Yüngül sənət düşündürə bilməz...
Hafiz Quliyev: "Elə bir rejissor
tanımıram ki, tamaşadan tam razı qalsın"
"
Opera teatrının
rejissoru çox səbirli adam
olmalıdır, çünki
solistlərə aktyorluq
sənətini əlifbadan
öyrətməyə başlayır"
Dram teatrları ilə müqayisədə opera teatrlarının rejissorlarının işi daha çətindir. Çünki Opera və Balet Teatrında səhnəyə aktyorlar yox, vokalçılar, xanəndələr çıxırlar. Və rejissor həmin vokalçıya atkyorluğu da öyrətməlidir.
Akademik Dövlət Opera və Balet Teatrının rejissoru Hafiz Quliyev hesab edir ki, opera teatrının rejissoru çox səbrli adam olmalıdır, çünki o, solistlərə aktyorluq sənətini əlifbadan öyrətməyə başlayır...
Hafiz Quliyev
1960-cı ildə mayın 10-da Cəbrayıl rayonunda
anadan olub. 1987-ci ildə
Dövlət İncəsənət Universitetini
rejissorluq ixtisası üzrə bitirib və gənc mütəxəssis kimi Dövlət Akademik Opera və Balet teatrına
işləməyə göndərilib. Hafiz
müəllim 1996-cı ildən bu
teatrın baş rejissorudur,
Bu gün teatrın repertuarında özünəməxsus yer tutan Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Arşın mal alan", Z.Hacıbəyovun "Aşıq Qərib", F.Əmirovun "Sevil", Ş.Axundovanın "Gəlin qayası", R.Mustafayevin "Vaqif" operaları Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulub. O, həmçinin bir vaxtlar təhsil aldığı Mədəniyyət və İncəsənət universitetində aktyor və rejissor sənəti fənnindən dərs deyir.
Hafiz Quliyev məhşur "Arşın mal alan" operettasını Ankara opera və Balet teatrında, Samsun Dövlət Opera və Balet teatrında, Belarus Akademik Musiqili Teatrında, Pekin Milli Operasının "Tiainqo" teatrında və bir çox ölkələrdə yerli teatrların kollektivinin iştirakı ilə tamaşalar qoyub.
Əməkdar incəsənət xadimidir, 2012-ci ildə Prezident mükafatına layiq görülüb.
- Hafiz müəllim, dram teatrlarının rejissorları ilə müqayisədə opera rejissorı tamaşaları hazırlayarkən fərqli çətinliklərlə üzləşirlər. Elə söhbətimizə bu janrda tamaşa hazırlamağın asan və çətin tərəfindən başlayaq...
- Mən 20 ildən çoxdur ki, Opera və Balet Teatrında çalışıram və uzun illərdir baş rejissor vəzifəsini yerinə yetirirəm. Bu illər ərzində hazırladığım tamaşalarda opera janrına məxsus spesifik çətinliklərlə qarşılaşıram. Dram teatrlarında səhnəyə qoyulan tamaşalarla bizim hazırladığımız tamaşalarda böyük fərqlər var. İlk növbədə musiqi elmini mütləq bilməlisən və hadisənin açılmasında onu hiss etməlisən ki, əsərdəki musiqi ilə mizanlar vəhdət təşkil etməlidir. Rejissor bilməlidir ki, hansı musiqidə hansı mizanlardan istifadə etməlidir. Opera teatrında rejissor peşəkar aktyorla yox, musiqiçilərlə, konkret rəqqas və vokalçılarla işləməli olur, yəni əlində konkret material yoxdur. Məsələ bundadır ki, istər vokalçılar, istər də xanəndələr teatra aktyor sənətindən demək olar ki, bixəbər gəlirlər. Baxmayaraq ki, istər Bakı Musiqi Akademiyasında, istər Asəf Zeynallı adına Musiqi Kollecində, istərsə də, Milli Konservatoriyada onlara aktyor sənəti də tədris olunur.
- Bildiyimə görə, həmin tədris müəssisələrində aktyorluq dərslərini Siz keçirsiniz...
