Əlillərin pensiya hüququ

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Azərbaycanda əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət qanunvericilikdə bir sıra güzəştlər nəzərdə tutub. Belə güzəştlərdən biri də əlillərin bu statusu aldığı tarixdən pensiyaya çıxmaq hüququna sahib olmasıdır.

   Mövcud qanunvericiliyə görə əmək pensiyasına çıxmaq üçün 3 şərtdən birinin baş verməsi lazımdır. Əmək pensiyası hüququ ya yaşın müəyyənləşdirilən həddə (kişilərdə 63 yaş, qadınlarda 59 yaş yarım, 2016-cı ildən qadınlarda 60 yaş) çatması, ya ailə başçısını itirməsi, ya da əlillik statusunun alınması nəticəsində əldə edilir.

   Dövlətin əlil olan insanlara belə bir hüququ tanıması bu sosial qrupun müdafiəsinə nə dərəcədə önəm veridiyini göstərir.

   2006-cı il yanvarın 1-dən qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.

   Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 1 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunan əmək pensiyalarının da üzərinə yenidən hesablanır.

   Pensiyaçıların 27,2%-i əlilliklə pensiyaya çıxıb

   2013-cü ilin sonuna olan məlumata əsasən ölkəmizdə əmək pensiyası alanların (1,276 milyon nəfərin) 27,18 faizi (345,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. 2013-cü ilin üçüncü rübünün genişləndirilmiş məlumatına görə isə əlill pensiyaçıların 6,9 faizi (23,9 min nəfəri) I qrup, 85,9 faizi (296,8 min nəfəri) II qrup, 7,2 faizi (24,8 min nəfəri) III qrup əlillərdir.

   Dövlət Sosial Müdafiə Fondunun məlumtaına görə I qrup gözdən əlillərin sayı 7872 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,9 faizi isə dövlət qulluqçularıdır.

   2006-sı ildə "Əmək pensiyaları haqqında" qanunda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəaların yer alması əlilliyə görə pensiya çıxma prosedurlarını xeyli asanlaşdırdı. Nəticədə ötən müddətdə əlilliyə görə pensiya çıxanların sayında artım digər əsaslarla pensiya çıxanlardakı artımı xeyli qabaqladı. 2006-cı ilin əvvəlində Azərbaycanda 1,181 milyon əmək pensiyaçısı var idi. Onun 779,5 mini yaşa görə pensiyaya çıxanlar, 266,9 mini əlilliyə görə pensiyaya çıxanlar, 135,3 mini ailə başçısını itirməyə görə pensiyaya çıxanlar təşkil edib. Həmin dövrdə cəmi pensiyaçıların 22,6 faizi əlilliyə görə pensiya çıxanlar idi. 2013-cü ilin sonunda isə bu nisbət 27,18 faizə yüksəlib.

   Paydakı artımın əsas səbəbi pensiyaçıların 2006-2013-cü illər ərzində daha çox əlilliyə görə pensiyaya çıxa bilməsidir. 2013-cü ilin sonunda pensiya alan 1,276 milyon nəfərin 346,9 mini əlilliyə görə pensiya alanlar olub. 2006-2013-cü illər ərzində pensiyaçıların sayı 94,4 min nəfər artıb ki, artımın da 80 mini məhz əlilliyə görə pensiyaya çıxanlar təşkil edib. Yaşa görə pensiya alanların sayı ötən müddətdə cəmi 13,4 min nəfər artıb. Ailə başçısını itirməyə görə artım min nəfər olub.

   2006-cı ildə sonra qanunvericiliyə edilən dəyişiklik sayəsində yaşa görə pensiyaçıların sayında artım artıq dayanıb, ailə başçısını itirməyə görə pensiya alanların sayı qismən artır, əlilliklə əlaqədar pensiya çıxanların sayında isə ciddi artım var.

   Əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alan şəxslərin pensiyalarında əhəmiyyətli artımı baş verib. Baxmayaraq ki, onların sayı da sürətlə artıb. Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 32,3 manat olduğu halda, 1 oktyabr 2013-cü il tarixə bu məbləğ 147,6 manata çatıb. I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği isə 251 manat təşkil edib.

   Bəs, əlilliyə görə necə pensiya çıxmaq olar" Bunun üçün qanunvericiliyə diqqət yetirmək lazımdır.

   Əlillər 5 il stajla

   pensiyaya çıxır

   "Əmək pensiyaları haqqında" qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması saxlanılması qaydaları mövcuddur. Həmin qaydalara əsasən əlilliyə görə əmək pensiyası əlil ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən 15 yaşına çatan hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilən qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən şəxslə əmək müqaviləsi bağlana bilməz.

   Qeyd edilən qaydaların necə tətbiq edildiyini konkret misallarda görmək olar.

