"Özünüzə qıymayın!"

 

Qarabağ qaziləri müharibə veteranlarının problemlərini müzakirə etdilər

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Qarabağ qaziləri" və "Vətən Müharibəsi Əlilləri" birliklərinin təşkilatçılığı ilə fəal qazilərin iştirakı ilə "Özünüzə qıymayın" adlı dəyirmi masa keçirilib. Əsasən Bakı və Sumqayıtdan olan 250 nəfərə yaxın Qarabağ qazisinin qatıldığı dəyirmi masada son zamanlar Qarabağ qazilərinin sosial problemini səbəb göstərərək intihar etməsi, onların intihardan çəkindirmə yolları barədə müzakirələr aparılıb.

   "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədov bildirib ki, son zamanlar Qarabağ əlillərindən intihar edənlərin sayı çoxalmaqdadır və bu da narahatçılıq yaradan haldır. Onun sözlərinə görə, hazırda qazilərin maarifləndirməsi, onların intihar etməsinin qarşısını alınması baxımından vacibdir.

   E.Əsədov deyib ki, bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin müdafiəsində dayanmış insanlar olaraq əlillərin xidmətləri nəzərə alınır, onlar avtomobillə, evlə təmin olunur: "Biz bunu yüksək qiymətləndiririk. Yanvar ayından başlayaraq qazilərin sosial problemlərinin həlli istiqamətində dövlət rəhbərliyi ilə görüşlər keçirilib. Bizdə məlumat var ki, keçirilən görüşlərin nəticəsi olaraq əlillərin statusu, sosial problemlərinin həlli ilə bağlı məsələ may ayında Milli Məclisdə müzakirəyə çıxarılacaq. Ona görə də biz qazilərimizi səbirli olmağa, intihara əl atmamağa çağırırıq".

   Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli deyib ki, problemin həlli intihardan deyil, müzakirələrdən keçirbuna görə də əlillər özlərinə qıymamalıdır: "İntihar halları İslamda da bəyənilmir. Hər halda, qazilərimizin intihar səbəbləri araşdırılmalıdır. Düşünürəm ki, bu gün dövlət səviyyəsində sosial müdafiəyə ehtiyacı olan insanlara qayğı ilə yanaşılmalıdır. İnsanların özünə qıymağı ilə heç bir problem həll oluna bilməz. Problemin həlli müzakirələrdən keçirbu gün dövlət rəhbərliyi ilə bu müzakirələr aparılır".

   "Vətən Əlilləri" İctimai Birliyinin sədri Firudin Məmmədov isə qeyd edib ki, müharibə əlilləri gələcək nəsillərə bir örnək olduğu üçün özünə qıymamalıdır (APA). Onun sözlərinə görə, dövlət qazilərin çağırışlarına, müraciətlərinə müsbət yanaşıb: "Artıq problemlərimizin aradan qaldırılması üçün dövlət tərəfindən addımlar atılır. Yaxın gələcəkdə bu addımların nəticəsini öz həyatımızda görəcəyik".

   F.Məmmədov onu da qeyd edib ki, müharibə əlillərinin problemindən istifadə edib, bunu ölkədəki sabitliyə, dövlətçiliyə qarşı yönəltmək istəyən qüvvələr var: "Biz isə bu məsələlərə getməməliyik. Çünki biz bu dövləti quran insanlarıq və dövlət də bunu dəyərləndirir".

   Sonda "Qarabağ qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu dəyirmi masa iştirakçıları adından Azərbaycan qazilərinə müraciəti oxuyub.

   Müraciətdə deyilir:

   "Əziz qazi qardaşlarımız, döyüşçü dostlarımız!

