Tofiq Abdin vəfat etdi

 

74 yaşlı yazarın ürəktutmasından keçindiyi bildirilir

 

Şair, publisist, tərcüməçi Tofiq Abdin vəfat edib. 74 yaşlı yazar fevralın 24-də gecə ürək tutmasından dünyasını dəyişib.

   Mərhumla vida mərasimi dünən öz evində keçirilib. Mərasimdə ziyalılar ədəbiyyat xadimləri iştirak edib.

   Vida mərasimindən sonra Tofiq Abdin Buzovna qəbiristanlığında torpağa tapşırılıb.

   "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "ANS Press"ə deyib: "Həkimlər yazıçının infarktdan dünyasını dəyişdiyini deyirlər. Tofiq Abdinin 3-4 gün bundan əvvəl zəhərləndiyi bildirilsə , səhhəti normallaşmışdı. Yazıçı çox həssas adam idi bir az xəstələnən kimi narahat olurdu. Ola bilər ki, zəhərlənmədən sonra qorxub".

   Tofiq Abdin 1941-ci ildə Salyanın Qırımızkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik şeir kitabının müəllifidir.

   Tofiq Abdin uzun müddət "Ədalət" qəzetində türk ədəbiyyatının təbliğilə məşğul olub.

   Hüseyn Cavid adına Naxçıvan Poeziya Teatrında Rəsul Rzanın "Bir gün insan ömrüdür" poeması əsasında tamaşası göstərilib.

   Uzun illərdir, dövrü mətbuatda müntəzəm çıxış edir.

   2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

 

   Allah rəhmət eləsin!

  

Ekspress.-2014.- 26 fevral.- S.23.