- Bəli, artıq bu işdə irəliləyiş var. Gənclər böyük həvəslə aktyorluq sənətini öyrənirlər. sözün düzü elə orda çətinliklərini çəkirik ki, sonradan teatra gələndə bizə rahat olsun. Bu problem bütün dünyada var. Əslində bu da təbiidir. Çünki bunların əsas xammalları səsləridir. Onların qarşılarına qoyduqları əsas məqsəd opera musiqisini tamaşaçıya mükəmməl şəkildə çatdırmaqdır. Opera və Balet Teatrında yeganə rejissordur ki, tamaşaçıya bitkin bir tamaşa təqdim etmək arzusundar. Yerdə qalanlar, istər orkestr, istər bəstəkar, istərsə də solistlər tamaşaçıya musiqini keyfiyyətli çatdırmağa çalışırlar. Çünki bəstəkar operanın musiqisini bəstələyəndə daha çox vokalçının onu necə oxuyacağını düşünür. Bununla yanaşı, mənim rejissor kimi onlardan tələb etdiklərim də var, axı və onlar bunu mənə verməyə borcludurlar. Bu mənada, rejissorun boynuna ağır yük düşür ki, vokalçının aktyorluq qabiliyyətini ortalığa çıxarsın. Opera və Balet Teatrının rejissoru çox səbrli adam olmalıdır. Çünki o solistlərə aktyorluq sənətini əlifbadan öyrətməyə başlayır. Opera sənətində bir əsas partiyanı mükəmməl hazırlamaq elə tamaşa qoymaq qədər çətindir. Əgər bir neçə il ərzində "Məcnun", "Koroğlu", "Karmen", "Nigar" kimi samballı obrazların mükəmməl ifaçısı yetişirsə, bu artıq nəticədir. Xanəndələrlə müqayisədə vokalistlərlə işləmək çətindir. Çünki nəfəs almaq məsələsi var. Bir rejissor kimi həmişə məni narahat edən məsələ odur ki, hər hansı partiyada aktyora necə mizan verim ki, onun səsinə mane olmasın.
- Uğurlu nəticə əldə etmək olurmu?
- Mən elə
bir rejissor
tanımıram ki, tamaşadan
tam razı qalsın. Ola
bilsin ki,
tamaşaçılar bu tamaşanı bəyənirlər.
Amma rejissor o zaman tamaşadan
razı qalır ki, aktyor
onun tapşırığını 200 faiz həyata keçirsin.
Mən aktyora verdiyim
tapşırığın 50 faiz
cavabını alanda sevinirəm. Böyük ustad Alim Qasımovla "Leyli və
Məcnun" oeparsını hazırlayanda 6-7 ay
usanmadan məşq elədik. Amma tamaşa vaxtı heç 10 faizini vermədi.
İnanın ki, onun məşqi
özü bir tamaşa idi. Bilirsinizmi, aktyorun ən böyük düşməni həyəcandır.
- Siz dram teatrı rejissoru fakültəsini bitirmisiniz
və bilirəm ki, rejissorlar
musiqili teatra çox maraq göstərmirlər.
Operaya sizi nə gətirdi?
- Mən hələ tələbəykən bu teatrda çalışırdım. Bu səbəbdən, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirəndə təyinatımı da Opera və Balet Teatrına verdilər. Özü də o illərdə təyinat məcburi idi. Əgər təyinatla 3 il göndərilən yerdə işləməsəydin, səni heç hara götürmürdülər. Getməsəydin, ümumiyyətlə, diplomunu vermirdilər. Məsələ burasındadır ki, o illərdə gənc mütəxəssislərə dövlət çoxsaylı imtiyazlar verirdi, onları mənzillə təmin edirdi. Mən hələ ikinci kursdan etibarən Opera və Balet Teatrında qoyulan tamaşalarda kütləvi səhnələrdə çıxış edirdim. Ona görə də, təyinatımı elə bu teatra verdilər.
- İlk quruluş verdiyiniz tamaşanı xatırlayırsınızmı?
- Mən teatra rejissor kimi gələndə Ağakişi Kazımov "Vaqif" operasını hazırlayırdı. İlk illər mən rejissor köməkçisi, bir müddət də rejissor assistenti olaraq bütün rejissorlarla çalışmışam. Quruluşçu rejissor kimi ilk işim Süleyman Ələsgərovun "Solğun çiçəklər" operası oldu. Bu əsəri rəhmətlik Süleyman müəllim təzə yazmışdı və operanın ilk quruluşçu rejissoru mən oldum. Sonra "Leyli və Məcnun"u hazırladım. Amma bu, Mehdi Məmmədovun quruluşu idi, sadəcə truppa təzə idi. O ərəfədə mənə "Şah İsmayıl" operasını da bərpa etməyi həvalə etdilər. Bu opera məndən əvvəl 60-cı illərdə oynanılıb. Ondan sonra hardasa 30 ildən çox səhnəyə qoyulmayıb, özü də mən bu tamaşaya heç baxmamışdım. Bu tamaşanı operanın dekorasiyaları əsasında hazırladım. Ondan sonra "Aşıq Qərib"i mənə verdilər. Ondan sonra məni quruluşçu rejissor vəzifəsinə keçirdilər. "Arşın mal alan" operettasını 30 ildən sonra mən səhnəyə qoydum. Onu da sonuncu dəfə 60-cı ildə səhnəyə qoymuşdular. Sonradan filmi çəkilsə də, tamaşası olmamışdı. Tamaşanı dövlət sifariş vermişdi. Bu tamaşadan sonra baş rejissor təyin edildim.