   Məsələn, 43 yaşlı sığortaolunan (rəsmi əmək stajı olan) şəxsə 21 fevral 2010-cu il tarixdə 2-ci qrup əlillik müəyyən olunub. Həmin şəxsin əlil olana qədər 14 il sığorta stajı var. Qaydalara əsasən bu stajın əlillin pensiyaya çıxmasına imkan verib-verməməsi hesablanır. Bunun üçün 43 yaşdan 15 il (əmək fəaliyyətinə icazə verilməyən dövr) çıxılır, qalan 28 il 4 aya vurulur. Cəmi 112 ay (9,4 il alınır) alınır. Deməli, əlil olana qədər toplanan 14 illik staj tələb edilən minimum stajdan (konkret halda 9,4 ildən) çox olduğuna görə həmin şəxs əlilliyə görə pensiyaya çıxa bilər.

   Digər bir misala baxaq. Təsəvvür edək ki, 59 yaşlı sığortaolunan şəxsə 13 yanvar 2010-cu il tarixdə 3-cü qrup əlillik müəyyən olunub. Həmin tarixə qədər onun 11 il sığorta stajı var. Yenə qaydalara əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün həmin sığortaolunanın 14 il 8 ay sığorta stajı olmalıdır. Lakin 59 yaşlı şəxsin cəmi 11 il sığorta stajı var. Deməli, 59 yaşlı insanını əlilliyə görə əmək pensiyası hüququ yoxdur.

   Beləliklə, əlilliyə görə pensiya çıxa bilməsi üçün əmək qabiliyyətli hər dövr üçün 4 ay staj olmalıdır. Əgər bu staj əlil olana qədər toplanan stajdan azdırsa həmin şəxs əlilliyə görə pensiyaya çıxa bilmir. Çox olduqda isə bu hüququ qazanır. Bir şərtlə ki, cəmi staj 5 ildən az olmasın.

   Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği ilə müqayisədə təyin edilir. I qrup əlillərə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə pensiyanın baza hissəsi yaşa görə əmək pensiyasının baza hissəsinin 120 faizi (I qrup gözdən əlillərə bu sıradan olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup əlillərə 100 faizi, III qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir. Hazırda yaşa görə əmək pensiyasının baza hissəsi 100 manatdır. Əgər şəxs I qrup əlil kimi pensiyaya çıxırsa onun pensiyasının baza hissəsi 120 manatdan hesablanacaq. I qrup əlil gözdən əlildirsə pensiyanın baza hissəsi 200 manat olur. II qrup əlillərdə 100 manat, III qrup əlillərdə isə 55 manat həcmindədir.

   Pensiyalar hesablanan zaman baza hissənin üzərinə sığorta hissəsi gəlinir.

   "Əmək pensiyaları haqqında" qanuna əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur.

   Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir.

   Məsələn, yuxarıdakı misalda 43 yaşlı sığortaolunanın sığorta davamiyyəti əmsalı həmin yaşda olan şəxsə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 112 ay (9,4 il) sığorta stajının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Burada 112 rəqəmi 184-ə bölünür 0,6087 əmsalı alınır.

   Qaydalara görə, əmsal (0,6087) gözlənilən pensiya ödənişi müddətinin sayına vurulur alınan məbləğ əlil olan şəxsin fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalını bölünür. Bu misalda gözlənilən pensiya ödənişi müddəti 144 aydır. Bu rəqəm əmsala vurularaq 87,65 alınır. Sonra əlil olan şəxsin fərdi hesabının sığorta hissəsində toplanan 5680 manat pensiya kapitalı 87,65bölünür. Alınan 64,8-in üzərinə pensiyanın baza hissəsi, yəni 100 gəlinir. Ümumiləşdirsək, yuxarıdakı misalda 2-ci qrup əlil olan şəxsə 164,8 manat pensiya təyin edilir.

   Qanunvericilik ümumiyyətlə əmək pensiyası təyin edilən zaman şəxsin əlil olmasını nəzərə alır. Bu hallar əmək pensiyalarına əlavələrdə nəzərdə tutulub. Əmək pensiyalarına əlavələr iki qrupa bölünür - əmək pensiyasının baza hissəsinə əlavələr qulluq stajına görə əmək pensiyasına əlavələr.

   Məsələn, ikinci qrup əlil olan əmək pensiyası təyin edilən işləməyən şəxsin öhdəsində iki azyaşlı uşaq var. Həmin şəxsin əlilliyə görə əmək pensiyasının baza hissəsinin üzərinə hər bir uşaq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində, cəmi əmək pensiyasının baza hissəsinin 10%-i qədər əlavə hesablanır.

   Əlavələr digər güzəştlər var.

   Beləliklə, qanunvericilik əlil olan insanların həm daha tez pensiyaya çıxmasına, həm bütün ağır şərtlər nəzərə alınaraq əlavələr almasına imkan verir.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 14 fevral.- S.9.