Arxa oldu daşnağa neçə qaniçən zalım, Altı yüz on üç nəfər şəhid verdi Xocalım.

 

Xocalı adında...

 

   Dünən xəritədə, bu yer üzündə,

   Xocalı adında şəhərim vardı...

   Yerlə-yeksan oldu o bircə gündə -

   Xocalı adında şəhərim vardı...

   

   Tikilirdi, qurulurdu günbəgün,

   Sakinləri şad olurdu günbəgün,

   Qəsd etdilər axı, ona nə üçün?

   Xocalı adında şəhərim vardı...

   

   Sakit yaşayırdı səkkiz min adam,

   Hər qırğından, hər ölümdən gen adam,

   Satqın qonşuları dost bildik müdam,

   Xocalı adında şəhərim vardı...

 

   Körpələri mışıl-mışıl yatırdı,

   Yuxusunda qızıl gülə batırdı,

   Ürəklərdə arzular boy atırdı -

   Xocalı adında şəhərim vardı...

 

    Gecə ikən gülləbaran etdilər,

   Dinc şəhərə tankları yeritdilər,

   Qanlar töküb, gülə-gülə getdilər,

   Xocalı adında şəhərim vardı...

 

   Beşiklərdə güllələndi körpələr,

   Nələr etdi başkəsənlər, gör nələr,

   Qan rənginə çaldı o gün üfüqlər,

   Xocalı adında şəhərim vardı...

 

   Girov götürüldü minlərlə insan,

   Yer-göy lərzə gəldi ana ahından,

   Cəlladlar doymadı tökülən qandan,

   Xocalı adında şəhərim vardı...

 

   Tanrı verən ömrü niyə aldılar?

   İnsanları dağa-daşa saldılar,

   Azanlar meşədə həlak oldular -

   Xocalı adında şəhərim vardı...

 

   Niyə boğdu Salatını anası?

   Ömrü boyu yanasıdı, yanası,

   Dinc sakinlər qarda-buzda donası -

   Xocalı adında şəhərim vardı...

 

    Bəşər görməmişdi belə faciə,

   Düşdü dərhal dildən-dilə faciə,

   Zərbə oldu yurda, elə faciə -

   Xocalı adında şəhərim vardı...

 

    Eşidənin əli qaldı üzündə,

   Meyitlər var idi çölün düzündə,

   Yaş tükəndi anaların gözündə -

   Xocalı adında şəhərim vardı...

 

   Çingiz Mustafayev hönkürdü necə?

   Ölmüş uşaq, qoca gördü o neçə...

   Dəhşətli səhnəni çəkdi beləcə -

   Xocalı adında şəhərim vardı...

 

    Öldürüldü altı yüz on üç nəfər,

   Qoca, uşaq, qadın, çox igid əsgər,

   "Üç yüz altmış altıncı"da qatillər -

   Xocalı adında şəhərim vardı...

 

   Görməyibdir tarix hələ elə gün,

   Niyə qismət oldu elə belə gün,

   Düşdü aya, düşdü ilə belə gün,

   Xocalı adında şəhərim vardı...

 

 Məhv olmuş şəhərim, Xocalım, haray",

   İkinci poemam - "Yalquzağ"ı say,

   Faciədən xəbər tutdu ulduz, Ay,

   Xocalı adında şəhərim vardı...

 

  Xatirəsi yad edilsin qoy bu gün,

   Bir dəqiqə sükut - ölənlər üçün,

   Saat on yeddidə - nə səs, nə bir ün,

   Xocalı adında şəhərim vardı...

 

   18 fevral 2004

 

   Yaraşmır

 

   Görəcəyin günlər varmış həyatda,

   Dərddən daş da ağlayarmış həyatda,

   Ürəkdə qəm çağlayarmış həyatda,

   Azərbaycan, bu hal sənə yaraşmır!

   Məğlubiyyət, məlal sənə yaraşmır!

