Ən yaxın tarix İlk və yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

   İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

       1991-ci ilin oktyabrında Ali Sovetin növbədənkənar sessiyasında Konstitusiyanın 112-ci maddəsinə düzəliş edilirbu dəyişikliklə "Azərbaycan Respublikası prezidenti seçkiləri haqqında" Qanunun 7-ci və 1-ci maddələrinə görə yaşı əlli beşdən yuxarı olan şəxslərin respublika prezidenti seçilməsinə yol verilmir.

   "Xalq qəzeti"nin 1991-ci il 17 oktyabr tarixli sayında dərc edilmiş "Naxçıvandan seçilmiş deputatlar iclas salonunu tərk etdilər" başlıqlı yazıda parlamentdəki dramatik müzakirələr belə təqdim edilir: "Bir saatlıq fasilədən sonra deputat A.R.Həsənov və bir sıra digər deputatlar parlament üzvlərinin diqqətini Azərbaycan Konstitusiyasının 112-ci maddəsinə qəbul olunmuş düzəlişə yenidən cəlb etməyə çalışdılar. Onlar belə hesab edirlər ki, parlamentin bu qərarı və respublika Ali Soveti rəhbərliyinin mövqeyi cəmiyyətdə nəzərə çarpan təfriqəni daha da dərinləşdirir və Naxçıvanı bütün respublikaya qarşı qoyur. Salonda vəziyyət gərginləşdi və Naxçıvan MR-dan seçilmiş parlament üzvləri ilə Ali Sovetin sədri E.Qafarova arasında mübahisə başladı... Muxtar respublikanı təmsil edən deputatların xeyli hissəsi iclas salonunu tərk etdi.

   Deputat İ.Y.Qəmbərov isə dedi ki, Konstitusiyanın 112-ci maddəsinə düzəliş etmək haqqında qəbul olunmuş qərar Azərbaycan xalqının mənafeyinə cavab vermir".

   Naxçıvan MR Ali Məclisi də bu düzəlişə qarşı qərar qəbul etmişdi, Həmin qərarda aşağıdakı cümlə də vardı: "Əsl xalq mənafeyinin ardıcıl tərəfdarı olan deputatlardan Bəxtiyar Vahabzadə, İsa Qəmbərov, Mürşüd Məmmədov, Sabir Rüstəmxanlı, Tahir Kərimli və bir çox başqaları da məsələnin müzakirəsində obyektiv mövqe tutmuş, Muxtar respublikanın Konstitusiya hüquqlarını müdafiə etmişlər".

   Elmira Qafarova deputat-yazıçılara - Bəxtiyar Vahabzadə, Bayram Bayramov, İsmayıl Şıxlı və Yusif Səmədoğluya xüsusi rəğbət bəsləyirdi. İsmayıl Şıxlını zarafatca "parlamentin yaraşığı" adlandırırdı. Parlament sədri hətta küsənləri barışdırmağa çalışırdı. Təkcə Bayram Bayramovla Bəxtiyar Vahabzadə arasındakı incikliyin öhdəsindən gələ bilmədi. Bayram Bayramov neçə il bir binanın bir blokunda səmimi-mehriban qonşu kimi münasibətdə olduğu Bəxtiyar Vahabzadənin "Respublika" qəzetinin 1991-ci il 16 fevral tarixli sayında dərc olunmuş məqaləsini yazı masasının üstündə xəstəxanaya aparıldığı günədək saxlamış və... son nəfəsinədək qələm dostu ilə "səlamməleyki" olmamışdı. "Gedənin arxasınca..." məqaləsindən sonra Bayram Bayramova hücumlar çoxalmış, ona küçədə salam verənlər belə azalmışdı.

   Yazıçının Heydər Əliyevə qarşı çıxışından sonra bir sıra deputatlar Elmira Qafarovadan tələb edirdilər ki, Bayram Bayramov əvvəlcə komissiya sədrliyindən azad olunmalı, sonra deputatlıqdan geri çağırilmalı, vəzifəsindən kənarlaşdırılmalıdır.

   Bu məsələ ilə bağlı Elmira Qafarovanın parlamentdə əleyhdarları çoxalmış, hətta onu məsxərəyə qoyanlar peyda olmuşdu. Yaranmış vəziyyətdən çıxış üçün parlamentin sədri özünə etimad məsələsini Ali Sovetin müzakirəsinə çıxarılmışdı.

   Elmira Qafarovanın parlament sədrliyi dövründə onun müşaviri vəzifəsində işləmiş Tofiq Bağırov sonralar mətbuatdakı çıxışında həmin günləri belə xatırlayır: "Elmira Qafarovanın qəbul etdiyi bəzi qərarlardan, ən çoxu isə onun ana dilini guya mükəmməl bilmədiyinə görə narazı olanlar onun istefa verməsini tələb etdilər. Komsomol işində bərkimiş, bir neçə nazir kürsüsündə əyləşmiş, baş nazirin müavini kimi yüksək vəzifə tutmuş, ömrü boyu kişilərlə işləmiş (bu sözləri o özü müxtəlif illərdə və müxtəlif şəraitdə dəfələrlə təkrarlamışdı), onlarca, yüzlərcə ekstremal vəziyyətlərə düşmüş bu qadın titrədi. O, əsl xanım kimi hönkürdü (vaxtilə onun referenti olmuş bir dostum bu əhvalatı mənə xeyli sonralar söyləmişdi), etiket qaydalarına məhəl qoymadan yumruqları ilə kürsünü döyəclədi. Bu irad və ittihamları eşitmək onu çox ağrıtmış, çox incitmişdi. Və spiker kürsüsünü kəskin hərəkətlə itələyərək, iri addımlarla zaldan çıxdı, maşının verilməsini də gözləmədən Milli Məclisin binasını tərk etdi".

