Ən yaxın tarix

İlk və yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

   İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

       1991-ci il noyabr ayının 26-da Ali Sovetin növbədənkənar sessiyasasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə vertolyotun partladılması nəticəsində faciəli surətdə həlak olmuş qurbanların ruhuna fatihə oxudu.

   Şeyxülislam həmçinin bildirdi ki, törədilmiş faciədən sonra SSRİ xalq deputatı mandatından imtina edirdeputat səlahiyyətini üzərindən götürür. Deputatlar DQMV-də Mİ-8 vertolyotunun partladılması nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

   Sonra Elmira Qafarovanın sədrliyi ilə keçirilən sessiyada tarixi hadisə baş verdi: şəhidlərin yeddisində - noyabrın 26-da deputatlar DQMV-nin statusunun ləğv edilməsinə yekdilliklə səs verdilər.

   Prezident Ayaz Mütəllibov elə həmin gün Ali Sovetin təqdimatı ilə aşağıdakı qanunu imzaladı:

   "AZƏRBAYCAN RESPUBLİKASININ DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNİN LƏĞV EDİLMƏSİ HAQQINDA

   Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Repspublikasının öz milli dövlət quruluşu məsələlərini həll etməyə suveren hüququnu əsas tutaraq;

   1923-cü ildə Azərbaycan xalqının milli mənafeyinə zidd olan, Azərbaycan xalqı ilə erməni xalqı arasına milli ədavətin dərirnləşməsinə şərait yaradan, Azərbaycanın ən böyük təbii-iqtisadi bölgəsi olan Qarabağın infraskrukturunun dağılmasına və təsərrüfat əlaqələrinin qırılmasına yönəldilən, Dağlıq Qarabağın Azərbaycanın əzəli tərkib hissəsi olduğuna dair bütün etnik, tarixi, siyasi, iqtisadi və mənəvi əlamətləri bu ərazidə yox etmək üçün erməni mllətçilərinin istifadə etdikləri amilin - Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasını qeyri-hüquqi hesab edərək;

   Vilayətin yaradıldığı dövrdə Ermənistan SSR-də yaşayan yarım milyonluq azərbaycanlı əhali üçün heç milli-mədəni muxtariyyətin də yaradılmadığını, sonrakı illərdə isə azərbaycanlı əhalinin Ermənistandan zorla köçürüldüyünü, hazırda orada əslində bir nəfər də olsun azərbaycanlı qalmadığını nəzərə alaraq;

   Azərbaycanın əzəli tarixi ərazisini qoparıb almaq üçün Ermənistan rəhbərliyinin yeritdiyi siyasətin və bu siyasətdə DQMV-nin bir alətə çevrilməsinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün real qorxu törətdiyini qeyd edərək;

   Azərbaycan Respublikasında ermənilərin kiçik bir qrupu üçün milli ərazi qurumunun bundan sonra da saxlanılmasının azərbaycanlı əhaliyə qarşı zorakılığın artmasına, geniş miqyaslı terrorçuluq əməlləri törətmək - öz dövlətinin ərazisində yaşayan azərbaycanlıları qırmaq,soyub talamaq, onların evlərinə od vurmaq, əmlakını məhv etmək üçün yerli ermənilərdən təşkil edilən quldur dəstələrinin və Ermənistan ərazisindən göndərilən yaraqlı ekstremistlərin cinayətkar hərəkətlərinin güclənməsinə səbəb olduğunu dərk edərək;

   Suveren Azərbaycan dövlətinin və onun bütövlüyünü qoruyub saxlamaqinkişaf etdirmək üçün Azərbaycan xalqının indiki və gələcək nəsilləri qarşıvsında tarixi məsuliyyətini başa düşərək;

   Qarabağın dağlıq hissəsində Azərbaycan Respublikasının suveren hüquqlarını tamamilə bərpa etmək, qanunsuz yaradılmış silahlı dəstələri tərksilah etmək, Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını, azadlığını və ləyaqətini qorumaq, millətlərarası münasibətləri nizama salmaq zərurətini əsas götürərək;

   Azərbaycan xalqının iradəsini rəhbər tutaraq

   QƏRARA ALIR:

   1.Azərbaycan Respublikası Konstitutsiyasının (Əsas Qanunun) 68-ci maddəsinin üçüncü hissəsi, 104- maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikasının dövləi müstəqilliyi haqqında Konstitutsiya Aktının 4-cü maddəsi əsas tutularaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilsin.

   Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti və Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılsın.

   2.Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Xocavənd rayonu adlandırılsın.

   3.Əsgəran və Hadrut rayonları ləğv edilsin.

   4.Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılsın. Ləğv edilmiş Əsgəran rayonununun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilsin

   5. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərirn, Ağdərə, Xocavənd,Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilsin".