 

       Yağı çoxdan diş qıcayıb üstünə,

   Hamı bilir qəsdi nədir, qəsdi nə,

   Necə dözək alovuna, tüstünə?

   "Ayağa qalx!"-bu hal sənə yaraşmır!

   Məğlubiyyət, məlal sənə yaraşmır!

 

   Aman Allah, nələr gördüm, gör nələr?

   Susdurulub gülərüzlü körpələr,

   Yağı düşmən torpağıma od ələr,

   Yenilməz ol, bu hal sənə yaraşmır!

   Məğlubiyyət, məlal sənə yaraşmır!

 

   Eşidilmir Koroğlunun nərəsi,

   Nəbilərin, ər oğlunun nərəsi,

   Bu torpağın -yer oğlunun nərəsi,

   Doğma yurdum, bu hal sənə yaraşmır!

   Məğlubiyyət, məlal sənə yaraşmır!

   Qayaları qalxan elə, vuruş sən,

 

   Qəzəb ilə, nifrət ilə vuruş sən,

   Zəfərlər yaz aya, ilə, vuruş sən,

   Məmləkətim, bu hal sənə yaraşmır!

   Məğlubiyyət, məlal sənə yaraşmır!

 

   Odlar yurdu, odun yadı yandırmır,

   Yağıları şaxtan niyə dondurmur?

   Bu vuruşda möhkəm dayan, sayıq dur,

   Sözünü de, bu hal sənə yaraşmır!

   Məğlubiyyət, məlal sənə yaraşmır!

 

   Ölməyibdir, hələ durur həmzələr,

   Kürəyindən qəfil vurur həmzələr,

   Gizli-gizli tələ qurur həmzələr,

   Qeyrətə gəl, bu hal sənə yaraşmır!

   Məğlubiyyət, məlal sənə yaraşmır!

 

    Mərd yaşayıb axı Oğuz elləri,

   Suvarılıb qanla dağı, çölləri,

   Yaddan çıxmaz qəhrəmanlıq illəri,

   Qələbə çal! Bu hal sənə yaraşmır!

   Məğlubiyyət, məlal sənə yaraşmır!

 

   Dekabr 1993

 

   Ağır dərd

   İlahi, özün şahidsən,

   Dərdi çəkmək olmur daha.

   Torpaq yadlar tapdağında,

   Vallah batmışıq günaha.

 

    Ürəyimdə kədər ümman,

   Dostla necə bölüm axı?

   Vətən xilas edilməyib,

   Necə deyib-gülüm axı?

 

    Yurd əsirdi, qandalları,

   Vətən oğlu, qır at indi.

   Qoç Koroğlu harda qalıb?

   Yəhərlənsin Qırat indi.

 

     Ərənlərim, odlar oğlu,

   Vulkan olub püskür bu gün.

   Vallah, səni bağışlamaz

   Nə Xan Araz, nə Kür bu gün.

   

   Əcdadımdan, babalardan

   Yadigardır torpaq bizə.

   Onu xilas edəmməsək,

   Həyat olar yasaq bizə.

 

   Yox, yox, daha dözəmmirəm,

   Dözəmmirəm mən Şuşasız.

   Xoş gedərmi bu Allaha,

   Qalıbdır Vətən Şuşasız.

   

   Gör haçandan soydaşlarım

   Eldən-obadan ayrılıb.

   Şuşa qartal yuvasıdır,

   Qartal yuvadan ayrılıb.

 

    Könlüm istər Kəlbəcəri,

   Laçın, Zəngilan dardadı.

   Koroğlunun, Səttarxanın

   Nəvələri bəs hardadı?

 

   Bizdən ayrı düşən gündən

   İsti suyun istisi yox.

   Murov dağın, Dəli dağın

   Zirvəsində dumanı çox.

   Çağlayan "Ceyran bulağı",

   Ceyranlardan ayrı düşüb.

   Yellicəmlə Keyti dağım

   Dostdan, yardan ayrı düşüb.