   Arxiv sənədlərindən öyrənirik ki, Elmira Qafarova iclas zalını tərk etdikdən sonra bir saatlıq fasilə elan olunmuşdu. Fasilədən sonra deputatların xahişi ilə sessiyanı Tofiq Bağırov və İsmayıl Şıxlı aparmışdılar.

   İclasa sədrlik edən Tofiq Bağırov deputatlara Elmira Qafarovanın fikrini çatdırmışdı: parlament üzvləri ona etimad göstərib-göstərilməməsi məsələsini həll etməyincə, o Milli Məclisə qayıtmayacaqdır. Həm də parlamentin sədrinə etimad votumu barəsində gizli səsvermə keçirilməlidir.

   Elmira Qafarovanın təklifinə əməl olunmuşdu: gizli səsvermədən sonra səsvermə keçirən komissiyanın sədri Rəhim Qazıyev yekun rəqəmləri elan edərək bildirmişdi ki, Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Mikayıl qızı Qafarova etimad votumunu qazanmışdır, lehinə 210 səs, əleyhinə 64 səs verilmişdir.

   Səsvermənin nəticələrindən sonra deputatlar Elmira Qafarovanı alqışlarla salamladılar. Onun qaş-qabağı açılmışdı, həmişəki kimi üzündə təbəssüm vardı. Sədr yüksək etimad üçün Milli Məclisin iştirakçılarına səmimi təşəkkür etdiümidvar olduğunu bildirdi ki, parlament bundan sonra da milli mənafe yolunda yekdil fəaliyyət göstərəcək.

   Ertəsi gün Elmira xanım Ali Məclis binasının qarşısında maşından düşərkən köksünün altında qəfildən ağrı hiss etdi. Yuxarı qalxdı. Müşavirlərinə müvafiq tapşırıqlar verdi. Ağrı aman vermirdi.

   Elmira Qafarovanın Azərbaycan Səhiyyə Nazirliyinin IV İdarəsinin 1 saylı poliklinikasında tibb kitabçasına ilk dəfə əlli yeddi yaşında "müalicə olunmalıdır" sözləri yazıldı. 1991-ci ilin noyabr ayının ortalarında Moskvada ezamiyyətdə olarkən "Kaşirskoye" metrostansiyasından çıxıb yaxınlıqdakı tibb mərkəzinə getdi. Müayinə olundu və müalicə kursu təyin edildi. Noyabrın 20-də poliklinikadan qayıtdıqdan sonra Bakıdan aldığı xəbər onun bütün varlığını sarsıtdı, göz yaşlarını saxlaya bilmədi, yenə də yumruqları büküldü...

   Yarım saatdan sonra Elmira Qafarova Moskva-Bakı təyyarəsinin sərnişinləri arasında idi. Özündə deyildi, xəstəliyini də unutmuşdu. Dağlıq Qarabağın Qarakənd yaxınlığında hərbi vertolyotda onun ən yaxın silahdaşları həlak olmuşdu.

   Elmira xanım təyyarə salonuna göz gəzdirdi. Bütün sərnişinlər mürgüləyirdi. Adəti üzrə o, təyyarədə yatmağı xoşlamazdı, ya kitab oxuyar, ya da xəyallara dalardı. Bu dəfə isə onun fikrindən keçənləri bir özü bilirdi, birulu tanrı...

   ***

   1991-ci il noyabrın 20-də şəhid olmuş soydaşlarımızdan biri - Vəli Məmmədov haqqında Elmira Qafarovanın 1992-ci ildə yazdığı məqaləsi "Xatirəsi qəlbimizdə yaşayacaqdır" adlanır.

   Yazıda oxuyuruq:

   "1991-ci ilin noyabrın 20-də vertolyot sərnişinlərinin həlak olması xəbərini Moskvada xəstəxanada eşitdim. Tək idimbu faciə mənə çox ağır təsir etdi. Vəli Məmmədovun, Tofiq İsmayılovun, İsmət Qayıbovun, Məhəmməd Əsədovun, Zülfü Hacıyevin, Alı Mustafayevin, Osman Mirzəyevin, Vaqif Cəfərovun əziz simaları gözlərim önündə canlandı. Gənclərimiz onların hər birinin həyatından özləri üçün ibrət dərsi götürə bilərlər.

   Vertolyotu vuranlar yaxşı bilirdilər ki, Azəbaycan millətinin qaymağı olan adamlara, erməni millətçilərinin və ekstremistlərinin sırıdıqları Dağlıq Qarabağ problemini nizama salmaq, vilayətdə ədaləti və Konstitutsiya qanunçuluğunu bərpa etmək üçün əllərindən gələni edən adamlara qəsd edirlər. Dağlıq Qarabağ problemini həll etmək üçün həlak olanların hər birisinin qüvvəsi də, biliyi də, nüfuzu da var idi. Həlak olanlarla məni bir fəaliyyət, xüsusən son illərdə respublika Ali Sovetində birgə fəaliyyət bağlayırdı.

   Tofiq İsmayılov, Vəli Məmmədov, Vaqif Cəfərov SSRİ xalq deputatları idilər və 1989-cu ildə xalq deputatlarının I qurultayında SSRİ Ali Sovetinə seçilmişdilər. Ali Sovetin komissiyalarında işləyirdilər..."

 

   (əvvəli,ardı var)

 

Teyyub QURBAN

Ekspress.-2014.- 15-17 fevral.- S.15.