    Elmira Qafarovanın Ali Sovetə sədrliyi çox gərgin dövrə düşmüşdü. Ali Sovetlə Naxçıvan Ali Məclisinin münasibətlərində gərginlik səngimirdi.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci ilin oktyabrında belə bir qərar çıxarmışdı:

   "Azərbaycan Respublikası Ali Sovetinin 8-11 oktyabr 1991-ci il tarixdə keçirilən fövqəladə sessiyasında Azərbaycan Respublikası Konstitutsiyasının (Əsas Qanununun) 112-ci maddəsində dəyiş ikliklər edilməsi ilə əlaqədar qəbul olunmuş qərara münasibət barədə

   Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti 8-11 oktyabr 1991-ci il tarixdə keçirilən fövqəladə sessiyasının gündəliyinə heç bir zərurət olmadan "Azərbaycan Respublikasının Konstitutusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında" məsələ daxil etdirməklə müəmmalı şəraitdə, əslindlə mahiyyəti deputatlara bəlli olmayan qərar qəbul edilməsinə nail olmuşdur. Qəbul edilmiş qərarla Konstitusiyanın 112-ci maddəsinin 2-ci hissəsində təsbit edilmiş "Naxçıvan Muxtar Respublikası Ali Soveti sədri vəzifəyə görə Azərbaycan Respublikası Ali Sovetinin müavinidir" cümləsi Konstitusiyadan çıxarılmışdır. Dözülməz haldır ki, Konstitusiyanın adi qanunlar və qərarlar səviyyəsinə endirilib, hər sessiyada ona əlavələr və dəyişikliklər edilməsi, bununla da respublikanın Əsas Qanununun nüfuzdan salınması parlamentin təcrübəsinə çevrilir. Bu bədnam təcrübənin davamı kimi, deputatların bir hissəsinin Ali Sovetin iclas zalında olmadığı halda, Konstitusiya qaunlarının müzakirəsi və səsvermənin xüsusi qaydasına əməl edilmədən, "Konstitusiyanın 112-ci maddəsinin ikinci hissəsinin sonuncu cümləsi çıxarılsın" sözlərinin mahiyyəti açılmadan qərar qəbul edilməsi Azərbaycan Respublikasının Konstitusiyasını, Ali Sovetin reqlamentini pozmaq kimi qiymətləndirilməlidir.

   Belə bir mühüm məsələnin üstüörtülü şəkildə sessiyanın gündəliyinə daxil edilməsi və qərar qəbul olunması son vaxtlar Naxçıvan MR Ali Məclisi rəhbərliyinə demokratik fikirli adamların gəlməsinə, Ali Məclisin ardıcıl olaraq həyatın tələbindən doğan demokratik ruhlu qərarlar qəbul etməsinə Azərbaycan rəhbərliyinin açıq-aşkar büruzə verdiyi qərəzli və ədalətsiz münasibətin nəticəsidir. Bu cür qərarın qəbul edilməsi Azərbaycan Respublikası Prezidenti yanında 3 sentyabr 1991-ci il tarixdə keçirilmiş müşavirənin tələblərindən irəli gəlmişdir. Bu, Naxçıvan Muxtar Respublikasına və onun Ali Məclisinə qarşı yönəldilmiş böhtançılıq və təxribat kampaniyasının davamı olmaqla Ali Soveti sədri E.Qafarovanın dediyi kimi, Azərbaycan Respublikası Prezidenti seçkilərinin Naxçıvan MR-də dayandırılması ilə əlaqədardır.

   Bu faktla qətiyyən barışmaq olmaz ki, parlament təkəbbür, şəxsi qisasçılıq və ambisiya alətinə çevrilmişdir. Dözülməzdir ki, qəbul olunmuş qərar Naxçıvan MR-i Konstitusiya ilə müəyyən olunmuş hüquqdan məhrum edirmuxtar respublikanın statusunu kobud şəkildə pozur. Bu bütövlükdə demokratiyanın əleyhinə yönəldilmişdir və süni surətdə qarşıdurma, "Naxçıvan problemi" yaratmağa xidmət edir. Uzaq getməyən bu cür siyasətə qəti etiraz əlaməti olaraq Naxçıvan MR Ali Məclisinə və Azərbaycan Respublikası Ali Sovetinə ayrı-ayrı vətəndaşlar və əmək kollektivləri tərəfindən saysız- hesabsız teleqramlar göndərilir.

   Naxçıvan MR Ali Məclisinin Rəyasət Heyəti bəyanət verərək, Konstitusiyaya bu cür zidd hərəkətlərə öz qəti etirazını bildirmişAli Sovetdən Muxtar Respublikanın Azərbaycn Respublikası Konstitutsiyasının 112-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş hüququn bərpa edilməsini tələb etmişdir. Bəyanat Ali Sovetin sessiyasına Naxçıvandan seçilmiş xalq deputatları tərəfindən çatdırılmışdır. Onların və onları müdafiə edən demokratik fikirli bir qrup digər deputatların qəbul edlilmiş qərara yenidən baxılması tələbi ilə çıxış etmələrinə baxmayaraq, hətta Naxçıvandan olan deputatlar etiraz əlaməti olaraq iclas salonunu tərk etsələr də, Ali Sovetin sədri E.Qafarova məsələyə yenidən baxılmasına imkan verməmişdir. Ali Sovetin rəhbərliyi Naxçıvandan seçilmiş Azərbaycan xalq deputatlarının bu məsələ ilə əlaqədar byanatına da qəsdən əhəmiyyət verməmişdir. Bu qərarı necə olur-olsun keçirmək məqsədilə hər cür yolverilməz metodlara əl atan E.Qafarova hətta siyasi möhtəkirlik edərək "bu qərarı ləğv ediriksə, Qarabağın nəmayəndəsi də gəlib burada oturacaqdır" deməklə, deputatları məsələnin həllindən yayındırmağa çalışmışdır. Parlament sədrinə yaraşmayanheç bir hüquqi əsası olmayan bu cür ifadənin Azərbaycan Respublikası üçün siyasi cəhətdən nə qədər zərərli olduğunu, gərginliyin daha da artırılmasına yönəldiyini izah etməyə ehtiyac yoxdur.