 

       Laçınımın laçınları,

   Ağdamın günləri yox.

   Qubadlının, Füzulinin

   Toyları, düyünləri yox.

 

  Təhvil verdik düşmənlərə,

   Xankəndini, Ağdərəni.

   Mütləq geri almalıyıq

   Yadlara oylaq dərəni.

 

   Əldən gedən torpaqlarım

   Dönə-dönə yaralanıb.

   Tapdaq altda bağ-bostanım

   Hey talanıb, uralanıb.

 

    Gözlərim yollarda qalıb

   Gedəmmirəm Cəbrayıla.

   Allah, qəlbdə üsyan qopart,

   Bəlkə bu millət ayıla.

 

   Yox, yox, belə gedə bilməz,

   Bir gün vulkan püskürəcək.

   Məğlub olmaz Odlar Yurdu,

   Azərbaycan püskürəcək!

 

   5 iyun 1993

 

   Xosrovum

   Xocalı soyqırımı zamanı dinc əhalinin xilas olunmasında göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Xosrov Məmmədovun xatirəsinə.

 

       Bir anda talandı Xocalım mənim,

   Odlara qalandı Xocalım mənim,

   Ah çəkdi, el andı Xocalım mənim,

   Onun köməyinə gəldin, Xosrovum.

 

       Anatək bəslədi bu torpaq səni,

   Köməyə səslədi bu torpaq səni,

   Qorxmaz böyütmüşdü Qarabağ səni,

   Vətəni müqəddəs bildin, Xosrovum.

 

   Doğma balaların Səyyad, Həmidə,

   Şöhrətin, vüqarın Səyyad, Həmidə,

   Şirin arzuların Səyyad, Həmidə,

   Elin qisasını aldın, Xosrovum.

 

      Düşmən əlindəydi neçə qız, qadın,

   Qoymadın diz çökə önündə yadın,

   Hörmətlə çəkilir Şellidə adın,

   Fəxri vətəndaşı oldun, Xosrovum.

 

      Vətən göylərində gurladın, çaxdın,

   Düşməni odlara yandırıb, yaxdın,

   Hünər, qəhrəmanlıq yoluna çıxdın,

   Ölməzlik marşını çaldın, Xosrovum.

 

    Mənfur yağılardan qisas alanda,

   Baban Koroğlutək qılınc çalanda,

   Bu yurdun yolunda şəhid olanda,

   Daim yaddaşlarda qaldın, Xosrovum.

 

    Elin oğlu olmaq çətindir, çətin,

   Hamıya bəllidir ülvi niyyətin,

   Daimi yolçusu əbədiyyətin,

   Torpağın qədrini bildin, Xosrovum.

 

   15 mart 1998

 

   Gülə bilmərəm

 

   Şuşam əldən gedib, gülmək olarmı?

   Cənnət Qarabağım yad tapdağında.

   Sevincin, fərəhin mənası varmı?

   Düşmən at oynadır bağça-bağımda.

 

   Sevinib gülməyi unutmuşam mən,

   İndi ürəyimin sakini kədər.

   Qəlbimdə dumandı, gözlərimdə çən,

   Şadlanmaq, şənlənmək hədərdir, hədər.

 

   Özünə yer tapıb qəm yaddaşımda,

   Həmişə onunla həmsöhbətəm mən.

   Qarabağ dərdidir yalnız başımda,

   İmdad, kömək umur bizlərdən Vətən.

   Danışıb-gülməyi yadırğamışam,

   Kədər qalaq-qalaq, dərd qalaq-qalaq.

   Mən bir pərvanəyəm, Vətən yanar şam,

   Üz-üzə, baş-başa birlikdə yanaq.

 

    Torpağım gedəndən and içmişəm ki,

   Qırğından söz açıb, ağı yazım mən.

   Kədəri, qüssəni dost seçmişəm ki,

   Sevinc yaşı axsın bir gün gözümdən.