   Vətənimiz Azərbaycan erməni təcavüzünə məruz qalanda sizlərlə birgə düşmənə qarşı silaha sarıldıq. Müstəqillik dövrümüzün ağır, çətin günlərində, döyüşə-döyüşə ordu qurduq, anamız Azərbaycanı, ana-bacılarımızın namusunu qorumaq naminə sinəmizi gülləyə sipər elədik. Bir qarnı ac, bir qarnı tox, silah-sursatımızın biri çatıb, beşi çatmayan bir zamanda minlərlə silahdaşımızı, ən əziz dostlarımızı rus-erməni silahlı birləşmələri ilə qeyri-bərabər bu müharibədə itirdik. Amma bir dəfə də uf demədik! Çünki yaxşı bilirdik ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, ana-bacılarımızın namusu təhlükədədir. Bu müharibədən çox böyük itkilərlə çıxdıq. Lakin yenidən savaşın başlayacağına, torpaqlarımızın düşməndən azad edəcəyimizə bir an da ümidimizi itirmədik.

   Müharibədən sonra da ağır günlər yaşadıq. Yarımcan halda xəstəxana divarları arasında ölüm-dirim savaşından qalib çıxdıq. Sonra yaşamamız, kimsəyə möhtac olmadan halal çörəyimizi qazanmaq, xanımlarımızın, övladlarımızın qarşısında ərlik, atalıq qürurunu itirməmək üçün savaşımız başladı. Təəssüflər olsun ki, hər savaşda itkilərimiz, acılarımız oldu. 1994-cü ildən üzü bəri onlarla Qazimiz canına qıyaraq intihar etdi.

   Bütün bu illər ərzində dövlətimiz bizim problemlərimizin həlli üçün çalışıb, xeyli işlər görülüb. Qarabağ qazilərinə pulsuz mənzillər, avtomobillər verilir, bu insanlar təmənnasız olaraq protez ortopedik vasitələrlə təmin olunurlar. Bu işlər 2003-cü ildən bəri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gündavam edir.

   Əziz səngər qardaşlarımız!

   Son zamanlar yaşamaq uğrunda mübarizəmizdə bəzi qardaşlarımız özlərini yandıraraq intihar etdilər. Bu proses bu gündavam edir. Yanvar ayından başlayaraq dövlət rəsmləri, o cümlədən bizim problemlərimizlə bilavasitə məşğul olan nazirlik rəhbərləri ilə görüşlər keçirir, sizləri narahat edən problemlərin həlli yollarını müzakirə edirik. Sizləri narahat edən bütün problemləri müəyyənləşdirib Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarına göndərmişik. Verilən məlumata görə, bu ilin may ayında Qarabağ qazilərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Milli Məclisində müzakirə olunacaq. Bizlər ümid edirik ki, sizləri narahat edən bütün problemlər dövlətimiz tərəfindən həll olunacaq. Bizdə olan məlumata görə, bütün bu proses Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin nəzarətindədir. Biz ona çox güvənirik. Ümid edirik ki, yaxın günlərdə problemlərinizin həlli üçün praktik addımların atıldığının şahidi olacaqsınız!

   Amma çox təəssüflər olsun ki, bəzi qazilərimiz dözməyərək intiharlara əl atırlar. Bu da haqlı olaraq həm bizi, həm də xalqımızı ciddi narahat edir. Biz istəmirik ki, odun-alovun içindən yarımcan çıxan döyüşçülərimiz canlarına qıysınlar, özlərinə qəsd etsinlər. Bu yol verilməzdir! Bizlər dəfələrlə mətbuat və təşkilatlarımız vasitəsi ilə sizlərə müraciət etdik ki, özünüzə qıymayın! Müqəddəs İslam dinimizdə də özünə qəsd etmək qəbuledilməzdir. Günü gündən inkişaf edən sevgili Azərbaycanımızda rahat, qayğısız yaşamaq sizlərin halal-halal haqqıdır. Belə olan təqdirdə, sizlərin özünüzə qəsd etmənizə üzülürük, acıyırıq! Müharibənin çətinliyini görmüş qazilərimizə qıymırıq! Siz də özünüzə qıymayın!

   Hamınızı bir daha bir qədər

   səbirli və dözümlü olmağa

   çağırırıq!

   Allah hamımıza kömək olsun!"

 

Qənirə Məmmədli

Ekspress.-2014.- 22-24 fevral.- S.10.