   Əsl xalq mənafeyinin ardıcıl tərəfdarı olan deputatlardan Bəxtiyar Vahabzadə, İsa Qəmbərov, Mürşüd Məmmədov, Sabir Rüstəmxanlı, Tahir Kərimli və bir çox başqaları da məsələnin müzakirəsində obyektiv mövqe tutmuş, Muxtar Respublikanın Konstitusiya hüquqlarını müdafiə etmişlər.

   Bütün demokratik fikirli deputatların tələb və təkidləri nəticəsində məsələyə yenidən qayıdılmış, Konstitusiyanın 112-ci maddəsinin 2-ci hissəsi ilə əlaqədar 8 oktyabr 1991-ci ildə qəbul edilmiş qərar 17 oktyabr 1991-ci ildə ləğv edilmişdir. Lakin buna baxmayaraq, Ali Sovetin sədri E.Qafarovaonun birinci müavini Z.Səmədzadə məsələnin sessiyanın gündəliyindən çıxarılmasına ciddi mane olmuşlar. Məsələnin bu dərəcədə kəskinləşməsinin və gündəlikdən çıxarmamaqla açıq saxlanılmasının səbəblərindən biriAli Sovetin Rəyasət heyətində qüvvələr nisbətinin demokratik və mütərəqqi qüvvələrin xeyrinə dəyişilməsinin qarşısını almaq üçün Azərbaycan rəhbərliyi tərəfindən göstərilən ciddi-cəhdlə və şübhəsiz ki, Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə bağlıdır. Halbuki, indiyədək Naxçıvan Muxtar Respublikası Ali Hakimiyyət orqanının başçısı Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.

   Naxçıvan Muxtar Respuvblikası Ali Məclisi

   QƏRARA ALIR:

   1. Heç bir hüquqi əsas və zərurət olmadan Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 8-11 oktyabr 1991-ci il tarixdə keçirilən fövqəladə sessiyasına "Azərbaycan Respublikasının Konstitutsiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında" təklif verməsi və bunun gündəliyə daxil edilməsinə nail olması, Azərbaycan Respublikası Konstitutsiyasını və Ali Sovetin reqlamentini pozmaqla müzakirələr açmadan, Konstitutsiyanın 112-ci maddəsinin 2-ci hissəsindən "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəyə görə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavinidir" sözlərinin çıxarılması barədə qərar qəbul edilməsi, sonradan bu qərarın ləğv olunmasına baxmayaraq, Ali Sovetin sədri E.Qafarovanın və sədrin birinci müavini Z.Səmədzadənin məsələnin həmin sessiyanın gündəliyindən çıxarılmasına imkan verməmələri, Naxçıvan MR-in Konstitutsiya hüquqlarına qəsd edən, demokratiyanı boğan, qarşıdurmaya yönəldilmiş süni "Naxçıvan problemi" yaradan, Naxçıvan MR-ə qarşı aparılan ardıcıl təxribatın davamı kimi pislənilsin.

   2.Naxçıvan MR Ali Məclisi Muxtar Respublika əhalisinin iradəsini ifadə edərək bu məsələnin müzakirəsi zamanı ardıcıllıq və qətiyyət göstərdikləri üçüın Müstəqil Demokratik Azərbaycan blokundan olan və digər demokratik fikirli deputatlara öz minnətdarlığını bildirirümid edir ki, Naxçıvan MR-in hüquqları həmişə onlar tərəfindən müdafiə ediləcəkdir.

   3. Azərbaycan Respublikası Ali Sovetindən xahiş olunsun ki, 29 oktyabr 1991-ci ilə təyin olunmuş sessiyada həmin məsələnin gündəliyə salınması səbəblərini araşdırsın və Naxçıvan MR-in Konstitusiya hüquqlarını bərpa etmək məqsədilə bu məsələnin gündəlikdən çıxarılmasını təmin etsin və Əsas Qanuna hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulması üçün tədbirlər görsün.

   Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini R.Həsənov

   Naxçıvan şəhəri, 26 oktyabr 1991-ci il".

 

   (əvvəli, ardı var)

 

Teyyub QURBAN

Ekspress.-2014.- 22-24 fevral.- S.15.