 

     Xocalının qisasını alanda,

   ola Vətənin könlü açıla.

   Qarabağda Qələbəni çalanda,

   Yazıq Əli bəlkə onda şad ola!

 

   26 iyul 1999

 

   "Gültəkin qayası"

 

   Ağdam cəbhəsində qəhrəmancasına həlak olmuş Gültəkin Əsgərovanın əziz xatirəsinə.

   Qarabağ qoynuna səslədi səni,

   Vətənin namuslu, qeyrətli qızı.

   Bu torpaq anatək bəslədi səni,

   Nifrətlə yad etdin yadı, qansızı.

   Yuxun gözlərindən ərşə çəkildi,

   Dedin: "Doğma yurdum qan içindədi!"

   Nahaq qan tökülür gör neçə ildi,

   Dövran qatillərə "qaniçən" - dedi.

 

   

   Elin hünərvəri, Gültəkin qızı,

   Böyük Qələbəyə əminəm, - dedin.

   Qoy qışa dönməsin yurdumun yazı,

   Bəxtəvər yaşasın Əminəm, - dedin.

 

    Heç vaxt qorxutmadı səni güllələr,

   Döyüşə can atdın, döyüşə yalnız.

   Hədərdir düşmənin cəhdləri, hədər,

   Silaha sarılsın hər oğlan, hər qız.

 

    Göz dikdi yollara bircən -Əminən,

   Səsi anasına gedib çatmadı.

   Analı yaşayıb gülərdi dünən,

   Bu günsə göz yumub sənsiz yatmadı.

   

   Can atdın Şuşaya, Xarı Bülbülə,

   Amma Topxanaya əlin yetmədi.

   Heyrandın çiçəyə, heyrandın gülə,

   Yaz gəldi, bağında bülbül ötmədi.

 

  Qəlbdən vurğun idin Xarı Bülbülə,

   Gülablı kəndindən tapıb dərdilər.

   Min tərif söylədin Xarı Bülbülə,

   Onu hospitalda sənə verdilər.

 

    Döyüşə gedəndə kövrəldin yaman,

   Dedin ki, saxlayın Xarı Bülbülü.

   Qoymayın o güllər sola, ay aman,

   Qoruyun, qoxlayın Xarı Bülbülü.

 

       Güllə ayrılığın bir həftə çəkdi,

   Qayıtdın Ağdama sən şəhid kimi.

   Sənsiz Xarı Bülbül göz yaşı tökdü,

   Naləsi, harayı tutdu aləmi.

 

    Dünən sənin üçün dərilən gülü

   Tabutun üstünə atdılar bu gün.

   Dəstəsi dağılan, sərilən gülü

   Sanki yığmışdılar məzarın üçün.

 

    Sənin faciənə, sənin dərdinə

   Obalar ağladı, ellər ağladı.

   Ötürüb köksünü hey dönə-dönə,

   Sinənin üstündə güllər ağladı.

 

    Dedin: "Baş qoyaram Qarabağımda!"

   Sən torpaq yolunda başını verdin.

   "Yer yoxdur düşmənə, xara bağımda",

   Səngərə, gülləyə sinəni gərdin.

 

    Başın Qarabağda dəfn olunubdur,

   "Gültəkin qayası" - deyiblər ora.

   Zirvədə, bir dağda dəfn olunubdur,

   Göz dağı olacaq daim yadlara.

 

     "Gültəkin qayası" - əbədi heykəl,

   Sən öz hünərinlə yaratdın onu.

   Heç vaxt sinəsinə döyməsin əcəl,

   Candan çox sevirdin doğma yurdunu.

 

       Sığınıb inama, ada, qeyrətə,

   Getdin vuruşmağa, getdin, Gültəkin!

   Bir anda qovuşub əbədiyyətə,

   Qaya sinəsində bitdin, Gültəkin!

 

   17 dekabr 1992

 

Əli VƏKİL

Ekspress.-2014.- 26 fevral.- S.15.