standartları bir daha nəzərdən keçirək və ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemini mütərəqqi yanaşmalar əsasında təkmilləşdirək".

 

   Dünya Bankının nümayəndəsi Endryu Mason ölkəmizdə bütün sahələrdə aparılan səmərəli islahatların əlilliyin qiymətləndirilməsi sahəsini də əhatə etməsini yüksək dəyərləndirib, bu sahədə əməkdaşlıqdan məmnun olduqlarını, aparılacaq işlərin uğurlu olacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanda əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya edərək digər insanlarla birgə bərabər hüquqlardan yararlanması istiqamətində səmərəli şəkildə yardım edəcək.

 

   Mason bildirib ki, Azərbaycan bu sahədə mühüm addımlar atıb. "Azərbaycan bu sahədə beynəlxalq təcrübəni hərtərəfli şəkildə öyrənir. Bu cür şəxslər ölkənin sosial-iqtisadi həyatında da iştirak etməlidirlər. Yeni təkmilləşdirmə addımları təkcə tibbi-sosial ekspertiza modeli deyil, həm sosial-iqtisadi modeli dəyişə bilər. Hesab edirəm ki, bu seminar əsl vaxtında keçirilən tədbirdir biz bu sahədə uğurla əməkdaşlıq etməyə hazırıq", - deyə Endryu Mason bildirib.

 

   Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə əmək pensiyaçılarının təqribən 28,2 faizinin məhz əlilliyi olan şəxlər olduğunu qeyd edərək, bu şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət qayğıdan, habelə pensiya təminatı zamanı onlara verilən bir sıra güzəştlərdən bəhs edib. E.Mehdiyev hazırkı seminarın olduqca vacib məsələyə həsr olunduğunu nəzərə çatdıraraq, həqiqətən əlilliyin qiymətləndirilməsində şəxslərin əmək potensiallarının diqqətdə saxlanılmasının xüsusi önəm kəsb etdiyini vurğulayıb.

 

   Əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə əlilliyi müəyyənləşdirmək üçün istifadə olunan mövcud meyarlar barədə məlumat verib. Onun sözlərinə görə, bu meyarlarla qiymətləndirmə əlillik müayinəsi aparılan şəxsin bu ya digər şəraitdə öz fünksiyasını yerinə yetirmək qabiliyyətini nəzərə almır. Yaxud onun mümkün bacarığının reallaşması üçün hansı şəraitin, sahəsinin gərəkli olduğunu diqqətdən kənarda qoyaraq, yalnız xəsarətin nəticəsi kimi fiziki əqli vəziyyətin ağırlıq dərəcəsini müəyyən edir. Halbuki adekvat reabilitasiya şərait təmin olunduğu halda əlilliyi olan şəxslərin əmək potensiallarını reallaşdırmaları mümkündür. Bununla əlaqədar müvafiq hüquqi bazada əlilliyi olan şəxslərin əmək sosial reabilitasiyasına yönələn dəyişikliklərin aparılması zəruridir.

 

   Dünya Bankının əlillik üzrə baş eksperti Aleksandra Posarak əlilliyi olan şəxslərə cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılması prosesində belə şəxslərin əmək potensiallarının nəzərə alınmasının vacib olduğunu qeyd edib əlilliyin qiymətləndirilməsi zamanı bu amilin nəzərdə saxlanmasının inkluzivliyin qorunması üçün ilkin şərt olduğunu vurğulayıb.

 

   Daha sonra seminarda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ölkəmizdə tətbiq olunan sistem barədə məlumat verilib bu sistemin dəyişdirilməsinin vacibliyi bildirilib. Əlilliyi xəsarət dərəcəsinə əsasən qruplaşdırmaq artıq köhnəlmiş baxış formasına əsaslanır. Əlilliyə görə müavinətlərin alınması ilə əlaqədar əmək bazarını tərk edən şəxslər faktiki olaraq əmək bazarına az hallarda qayıdırlar. Buna görə məqsəd əlilliyə görə müavinətin təyin olunması mərhələsinə çatmamışdan əvvəl bu şəxslərə əmək fəaliyyətlərini bu ya digər formada davam etdirmək imkanının verilməsidir.

 

   Tədbirdə İsveçin Paraplegiya Araşdırmaları Təşkilatının eksperti Cerom Bikenbaxın, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Nenad Kostanjsekin Alarkos Siezanın, digər beynəlxalq ekspertlərin yerli mütəxəssislərin dünya təcrübəsində mövcud yanaşmalara aid çıxışları, rəy təklifləri əsasında müzakirələr aparılıb.

 

   Qənirə MƏMMƏDLİ

Ekspress.-2014.-16 dekabr.-S.9.