- Sizin tamaşalarda korifey sənətkarlardan kimlər iştirak ediblər?
- Mən Zeynəb
Xanlarovanın oynadığı "Leyli
və Məcnun"a quruluş vermişəm.
Ondan başqa Arif Babayev, Canəli
Əkbərov, rəhmətlik Səfa Qəhrəmanovun
adlarını çəkə bilərəm. Bir
məqamı vurğulamaq istəyirəm,
Zeynəb xanımın işləmək həvəsinə heyran qalmışdım. Düz
6 saat dayanmadan məşq
etmişik, bir kəlmə
də etiraz etməyib. Baxmayaraq
ki, 30 ilə yaxın "Leyli"
oynamışdı. Mənə dedi ki, səndən rejissor olacaq...
- Hafiz müəllim, çox maraqlıdır ki, siz hətta əcnəbi vokalistlərlə də tamaşalar hazırlayırsınız. Bildiyimə görə, "Arşın mal alan"ı 4-5 xarici ölkədə səhnəyə qoymusunuz...
- Dahi Üzeyir bəyin çox məşhur "Arşın mal alan" əsəri artıq Azərbaycan sərhədlərini keçib. Onun bizə məlum olan əsərləri demək olar ki, bir çox dünya ölkələrinin səhnələrində oynanılıb. Maraqlı odur ki, yaşadığımız dövrdə də klassik sənət nümunələri hesab olunan bu kimi əsərlərə geniş yer verilməkdədir. Bilirsinizmi, Üzeyir bəyin musiqisi o qədər çəkicidir ki, onun dünyanın hər yerində dinləməyə böyük həvəs göstərirlər. Mən bu tamaşanı Türkiyə, Belarus, Çin kimi ölkələrdə hazırlamışam. Hətta Çində bu tamaşanı hazırlayanda insanların ona necə maraq göstərməsi məni heyrətləndirdi və sözün düzü, azərbaycanlı olmağımla fəxr elədim.
- Son illər ölkəmizdə akademik
musiqiyə maraq, bir
qayıdış hiss olunmaqdadır. Sizcə,
bu nədən irəli gəlir?
- Şəxsən mən bir rejissor kimi klassikaya olan marağı, klassikaya olan qayıdışı alqışlayıram və istərdim ki, bu daha da artsın. Yenə də təkrar edirəm, bizlər özümüzü dünyaya yalnız bu yolla, yəni klassik sənət nümunələrini təbliğ etməklə tanıtdıra bilərik. "Arşın mal alan"ın tamaşaçıları arasında gənclər çoxluq təşkil edir. Onlar keçən əsrin əvvəllərində yazılan və öz səhnə həllini tapmış bir sənət nümunəsini müasir quruluşda izləyir, öz maraqlarını gizlədə bilmirdilər.
- Necə bilirsiniz, bu günlər yaranan hər hansı bir əsər gələcəkdə klassik sənət nümunəsi səviyyəsinə qalxa biləcəkmi?
- Əlbəttə ki, elə əsərlər var.
- O baxımdan
deyirəm ki, bu gün yaranan sənət
nümunələri elə də ciddi qəbul
edilmir.
- Söz yox ki, hər bir sənət nümunəsi yarandığı anda klassikaya çevrilə bilməz. Bunun üçün müəyyən vaxt lazımdır. Zaman öz işini görəcək, zaman hər şeyə öz qiymətini verəcək. Xatırladım ki, tamaşaçı əsl sənət nümunəsini seyr edərkən formalaşır. Yəni əgər tamaşaçı hər hansı səviyyəli bir sənət nümunəsini seyr edərək düşünürsə, deməli istənilən nəticə əldə edilib. Yüngül sənət nümunələrini seyr edən tamaşaçı düşünə bilməz. Bunun üçün də çalışmaq lazımdır ki, səhnəyə çıxarılan hər bir əsər əsl sənət nümunəsi olsun.
İLTİFAT
Ekspress.-2014.- 15-17
fevral.- S.19.